nə yaxşı
Müəllif: KAMALA ABİYEVA


20.02.2020


NƏ YAXŞI
Kövrəldim bu gecə
çəkilib bir küncə
ağlamaq istədim gizlicə...
göz yaşımı boğdum...
pəncərədən
gecəyə baxdım sakitcə.
Torpaqla sevişən yarpaqların
payız rəngini gizləmişdi gecə.
Qapqara ağaclar
Qaranlıqdan qorxurmuş kimi
titrəyən əllərini göyə açmışdılar.
Qaranlıq insanlar,
içində qaranlıq daşıyanlar,
qaranlıqdan qorxanlar
gecəyə bürünmüşdülər-
qapqara idilər, görünmürdülər...
əllərimi
gecəyə uzatmaq istədim,
pəncərəyə toxundu,
sevindim, məni
bu soyuq qaranlıqdan
ayıran pəncərəm vardı,
həm də otağımda işıq yanırdı...




GÜNAHKAR YOXDU

Durmusan qarşımda sən səhvim kimi
Baxmağa gözümün cürəti çatmır..
Bu elə ağrı ki, bu elə qəm ki,
Duymağa qəlbimin qüdrəti çatmır...

Ürək bağlamışdı qapılarını
Sanırdı kimsəyə açmaz bir daha...
İndi bu sevgidə günahkar hanı?
Elə bilirdi ki, sevməz bir daha.

Neyləyim ürəyim sözündən dönür
Özü öz önündə batır günaha.
Susan arzularım yenidən dinir
Mən elə bilirdim sevmərəm daha...

Axı neyləyim ki, mən səni sevdim,
Sevdim cəzam kimi, günahım kimi...
Sən mənim ömrümə bir nur gətirdin
Sevdim ən işıqlı sabahım kimi...

Qınama özünü, qınama məni,
Demə ki, bu sevgi hədərdi, hədər.
Ruhum da rahatlıq tapmazdı mənim
Mən səni sevmədən ölsəydim əgər.





13 dəfə oxundu

Axtarış