Ölüm çələngi
Müəllif: Rəşid Bərgüşadlı


2018-10-22 11:48:13



məktub

Əfruz, gözümün nuru, yenə komandirimiz əl çəkmir ki, evə məktub yazaq, sağ-salamat olduğumuzu xəbər verək. “Özünüz yönlü zibil deyilsiniz, heç olmazsa, evdəkilər siz dılğırlardan ötrü nigaran qalmasın!” – yazmasan, adama itin sözünü deyir. Tək-tük komandir olub ki, döyüş meydanında can versin, amma qoşunun qalibiyyəti eyzan onun ayağına yazılıb. Bu adam isə həmişə bizimlə birlikdədir. Çox qansız, amma igid, mərd, bir az da baməzə adamdır. Öz övladı hansısa cəbhədə döyüşür, görünür xəbər-ətər almır deyə onun hirsini bizim üstümüzə tökür. Nə çəkirsə, içində çəkir. Ha istəyirəm deyəm ki, – “A kişi, kimsəsizəm mən, cılxa, ana-bülbül yetiməm! Məktub yazmağa adamım yoxdur!” – qoy əl çəksin məndən, di gəl, ürək eləmirəm “yetim” sözünü dilimə gətirməyə. Bu sözü heç həzm edə bilmədim. Bir də sən varımsan axı... Məktub yazacaq birinin olması bilsən nə gözəl şeydir, Əfruz...
Həm də sənə başqa deyəcəklərim var... Yaxşı bilirsən ki, yalan danışan deyiləm, danışsam, yalanımı göydə tutacaqsan. Bilirəm, burda barmağıma tikan batanda, orda sənin ürəyin sancır. Səni inandırmağa çalışmışam ki, burda hər şey qaydasındadır. İstəmişəm ki, məndən nigaran qalmayasan. Amma indi ürəyimə pis şeylər damır... Bu gün bir dostum qucağımda tapşırdı canını. Son nəfəsində xırıldaya-xırıldaya anasını çağırırdı. Ağlayırdı... Görünür həmişə bir yeri ağrıyanda kirisin deyə anası sığal çəkərmiş ağrısına. O, idmançıydı. Hamımız kimi canıbərk, qorxmaz xüsusi təyinatlılardan idi və boşu-boşuna hər ağrıya zarıyanlardan deyildi. Demək öləcəyini dərk edirdi. Kaş onun üzündəki əzabı görəydin, Əfruz... Ölüm ona diz çökdürmüşdü və o, qurğuşun güllənin əlində aciz qaldığına görə utandığından ağlayırdı. Təkcə anasını görmək istəyirdi – atasını yox ha, təkcə anasını!.. İstəyirdi ki, yarasına yenə sığal çəksin, anası yenə kiritsin onu... Mən onun qana bulanmış telinə sığal çəkdim. Eynən anasının çəkə biləcəyi sığaldan... Qəfildən sevindi, gülümsədi!.. Bu gün anladım ki, ölüm anaları daha çox istədirmiş... Gülə-gülə qovuşdu ölümə. Ölüm onun sifətindən gülüşü silməyi bacarmadı. Anlayırsan?.. Ölüm onun qürurunu sındıra bilmədi... O, mənə axirətdən baxıb gülürdü. Canını bu dava-şavalı dünyadan qurtardığına sevinirdi...
Uzun sözün gödəyi, ölüm həndəvərimdə fırlanır, ölmək xofu bit kimi canıma darışıb, Əfruz... Müharibə bitmədikcə mənim də sıram yaxınlaşır. İstəyirəm ki, dözümlü, hər şeyə hazır olasan... Sən müharibənin nə olduğunu bilmirsən və yaxşı ki, bilmirsən, Əfruz... Ətçəkən maşındır müharibə. Canı bu yandan alıb o biri yandan cəsədə çevirən ət maşını. Öz-özümə fikirləşirəm, nə vaxtadək bu maşının amansız dişlərindən qaça biləcəyəm? Bir gün bu çarx məni də cənginə alıb çeynəyəcək. Cəhənnəmə çeynəsin, qorxmuram bundan! Amma cəsədimi kim ağlayacaq, harada dəfn edəcəklər məni, varlığımdan, öldüyümdən xəbər tutan olacaqmı!? Mən ölümdən yox, ölməkdən qorxuram, Əfruz. Yetimin ölümü dəhşətdir!..
Özün də yaxşı bilirsən, yetimxana həyatı adamı tənbəl, ələbaxan öyrədir. Yetimlər həm də paxıl olurlar, Əfruz. Başqasının əlindəkilərə həsədlə baxmaq axırda nifrət və paxıllığa çevrilir. Nə gizlədim, paxıl, ələbaxan olmamaq, qarnımı doyurmaq, yatacağımı isti eləmək üçün dövlətin qoltuğuna girməkdən başqa yolum yox idi. Ona görə hərbçi olduğuma peşman deyiləm. Bir də ki, bu sağlam boy-buxunla sanki anam məni hərbçi doğubmuş. Hərbi mundir elə bil boyuma biçilib. Taborda ən yaxşı mənə yaraşır. İndi anlayıram ki, o vaxtdan ölüm də boy-buxunuma biçilibmiş...
Bu yaxınlarda “İgidliyə görə” medalı verdilər mənə. “Qorxmaz və şücaətli döyüşçü” olduğuma görə. Yəqin qəzetdə yazıblar, televizorda deyiblər. Sənə bu barədə yazmamışdım. Ona görə yazmamışdım ki, əlimdəki silahın əsl pulemyot olduğunu bilməyəsən. Bu pulemyot uşaq vaxtı anaların övladlarına aldığı oyuncaqlardan deyil, Əfruz... Burda mənim adımı “Əzrayıl” qoyublar. Bilirsən niyə? Çünki düşmənə göz açmağa aman vermirəm, Əzrayıl kimi hər an boynunun dalını kəsdirib gözümü qırpmadan güllələri beyninə doldururam. Lap qorxsan da, məndən iyrənsən də deyəcəyəm, xoşum gəlir rəqib döyüşçünün beynini dağıtmaqdan! Zavallı düşmənin canını ağrısız alıram, dinməzcə ölümə təhvil verirəm onu. Ölüm bütün əzab-əziyyətlərin sonudur. Ölməmək üçün öldürür insan! Budur müharibənin ağ üzü, qanlı sifəti! Müharibə ölüb-öldürmək sənətidir axı, Əfruz... Bir dərindən düşün, ordu nə üçün lazımdır? Döyüşmək üçün! Silahın varsa – düşmənin var. Düşmənin durduqca sənə dinclik yoxdur. Hə, döyüş zarafat iş deyil... Burda sağ qalmaq bəxt məsələsidir. Neçə ki Allahın himayəsi altındasan, salamatsan. Başı qarışdısa, əlini üstündən çəkdisə, özünü ölümün qucağında tapır insan. Allah isə ölənləri təzədən diriltmir. Qoy qəfil qara xəbərim səni çox üzməsin...
Müharibəni idarə edənlər həddən artıq ağıllı, tədbirli adamlardır. İnsanları, millətləri bir-birinə qırdırıb ortada qazanırlar, yerlərini daha da bərkidirlər. Gör nə qədər adamın ruzisi bu oyundan çıxır... Belə götürəndə, elə mənim də ruzim müharibədən çıxır... Döyüşçü olmaq qatil olmaqdır, vəzifəsi öldürməkdir. Öldürəndə hələ bir sevinir də. Dəhşətdir!.. Sən hələ döyüş səhnələrini görəsən... Bu qanlı meydanda gah ağlar qaraları qovur, gah da qaralar ağları. Amma başbilən əclaflar üçün rənglərin heç bir əhəmiyyəti yoxdur. Çünki ağ da onlarındır, qara da. Var-dövlət sadəcə müharibənin ruhudur, enerjisidir – itməz, döyüşənlərin birindən digərinə keçər. Qalib də, məğlub da onların əlindədir. Onlar bu dünyanın tam fərqli bir küncündə kefdə-damaqdadırlar. Bu alçaqlar bəşəriyyəti inandırmaq istəyir ki, guya müharibə dünyanı aydınladan günəşdir: – “Bu günəşin işığı azca qorxuncdur, amma günəş tutulmasından qorxulu deyil. Müharibədən sonra baharda təzələnən təbiət kimi olur dünya. Dünya da ilan kimi öz qabığını vaxtaşırı dəyişməlidir. Təzə dövranın başlaması üçün qoca və müdrik hökmdarlar məhv olmalıdır. Allahın onların nazıyla uzun müddət oynamağa səbri çatmaz. Özbaşına sərkərdə Allahlıq iddiasına düşər, dünyanın sahibi olmaq istər!” – əslində isə Allahı özlərinə şərik qoşmaq istəmirlər... Onlar insan deyil, iblisin balalarıdırlar! Yerlərini bilsəydim bütün qoşunu bu ağzıqanlı şeytanların üstünə yeridərdim! “Müharibə labüddür!” – bu şeytanlar boğazları yırtılınca bağırırlar əsgərlərin önündə. Guya ki, bizlər dünyanı xilas etmək üçün vuruşuruq, qorxunc özbaşınalıqların kökünü kəsmək, qanunları möhkəmlətmək üçün müharibə aparırıq və bunsuz ötüşmək olmazmış!.. Sanki ağacın çürük budaqlarını kəsirlər ki, ağac daha sağlam olsun, pöhrələsin. Heyf ki, bu “budamada” igid oğlanların başı gedir... Bunları düşündükcə əlimdəki silaha nifrət edirəm, az qalıram fərarilik edəm. Tərs kimi də son günlər belə şeylər heç ağlımdan çıxmır. Əlim-qolum tamam soyuyub, bezmişəm atəş səslərindən...
Döyüşdən təzəcə qayıtmışıq. Çəkmələrimi neçə gündür ki, ilk dəfə çıxarmışam. Ayaqlarım leş iyi verir. İt kimi yorğunam. Tərin içindəyəm. Paltarlarımda qara qan ləkələrinin sayı bir az da artıb. Yerdə sürünməkdən, yumalanmaqdan dizlərim, əl-ayağım sıyrıq-sıyrıqdır. Tonqalın ətrafına toplaşıb isinirik. Hər dəfə belə komalaşanda sıramızı seyrələn görmək adamın içini çürüdür. Üstümüzə sıçrayan közdən çox döyüş dostlarımın söyüşü yandırır adamı. Bunların hamısı qorxubilməz igidlərdir. Amma ölən dostlarımıza görə mısmırığını sallayıb oturublar. Hər şeyin ağzını müharibəyə tərəf döndərənlərə söyürlər. Beziblər döyüşməkdən, anlayırsan?.. Döyüşçüdən eyzən tər iyi gəlir, Əfruz. Bilirsən niyə? Qorxudan! Azca da insafdan. Öləcəyini bilən adam əsgər olardımı? Amma müharibənin mahiyyəti qırğındır, ölümdür. Müharibədə ölüm, baş ağrıyanda aspirin içmək kimi adi şeydir... Müharibənin dilsiz-ağızsız şikarlarını, günahsız anaları düşünürəm. Dostlarımın yorğun üzünə baxıram, – “Görəsən növbəti döyüşdə bu qardaşlarımdan hansı öləcək, bir daha tonqalda isinməyəcək, gecə çıxan Ayı, gündüzün çırağı Günəşi görməyəcək?” – onlar siyasət riyakarlığının, yalanların, ağılalan vədlərin biçarə qurbanlarıdır. Bu həngamədə bəxti gətirənlər tər içində hər gün evləri üçün, ağır yaralılar isə al qan içində məzar üçün it kimi darıxır burda. Kir-pasağın, bitin-birənin əlindən cana doymuş yuxusuz əsgərlər ucuz ölüm arzulayır özlərinə. Bu, ölümdən betərdir, Əfruz!..
Zavallı əsgər sadəcə əmrləri dəqiq yerinə yetirməyi düşünür. Onun halı yoxdur ki, bu əmrlərin arxasında nələrin, kimlərin dayandığını ağlından keçirsin. Cinayətdirsə, o, buna görə mükafat, orden-medal alır. Əsgər vacib, müqəddəs iş gördüyünə inandığı üçün öldürür. Yoxsa, insanın xislətində adam öldürmək haradan yarana bilərdi ki?.. Keçən ay bir dostumuzu itirdik. Heç unuda bilmirəm onu. Dindar idi. Həmişə deyirdi ki, cənnətə getməyin müqabilində tərəzinin gözünə qoymağa bir şey istəyirsənsə, tanrının sevdiyi ən möhtəşəm hədiyyə şəhidin qanıdır... Bu cür insanlar xoşbəxtdir, Əfruz. Başqası bilsə ki, sabah öləcək və sabah yox, elə bu gün xoşbəxt olma şansı var, bu günün bitməsini istəməzdi. Amma həmin dostum yaşadığı son gün olsun deyə səngərdən-səngərə atırdı özünü, əcəllə çilingağacı oynayırdı elə bil. O, Allahın, cənnətin varlığına inanırdı, şəhadətə əvvəlcədən hazırlamışdı özünü. Mən də axır vaxtlar Allahı çox düşünürəm. Əcəlin nəfəsi hər dəfə üzümü sıyıranda Allaha yalvarıram ki, səni gözüyaşlı qoymasın. Kaş ki, cənnət yalan olmayaydı. Şəhid qanının cənnətdəki dəyəri və Allahın bizə verdiyi vəd həqiqət olaydı... Komandirimiz də deyir, – “Ən şərəfli ölüm inandığın amal uğrunda ölməkdir! Maşının altında qalıb, suda boğulub ölməkdənsə vətən uğrunda ölmək daha şərəflidir. Boşuna qurban saymayın özünüzü, sizin qanınız bu torpaqları suvarmaqla heç olmazsa bir şeyə yarayır” – o da ədalət uğrunda savaşdığını beyninə yeridib. Keçən dəfə deyirdi ki, ən azından şəhidin yaxınları bu torpaqda yaşamağa haqq qazanırlar. Bəs mənim yaxınlarım hanı? Məndən sonra igidliyimin, qəhrəmanlığımın bəhrəsini kim görəcək? Ağzıgöyçəklər belə deyəcək, – “Əşi, onun qəhrəmanlığı qorxudandır. Qəhrəmanlıqdan başqa əlacı olmayıb. Komandirin əmrinə tabe olmaq onunla vuruşmaqdan daha asandır və döyüşdən imtina etsəydi həbs edərdilər”. Bəlkə də haqlıdırlar... Eh, günahlarımız müharibəni qızışdıranların qoynuna dolsun!.. Komandirimiz demişkən, onsuz da bu “sərvi-boylu qamətimiz” qocalanda bir yolla idbarlaşıb öləcək. Heç olmazsa, bizə verilmiş sütül bədəni günahlara çox batmağa qoymadan məzara aparacağıq. İdbar olmadan ölmək də bir cəngavərlikdir...
Hərdən düşünürəm ki, ölüm qaçılmazdırsa, ölməyə həmişə hazıram, amma niyə ölmək istəyim ki?.. Belə axmaq düşüncələr məni işğal etməsin deyə döyüşlərin səngiməyini istəmirəm. Nə vaxt ki döyüş əmri verilir, onda idrak durur, hisslər coşur, qan su yerinə axır. Hər axan qan damcısı gələcək davaları suvarır. Budur müharibənin fələklə bağladığı əhdnamə. Müharibə dinəndə balaca körpələr pöhrə kimi boy verir. Bunlar da gələcək müharibənin döyüşçüləri, siyasətin gələcək qurbanları olacaq. Müharibə siyasətin yeganə dilidir ki, orda pəltək deyil, kəkələmir! Siyasətin tərs üzüdür müharibə! Ən dəqiq hesablanmış siyasətin də üzü müharibəyə sarıdır!..
Xalqların böyüklüyü indi silah-sursatla ölçülür. Kim güclüdürsə, o daha varlıdır. Deməli, daha firavan yaşamağa layiqdir. Güclü ordusu olanlar vaxtı çatanda xatakar uşaq kimi dava axtarır, müharibəyə yerikləyir... Xatırlayırsan, bir dəfə sənə tanrı Sizifin əzabından danışmışdım? Sizifin qaldırdığı daş elə kələ-kötür və ağırdır ki, zirvənin ucunda dizləri əsir, daşı saxlamağa taqəti qalmır. Tövşüyəndə əlini çəkir və daş təzədən dikyenişə yumalanır. Bu daş Sizifin dalınca yamacı dırmanan, əmin-amanlıq arzusunda olan bütün günahsızların əkin-biçinini, ev-eşiyini dağıdır, adamları kimsəsiz və yurdsuz-yuvasız qoyur. Həqiqət Sizifin daşının altında inildəyir, qarnı üstə yerdə sürünür, səsi söyüşlərin içində itib-batır. Çünki, həqiqət nə olursa olsun, ondan da güclü bir həqiqət var – Sizifə daşı zirvədə saxlayacaq gücü Allah ona verməyib! Həyatın acı istehzası!.. Yamacda əzilənlərin çoxu isə sağ çıxmaq üçün özünü Sizifin daşının altına atıb onu durdurmaq istəyən xilaskarlardır – xilaskarlar ordusu!.. İnsan tarlada əkər, biçər, sevdiklərinin süfrəsində yeyib əylənər. Yoxsa, insan müharibə üçün doğulmayıb. Ağılsız baş əlindən gör ayaq nələr çəkir...
Deyəsən lap əsl qorxaqlar kimi apardım özümü. Bircə onu bilirəm ki, qorxaq deyiləm. Qorxaqlıq insanın bəxtinə yazılmış ən böyük bədbəxtlikdir! Ordu qorxaqları sevməz. Ölümlə çox üz-üzə gəlmişik. Bu dünyanın bütün qanunları onun qarşısında puç olduğu üçün ölümün adını bədnam eləmişik. Özün fikirləş, şəhid olan dostlarım xoşbəxtdir, yoxsa mən? Əlbəttə, onlar! Ölüm yaşamaq, nəyisə arzulamaq əzabından xilas deməkdir. Həyat onsuz da mənasızdır və ona məna qatan tək şey ölümdür. Bircə şeydən qorxuram – ölərəm və məzarım üstündə saçlarını yolan anam-bacım peyda olar. Bax onda ruhum dinclik tapmaz, gorum çatlar, Əfruz!.. Anlayırsan?..
Yenə həyəcan siqnalı verdilər... Mən getməliyəm, əcəl məni gözləyir, Əfruz. Səni elə qəribsəmişəm ki, bir bilsən... Amma neyləyim, ixtiyarım öz əlimdə deyil. Ən qədim ölüb-öldürmək sənətini yaşatmaq, gələcək nəsillərə ötürmək üçün şərəflə ölmək sənətini özü seçənlərdənəm mən... Ölüm xəbərimi eşidənədək dualarını əskik eləmə. Yaşadığım hər gün sənin dualarının səmərəsinədir. Bu tezliklə ölmək istəmirəm. İstəyirəm ki, ailəm olsun, övladlarımı atalı-analı böyüdüm. Onları müharibənin cəngindən özüm qoruyum. Sənə sağ-salamat qovuşmaq istəyirəm və sənin duaların durduqca düşmən gülləsi sinəmi deşə bilməyəcək!.. İnşallah, müharibədən sağ-salamat qurtula bilsəm bu günlərim üçün mütləq tövbə edəcəyəm. Yox, ölsəm, özünü inandır ki, şəhidəm və Allah qatında ən yüksək zirvədə dincəlirəm. Axirətdən səni gözüyaşlı, belibükük görsəm, bil ki, ruhum dinclik tapmayacaq. Yalvarıram, dualarını əskik etmə. Səni çox sevirəm, Əfruz...

Rəşid Bərgüşadlı

7 dəfə oxundu

Axtarış