NƏ UZAQ DÜŞMÜSƏN
Müəllif: Şirinxanım Şadiman


2018-12-02 21:10:15


NƏ UZAQ DÜŞMÜSƏN

Nə uzaq düşmüsən dərdimi bilən,
Dərd məni sovurdu göyə gəlmədin.
Axan göz yaşımı yanaqdan silən,
Çağırdım, səslədim niyə gəlmədin?!

Harayım gecədən səhərə düşdü,
Min dəfə kədərlə günüm görüşdü,
Taleyim ömürdən sürüşdü düşdü,
Məni ölmüş bildin deyə gəlmədin.

İndi uzaqlarda səsin dolaşır,
Günüm həsrətinə düşüb bulaşır,
Aylar bir-biriylə əhdlə yollaşır,
Yandım, tüstüləndim iyə gəmədin.

Sən gedəli gündən hicrana qulam,
Qoymursan məni də hamıtək olam,
Ümidim var idi sorağın alam,
Ürəyim özünü öyə, gəmədin.

Mən ülfət süfrəsi açdım gözlədim,
Əqrəbin sədasın çox əzizlədim,
Saat yol aldıqca vaxtı izlədim,
Qədəhə süzülmüş meyə gəlmədin.

Çıx get, gedəsisən dönmə geriyə,
Qoyma ürəyimin yağı əriyə,
Sığmayır vücudum daha dəriyə,
Nə qədər cəhd etdim səyə gəlmədin.

Bəxti kəm gördünmü, Şadiman kimi?!
Üyüdür qəm ömrü dəyirman kimi,
Rastına çıxdımı bu peyman kimi?
Canda olub qalan heyə gəlmədin.

03.12.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN

4 dəfə oxundu

Axtarış