Nar çubuğu
Müəllif: Nurəddin ƏDİLOĞLU


10.10.2017


Nurəddin ƏDİLOĞLU.
Nar çubuğu
(hekayə)
Eyniadlı kitabın müəllifi İlham Novruzoğluna
...Ömrümüzün şirin, nağıla bənzəyən qayğısız uşaqlıq çağlarından söz düşəndə, ruhum dincəlir, içimdə bayram əhval-ruhiyyəsi yaranır. Tale elə gətirib ki, işimlə bağlı hər il dünyanın iki-üç ölkəsini gəzib-dolaşıram. Belə işgüzar səfərlərdə uşaqlıq yoldaşlarımla rastlaşanda sevincimdən uçmağa qanad tapmıram.
Bir dəfə sinif yoldaşım, tanınmış bədii qiraət ustası Fərid İlkinlə Parisdə - Sena çayının sahilində oturub orta məktəbin ibtidai sinfində bizə dərs deyən Əlimuxtar müəllimi və onun naxışlı nar çubuğunu xatırlayırdıq.
Fəridə dedim ki, əgər Əlimuxtar müəllimin o nar çubuğu olmasaydı, yəqin ki, biz nə Eyfel qülləsindən, nə də Çin səddindən dünyaya boylanardıq...
Fərid dedi ki, kim bilir, bəlkə Əlimuxtar müəllimin elə şagirdləri var ki, səsi-sorağı dünyanın ən yüksək zirvəsindən gələcək...
Zarafatla dedim ki, mən bilən Əlimuxtar müəllimin şagirdlərindən hələ ki, alpinist yoxdur...
Bəli, bizə görə nar meyvə ağacıydı, amma Əlimuxtar müəllim üçün nar çubuqları şagirdlərinə dərs öyrədən alət idi. Çox vaxt o çubuqları həyətlərində nar ağacları olan şagirdlərinə gətizdirərdi. Hərdən o, nar cubuğunu müəllimlər otağında unudanda, dərsini yaxşı bilən şagirdlərindən birinə səslənərdi: “Çabuk ol, qaç, mənim nar çubuğumu gətir!” .
Sinfimizin dəcəl oğlan uşaqları Əlimuxrtar müəllimin nar çubuğuna elə öyrəşmişdilər ki, sanki bədənlərində onun ağrı – acısını zərrə qədər də hiss etmirdilər. Əlimuxrtar müəllim də hirslənəndə elə bil körpə, toppuş uşaqları deyil, yun çırpırdı. Nar çubuğunun zərbəsindən ufuldamayan, gözlərindən yaş çıxmayan şagirdə deyərdi ki, ay görüm səni eşşək arısı sancsın!
Görünür, eşşək arısının sancması nar çubuğundan da pis göynədir adamı...
...O gün Fəridə də, özümə də belə sual verdim:
- Əlimuxtar müəllimin özü zalım idi, yoxsa nar çubuqları?
Fərid bir an fikrə getdi, sonra üzünə qonan xəfif təbəssümlə dedi:
-Yadındadır, bir gün çubuq gətirmək növbəsi mənə çatdı. Anam həyətimizdə yenicə budanmış nar ağacının uzun bir çubuğunu mənə verdi. Yəqin bütün analar kimi mənim anam da o nar çubuğunun zəhmindən dərslərimi daha yaxşı oxuyacağımı düşünürdü. Düzü, mən də özümə çox arxayındım. Dərsimi yaxşı bildiyimə görə əmin idim ki, Əlimuxtar müəllim nar çubuğu ilə heç vaxt məni vurnayacaq! Amma...
- Hə, yadımdadır, sənin gətirdiyin o uzun nar çubuğuyla Əlimuxtar müəllim elə oturduğu yerdən səni möhkəmcə vurdu. Sanki nar çubuğu o gün sənin təzə qırxılmış başına yox, hamımızın ürəyinə çirpıldı . Ürəyimiz sənin başından da betər göynədi.
-“Keçi” şeirini əzbər söyləyəndə mənə acıqlandı: “Şeiri ucadan de, bilmirsən ki, qulağım ağır eşidir!” Dedim, amma...
***
Qürbətdə o səhnə yenidən gözlərimizin önündə canlandı. Əlimuxtar müəllimin uzun nar çubuğunun viyıltısı yenə qulaqlarımızda əks-səda verdi. Fərid də, mən də dönüb bapbalaca uşaq olduq. İlahi, sinfimiz necə də süküta qərq olmuşdu. Hamı Əlimuxtar müəllimin nar çubuğunun qorxusundan kirimişcə başını aşağı salmışdı. Fərid həyəcanla, həm də ağlaya-ağlaya “Keçi” şeirini ucadan deməyə çalışırdı .
Ala-bula... boz keçi...
Ay... qoşa buynuz keçi!..
Bu zaman parta yoldaşı, uzunsaçlı, çəlimsiz qız da ona qoşulub ağladı.
Yalqız gəzmə, dolanma...
Dağa-daşa dırmanma...
Ən qəribəsi o idi ki, hər gün danlanıb, nar çubuğu ilə döyüləndə gözlərindən bir damcı yaş çıxmayan dəcəl oğlanlar da doluxsunmuşdular.
Fəridsə hıçqıra-hıçqıra şeirin ardını söyləyirdi:
Bir qurd çıxsa qarşına...
Sən nə edərsən ona?..
Artıq bütün sinif ağlayırdı, elə bil hamımız həm Fəridin, həm də keçinin halına yanırdıq.
Çoban açınca gözün,
Qalar iki buynuzun...
Bu məqamda birdən başımı qaldırıb Əlimuxtar müəllimin gözlərinə baxdım. Fəridin başını, bizim ürəyimizi göynədən uzun nar çubuğu elə bil Əlimuxtar müəllimin bağrının başını cızmışdı. Bəlkə çubuğun vıyıltısı onu keçmişə - qanlı-qadalı müharibə illərinə aparmışdı. Amma Əlimuxtar müəllim getdiyi o uzaq yerlərdən tez qayıtdı və Fəridə acıqlanıb: - Otur, keçininin biri keçi, - dedi, - dədəm öləndə heç belə kövrəlməmişdim...
Biz o gün Əlimuxtar müəllimin ilk dəfə kövrəldiyinə şahid olduq. Və nədənsə elə düşündük ki, müharibədə hitlerçilərə qalib gələn qoçaq əsgərlərin hamısı Əlimüxtar müəllimin şagirdləri olub. Bəlkə nar çubuğunun vıyıltısını güllə vıyıltısına bənzədən Əlimuxtar müəllim müharibədən geri dönməyən şagirdlərini yada salıb kədərlənmişdi?!.
...Nənəm deyirdi ki, Əlimuxtar müəllimin o nar çubuğu kəndimizdə çoxunun başına ağıl qoyub, adam cərgəsinə qatıb. Hətta kəndimizdən deputat seçilən tərəvəzçi Əsbət xala da, kənd soveti Əhmədağa da, əmi-dayı, xala-bibimiz Əlimuxtar müəllimin şagirdi olublar və onun nar çubuğunun “ləzzətini” dadıblar...
***
O gün Parisdə Əlimuxtar müəllimin nar cubuğunu və Fəridin əhvalatını yada salaraq dedim:
-Ay Fərid gəlsənə, bu dəfə vətənə dönən kimi kəndə gedək, Əlimuxtar müəllimlə görüşək?!
-Hə, çox yaxşı olar! Elə bütün sinif yoldaşlarımızı məktəbə dəvət edərik...
...Beləcə otuz ildən sonra Əlimuxtar müəllimlə məktəbdə görüşdük. Kişi əməlli - başlı qocalmışdı. Təqaüdə çıxıb dərs deməsə da, ağsaqqal və təcrübəli pedaqoq kimi hər gün məktəbə gedib-gəlirdi. Fəridi görcək, dedi ki, bala sən həmişə televizorda tar-kamanın müşayətilə şeir deyəndə kövrəlirəm, fəxr edirəm ki, mənim şagirdim olubsan!
Sonra bizə - keçmiş şagirdlərinə baxıb:
-Sizin hamınız mənim fəxrimsiniz...
Baməzə Namiq hardansa bir nar çubuğu gətirdi, Əlimuxtar müəllimə verib dedi:
-Qurban olum, əllərivə ay müəllim, məni də bu çubuqla vur, qoy Fərid kimi o telekanallarda məni də göstərsinlər...
Hamımız gülüşdük.
Sonra Namiq bizi kənara çəkib dedi ki, uşaqlar gəlin Əlimuxtar müəllimi bu il Məkkə ziyarətinə göndərək. Qoy bu savab iş ona bizim hədiyyəmiz olsun! Kəndin yarıdan çoxu Həccə gedib. Bu kişinin onlardan nəyi əskikdir ki?
Əlimuxtar müəllim təşəbbüsümüzdən xəbər tutanda soruşdu:
- Uşaqlar, siz gerçəkdən mənim Məkkə ziyarətinə getməyimi istəyirsiniz?
Xorla, həm də ucadan dedik:
- Bəli, müəllim!
-Elə isə Məkkə ziyarətinə çəkəcəyiniz xərclə sizin üçün dünyaya uçuş zolağı olan bu məktəbin həyətinə asfalt döşətdirin! Mən də savab qazanım, siz də!
Biz bir-birimizin üzünə baxdıq, Fərid asfalt zavodunda baş iş icraçısı işləyən sinif yoldaşımız Məmmədcəfərə baxa-baxa dedi:
-Məncə, nəinki məktəbin həyətini, Əlimuxtar müəllimin evindən məktəbə gələn yolu da, kəndin məscidinə, qəbristanlığına gedən yollarını da asfalt elətdirə bilərik...
...O gün Əlimuxtar müəllim ürəkdən hamımıza “Afərin!” , “Sağ olun!” dedi.
***
...İndi kəndimizdə Əlimuxtar müəllimə “Hacı” deyə xitab edirlər. Ağsaqqal və ağbirçəklər deyirlər ki, Əlimuxtar müəllimin nar çubuğunun sehirli qüdrətinə baxın ki, kişi Məkkəyə, Mədinəyə getmədən Hacı titulu qazanıb, halal olsun!

7 avqust 2017-ci il. Bilgəh.

3 dəfə oxundu

Axtarış