Öpüş - Ancela Karterin hekayəsi
Müəllif: Ceylan Mumoğlu


2018-01-02 12:42:37


Orta Asiyada qış çox soyuq və əziyyətli keçir: boğucu, pis qoxulu yay isə vəba, dizenteriya və ağcaqanad gətirir. Apreldəsə hava baldırın ətli hissəsinin yumşaqlığı kimi insanı oxşayır: çiçək açan bütün ağacların qoxusu şəhərin zibilliyindən gələn, burun boşluğunu yandıran yeli basdırır.

Hər şəhərin özünəməxsus daxili məntiqi var. Uşağın boya qutusundakı rəngli karandaşlarla xəyalınızda tünd sarı, ağ, qırmızımtıl qəhvəyi rəngilə dümdüz, həndəsi formalardan cızılmış şəhər canlandırın. Evlərin açıq rəngli, alçaq balkonları sanki ağımtıl, çəhrayı torpaqdan hörülmüş kimi deyil, bu torpaqdan çıxmış kimi görünür. Hər yer rəngli karandaşlarla barmaqlarınızda qoyduğu toza bənzər solğun rəngli, qum kimi tozla örtülüdür.

Bu ağarmış, solğun rənglərin üstündə, köhnə türbələri örtən kirəmitlər gözlərinizi qamaşdırır. İslamiyyətin canlı mavisi siz baxdıqca yaşıla çevrilir. Gah masmavi, gah yamyaşıl, yupyumru görünən qübbənin altında Teymurləngin Asiyanın, bu baş bəlasının sümükləri yəşəm daşından olan məzarda yatır. Həqiqətən əfsanələşmiş şəhəri gəzirik. Səmərqənddəyik.

İnqilab kəndli özbək qadınlarına ipək geyimlər vəd etdi; ən azından sözünü tutdu. Qadınlar incə atlasdan xətli, parlaq rəngli, işığın əks olunması kimi gözləri qamaşdıran çəhrayı-sarılı, qırmızı-ağlı, ağlı-qaralı, qırmızılı, yaşıllı və ağlı geniş və uzun köynəklər geyinir, qırmızı şüşədən düzəldilmiş bir yığın daş-qaş taxırlar.

Alınlarına qaşlarını üzlərinin bir yanından o biri yanına qədər arası kəsilmədən uzadan qalın, qara xətt çəkdiklərindən, hər zaman qaşları çatıq kimi görünürlər. Gözlərinin ətrafına sürmə çəkirlər. Parlaq görünüşləri var. Uzun saçlarını fır-fır fırlanan iki-üç düjün saç hörüyü ilə yığırlar. Gənc qızlar gümüşü ipək və muncuqlarla işlənmiş kiçik, məxmər başlıqlar taxırlar. Yaşlı qadınlar başlarına çiçək naxışlı bir cüt yun şərf sarıyırlar; biri alnın üstünə kip bağlanır, digəri boş bağlanmış, çiyinlərinə sallanır. Altmış ildir heç kim niqab taxmır.

Xəyali şəhərdə yaşayırmışlarcasına məqsədli yeriyirlər. Özlərinin və hicab taxıb qoyun dərisindən tikilmiş pencək geyinən çəkməli kişilərinin yad gözündə təkbuynuz atlar qədər qəribə varlıqlar olduqlarını bilmirlər. Bütün bu parlaq, məsum ekzotiklikləriylə varlıqlarını tarixlə tam ziddiyyət içində sürdürürlər. Onlar haqqında bildiklərimi bilmirlər. Bu şəhərin bütün dünya olmadığını bilmirlər. Dünyayla bağlı bildikləri tək şey xəndəklərində süsənlər yetişən, illüziya qədər gözəl olan bu şəhərdir. Çay evində yaşıl tutuquşu həsir qəfəsin çubuqlarını gəmirir.

Bazarda kəskin ot qoxusu var. Qaşlarını qara boya ilə birləşdirmiş bir qız turpların üzərinə bardaqdan su tökür. İlin bu erkən mövsümündə, yalnız keçən yaydan qalma qurudulmuş meyvələri - ərik, şaftalı, üzüm - bundan başqa az sayda, çox dəyərli, qırıq-qırıq nar görə bilərsiniz; qışda narlar incə taxta ovuntusu içində saxlanır; indi isə içində dənələrin necə yuvarlanıb yaş qala bildiyini göstərmək üçün bu narlar ortadan kəsilib piştaxtaya qoyulub. Şam ağacı fıstığından da ləzzətli olan duzlu ərik tumu içi Səmərqəndə məxsus yerli qidadır.

Yaşlı qadın qırmızı zanbaq satır. Bu qadın bu səhər yabanı lalələrin qan damarlarından şişirilərək üfürülmüş balonlar kimi çiçək açdığı, nəfəs çəkən quşların qayaların arasında toplandığı dağlardan gəlib. Naharda bir tikə çörəyi nehrə ayranına batırıb yavaş-yavaş yeyir. Zanbaqlarını satdıqdan sonra, gecə onların yetişdiyi yerə qayıdacaq.

Yaşlı qadın sanki zamanın içində yaşamır. Ya da sanki Şəhrizadın son şəfəqin gəldiyini fərq etməsini, son nağıl da bitdikdən sonra susmağını gözləyirmiş kimidir. Zanbaq satıcısı həmin vaxt ortalıqdan qeyb ola bilir.

Bir keçi Teymurləngin gözəl xanımının tikdirdiyi məscidin sökülmüş yeri arasında yabanı yasəmənləri gəmirirdi.

Teymurləngin xanımı bu məscidi əri müharibədəykən, sürpriz olsun deyə, tikdirməyə başladıb; amma ərinin çox yaxında qayıdacağını öyrəndiyi vaxt tağın biri hələ bitməmişdi. Qadın memarın yanında gedib, tələsməsi üçün yalvarıb, ancaq memar ona işi yalnız bir öpüş verərsə, zamanında tamamlayacağını söyləyib. Bir öpüş, bircə öpüş.

Teymurləngin xanımı təkcə gözəl və ləyaqətli deyil, həm də çox ağıllı imiş. Səbət dolu yumurta alıb; qatılaşıncaya qədər qaynadıb, sonra da on iki fərqli rəngə boyayıb. Memarı saraya çağırtdırıb, səbəti göstərərək bəyəndiyi hər hansı yumurtanı seçib, yeməsini istəyib. Memar qırmızı yumurtanı seçib. Dadı nəyə bənzəyir? Yumurtaya. Birin də ye.

Memar yaşıl yumurta seçib.

Bunun dadı nəyə bənzəyir? Qırmızı yumurtanınkına. Birin də seç. Memar bənövşəyi yumruta yeyib.

Əlbəttə, təzədirlərsə, bütün yumurtaların dadı bir-biri ilə eynidir, memar deyib.

Teymurləngin xanımı, gördünmü, bu yumurtaların hər biri o birilərindən fərqli görünür, amma hamısının dadı eynidir, deyib. Eləysə, qulluqçularımdan birini öpə bilərsən, amma məni rahat burax.

Yaxşı, oldu, deyib memar. Ancaq çox keçmədən qayıdıb gəlib; bu dəfə, əlində üstündə üç kasa olan sini gətirib; adam kasaların üçünün də su ilə dolu olduğunu sanar.

Bu kasaların hər birindən bir az iç, deyib memar.

Teymurləngin xanımı əvvəlcə ilk kasadan, sonra ikincisindən bir qurtum alıb; amma üçüncü kasadan qurtum içəndə, öskürüb, asqırmaya başlayıb, çünki bu kasada su deyil, araq olub.

Araqla su bir-birinə bənzəyir, amma dadları bir-birindən fərqlidir, deyib memar. Sevgidə də vəziyyət belədir.

Bundan sonra, Teymurləngin xanımı memarın dodaqlarından öpüb. Memar məscidə geri qayıdıb; qələbələr qazanan Teymurləng ordusu, bayraqları və əsir tutulmuş kralların qəfəsli arabalarıyla Səmərqəndə girdiyi gün, memar tağı tamamlayıb. Amma Teymurləng xanımını görməyə getdiyində, xanımı ondan üz döndərib, çünki heç bir qadın arağın dadını aldıqdan sonra hərəmə geri dönməz. Teymurləng onu memarı öpdüyünü söylədincəyə qədər qamçılayıb; sonra da cəlladlarını tələsik məscidə göndərib.

Cəlladlar memarın tağın üstündə durduğunu görüblər, xəncərlərini çəkib, qaçaraq pilləkənlərdən yuxarı çıxıblar, amma onların gəldiklərini eşidən memar qanad açıb, İrana doğru uçaraq uzaqlaşıb.

Bu, sadə həndəsi şəkillərlə və uşağın boya qutusundan götürülmüş cəsur rənglərlə qurulmuş hekayədir. Hekayədəki Teymurləngin xanımı eynən digər özbək qadınları kimi, alnına bir ucdan o biri uca qara, düz xətt çəkib, bəlkə saçını düjünlərlə kiçik hörüklə toplayırdı. Ərinə axşam yeməyi hazırlamaq üçün bazardan qırmızı və ağ turplar alırdı. Ərini tərk etdikdən sonra, bəlkə də dolanışığını bazarda işləyərək qazanırdı. Bəlkə də orada zanbaqlar satırdı.

Ancela KARTER
Tərcümə: Ceylan MUMOĞLU

13 dəfə oxundu
user profile image
Meyxoş Abdullah şərh etdi.
1 year ago

Oxudum hekayəni. Maraqlı idi. Mənə elə gəlir ki, arağın yerinə şərab yazılsaydı daha inandırıcı olardı. Araq sonradan ortaya gələn içkidir. Hər halda, maraqlı idi.


Axtarış