O GÜN… - ZAUR USTAC
Müəllif: YAZARLAR.AZ


16.07.2021


O GÜN
(Şəhid İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin...
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin...
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın...
Özün getdin yuxuya,
Milyonları oyatdın...
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu...
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu...
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin...
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin...
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var...
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar...
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk...
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik...
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı...
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı...
Vətən oğlun itirdi,
Torpağını qazandı...
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki...
Lap başqası varsa da,
Möcüzədir bizimki ...
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər...
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər...
14.07.2021. -Bakı.
Müəllif: Zaur Ustac
YAZARLAR.AZ və BİTİK.AZ

2 dəfə oxundu

Axtarış