Nar Çiçəyi - Esselər
Müəllif: Yazarlar.AZ


29.08.2020






GÖYRÜŞ ÇİÇƏYİ
Sakit, sərin payız axşamı idi. Yavaş-yavaş göyün üzü qaralırdı. Mən şərin qarışmasını heç sevmirəm, nədənsə günün bu saatları ürəyimə tənhalıq, kövrəklik, həyəcan gətirir. Bu gün də son beş ayda keçən əzablı günlərimin təkrarı idi. Evdə məndən və xəstə anamdan başqa heç kəs yox idi. Gah yuxulayan, gah da oyanan anamın gündən-günə halsızlaşması məni üzür, həyatın verdiyi sınaqların qarşısında nə qədər aciz olduğumun əzabını yasadırdı. Çarəsizlikdən ürəyim sıxılır, divarlar sanki üstümə gəlirdi. Bu axşam yaman kövrəlmişdim. Qəhər ilan təki boğazıma dolanıb məni boğur, özümü uzaq və adsız bir adanın kimsəsiz sakini kimi ümidsiz və tənha sanırdım. Deyirlər şər vaxtı ağlamazlar, ancaq mən gözlərimə qara bulud kimi yığılmış yaş selinin qarşısını ala bilməyəcəyimi duyduğumdan şüşəbəndə çıxdım. Neçə vaxtdan bəri idi ki, balalarımı görmürdüm. Tez-tez zəngləşsək də hər dəfə vidalaşan zaman gözlərimin yaşı leysan olub özünə arx eləmiş yolla ürəyimə axırdı. Anamın yanında ağlamağı özümə günah sanırdım. Çünki o mənim kövrəldiyimi belə düysa özünü günahkar bilərdi. Mən xəstə anamı qoyub gedə bilmədiyimdən çəkdiyim mənəvi üzüntülərə onu da düçar eləmək istəmirdim. Onsuz da səhhəti gündən-genə ağırlaşır, gözümün önündə payız yarpağı kimi saralıb-solurdu. Bütün varlığımla baş verənləri qəbul eləmək istəməsəm də fələyin hökmü ilə razılaşmaq məcburiyyətində idim. Qaranlıq aynabənddə göz yaşlarımın ixtiyarına təslim olmuşdum. Elə bil bu duzlu damcılar çiyinlərimdə duz yüküydü, ağladıqca yükümün yüngülləşəcəyinə ümid edirdim…
Məni ozümün-özümlə təkliyimdən səssizdə olan telefonumun işığı ayırdı. Gözümün yaşını tələsik silərək telefonu açdım.
-Alo , axşamın xeyir, necəsən? Bibim necədir?
-Sağ ol, həmişəki kimi…
-Ağlayırsan? Nəsə olub?
-Yox-yox, ağlamıram, hər şey qaydasındadır.
-Gəlirəm, bir azdan sizdə olacam. Sənə bir şey gətirirəm.
-Nə?
Sualım cavabsız qaldi … Nə ola bilərdi Aslanın mənə təcili çatdırmaq istədiyi, anlamadım. Vanna otağına keçib üzümə su vurdum. Basımı qaldıranda baxışlarım güzgüdə qızarmış gözlərimin yorğun, kədərlı baxışlarıyla üz-üzə gəldi. Nə yaman çox dəyişmişdim bu az bir müddətdə, başqalaşmışdım. Sanki güzgüdən mənə baxan gözlər mənim deyildilər…
Səs salmamaq üçün astaca, barmaqlarımın ucunda anam yatan otağa yaxınlaşdım. O vurulan iynənin təsirindən rahatlaşıb yuxuya getmişdi. Qayıdıb mətbəxə keçdim, çaydanı qaz peçinin üstünə qoymuşdum ki, yenə telefonun işığı göründü .
-Aç qapını, zəngi basmayım!.
Gələn Aslan idi. O çox şən idi, elə bil mənə nəsə bir xeyir xəbər deyəcəkdi.
-Axşamın xeyir, bibim yatırmı?-deyə pıçıldadı.
-Yatır – dedim .
Aslan dəhlizin zəyif işığında mənim baxışlarımı tutmağa çalışır, mən isə ağlamaqdan şişmiş gözlərimi onun baxışlarından qaçırırdım. O əlini qoyun cibinə salib, nəyisə ehtiyatla çıxardı .
-Ay Gülüm, gör sənə nə gətirmişəm-deyib ovcunda gizlətdiyini mənə uzatdı. Mən qeyri-ixtiyari boyük bir maraq hissiylə onun ovcuna baxdım. Aslanın ovcunda qızılı rəngdə çox balaca akvarium balığı var idi. Bir anda balıq hərəkətə gəldi, mən geri atıldım .
-Balıq! Hardandı? Susuz necə gətirmisən? -deyə həyacanla pıçıldadım.
Aslan gülürdü. O mənim üzümdəki təəccüb ifadəsinə gülürdü. Onun qolundan tutub mətbəxə apardım. Yox, demək olar ki qaçırdım. Gur işığın altında Aslanın ovcundakı «balığın» göyrüş çiçəyi olduğunu gördüm. Aslan bir də astaca üfürdü, quru göyrüş çiçəyi diri balıq kimi onun ovcunda çırpınmağa başladı.
Bir-birimizə baxıb uşaq kimi gülürdük. Cansız göyrüş çiçəyi o axşam çoxdan kədər duvağı altinda gizlənmiş sevincimi baxışlarıma, xoşbəxtlik hissini qəlbimə qaytarmışdı. Sanki Aslanın da gözlərinə mənim gözlərimdən sevinc payı düşmüşdü. Çiçəyi mənim ovcuma qoyub: «İtirmə»-dedi…

Biz ən çox arzuladıqları payın sahibi olan usaqlar kimi sevinirdik. O, mənə bir anlıq da olsa sevinc bağışlaya bildiyinə görə, mən də yad olduğu qədər doğma bir insanın mənə əvəzsiz anları yaşatmaq həvəsinə görə Yaradana minnətdar idik…
İndi mən göyrüş ağacının altına səpələnmiş «qızılı balıq»lardan birini ovcumda tutub həmin anın yasantılarını xatırlayıram…
Bəzən insana sual verirlər: «Həyatınızın ən xoşbəxt anını xatırlaya bilərsinizmi?” Mənə bu sualı verən olsa düşünmədən deyərdim: «Mənə Göyrüş Çiçəyi bağışlanan an xoşbəxt anlarımdan ən gözəli olub!..»
İllər ötəcək… Göyrüş çiçəkləri bir-birini əvəz edəcək. Bəlkə bir gün bizim nəvələrimizin ilk görüş yeri olacaq Göyrüş ağacının kolgəsi … Ya qismət…



ÖMÜRDƏN BİR AN …

Deyirlər insan həyatı anlardan ibarətdi. Gerirə qayıtmayan anlardan. Bu anlar olmasa həyatın mənası olardımı heç? Zaman keçdikcə xatirəyə dönən anları yada saldıqda onların gerçəkmi, fantaziyamı, yoxsa yaddaşımızdan silinməyən şirin yuxumu olduqunu düşünür və bəzən də buna inanırıq. Bəlkə insan həyatının hansısa nağıla bənzər bir bölümünü ozü-ozünə qısqandığından doğur bu yanıltmaclar? Bəs yeri göyə yaxınlaşdıran bir duyğunu yaşayan zaman onun bir də təkrarlanmayacağını düşünmək günah olmazmı? Belədirsə mən niyə bu qədər günaha batıram?
Hec bəxtəvərlikdən kövrələn, gözlərinin yaşında boğulan görmüsünüzmü?
Görən özünə qəsd edən insan olurmu ki, balı zəhərsiz yeyə bilməsin? Bəli, o gün indi yazdıqlarımı yaşayırdım gölün kənarında .
Üzük qaşı kimi meşənin ortasında yerləşən gölün qonağı olmuşdum. İllər öncəsi məktəblı olanda da ailəlikcə gəlmişdik bura. Onda gövdəsinə sökəndiyim bu ağacın kolgəsi məni özümdən gizlədə blməzdi. Bir də ki, onda ozüm-ozümdən küsməmişdim hələ…
Qəribə hisslər yasayırdım. Sevinc, həyacan, rahatlıq qarışıq narahatlıq. Elə bil icimdən gələn, ancaq özüm eşidə bildiyim bir səs mənə: “Son görüşündü göllə, gözlərin doyunca bax, əksini içnə at, xatirələrində yaşat” – deyirdi.
Bədənimdən üşütmə keçdi, dərindən kös ötürdüm. Ağlağan körpələr kimi nəfəsim də köksümdən qirila-qırıla gəldi .
– Gəl gör burda kim var?
Aslanın səsi məni elə bil yuxudan oyatdı. O, az qala gölə girəcəkmiş kimi əyilib elə böyuk məhəbbətlə nəyəsə baxırdı ki , məni da maraq tutdu.

Gölə yaxınlaşanda iki qurbağanın üz-üzə durub bir-birinə baxdıqlarıını gördüm. Heç yerlərindən tərpənmirdilər. Elə bil donmuşdular. Biz də bir-birimizə baxdıq və bərkdən güldük. Nəyə güldüyümün səbəbini heç özüm də bilmirdim. Bəlkə qurbağaları özümüzə bəzətdiyim uçun, blmirəm…
– Gedək bir qismət yemək yeyək -deyib Aslan əlimdən tutdu.
Qaça-qaça gölün üstündəki kababxanaya doğru yönəldik . Qaçırdıqmı onda, ya uçurduqmu, bilmirəm. Ancaq elə bil uçaq idik, illərin sığali nə ağarmış saçlarımıza, nə də dibinə kədər çökmüş gözlərimizə çəkilməmişdi .
Diqqətimi gənc gürcü qızı çəkdi, gözlərindən həyat eşqi yağırdi bu gözəlin. Doğru deyirlər ki, cavanlıq gözəllikdi… Bir azdan o gözəl bizim oturduğumuz masaya yaxınlaşıb gürcü dilində nə sifariş etmək istədiyimizi soruşdu. Öz dilindən başqa dildə danışa bilmədiyini anlatdi. Onun dilində danışdığımı görüb sevindi.
Sifarişimizi qəbul edib gah mənə, gah Aslana baxıb gülümsədi .
-Bizim mahnılar xoşunuza gəlirmi -deyib əda ilə boynunu əydi. Mən onun dediklərini Aslana tərcümə etdim. Aslan öz dilimizdə qıza: “Musiqinin dili, milləti olmur, gözəl!”- desə də, qiz elə bil tərcüməsiz anlamış kimi razılıq əlaməti olaraq başını oynatdi.
Aslan mənə baxıb gülümsəyirdi, mən də ona baxırdım, amma həmin an elə bil boqazıma qəhər kəndir salıb boğacaqdı. Bu məqamda bir melodiya səsləndi, ən çox sevdiyim gürcü mahnisı. “Ramdeni malodine “ (Nə zamandi səni gözləyirdim). Musiqinin məni tutduğunu görüb Aslan işarə ilə bildirdi ki, səsini qaldır.
Mahnının səsinə sanki məşədəki quşlar da səs verir, ağacların yarpaqları da bu musiqinin ritmində tərpənirdilər. Qeyri ixtiyari yerimdən qalxıb Aslana yaxınlaşdım, o da durdu, qollarımı boynuna dolayıb onun gülümsər baxışlı gözlərinə baxaraq astadan oxumaqa başladım…
Rəqs etsək də elə bil yerimizdən tərpənmirdik, torpaq idi ayaqlarımızın altinda tərpənən, elə bil meşə idi başımıza fırlanan, elə bil gölün şəffaf suyu idi əksi gözlərimizə çökən. Baxışlarımız bir birinə ilişib qalmışdı, səslənən musiqinin hər şözü sanki bu lal baxışlarımızdan oxunurdu. İlahı necə də xoşbəxt idim o an, xoşbəxt olduğum qədər də bədbəxt…
Mahnı bitdi. Biz bayaq göldə bir-birinə baxan qurbağalar kimi donub qalmışdiq. Mənim qolların onun boynunda, onun baxışlari isə mənin baxışlarımda…



DAŞ ÜRƏK



Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə br-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnar tək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətini qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdular. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çıragın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eliyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..

Dünyanın açılmamış sirrlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən Gecə, sirrini verəcək. Amma…

Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstünədə saldığı izləri yuyurdular. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədəsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi…
O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyib qəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-birdən sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi…

Onu yadından çıxarmaq istəsə də yaddaşı məhəbbətinə vəfalı yar olub unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalıca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.

Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Bir dərin ah qopdu sinəsindən. Pıçıltı ilə sanki dalğalarla danışırmış kimi sakitcə:

– Hardasan? – dedi.

Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir “Ürək” gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göylərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gülnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?..

XATİRƏ DƏFTƏRİNDƏN



Uşaqlıq illərimdən bir xatirə yadıma düşdü… O zaman fərqinə varmadığım, amma zaman keçdıkcə əvəzsizliynin və vacibliyinin heç bir dünya malıyla ölçülə bilməyən dəyərini duydum.
Hərdən yazda, qanın qaynayan çağında ağır qış paltarlarından canımızı qurtarıb, anam demiş “çılpaqlanmağa ” başlayanda, soyuq dəyərdi. Çöldə Günəş şüaları ağaclara, kollara sığal çəkib, yaşıl otlar yenicə oyanmıs torpağın təbəssümütək gözlərimi oxşayanda qızdırma içndə, öksürməkdən səsi batmış boğazı sarıqlı, yorğan-döşəyin ixtiyarında ixtiyarsız olmaqdan çəkinsəm də, “qorxan gözə çöp düşürdü”.
İndi o xatirələr mənə yenicə qaysaq bağlamış yaranın yavaş -yavaş qoparıldığı ağrını yaşadırdı. O zaman qorxduğum o “yaz azarı” üçün burumun ucu göynəyirdi. “Azar” üçün yox, nasaz olduğum zaman yaşadığım hıssər üçün…
Gecə uzunu neçə dəfə babam yuxusuna haram qatıb oyanardı, indi anlayıram ki, heç yuxulamırdı da. Yatağıma yaxınlaşıb məni yuxudan oyatmamaq üçün ehtyatla dodaqlaını alnıma toxundurub bir neçə saniyə beləcə durardı. Sonra da pıcıltı ilə nə isə deyib barmaqlarının ucunda uzaqlaşqrdı .
Yuxuda olmasam da çox zaman özümü yuxululuğa vururdum. Babamın bu cür istiliyimi yoxlaması mənə məlhmdən də əvəzsız idi. Yadıma düşəndə məni kövrəldən xatirələr o zaman sözlə çatdırmaq mümkun olmayan duyğuları yaşadırdı. Dünyada hamıdan çox sevdiyim bir insanın qayğısı mənim də onun sevimlisi olduğumu bir daha təsdiq edir, yasadığım sevinc hissi məni davasız-dərmansız sağaldırdı.
Sonralar mən də balalarımın hərarətini bu üsulla yoxlayanda, illərlə sirli qalan sualın cavabını almışam.
Yenə də hər dəfə narahatlığım olanda qayğısına ehtiyac duymuşam. Kiminsə urəyimə, ruhuma doğma insanın da mənim diqqətimə, qayğıma ehtiyacı olduğunu istəmişəm . Necə də qəribə istəkmiş dodaqlarının istisi ilə, dualar pıçıltısı ilə bu təmasdan yaranan doğmalıq, əzizlik duyğusu yaşayıb yaşatmaq …



GÖRÜŞ…

Göyün üzünə yavaş-yavaş şərin qara toru cəkilirdi .Günəş bu dəfə də sevgilsinin yolunu gözləməkdən yorulmuş kimi sanki hamıdan ve ilk növbədə özündən küsüb dənizdə gizlənməyə calışırdı.Həmişə dənizin sahilində oturub Günəşin qürb eleməsinə böyük məftunluqla baxmışam .Bü mənzərənin gözəlliyi məni həm heyran edib ,həmi də dərin bir kədər hissi yaşadıb.
Bu gün də uzun zamandan sonra dənizlə görüşə gəlmişdim .Amma nədənsə sahilin mənə bağışladığı rahatlıq qarışıq sevinc hissini həyacan və narahatçılıq əvəz etmişdi .
Gözlərimi Günəşin dəniz dalğalarında rəqs edən əksinə zilləyib durmuşdum. Xəzri küləyi gah saclarıma sığal cəkir, gah da etinasz dayandığımı görüb onları daqışdırırdı. İcərimdəki təlatüm məni sıxır, elə bil ki, hansısa bir xəbəri eşitmək də istəyirdim, eşitməmək də. Bu qarışıq fikirlərdən məni bayaqdan gözlərini üzümdən cəkməyən Pərvizin birdən-birə qabağıma kecib ələrimdən tutması ayıltdı. O sanki baxışlarımı baxışlarına bənd elemək istəyirmiş kimi düz gözlərimin icinə baxaraq: “Mən səni cox istəyırəm “-dedi. Pərvizin titrək səsində bir qətilik, ümid dolu nida var idi. Bu baxişlarin zəhmi məni tutduğundan gözlənini yerə dikdim.
-Ayağınız islanacaq-deyərək araya düşən ağır bir sükutu pozmaq istədim.
Pərviz: “Olsun” – deyib gülümsədi.
Sahil boyu xeyli gəzindik, ancaq nədən danışdığımızı hec yadıma sala bilmirəm. Təkcə xeyli aralıda hərəkətsiz durub qarmağı izləyən balıqcılardan və bir gənc cütlükdən savayı sahildə hec kəsin olmadığı yadımdadı.
Pərviz bayaqdan ovcunun içində kilidlədiyi əlimi dodaqlarina yaxnlaşdırıb pıcıldayrmış kimi: “Mən səni coxdan gözləyirdim, axır ki, gəldin!”-dedi.
Astaca əlimə toxnan dodaqarın hərarətindən bütün varlığımda qəribə bir istlk duydum. Həm həyacan, həm rahatlıq verən bir istilik. O məndən cavab gözləyirdi. Əlimi ehtiyata əllərindən çəkib dənizə sarı getdim. Mənə elə gəlirdi ki, ürəyimdə elə bu an dəniz boyda ocaq qalanıb. Cöməlib əllərimi sahildəki qumlarla gizlənpaç oynayan dalğalara uzatdım. Dənizin sərin suyu ələrimə toxunub geri cəkildi. Pərvizin əllərinin, dodaqlarının təmasından sonra dalğaların təması cox soyuq, biganə və duyğusuz gəld mənə. Pərviz mənim nə etdiyimi anlamaq istəyirmş kimi heyrətlə üzümə baxırdı.
-Mən səni sevirəm, dənizim, amma sən məni qucsan, sularında boğulub məhv olaram. Mən isə … mən isə səni qucmaq istəsəm də bu mümkünsüzdü!-dedim.
Özüm öz səsimi tanıya blmirdim, səsimdə kovrəklik, ümidsizlik və acizlik var idi. Sanki səsim də bayaqdan küsgün -küsgün boylanan Günəsin əksi kimi dalğalarda qırılıb itirdi…

Bu sözlər kimin ünvanıa idi, hec özüm də bilmirdim. Həmin anlarda sevinc və kədər çələnginin seçimi qarşısında qalan ürəyimdən gələn ancaq bu sözlər oldu…

ANALI ÖMRÜMÜN SON GÜNÜNÜN XATİRƏSİ …


…Evdə təkcə özümüzünkülər qalmışdılar,- bacılarım, atam, bibim və kürəkənlər. Kənardan baxan olsa elə düşünərdi ki, bu iki otaqlı mənzildə hərlənən insanlar yaddılar, bir -birini elə indicə görüblər. Heç kəş dinmirdi. Sanki araya düşən ağır süktu pozmağa çəkinirdilər. Bu gərginlik məni sıxır, elə bil divarlar üstümə gəlirdi. Nəfəsim təngidiyindən otaqda dayana bilməyib, eyvana çıxdım. Hava soyuq olsa da, xoş idi. Göydə ulduz-ulduzu çağırırdı. ( Həmişə sayrışan ulduzlara baxmaq mənim ruhuma rahatlıq gətirib!) Ürəyim çox narahat idi, döyüntüsü, hətta bir -birini qova-qova ötüşən maşınların səsinı belə batırırdı, elə bil vücudum ona darlıq edirdi, elə bil indicə yerindən qopacaqdı …
Həmişə narahat anlarımda üzümü göylərə tutub Yaradanla içimdəki acıları bölüşər, ondan məsləhət istərdim və eşidildiyimi duyacaq bir işarə görərdim. İndi isə nə Onunla danışa , nə də ağlayıb ürəyimi boşalda bilirdim. Yalnız nə isə arayırmış kimi gözlərimi qaranlıq gecənin vahiməsini əridən parlaq ulduzlara zilləyib yerimdə donmuşdum. Birdən ulduzlardan biri böyük surətlə aşağıya doğru uçmağa başladı və elə həmin anda sanki öz içmdən anamın səsini eşitdim.
-Ay bala, elə rahatam, elə yaxşıyam ki, heç yerim ağramır, nə gözəlmiş rahatlıq… .
Bu həlim şəş anamın səsi idi, mən bu səsi milyonların səsindən seçə bilərdim. Anam idi, indi artıq göylərdən məni görən və halıma acıyan anam …
Bilmirəm səsini eşitdiyim üçünmü, ya ağrı-acılardan qurtarıb, dincliyini, rahatlığını oz varlığımda duyduğum üçünmü, bayaqdan daş asılmış ürəyim yüngülləşmişdi, qəribə bir sevinc hissi yaşayırdım.
-Soyuqdu, ay maman ölsün, gəl içəri! (mama bizdə atanın bacısına deyirlər) -Bibimin səsi məni bu sehirli aləmdən ayırdı…
Artıq gecədən kecmişdi. Hamı yatmağa hazırlaşırdı. Bacılarım öz yanlarında mənə də yer salmışdılar. Tekcə anamın çarpayısının örpəyi açılmamışdı. “Mən burada yatacam”- deyıb anamın yerinə uzandım. Hələ də onun saçlarının ətri gələn balışı bağrıma basıb qoxuyurdum. Bayaqdan qurumuş göz yaşlarım indi leysana dönmüşdü. Eyvanda yasadığım möcüzəli anı bir də yasamaq istədim, aınmadı. Təkcə anamın hələ də içimdə səslənib əks səda verərək məndən uzaqlaşan səsini eşidirdim: “Heç yerim ağramır, rahatam!”
Neçə vaxtdan bəri yuxusuz qaldığım gecələrin yorğunluğu məni özünə tabe edir, gözlərim qapanırdı, ancaq yata bilmirdim. Ürəyimdə qorxu qarışıq bir həyacan vardı. Səhərin açılmasını istəmidim. Çünki… yeni səhər anasız dünyamın ilk səhəri olacaqdı, çünki hələ də ozümü (iki övlad anası olsam da) uşaq bilib, bu xoşbəxtliyin son gecəsini yaşayırdım, çünki “anasızlıq-yetimlik” biçimində dar köynəyın sahibi olacaqdım, çünki…

Artıq doqquz ildi ki, sən yoxsan ana! Amma ən çətin anlarımda da, ən sevincli günlərimdə də səninlə danışıram, qəlbimdən keçənləri səninə bölüşürəm. Ən böyk ziyarətgahım Qəbrindir, Ana …



BƏLKƏ…

Çöldə 19 dərəcə şaxta olsa da bir az “xırım-xırda” almaq bəhanəsi ilə evdən çıxdım. Havanın soyuqluğu duyulmurdu. Eleə gözəl bir günəş doğmuşdu ki, istisi olmasa da nuru qəlbimə səbəbsiz bir sevinc hissi bağışlayırdı. Ətraf dümmağ qardan sırnmış yorğana bürünmüşdü və elə bil yerə göylərin gecə sakinləri plan ulduzlar qonaq gəlmişdilər. Mən Təbiət adlı bir rəssamin gözqamaşdırıcı, valehedici bir əsərinə baxırdım, sanki qiş naqılına qulaq asırdım…

Xoş bir əhvali-ruhiyyə ilə evə qayitdım. Çaydanı qazın üstünə qoyub, həmişə olduğu kimi sevdyim musiqiləri dinmək üçün “yutub”a girdim. Emin Sabitoğlunun “Ad günü” filmi üçün yazdığı melodiya səsləndi. Bir an diqqətimi masanın üstündəki qoz -fındıq cəlb elədi. Yadıma səninlə bir söhbətimiz düşəndə, üzümə qeyri-ixtiyari bir təbəssüm gəldi. Əlimə bıçaq alıb ozüməməxsus bir üsulla onları sındırmağa başladım. Heç ozüm də bilmədən xəyallar dalğasi məni sən olan adanın sahilinə atdı…
Şam işığının altında, odun peçində közərən kösövlərin pıçıltısnı dinləyə-dinləyə çəkiclə qoz sıdırmağına baxırdım kənardan… səndən xəbərsiz.
Bu an telefon zəngi məni xəyalar aləmindən realıqa qaytardı.
-Salam, necəsen?
-Salam, sağ ol. Sən necəsən?
-Mən də yaxşıyam, şükür!
-Yaman qar yağır Bakıya!
-Burada da şaxtadı…
-Nə vaxt gələcəksən Vətənə?
-İnşallah , xeyirli bir səbəb olsun, gəlim, səbəbsiz bilmirəm!
-İnşallah!
-Səsin bu gün gözəldi. Deyəsən kefin də yaxşıdı!
-Hə, hava gözədi, ona görədir yəqin!.
-Onda mən zəng eləməzdən əvvəl həmişə mütləq xəbərlərə baxacam!
Hər ikimiz ürəkdən gülüb vidalaşdıq.

Bu dialoqun hər cümləsinin arasında yasayan sükutda bir başqa cavab vardı. Hər dəfə bir anlıq sükutun özü dialoq idi. Paralel bir dialoq. Bəlkə ele sükutda eşitmək olur eşitmək istədiyini. Bəlkə… elə sükutla deyirik deyə bilmədiyimizi. Bəlkə ən möhtəşəm dialoq ele SÜKUTDU. Bəlkə…
Müəllif:GÜLNARƏ ACALOVA (NAR ÇİÇƏYİ)

RUSİYA FR, BELQOROD ŞƏHƏRİ

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

4 dəfə oxundu

Axtarış