Nəsihət
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:34:51


Mükafat Yaqub

Nəsihət

Ay oğul, dünyaya açıq gözlə bax,
Halala qane ol, elm, hikmət ara.
Yolun başı varsa, sonu da vardır.
İtirmə vicdanı düşəndə dara.

Səni sevməyənə həqarət etmə,
Mərhəmət sən göstər, zəlalət etmə.
Etibar çox qazan, xəyanət etmə,
Bəxti viranda yox, gülşəndə ara.

Çoxları mədh edər şəninə sənin,
Aldanma, gözü var dəninə sənin.
Yaltağın, xəbisin, əyilənlərin,
Başı qismət olar kövşəndə sara.

Dostuna sadiq ol, namərdə qənim.
Deyənin olmasın, ha çox yeyənin.
Təmkin baş ucaldar, bunu bil yəqin.
Səbirlə vurular düşmənə yara.

Əvvəl canına bax, sağlam olasan,
Sonra qardaşına qalxan olasan.
Kasıba, qohuma arxa durasan.
Nankora inanıb düşəndə tora.

Yaxşılıq bir yaydır, qayıdar geri,
Pisliyin dünyada heç yoxdur yeri.
Yazılır etdiyin hər əməllərin,
Sağ döşündə ağ, sol döşündə qara.

Nəfsin cilovunu əlində saxla,
Yersiz sözlərini dilində saxla.
Hesab ver, özünü əvvəldən yoxla,
Səhvini, düzünü huşunda ara.

Namus baş tacıdır, qeyrət şan-şöhrət,
Ən böyük qazancın ataya hörmət.
Anaya məhəbbət nemətdir, nemət
Qarşına çıxanı aşında ara.

Mükafat Yaqubov.

4 dəfə oxundu

Axtarış