Niyə inanmırsan qayıdacağam?!
Müəllif: Gövhər Əntiqə


02.01.2021


Vətən Torpaqları Uğrunda Şəhid Olanların Müqəddəs Xatirəsinə Baş Əyirəm


Məni yola salıb son mənzilimə,

Niyə inanmırsan qayıdacağam?!

Batma, təsəllisiz ,kədərə, qəmə.

Niyə inanmırsan qayıdacağam?!


Gözümdə muradım, könlümdə arzum,

Getdim qorumağa Vətəni, quzum.

Kim deyir ki, vaxtsız axdı ulduzum?

Bir az dəyişmişəm, qara torpağam,

Niyə inanmırsan qayıdacağam?!


Köksümdə ufacıq bir əksin vardı,

Mərmi ürəyimle birgə apardı,

Baxma ki, anam da fəryad qopardı,

Hələ o da bilmir əbədi sağam,

Niyə inanmırsan qayıdacağam?!


Bizi salamlarken yaylım atəşi,

Gördüm gözlərində ümidsiz yaşı

Əl saxla, qızların yolunmaz başı!

Yenə güvəndiyin sarsılmaz dağam,

Niyə inanmırsan qayıdacağam?!


Gedəndə demişdim yolumu gözlə,

Döndüm, yanındayam, oxşa, əzizlə,

Məntək dəliqanlı bir parça bezlə

Bürünüb məzarda uzanacağam?!

Niyə inanmırsan qayıdacağam?!

23.08.1992 Govhər Əntigə Azərbaycan Yazıçılar Birliyinin Üzvü

9 dəfə oxundu

Axtarış