NAZİM YAQUBOĞLUNUN SÖZ DÜNYASI
Müəllif: Yazarlar.AZ


29.09.2019




MƏN SƏNƏ YAZIRAM ŞEİRLƏRİMİ

Səni düşünəndə təb gəlir mənə ,
Mən sənə yazıram şeirlərimi .
Sevgi şeirlərim həsr olur sənə ,
Mən sənə yazıram şeirlərimi .
****
Sən parlaq Günəşım , nurlu Ayımsan ,
Çiçəkli baharım , qızmar yayimsan ,
Alnıma yazılmış sevgi payimsan ,
Mən sənə yazıram şeirlərimi .
****
Bağında gül – çiçək bitirməsəm də ,
Adını dilimə gətirməsəm də ,
Yazıb ünvanına yetirməsəm də ,
Mən sənə yazıram şeirlərimi .
****
Sən mənim qanadlı İlham pərimsən ,
Tənha anlarımda ümid yerimsən ,
Ruha qida verən şah əsərimsən ,
Mən sənə yazıram şeirlərimi .
****
Sən mənim eşqimi versən də bada ,
Səni hey düşünüb salıram yada .
Sən mənim dilimdə ilk söz , son nida ,
Mən sənə yazıram şeirlərimi .
****
Naziməm , azım da , çoxum da sənsən ,
Ümidim , gümanım , qorxum da sənsən ,
Doğrum , həqiqətim , yuxum da sənsən ,
Mən sənə yazıram şeirlərimi .


<<<NAZİM YAQUBOĞLUNUN SÖZ DÜNYASI>>>

ÇƏKƏ BİLMİRƏM

Ömür yollarımda göyərib bitən ,
Tikanı , qanqalı biçə bilmirəm .
Bu fələk başımı elə qatıb ki ,
Ömür də gedibmiş heçə bilmirəm .
****
Bəxtimə açılmaz düyün vurulub ,
Eşqim külə dönüb , göyə sovrulub ,
Ömür yollarımda tələ qurulub ,
Keçilməz yollardan keçə bilmirəm .
****
Bürüyüb dövrami xain , bədnəzər ,
Mən dözən dərdlərə deyin , kim dözər !?
Həyatım dolaşıq kələfə bənzər ,
Dostumu düşməndən seçə bilmirəm .
****
Məhəbbət könlümün ehtiyacıdır ,
Sevgi dərslərinin tək əlacıdır ,
Hicran zəhərini içdim acıdır ,
Vüsal şərbətini içə bilmirəm .
****
Xoş gün əllərini üzüb əlimdən ,
Nazim daha doyub dünya qəmindən ,
Əcəl də üzünü döndərib məndən ,
Dünyadan biryolluq köçə bilmirəm .

<<<NAZİM YAQUBOĞLUNUN SÖZ DÜNYASI>>>

QARABAĞSIZ

Qəlbim sızıldayır , könlüm ağlayır ,
Pərişan oluram mən Qarabağsız .
Həsrətə , nisgilə dözə bilmirəm ,
Alıb ürəyimi çən Qarabağsız .
****
Şax deyil əvvəlki boyum , qamətim ,
Olmuşam Vətəndə vətənsiz yetim .
İllər ötüşdükcə ” elif ” qamətim ,
Olubdu ” nun ” ilə tən Qarabağsız .
****
Ömrümü çürüdüb Kür qırağında ,
Qalmışam nə vaxtdır el sorağında .
Ömrün gül açası bahar çağında ,
Düşüb saçlarıma dən Qarabağsız .
****
Aldanmaram nə fitnəyə , nə fe’ lə ,
Uymaram xoş sözə , nə şirin dilə .
Cənnəti – rizvanı versələr belə ,
Heç zaman olmaram şən Qarabağsız .
****
Ay Nazim , nə yaman ağırmış daşım ,
Qüssədən , kədərdən ağarıb başım .
Ay məni məzəmmət edən ” qardaşım ” ,
Bəs necə dözürsən sən , Qarabağsız ?!

<<<NAZİM YAQUBOĞLUNUN SÖZ DÜNYASI>>>

OLANLARDAN BEZDİM , LƏLƏ

Yaltaqlıqdan , nadanlıqdan ,
Yalanlardan bezdim , Lələ .
Bir kişinin iki oğlu
Bir – birinə qürur tələ ,
Gördüklərim üzür məni ,
Olanlardan bezdim , Lələ .
****
Ədalətin yox sorağı ,
Yenilib haqqın bayrağı .
Yatdığımız fil qulağı
Bizə layla çalır hələ .
Gördüklərim üzür məni ,
Olanlardan bezdim , Lələ .
****
Başımıza dəyir yumruq ,
Özgədən kömək umuruq .
Haqsızlığa göz yumuruq ,
Həqiqəti bilə – bilə .
Gördüklərim üzür məni ,
Olanlardan bezdim , Lələ .
****
Kimsə haqqı seçə bilməz ,
Doğru yoldan keçə bilməz .
Dərdimizi çəkə bilməz ,
Yükləsək də nəhəng filə .
Gördüklərim üzür məni ,
Olanlardan bezdim , Lələ .
****
Xalqim köçkün , yurdum əsir ,
Talehindən hamı küsür .
Dizlərimiz tir – tir əsir ,
Gələmmirik , amma dilə .
Gördüklərim üzür məni ,
Olanlardan bezdim , Lələ .

<<<NAZİM YAQUBOĞLUNUN SÖZ DÜNYASI>>>

KÖNLUM SƏNİN YANINDADIR

Gecə – gündüz , axşam – şəhər
Könlüm sənin yanındadır .
Ürəyimi üzür kədər ,
Könlüm sənin yanındadır .
****
Səndən xəbər bilməsəm də ,
Görüşünə gəlməsən də ,
Göz yaşını silməsəm də ,
Könlüm sənin yanındadır .
****
Ya qış olsun , ya da bahar ,
Gülüm , səndən de , harda var ?
Gəzsəm də mən duyar – diyar ,
Könlüm sənin yanındadır .
****
Eşqin narın dərməsəm də ,
Qulac saçın görməsəm də ,
Yüz il səni görməsəm də ,
Könlüm sənin yanındadır .
****
Naziməm , uydum sevginə ,
Eşqim artır gündən – günə .
Deyim , eşit dönə – dönə ,
Könlüm sənin yanındadır .

Müəllif: NAZİM YAQUBOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

3 dəfə oxundu

Axtarış