NADANLIQ
Müəllif: Zaur USTAC


2018-11-18 16:34:57




Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu...

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu...

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın...
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür...
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür...
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik...
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik...
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb...
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb...
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar...
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar...
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir...
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir...
03.11.2018. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac
#sevin_ki_seviləsiz #türk #türklər
#heryeredebiyyat #həryerədəbiyyat

9 dəfə oxundu

Axtarış