Ömür payım
Müəllif: Səmi


2017-11-22 19:27:37


Kamanda inləyən,tarda oxuyan,
Gərilmiş,titrəyən sim ola bilsəm,
Çalınıb qadanı alardım,gülüm!
Öpüşdən uyuyub,şəhvət qoxuyan
Xumar gözlər kimi yumula bilsəm,
Donub gözlərində qalardım,gülüm!
Gəlişin əridər,açar donumu.
Üşütməz qəlbimi ya qar,ya yağış.
Gedişin gətirər ömür sonumu.
Arxana dikilən qəmli bir baxış
Sənli sənsizlikdən sənə söz açar.
Uçar xəyallarım,keçmişə uçar...
Dünyaca bir dünya,bir mən,bir də sən.
İkimiz bəs idik həmin dünyaya.
Var olub hər yerdə,göydə,yerdə sən,
Varlığın ömrümə yenə gün yaya!
Bura bir cənnətdir,sən isə mələk.
Bölgüdə düşmüsən mənim payıma.
Gülüşün güllərdən hörmə çələng tək
Haləyə çevrilər göydə ayıma.
Beləcə vuruldum ömür payıma.

237 dəfə oxundu

Axtarış