-Özlərinindir...
Müəllif: Zaur Ümumbəşər


19.02.2019


Xarici ölkələrin birindən olan turist Corc Osborn dünya ölkələrini gəzməklə məşğuldur. Getdiyi yerlərdə yerli əhali ilə söhbət edir, şəkillər çəkir, yerli əhalinin adətləri, həyat səviyyəsi barədə məlumatlar toplayır. Təsadüfi deyil ki, bu adam həm də poliqlotdur. Doğrudur, öyrəndiyi dillərin hamısını səlis bilməsə də, ən bəsit sözlərlə fikrini çatdıra və qarşısındakı adamın fikrini başa düşə bilir. Çox nadir hallarda isə lüğətlərdən istifadə edir. Cənab Osborn öz dövlətinin Dövlət Gəzibgörmə Agentliyində işləyir. Səyahəti zamanı öz xidməti vəzifəsi ilə əlaqədar olan işləri də yerinə yetirdiyi üçün bütün xərclərinin təxminən yetmiş faizini dövlət qarşılayır. Əvəzində isə o, dövlətə müəyyən maraqlı məlumatlar çatdırır. Hamının bildiyi dildə desək, Osborn agent kimi bir şeydir. Həm agent, həm də turist. Onun növbəti səfərinin hansı ölkəyə olacağını, əsasən hökuməti müəyyənləşdirir və bir neçə ay öncədən ona bildirilir ki, yerli dili öyrənməyə başlasın. Cənab Osborn indiyədək otuzdan çox ölkədə olub və indi o, artıq bir həftədir ki, hökumətinin istəyi ilə Qafqazdakı şəhərlərdən birinə təşrif buyurub. Səyahəti çox gözəl keçən cənab elə ilk gündən başlayaraq, demək olar ki, şəhərin hər yerini gəzib. Amma bu poliqlot cənab şəhərdə elə bir şeylə qarşılaşıb ki, özü də çaş-baş qalıb. Şəhər haqqında, insanlar, adət-ənənələr, mədəniyyət, kulinariya və.s haqqında topladığı bütün məlumatlar onun üçün artıq əhəmiyyətsizləşib. Bütün bunları yaddaşından çıxarıb, vərəqə yazdığı məlumatları cırıb atıb, telefonuna qeyd etdiyi açar sözləri silib. Məsələ burasındadır ki, cənab Osbornun başına elə bir şey gəlib ki, o, elə bir söz eşidib ki, onun fikrincə bu bircə söz bütün o məlumatlardan daha əhəmiyyətli olub. Osborn bu bircə sözdə mistik bir şeylərin olduğu qənaətinə gəlib. Ona görə də bütün toplanmış gerçək məlumatları tək bir sözə qurban verib və düşüb bu sözün izinə. Amma işlər çox çətindir. Bu sözün mahiyyətini çözmək lazımdır. Gəlin əhvalatımızı daha ətraflı nəql edək:

Cənab Corc Osborn bu şəhərə təşrif buyurduğu ilk gündən bir yerdə durmurdu. Şəhərin bütün görməli yerlərini elə bircə günə gəzib qurtarmışdı və təbii ki, lazım olan məlumatların böyük bir hissəsini də bu bir gün ərzində toplamışdı. Şad-xürrəm idi. Əmin idi ki, bu məlumatların müqabilində hökumətindən mükafat qopara biləcək. Amma qarşıdakı altı gün ərzində başına gələcəklərdən xəbərsiz idi.
Hekayənin ilk günü belə başladı ki, şəhərdəki ikinci günündə Osborn qərara aldı ki, bu ölkənin başqa şəhərlərinə də yolunu salsın. Bunun üçün artıq seçim də etmişdi. O, vaxtilə bu şəhərin çox böyüməsinin qarşısını almaq üçün salınmış digər bir şəhərə getməyi qərara aldı. İnsanlardan soruşa-soruşa birtəhər gəlib çıxdı həmin şəhərə gedən maşınların dayandığı metro stansiyası tərəfə. Buradan isə həmin şəhərə gedən yerlilərin adəti üzrə o da yolüstü sərnişin götürən maşınlara mindi. Sürücü yaşlı bir kişi idi, yanında isə cavan oğlan əyləşmişdi. Osborn arxada oturmuşdu və onun yanında da iki nəfər orta yaşlı kişi özünə yer etmişdi. Sonuncu sərnişin minən kimi arxadan polis maşınının sayrışan işıqları görünməyə başladı. Yoldan sərnişin götürmək qadağan olduğu üçün sürücü cəld aradan çıxdı.
Yol həmişəki kimi tıxac idi. Maşınlar ilbiz kimi sürünürdülər. Yolun ortasında, həmişə taksilərdə beş nəfər yad insanın bir araya düşdükdə etdiyi ənənəvi söhbətlərdən biri açıldı və sürücü tıxacdan gileylənməyə başladı:
- Hər gün belədir. Heç kəs bir əncam çəkmir bu yollara.
- Hamısının səbəbi bilirsiz nədir? Bu, yolun kənarında tikilmiş villalar – sürücünün yanında əyləşmiş cavan oğlan yol kənarındakı villaları göstərib dedi.
Hamı onunla razılaşdı. Osbornun yanındakı orta yaşlı kişi isə razılaşmaqla kifayətlənməyərək əlavə də etdi:
- Hamısı özlərinindir də, özlərinə tikirlər.
Osborn söhbətin nədən getdiyini anlamadı. Baxmayaraq ki, yerli dildə başa düşəcək səviyyədə bilirdi, amma düşündü ki, yəqin dili yaxşı bilmədiyi üçün söhbəti anlamır. Bu məsələni özünə dərd etmədi. Taksi söhbətləri bu minvalla davam etdi.
Kiçik şəhərdə bir gün qaldıqdan sonra ölkədəki üçüncü günündə cənab Corc Osborn yenidən əvvəlki şəhərə qayıtdı. O, taksidəki söhbəti tamamilə unutmuşdu. Gündəlik həyatda baş verən adi danışıqlar kimi, o da unudulmuşdu. Artıq başqa bir əyləncə axtarırdı. Səyahətinə maraq qatacaq yerlərə getmək istəyirdi. Əksər lazımi məlumatları topladığını düşündüyü üçün keyfi yerində idi. Fikirləşdi ki, bunu qeyd etmək pis olmazdı. İnternetdə bir qədər axtarış etdikdən sonra qərara gəldi ki, bu gün naharını yaxşı bir restoranda etsin. İnternet vasitəsilə bahalı bir məkan tapdı və yollanmaq üçün taksi sifariş etdi. Bir qədər sonra telefonuna taksinin onu gözləməsi ilə bağlı mesaj gəldi.
Taksi sürücüsü orta yaşlı kişi idi. Osborn qabaqda, onun yanında əyləşmişdi. Hər ikisi susmuşdular. Birdən arxadan iki iri və çox bahalı maşın sürətlə taksini ötüb keçdilər. Elə sürətlə keçdilər ki, Osborn yerindən dik atıldı. Bir qədər getdikdən sonra həmin iki maşının sürücüsü yolun ortasında dayanaraq pəncərədən bir-biri ilə danışmağa başladılar. Taksi və onun arxasındakı onlarla maşının yolu kəsilmişdi. Amma heç kəs etiraz etmirdi, sakit halda onların nə zaman söhbətlərini bitirib yenidən hərəkət edəcəklərini gözləyirdilər. Sanki hər gün yaşadıqları bir şey idi və bir müddət sonra söhbətlərini qurtarıb hərəkət edəcəklərini bilirdilər. Amma cənab Osbornun buna səbri çata bilməzdi. O, insanların səssizliyindən heyrətə gəlmişdi. Sürücüdən niyə etiraz etmədiyini soruşmaq istədi, amma lazımi cümləni qura bilmirdi. Danışıq kitabçasını açaraq göz gəzdirdi, amma kitabça yerli nəşr olduğu üçün etirazla bağlı dialoqlar yox idi. Birtəhər, yarım-yamalaq cümlə quraraq sürücüdən istədiyini soruşa bildi. Sürücü onun nə demək istədiyini anlayaraq cavab verdi:
- Kimə etiraz edim e, hamısı özlərinindir...
Osborn bu cavabdan bir şey anlamadı. Keçən dəfə mindiyi taksidəki söhbətləri xatırladı. Orada da eyni sözü eşitmişdi, amma o qədər də əhəmiyyət verməmişdi. İndi də düşündü ki, yəqin yerli xalqın adətindəndir. Amma restoranın qarşısında iki nəfər dönər yeyən şəxsin bahalı restoranı göstərib “özlərinindir” deyərək gileylənməsindən sonra cənab Osborn özünü qəribə hiss etməyə başladı. İlk dəfə eşidəndə özü də bilmədən şüuraltına yerləşmiş bu söz, artıq hər dəfə eşidildikdə psixi xəstəlik kimi bir az da üzə çıxırdı. “Xəstəliyin” təbil zənginin çalınma anı onu restoranda haqladı. Birdən, ona elə gəldi ki, nə isə vacib bir iş görməlidir. Sanki hansısa məqam gizli qalıb və onu açmaq lazımdır. Bu gizli qalan məqam “özlərinindir” sözü idi. Cənab Osborn yerli dildə başa düşürdü və bilirdi ki, “özlərinindir” sözü bir əvəzlikdir. Amma “özlərinindir”in olması üçün əvvəlcə konkret bir “öz”ün olması lazım idi. İlk öncə müəyyən bir canlılardan söhbət açılmalı və sonra “özlərinindir” dedikdə, həmin canlıların nəzərdə tutulduğu anlaşılmalı idi. Amma bu ölkədə insanlar heç bir konkret “öz”dən söz açmadan, birbaşa “özlərinindir” deyirdilər. Sanki onların əzəldən tanıdığı və “həmişə bu olub” deyərək itaət etməyə barışdığı bir mistik varlıqlar var. Və “özlərinindir” deyəndə, hamı hansı varlıqlara eyham vurulduğunu bilirdi. O qədər mütəəssir olmuşdu ki, keçən gün getdiyi kiçik şəhərdə qarşısına çıxmış bir mənzərəni qeyri-iradi olaraq xatırladı. Həmin şəhərdə, küçədə, insanların dəli adlandırdığı əqli cəhətdən geriliyi olan bir kişi görmüşdü. O, insanlardan eşitdiyi sözləri əlaqəsiz şəkildə bir yerə yığaraq təkrarlayır, öz-özünə danışırdı. Bütün cümlələri mənasız, bir-biriylə uzlaşmayan sözlərdən ibarət idi. Amma əlaqəsiz sözlərdən sonra necə olmuşdusa, yeni tikilməkdə olan bina barəsində söhbət edən adamların sözlərini kəsərək “özləri üçün tikirlər” cümləsini işlətmişdi. Özü də, bunu deyən zaman əqli geriliyini göstərən hərəkətlərini bir anlıq yığışdırmış və ciddiləşmişdi. Həmin vaxt Osborn buna o qədər də əhəmiyyət verməmişdi. Amma indi həmin mənzərəni gözünün önünə gətirəndə, dəhşətə gəldi. Belə bir şey mümkün ola bilməzdi. Bu söz necə bir qüvvəyə malik idisə, əqli çatışmazlığı olan şəxs də onu anlayırdı və bu sözü işlədəndə bir anlıq əqli özünə gəlirdi. Elə bir görünüş yaranırdı ki, bu “özləri” sözünün eyham vurulduğu varlıqlar kimlər idilərsə, onları tanımamaq üçün dəli olmaq da çıxış yolu olmurdu. Osborn özündə qət etdi ki, bu varlıqların kim olduğunu bilmək yerli xalq haqqında bütün məlumatları bilmək deməkdir. Bu günə qədər yığdığı məlumatlar – mədəniyyət, tarixi abidələr, kulinariya və.s - isə bunun yanında çox əhəmiyyətsiz şeylərdir.
əhəmiyyətsiz şeylərdir.
Restoranda oturan zaman telefonundakı lüğət proqramları vasitəsilə sözün mənasını tapmağa çalışdı, amma heç bir proqramda bu sözün həqiqi mənasından savayı bir şey yox idi. Fikirləşdi ki, yəqin, bu sözün hansısa frazeoloji birləşmədə və ya məcazi mənada işlənən anlamı var. Buna görə də, qərara gəldi ki, kitabxanaya getsin. Bəlkə orada tapacağı izahlı lüğət kitablarında bu sözün mənasını anlaya bilər. Ölkənin ən böyük və zəngin kitabxanasına gedib çatana qədər, küçədə və ictimai nəqliyyatda nə az, nə çox, düz 15 dəfə məlum sözü müxtəlif adamların ağzından təkrar-təkrar eşitdi və bu sözün özündə çox böyük sirlər daşımasına inamı bir qədər də artdı.

Nəhayət, kitabxanaya çatdı. Qeydiyyat prosedurunu keçib tələsik halda içəri daxil oldu. İstədiyi izahlı lüğət kitabını əldə edərək oxucu zalında əyləşdi. Həyəcanlı şəkildə gözünü kitaba dikmişdi. “Birdən burda da olmasa?” deyə düşünürdü. Məsələni çox uzatmayaraq ingilis soyuqqanlılığı ilə kitabı açdı və ö hərfi olan səhifəyə yönəldi. Bir neçə saniyədən sonra əlləri ilə başını tutub gözlərini yerə zillədi. Kitabda sözün həqiqi mənasından savayı heç bir şey yox idi. Gözlərini yerə zilləyərək donub qalmışdı. Elə hiss edirdi ki, nə isə yarımçıq qalıb və bu yarımçıqlıq tamamlanmasa, heç bir şeylə məşğul ola bilməz. Bu məqamda onun yanından ötüb keçən iki şəxsin söhbətindən bir neçə çox qısa cümlə eşitdi. Onlar 90-cı illərin hadisələri ilə bağlı saxta tarixi məlumatlar barədə danışırdılar. Söhbət arxivlərin açılması məsələsinə qədər gedib çıxdı və sonu məlum sözlə bitdi. Bu artıq Osborn üçün son nöqtə oldu. Yaydan çıxmış ox kimi oturduğu yerdən dik atılaraq oxucu zalından qaçdı. Özünü əlacsız hiss edirdi. Edə biləcəyi heç bir şey yox idi. Düşündü ki, belə şeylərə onun əli çatmaz, bu daha “güclü” qurumların işidir. Ona görə də, qərara gəldi ki, öz hökumətinə bu barədə elektron məktub göndərsin və bu məsələnin araşdırılmasını xahiş etsin. Tez kitabxananı tərk edərək son dərəcə yeyin addımlarla evə doğru götürüldü. Yolboyu ağızlardan çıxan məlum sözün “qəlpələri” dörd bir yandan onun üzərinə hücum edirdi. Sanki küçədəkilər onu narahat etmək üçün qəsdən bu sözü işlədirdilər. Ovucları ilə qulaqlarını möhkəm şəkildə tutaraq əzab çəkən insana xas tərzdə üzünü qımışdırıb sürətini bir qədər də artırdı. Arabir əynindəki nazik paltosunu irəli dartaraq bədəninə möhkəm sıxır və sanki hansısa təhlükədən qorunurdu.
Təxminən on beş dəqiqəyə yaxın yol getdikdən sonra yaşadığı evə qalxan pilləkənlərə çatdı. İri addımlarla yuxarı qalxıb, təngnəfəs halda evə daxil oldu. İçəri girər-girməz dərhal kompüteri açaraq məktubun mətnini hazırlamağa başladı. Nə yazacağını götür-qoy etməyə vaxtı yox idi, məktubu mümkün olduğu qədər tez bir zamanda göndərməli idi ki, cavabı da tez gəlsin. Hər şeyi yolda düşünmüşdü. Həm də, bu məsələnin narahatçılığını o qədər içdən yaşamışdı ki, yazacağı mətn onun beynində artıq öz-özünə formalaşmışdı. Az keçdikdən sonra artıq məktub hazır idi:

“Dövlət GəzibGörmə Agentliyinə


Yazıb sizə bildirirəm ki, sizin də təşəbbüsünüz ilə göndərildiyim bu ölkədə çox böyük çətinliklə qarşılaşmışam. İnsanlar barədə bütün məlumatları toplasam da, bir gün elə bir şeylə qarşılaşdım ki, bütün məlumatları silərək bu işin arxasınca düşdüm. Məsələ burasındadır ki, burada insanların işlətdiyi çox müəmmalı bir söz var: “özlərinindir” sözü. Hər hansı bir yer, mülk və.s haqqında danışarkən sonda “özlərinindir” deyirlər. Bu bir növ xristianlıq rituallarındakı “Amin” sözünə bənzəyir. Bütün lüğət kitablarına nəzər salsam da, sözün əvəzlik olmasından və həqiqi mənasından başqa heç bir məlumat tapmadım.
Bu sözün xalqın həyatında, onun gələcək psixologiyasında və fəaliyyətində çox vacib rol oynadığını düşündüyüm üçün sizdən xahiş edirəm ki, sözün mənasının tapılması barədə işlər görəsiniz.

Hörmətlə, Corc Osborn”

Məktubu göndərdikdən sonra dərindən ah çəkdi. Özünü bir qədər rahatlanmış hiss edirdi. Amma işin yarısı hələ gözləməkdən keçirdi. Hökumətdən cavab gözləməli idi. Günün sonunadək demək olar ki, hər yarım saatdan bir öz elektron poçt ünvanını yoxlasa da, hələ heç bir cavab gəlməmişdi. Osborn evdən çölə addım atmağa qorxurdu. Birdən, küçədə yenə o sözü eşidə bilərdi. Düz iki gün evdən bayıra çıxmadan bu cür narahatlıqla gözlədi. Nəhayət, iki gündən sonra hökumətdən ona cavab məktubu gəldi:

“Cənab Corc Fridrix Osborna

Hörmətli, cənab Osborn! Bizə ünvanladığınız narahatlıqla dolu məktubunuz tərəfimizdən qəbul edilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bizə məlum olan mənbələrdə belə bir sözlə bağlı heç bir məlumat yoxdur. Ona görə də, olduğunuz ölkənin hökuməti ilə əlaqəyə keçərək onlardan məlum sözün mənası barədə yazılı izahat göndərmələrini istədik. Cavabları qaneedici olmadı.
Təəssüflə qeyd etmək istərdik ki, sizə köməklə bağlı əlimizdən bir şey gəlmir”.

Hökumətindən gələn bu cavab Osbornu qane etmədi. Narahatçılığı hələ də davam edirdi. O, həyatında dönüş edəcək bir qərar verərək bir neçə ay bu ölkədə qalmağın vacib olması fikrinə gəldi. Bir ay ərzində şəhərin müxtəlif yerlərində yoldan ötən insanlarla ünsiyyətə girdi, gündəlik həyatını onlar kimi yaşadı. Bunun nəticəsində, o çox maraqlı qənaətə gəldi. İnsanlardan eşitdiyi bütün cavablar eyni oldu. Osborn müəyyənləşdirdi ki, yerli əhali “özlərinindir” deyərkən, onlardan qopmuş, onlarla əlaqəsi olmayan birilərinə eyham vurur. Xalq özünü “biz” kimi, özünə aid olmayanları isə “onlar, özləri” kimi qəbul edir. O, bunu öyrənmək üçün bir ay müddətində öz dəbdəbəli həyat tərzindən əl çəkməli, adi insanlar kimi yaşamalı oldu. Sözün mənasını öyrənsə də, bununla da iş bitmədi. Corc Osbornun “özlərinindir” narahatçılığı bitsə də, başqa və daha nəhəng bir narahatçılığı baş qaldırmışdı. Belə ki, gündəlik həyatında insanların içərisində olarkən yenə də çox müəmmalı sözlər eşidirdi və bu sözləri də heç bir lüğətdə tapa bilmirdi. İndi, artıq mənasını bildiyi tək söz “özlərinindir” idi. Osborn müəyyənləşdirdi ki – və bəlkə də, ilk dəfə olaraq kəşf etdi ki, – bu söz tək deyil. Bu qəbildən yüzlərlə söz mövcuddur və bu sözlər xalqın öz gizli dilinə aid sözlərdir. Bunların mənalarını ancaq xalqa daxil olanlar anlayırlar və xalqı başa düşmək üçün bu gizli dili bilmək, bu dilə aid olan bütün açar sözləri öyrənmək lazımdır. O, “özlərinindir” sözünün izinə düşərək böyük bir xəzinə kəşf etmişdi. Osborna belə bir həqiqət zühur etmişdi ki, lüğətlərdəki, televiziyadakı rəsmi dövlət dilini bilmək ona gerçək xalq haqqında heç bir məlumat öyrədə bilməz. Amma hələlik isə onun bildiyi yeganə dil rəsmi dövlət dili idi. Gizli xalq dilində isə öyrənmək lazım idi. Buna görə də, onun vaxta ehtiyacı var idi. Öyrənmək yanğısı o qədər şiddətli oldu ki, bunun üçün cənab Osborn bir neçə il bu ölkədə qalmaq qərarına gəldi. Bu barədə öz hökümətinə məktub da göndərdi.
İki il ərzində gizli xalq dilində olan bütün açar sözləri öyrənən cənab daha bir dəhşətli faktla üzləşdi. Rəsmi dövlət dili ilə gizli xalq dilini müqayisə edərkən, ona məlum oldu ki, əslində bu xalqın dili rəsmi lüğətlərdə, kitablarda göstərildiyi kimi bər-bəzəkli, gül-çiçəkli sözlərdən ibarət deyilmiş. Bu iki dil arasında yerlə göy qədər fərq var imiş. Rəsmi dövlət dilindəki sözlər gözəl şeyləri əks etdirdiyi halda, gizli xalq dilindəki sözlərin əksəriyyəti haqsızlığı, ədalətsizliyi bildirmək üçün istifadə olunan təhdidkar sözlərdir.
Bütün bunları öyrəndikdən sonra Osbornu başqa bir məsələ düşündürməyə başladı: niyə bu ölkəyə səfərinə qərar verilərkən, onun hökuməti ona gizli xalq dilini deyil, xalqın gündəlik həyatında heç bir işə yaramayan rəsmi dövlət dilini öyrənməyi tapşırıb? Bu sual onun beynini zəli kimi gəmirirdi. Onun bu suala verə biləcəyi cavab, əlbəttə ki, mövcud idi. Amma Osborn ağlına belə gətirməyə qorxurdu ki, onun öz dövlətində də gizli xalq dili mövcud olduğu üçün bütün hökumətlər kimi onun hökuməti də bu dili məhv etməyə, gizlətməyə çalışır, onun mövcudluğunu danmağa cəhd edir. Kim bilir, bəlkə də, bütün dövlətlərdə bu dil mövcuddur? Bu cür beyin gəmirən və bir o qədər də təhlükəli şübhələr onu narahat etməyə başladı. İlk öncə, bu barədə düşünməyə belə, qorxsa da, sonradan, yerli xalqla o qədər qaynayıb-qarışdı ki, bu şübhələrin tamamilə gerçəyi əks etdirməsi qənaətinə gəldi. İdrak etdiyi həqiqətlər onu çox pərişan etmişdi. Günlərin birində isə hazır olmadan yaxalandığı bu həqiqətlərin təsiri ilə yenidən öz dövlətinə məktub yazmaq qərarına gəldi. Amma bu dəfə kömək məqsədilə deyil. Yazıb bildirdi ki, gizli xalq dilini kəşf edib, belə bir dil bizim ölkədə də var, amma onu sadəcə xalqın içində olanlar anlaya bilər. Osborn hesab edirdi ki, hökumətini belə bir kəşfdən agah etdiyi üçün ona minnətdarlıq ediləcək. Axı o, sosioloji və həm də dilçilik nöqteyi nəzərdən çox vacib bir məsələni üzə çıxarmışdı. Amma işlər, heç də onun gözlədiyi kimi getmədi. Yarım ilə yaxın vaxt keçsə də, dövlətindən ona cavab gəlmədi. Bununla da, o, hər şeyi anladı. Osborn gizli xalq dilinin mövcudluğu ilə bağlı şübhəsini dövlətinə bildirdiyi üçün artıq dövləti ilə o “ayrı-ayrı” dillərdə danışırdılar. Yeni-yeni anlamağa başladı ki, o özü də əvvəllər “özlərinindir” cəbhəsindən imiş, indi isə belə bir şübhəni dövlətinə bildirməklə bu cəbhədən çıxmış oldu. Və buna görə də, onun məktubuna dövləti tərəfindən cavab gözləmək əbəsdir. Çünki artıq Osborn ilə onun hökuməti fərqli dillərdə danışırlar: biri rəsmi dövlət dilində, digəri isə gizli xalq dilində.

2019

11 dəfə oxundu

Axtarış