NƏSRULLA ERQAŞ - ŞƏKİL
Müəllif: YAZARLAR.AZ


19.05.2021



Şəkil
(Tərcümə)
Ovcumda bir şəkil cəlb etdi məni.
Ona şeir qoşdum, şəklini çəkdim.
Sənin çəkdiyindən çox fərqli çəkdim
Bununçün,ya Rəbbim,bağışla məni.
* * *
Anamın şəklini çəkdiyin zaman,
Yadına salmısan zülmət gecəni,
Çəkmisən saçını gecətək qara.
Mənəsə ağ saçlı göründü anam.
Bağışla bununçün, ya Rəbbim, məni.
* * *
Atamın şəklini gəncikən çəkdin.
Çəkdin qartal kimi göydə səkəni.
Atamın üzündə mən qırış çəkdim.
Bağışla bununçün, ya Rəbbim, məni.
* * *
Bağışla, mən şəkli səntək çəkmədim.
Günahım böyükdür,görünür gözə.
Ancaq onu bil ki, bir şair kimi,
Xəyanət etmədim bir an da sözə.

Müəllif: NƏSRULLA ERQAŞ
Özbək dilindən tərcümə etdi:
Təranə Məmməd

2 dəfə oxundu

Axtarış