Müqəddəslik biganəlik götürməz Esse
Müəllif: Əzizağa Elsevər


20.09.2020


Müqəddəslik biganəlik götürməz Esse
Dil bizim qeyrətimiz, mənliyimiz, qürurumuz, fəxrimiz, vüqarımızdır. Bu gündən sabaha uzanan arzu cığırı, ümid yolumuzdur. Dil millətin mənəviyyat axarıdır. Hər gələn də, gedən də o axardan öz payını götürüb, öz qismətini onunla bölüşdürür. Nə qədər dilimiz yaşayır, Dədə Qorqud boylarında müdrikliyimiz dil açacaq, Koroğlumuz dəlilərinə hay verəcək, Araz yanıqlı-yanıqlı bayatılarımızda axıb gedəcək, nağıllarımız həqiqət işığına bürünüb yenə göydən üç alma salacaq. Bir baba ocağında, bir nənə qucağında nəvələr şirinləşəcək, ana laylasından körpələr fidanlanıb gün-gün boy atacaq...
Dil barlı-bəhrəli meyvə ağacına bənzəyir. Qayğısına qaldınmı çiçəkləyəcək, etinasızlıq etdinmi solub-saralacaq. Dilə xəyanətin sonu mənəviyyatsızlıq, mənsubiyyətin böhranı, milli varlığın əriyib itməsi deməkdir. Bir milləti məhv etmək istədikdə elə dilini əlindən almaq kifayətdir. Millət öz dilində, milli varlığında uca görünür. Dil milli varlığın şah libasıdır. Əfsus ki, bu libasa yabançı yamaqlar vurmağa, çirkablar atmağa çalışanlar da olub, susmuşuq. Qonşularımız öz dillərini sevib, dəlicəsinə vurulanda, ona abidə qoyub ibadətgaha döndərəndə, biz dilimizi bu gün üstümüzə ayaq açanların yolunda payəndaz edib, “beynəlmiləlçi”liyimizlə öyünmüşük. Körpə uşaqlarımızın əlindən tutub, kövrək qəlblərini özgə kökdə kökləyən bağçalara, məktəblərə vermişik. Gözümüzün qabağında Azərbaycan dilli məktəblər günbəgün azalıb, susmuşuq. “ Rus məktəblərində təhsil almağın nəyi pisdir? ”- deyib hələ elələrindən sual da sormuşuq. Küçədə, evdə, iş yerində öz dilimizi qoyub, başqa diiərdə salamlaşıb, sağollaşmışıq, bunun bizi haraya aparıb çıxaracağının fərqinə varmamışıq. İdarələrdə işə qəbul ediləndə öz dilimizi yox, başqa dilləri bilib-bilməməyimizi soruşublar, ağrımamışıq. Ancaq rus dili təhsili olanları daha çox vəzifəyə pillə-pillə çəkdiklərini görüb, o yola düşmək “ xəstəliyinə “ meyllənmişik, tükümüz də tərpənməyib. Çox zaman da təsəllilənib: “ Nə olar, bunun nəyi pisdir? “ demişik. Yox, qardaş, bu, pis deyil. Çox dil bilmək yaxşıdır. Çox dil bilmək özü də mədəniyyətdir. Ancaq öz dilini mükəmməl biləndən sonra. Axı milli dil milli psixologiya daşıyır və aşılayır. Milli dilin arxasında millətin sevinci, kədəri, dünəni, bu günü, sabahı yaşayır. Gərək bunların hər birini öz rəngində, öz çalarında, tonunda görəsən. Kim nə deyir desin, dünyanın lap ən mahir dil bilicisi belə başqa dilin şirinliyini öz ana dilindəki qədər duya bilməz. Vallah, doğma dildə ana məhəbbəti, ana mehri qədər ülvilik, yaxınlıq, əvəzsizlik var. Olmasaydı, ona heç vaxt ana dili deməzdilər. Ana dili təkcə öz anamızın deyil, bütün anaların, üstündə gəzib, adına “ Vətən” dediyimiz bir müqəddəsliyin dilidir. Müqəddəslik isə xəyanət, etinasızlıq, biganəlik götürməz.
Dörd ildir keçirdiyimiz narahat günlər məndə bir qənaət yaradıb : ana dili təhsili olanlar bu hadisələrdə daha həssaslıq göstərir, ağrılara qoşulub şam kimi əriyir. Əlbəttə rusca təhsil alanlar içərisində də belələri var. Ancaq, gəlin səmimi etiraf edək ki, onlar çox azdırlar. Adı bizdən olsalar da, biganələri çoxdur elələrinin. Hətta, bir il bundan əvvəl belə ziyalı yoldaşlardan birinin tribunadan dediyi : “ Gəlin onları özümüzə tərəf çəkək, başa salaq.” – səmimi etirafı da yadımızdan çıxmayıb. Bu sözləri xatırlayanda bilmirəm, nədənsə, ürəyimdən ağrı qopur, tüstüsüz ocaq kimi için-için alışıb yanıram. Məgər olmaz ki, belələri milli dil birliyinin nə demək olduğunu anlayıb, vəzifə, şöhrət xəstəliyinə tutulmasın? Bunun üçün , hər şeydən öncə, hər kəs öz kökü üstündə ucalığa can atmalıdır. Kökdən ayrı budaq ola bilməz. Qoy başqa diiərdə təhsil də alsınlar, bu onların şəxsi işidir. Ancaq ilk növbədə, mənim fikrimcə, belələri heç olmasa, ibtidai təhsili mütləq ana dilində almalıdır. Sonra hansı dildə oxuyacağı onun öz istəyidir. Necə edəcəyini özü bilər. Çünki hər kəs hansı ucalığa yüksəlirsə yüksəlsin, birinci növbədə milli varlığına bağlı olmalıdır. Bir də, özgə dillərdə təhsil alanlarda milli təəssüb hissi məgər yoxdur? Məgər dilimizin şirinliyi azalıbmı, ya hər hansı mətləbi qandırmaq məharətini itiribmi ki, o dildə yox, başqa dildə təhsil alırıq?! Xeyr, azalmayıb, azalsaydı böyük rus şairi M.Y.Lermontov Azərbaycan dilini öz dövrünün ən gözəl, ən incə dili sayılan fransız dili ilə müqayisədə “ Azərbaycan dili Şərqin fransız dilidir” – deməzdi.
Yeni ittifaq müqaviləsi layihəsində rus dili ittifaq miqyasında rəsmi dövlət dili kimi göstərilir. Çox yaxşı. Məgər ittifaq təkcə Rusiya respublikasından ibarətdir? Bəs öz doğma dilini dövlət dili səviyyəsinə qaldırmağa səy göstərən o biri respublikaların dili necə olsun? Rus dilinə yenə qurban getsinmi? Onsuz da belə olanda istər-istəməz güclü-gücsüzü sıxışdırmalıdır. Dil özü də suverenliyin bir şərti, bəlkə də əsasıdır. Dilimiz əgər yedək olacaqsa, suverenlikdən danışmaq yersizdir. Suveren respublikanın əməli dilinin suverenliyində öz əksini tapmalıdır. Çox qəribədir ki, bizim qəzetlərimiz, radio, televiziya vasitələrimiz də qoşa dilliliyimizi sanki əsaslandırmaq istəyir. Məsələn, diktor verilişlərin proqramını əvvəlcə doğma dilimizdə, sonra da rus dilində oxuyur. Retro verilişlərində də iki dildə izahat verir və ya qəzetlər qoşa dildə, qoşa səhifələrdə yazılar verir. Küçələrdə elanlar, plakatlar, stendlər və s. də həmçinin. Əgər öz dilimizin inkişafı üçün tutaq ki, müəyyən qədər xərc qoyub bir iş görürüksə, onda o qədər də xərci töküb rus dilinə gün ağlayırıq ( onsuz da onun gün ağlayanı, dərdinə qalanı çoxdur). Mən rus dilinin əleyhinə deyiləm, ancaq belə də ədalətsizlik olmaz axı?! Bu, doğma dilimizə göstəriləsi qayğıya şərik çıxmaq demək deyilmi?
Bəzən belə sözləri tez-tez eşidirik ki, rus təhsili məktəblərində təhsilin keyfiyyəti yüksəkdir. Bu, bəlkə də belə idi. Ancaq illər boyu göstərilən qayğının da səviyyəsi eyni idimi? Yox! Belə olsaydı, Azərbaycan dilində təhsil verən məktəblərin sayı kəskin surətdə azalmazdı. Bu günlərdə televiziyada təhsil problemlərindən bəhs edən verilişdə Bakı məktəblərindən birinin ibtidai sinif müəllimi danışırdı. O, çıxışında kitab işinin çətinliklərindən bəhs edərkən bir sinifə üç təzə kitabın düşməsini göstərdi. İndi özünüz fikirləşin, əgər respublikamızın paytaxtında məktəblərdə belə çətinlik varsa, bəs onda ucqar dağ kəndlərinin məktəblilərinin halı necə olar? Yaxud, kitabların çap keyfiyyəti, ondakı materialların aktuallığını hələ demirik. Rus təhsili məktəblərində isə heç vaxt belə problemlər olmayıb.
Suverenlikdən danışırıqsa, suveren dövlətin suveren dili, suveren də səsi olmalıdır! Mən əminəm ki, bu səs susmadan gecəli- gündüzlü ruhumuzu oxşamalıdır! Çünki bir müdrik fikirdə deyildiyi kimi: “ Dildə bütün xalq və onun bütün vətəni canlanmış olur... Xalq dilinin parlaq, aydın dərinliklərində doğma ölkənin tək bir təbiəti deyil, həm də xalqın mənəvi həyatının bütün tarixi əks olunur.”
Əzizağa Elsevər
Bakı şəhəri, 1991, 10 iyul.

11 dəfə oxundu

Axtarış