Oksforddan zəng
Müəllif: Mükafat Yaqub


2017-11-12 16:46:44


Mükafat Yaqub

Oksforddan zəng
(Hekayə)

Arvadı Gövhərin xəstəliyi Sərxanın ömrünü göy əskiyə düyünləmişdi. Bütün günü ah-uf eləyir, zarıyırdı. Evdə də, çöldə də fikri-zikri ancaq Gövhərin üstündə idi. Şəmil anadan olandan sonra arvad xəstəliyə düçar olmuşdu. Taleyin işinə baxe... neçə illər həsrətlə övlad gözlə, on dörd ildən sonra Allah sənə bir oğul qismət eləsin, ondan sonra da arvad xəstələnsin. Belə də zülm olar... İnsafən, Gövhər narazılıq, naşükürlük eləmirdi. Öz taleyi ilə barışmışdı. Ona bir oğul qismət elədiyinə görə həmişə Allahın dərgahına şükür eləyirdi. Amma nə edəsən ki, ağrılar ondan əl çəkmirdi. Başı ağrıyır, ürəyi çırpınır, halı qalmırdı. Həkimlər dərdinin çarəsini bimirdilər. Təzyiqi gah qalxır, gah düşürdü. Bədənini soyuq tər basırdı. Gözləri qaralır, zarıltısından ev titrəyirdi. Heç bir dərman kar eləmirdi. Həkimlərin dediyinə görə bircə çarəsi burdan köçmək idi ki, təzyiqinin oynamasının qarşısı alınsın. Di gəl ki, Gövhər köçməyi ağlına da gətirmirdi. Deyirdi ki, balam haçan universitetə girər, sonra köçüb onunla birlikdə yaşayarıq. O oxuyar biz də ona qulluq edərik. Şəmil çox yaxşı oxuyurdu. Onu bu mühitdən, müəllimlərindən, yoldaşlarından ayırmaq təhsilinə pis təsir göstərərdi. Sərxan da Şəmil də Gövhəri fikrindən daşındıra bilmirdilər. Deyirdi ki, mən bu baş ağrıynan ölmərəm, amma Şəmil dərslərindən zəifləyər, unuversitetə girə bilməz. Arvadın birinci arzusu oğlunun ali təhsilli olması idi. Şəmil də dərslərini, həqiqətən, çox yaxşı oxuyurdu. Müəllimləri Şəmilin dərin zəkalı, çox zehinli, fenomen bir uşaq olduğunu deyirdilər. Dəfələrlə olimpiadaların qalibi olmuşdu. Hər hansı bir mətni, şeri bir dəfə oxumaqla həmişəlik yadında saxlayırdı. Dəqiq elmləri çox yaxşı qavrayırdı. Bütün məktəb, kənd, rayon Şəmilin dərin zəkası ilə fəxr edirdi. Şəmil gecə-gündüz oxuyur, bütün fənlərdən əla qiymətlər alırdı. Anası onun həkim olmasını arzulasa da o, neft mühəndisi olmağa qərar vermişdi. Əlbəttə ki, Şəmil həkim olub anasını müalicə eləmək istərdi. Ancaq o, inanırdı ki, məktəbi qurtarana qədər anası sağalacaq. Anası isə sağalmadı, bu on yeddi ildə ancaq Şəmilin universitetə girməsi üçün əlindən gələni əsirgəmədi. Xəstə canıynan ərinə və oğluna qulluq elədi. Atası da Şəmilin orta məktəbi qurtarıb ali məktəbə girməyini səbirsizliklə gözləyirdi. Ondan sonra Bakıya köçərlər, Gövhər də sağalar, Şəmil də oxuyub bir sənətin sahibi olardı. Çarəsi bircə Şəmilin universitetə girməsinə qalmışdı.
Nəhayət, vaxt gəlib çatdı. Qoççaq Şəmil qəbul imtahanını verib, ən yüksək bal topladı. Respublika üzrə yeddi yüz bal toplayanlardan biri də Şəmil oldu...

Gövhər arvadın çiçəyi çırtdamışdı. Ömrünün ən xoşbəxt günlərini yaşayırdı. Öz xəstəliyinin hayında deyildi. Sanki baş ağrısı da yox olmuşdu. Elə bil ki,oğlunun uğuru onun dərdinin dərmanı imiş. Ər-arvad sevinclə Bakıya hazırlaşırdılar. Şəmil də sevinirdi. Axır ki, zəhməti hədər getmədi. Ən çoxu anasının da onunla Bakıya gələcəyinə, sağalacağına sevinirdi. Şəmil hələ universiteti seçməmişdi. Topladığı bal bütün ali məktəblərin qapısını onun üzünə taybatay açmışdı. Amma anasının sağalması üçün hara desən getməyə hazır idi. Təki anasının səhhəti orada yaxşı olsun, tezliklə sağalsın...
Şəmilin yüksək bal toplamasına bütün kənd sevinirdi. Ona qonaqlıq verən kim, hədiyyə gətirən kim, ziyafətə dəvət eləyən kim... Hamı Sərxana, Gövhər arvada göz aydınlığı verir, Şəmili bağrına basıb öpürdülər. Şəmilin günləri yaxşı keçirdi. Bu gün də yoldaşları ilə meşəyə, dincəlməyə getmişdilər. Sərxan kişi də onlara bir toğlu vermişdi...

Gövhər arvadın son günlər başağrısından şikayəti olmamışdı. Olsa da biruzə vermirdi. Evdə yır-yığış, biş-düşlə məşğul idi. Həyətə çıxaraq qocaman armud ağacının kölgəsindəki miz-stula düzəliş edib, süfrə hazırlamaq istəyirdi ki, kəndin aşağı başından bir maşın uğultusunun səsi qulağına çatdı. Nədənsə, bu uğultu ona çox üzüntülü gəldi. Sanki maşın da zarıyırdı. Yükünün heç də ürək açan bir şey olmadığını bildirmək istəyirdi. Ağır-ağır, sanki istəmədən, məcburi hərəkət edirdi. Birdən dəhşətli bir ağrı Gövhər arvadın beynini silkələdi, elə bil ki, bu uğultu onun başının içindən gəlirdi. Stula çöküb başını miz üstə qoydu. Bir an beləcə qalmışdı ki, həyət qapısındakı səs-küy onu başını qaldırmağa məcbur etdi. Bəletdən içəri girən cavan uşaqlar Şəmilin yoldaşları idi. Palazın dörd tərəfindən yapışıb ağır bir şeyi çətinliklə evə tərəf gətirirdilər. Gövhər arvadın gözünə qan sataşdı və...
...Və Gövhər arvadın qiyyəsi bütün kəndin vücudunu lərzəyə gətirdi, ürəkləri titrətdi... qanları damarlarda dondurdu...

- Şəmil... Şəmiiil... hara gedirsən... bizi qoyub hara gedirsən... getmə anan qurban... bizi də apar... orda daha ağrım olmaz... Qurban olum sənə Şəmil, məni də apar...- Gövhər arvad sayıqlayırdı. Hərdən ayılıb başını qaldırır, kimi isə axtarır, istədiyini görməyəndə yenə də bayılır, sayıqlayırdı.

Şəmil meşədə qayadan yıxılaraq zədə almış,əl- ayaq və qabırğaları sınmışdı. Çoxlu qan itirmişdi. Özündə deyildi. Yerli həkim ilk yardım göstərəndən sonra onu və anasını Bakıya aparmağı məsləhət bildi. Anasının da vəziyyəti ağır idi. Hər ikisi Bakıda xəstəxanada yerləşdirildikdən sonra məlum oldu ki, Şəmilin yaddaşı da itib. Zədələr, sınıqlar sağalacaq, lakin yaddaşının geri qayıtması müşkül olacaq. Xaricdə müalicə olunmalıdır. Bunun üçün də çoxlu xərc, pul tələb olunur. Sərxan evini, həyət-bacasını, heyvanlarını satıb bir qədər pul topladı.Qohum-əqraba, kənd camaatı da kömək elədi. Ancaq bu pul Şəmilin müalicəsinin heç üçdə birinə də bəs eləməzdi. Ana və oğul xəstəxanada yatdıqca xərclər bir az da çoxalır, xaricdə müalicəyə isə pul çatmırdı. Sərxan kişinin müraciət eləmədiyi yer qalmamışdı. Amma müalicə xərci düzəlmirdi ki, düzəlmirdi. Hətta, Sərxan kişi bir-neçə universitetə gedib Şəmilin ən yüksək bal topladığını, fenomen bir şəxs olduğunu, yaxşı tələbə, gözəl mütəxəssis olacağını demişdi. Təəssüf... nəinki, Şəmilə kömək eləmək istəyən tapılmamışdı, hətta, gecikdiyinə və yaddaşının bir də geri qayıtmasının sual altında olduğuna görə heç bir universitet onu qəbul edəcəyinə söz verməmişdi.Sərxan kişi tamamilə çıxılmaz vıziyyətdə idi. Bir yandan arvadı Gövhərin hələ də özünə gəlməməsi, bir yandan da oğlu Şəmilin yaddaşını itirməsi onu çaş-baş vəziyyətdə saxlamışdı. Əli hər yandan üzülmüşdü. Çarə tapa bilmirdi... Kəndçiləri və qohum-əqraba Sərxana həyan idilər. Yenidən pul toplamışdılar. Müəllimlər və hətta, məktəblilər də Şəmilə yardım üçün pul göndərmişdilər. Ancaq tələb olunan miqdarda vəsaiti toplamaq mümkün olmurdu. Əmisi oğlu Güloğlan xarici şirkətlərin birində işləyirdi. O, Sərxana demişdi ki, şirkətin rəhbərliyindən Şəmilə kömək etməyi xahiş edib. Nədənsə, onlardan da hələ bir səs-soraq yox idi.

Şəmilin sınıqları sağalmaq üzrə idi. Lakin heç kimi tanımırdı. Həkimlər, professorlar onun yaddaşının xaricdə müalicə olunacağına əmin idilər. Amma hafizəsinin yenə əvvəlki kimi fenomen vəziyyətdə olacağına şübhə ilə yanaşırdıəlar. Çünki hafizənin qayıtması, hələ onun əvvəlki biliyinin bərpa olunacağına zəmanət ola bilməzdi. Belə ki, Şəmilin illər boyu gecə-gündüz oxuyaraq savad, bilik topladığı xəzinə məhv ola bilərdi. Sərxan kişi üçünsə övladının sağlam olması bəs eləyirdi. Təki sağalsın, ayağa dursun, onu, anasını tanısın, bəsidir. Bir tikə çörək tapmaq çətin məsələ deyil. Anası yəqin ki, onun səsini eşitsə, sağaldığını duysa ayağa qalxar. Şəmilin təkcə gözləri canlı idi. Hər yerə baxır, nəzər yetirir, qəfəsə salınmış şir kimi vurnuxur, sanki, bu çarpayıdan azad olmağa çalışır, nə üçün yatdığını anlamağa cəhd edirdi. Gözlərindən sual oxunurdu. Fəhmi onu sual verməyə də, cavab almağa da sövq edrdi. Lakin şüurunda bir boşluq vardı. Amanı, gücü də zəifləmişdi. Nəyinsə çatışmadığını hiss edirdi. Nəyin... başa düşmürdü... Anlaşılmaz bir vəziyyətdə idi. Nəyisə dərk eləməyə çalışırdı. Heç bir şey alınmırdı. Onu belə görən Sərxan kişinin də vəziyyəti tez-tez fənalaşırdı. Amma dözür, səbr edir, əlini Allahdan üzmürdü. Gövhər arvad da, ancaq Şəmili çağıraraq sayıqlayırdı. Deyirdi ki, daha başım ağrımır. Şəmilə deyin ki, gəlib məni də Bakıya aparsın. Sərxanı görəndə ağlayırdı. Şəmili soruşurdu. Həkimlər Gövhər arvadın sarsıntı keçirdiyini, amma tezliklə sağalacağını deyirdilər.

...Sərxan kişi Şəmilin yanından çıxıb arvadına baş çəkməyə yönəldi. Yaman darıxırdı. Arıqlayıb, ordu-orduna keçmişdi. Üzünü tük basmışdı, çoxdandı qırxmağa əli çatmırdı. Fikirləşdi ki, bir siqaret çəkib, sonra arvadına dəysin. Həyətə çıxanda kəndçilərindən bir-neçəsinin orada yığışıb söhbətləşdiyini gördü. Əl verib görüşəndən sonra bir siqaret yandırdı. Kəndçıləri də narahat idilər. Şəmilin, Gövhər arvadın vəziyyətini soruşdular. Yenə də bir az pul gətirmişdilər. Sərxan kişi xəcalət çəkirdi, onların da vəziyyətini yaxşı bilirdi. Amma təkidlə pulu Sərxanın cibinə soxdular. Ordan-burdan bir az söhbət elədilər. Elə bu vaxt Sərxan kişinin telefonuna zəng gəldi. Telefonu qulağına dayayıb -“alo”,- dedi. Nə deyildiyini anlamayıb, “alo, başa düşmədim, kimdir danışan,-” deyə dilləndi. Bir az qulaq asıb dedi:- “heç nə başa düşmürəm, hansı dildə danışırsız?..” Sonra telefonu Güloğlana verib: “gör kimdi, nə istəyirlər”-dedi. Güloğlan telefonu alıb bir az dinlədi və sonra ingilis dilində danışmağa başladı. Birdən qışqıraraq, Sərxan kişini qucaqladı. Gözlərindən yaş axırdı. Sifəti həyəcandan qıpqırmızı olmuşdu. Sərxan kişini qucaqlayaraq sevinclə danışır, sanki uçmağa can atırdı. Hamı təəccüblə Güloğlana baxır, nə olduğunu anlamağa çalışırdılar.O isə əli ilə kəndçilərinə baxaraq telefonu göstərir, barmağı ilə nə isə işarə eləyir və sevinc göz yaşları ilə danışmağa davam eləyirdi. Güloğlan beş dəqiqədən çox danışdı. Söhbət qurtarandan sonra bir müddət susaraq Sərxan kişiyə baxdı. Təəccübdən və heyrətdən gözləri bərəlmiş kəndçiləri matdım-matdım ona baxırdılar. O isə hələ də həmyerliləri üçün müəmmalı olan bu telefon danışığıının təsirindən çıxmadığına görə, göz yaşları axıdırdı. Nəhayət, özünə gəldi. Kəndçilərinin də səbri tükənmişdi. Sual atəşinə tutmuşdular onu. Güloğlan gözlərinin yaşını silib, yenə də Sərxan kişini qucaqladı və söhbətə başladı:
-Ona görə də deyiblər ki, ümid sonda ölür. Səbr dinin yarısıdır. Sərxan əmi, gözlərin aydın.Şükür Allaha, Şəmilin işi düzəldi. Oksforddan zəng vurmuşdular. Dünyaca məşhur Oksford universitetindən. Onlar Şəmilin müalicəsini də, oxumağını da, təhsil xərclərini də öz üzərlərinə götürürlər. Bura nümayəndə göndərəcəklər. Şəmili İngiltərəyə aparıb müalicə etdikdən sonra, Oksfordda təhsilinə icazə verəcəklər. Bütün xərcləri universitet özü çəkəcək. Şükür Allahın kərəminə, Sərxan əmi...
- Hələ bi diyan, ay Güloğlan... Sən nə danışeysən. Onlarun nəyinə lazımdu, bu xərci çəksunnər?..
-Ay Sərxan əmi, yaduva gəlir sənə demişdim ki, mən işlədiyim şirkətdən Şəmilə kömək eləməyi xahiş eləmişdim... Sərxan kişi,başı ilə də təsdiqləyərək: - “hə-hə”- dedi. - Hə, mən olara demişdim ki, bu adam güclü hafizəyə malik, fenomen şəxsiyyətdir. Olara da belə adamlar lazımdu. Elmli, bilikli. Ona görə də həm müalicə eləyəcəklər, həm də oxutduracaqlar. Onlar inanır ki, Şəmil müalicə olandan sonra, hafizəsi də, biliyi də, savadı da özünə qayıdacaq. Onlar da əməlli-başlı bir alim yetişdirəcəklər...
-Hələ mənə bax, ay Güloğlan, onlar onu oxutdurandan soora orda saxlıyacağlar, ya bura göndərəcəylər?..
-Sənin üçün nə fərqi var axı, ay Sərxan əmi, sənə oğlunun sağlamlığı lazım döyül?..
- Əlbəttə, sağlamlığı lazımdu, amma burda olmağını istəyirəm.Hələ bi soruş olardan. Əgər oxuyub qutarandan sonra, bura gələcəysə işləməyə, mən dörd əlli razıyam, yox, əgər orda saxlayacağlarsa, razı döyüləm...
- Nə olare... siz də gedərsuz da hərdəm onun yanına, o da gələr...
- Yox, mənə oğlumun burda işləməyi lazımdu. Həm gözümün qabağında olar, anasının gözünün qabağında olar, həm də...- Sərxan kişi sözünün davamını gətirmədi, gözləri yol çəkdi. Sonra yenə davam etdi,- həm də onun oxumağına dövlət bu qədər xərc çəkib, elə sizun də zəhmətuz az döyül, məllimlərinun də... yox qardaş, yox, sən hələ bi genə də danış...
Güloğlan öz-özünə mızıldanaraq- “oğlunun sağalmağının hayında deyil, gör nə fikirrəşir...”- deyə telefonu qulağına apardı. Yenə də bir-neçə dəqiqə danışıb Sərxan kişiyə tərəf döndü. – Hə, Sərxan əmi, onlar da mənim dediyimi dedilər, amma, mən sənin fikrini deyəndən sonra dedilər ki, nə çoxdur bizim oradakı şirkətlər, neynək, qurtarandan sonra gəlib öz vətənində işləyər. Ona görə də onlar gələndə müqavilə bağlayacaqlar...
-Həəə... olar... Şükür sənə, İlahi...
Sərxan kişi indi arxayın nəfəs alıb, gözlərinin yaşını sildi. Kəndçiləri də sevinir, şükr edib, Sərxan kişiyə təsəlli verirdilər.

Şəfəq sökülməyə başlamışdı. Ulduzlar yavaş-yavaş göy üzündən çəkilirdilər. Elə bil ki, bundan sonra yer üzündə baş verəcək hadisələri seyr eləməyə halları qalmamışdı. Təkcə bir parlaq ulduz öz yerindən tərpənmək fikrində deyildi. Bu Dan ulduzu idi. Görünür, yer və adamların fikrini,dərdini çəkmək onun alnına yazılıbmış. Xəstəxananın həyətində dayanmış iki maşın öz sərnişinlərini gözləyirdi. Birinci xərəkdə Şəmili gətirdilər. Onun gözləri yenə də vəhşi aslanın gözləri kimi parlayırdı. Hər iki gözündən süzülən yaş yanaqlarında donub qalmışdı. Bilmək olmurdu ki, Şəmil itirmiş olduğu hafizəsinə, qürbətə getməyinə, yoxsa, hafizəsindən silinmiş anasının ölümünə ağlayır, ya elə həmişəki kimi, qəfəsə salınmış şirin hiddətli göz yaşlarıdır, hirsini soyudur?.. Bunu anlamaq çox çətin idi. İkinci xərəkdə gətirilən isə Şəmilin anasının nəəşi idi. Son nəfəsinə qədər “Şəmil... Şəmil... Məni də özünlə apar...” deyən Gövhər ananın cənazəsini Sərxan kişinin xahişi ilə Şəmilin xərəyinin yanında saxladılar. Sərxan kişi gözlərindən dayanmadan axan göz yaşları içində ana və balanın vidalaşmasına şərait yaratdı. Ana və oğul vidalaşırdılar. Hər ikisi xəstəxana xərəyində uzanmışdı. Və hər ikisi bu vida mərasimindən xəbərsiz idilər. Şəmilin gözlərindən gilə-gilə yaş axırdı. Bunu Sərxan kişidən başqa heç kim anlaya bilmirdi.Balasının yanında sağalacağına ümid eləyən ananın cansız cəsədi və hafizəsi itmiş oğula bu cəsədin onun anası olduğunu hiss etdirən ilahi duyğu... Görünür, oğul həsrətinə dözə bilməyən ana və ana məhəbətinin, ana ətrinin hafizələrdən belə silinə bilməyəcəyini hiss edən köməksiz oğulun son görüşü belə olmalı imiş... Sərxan kişi də hər iki əzizi, doğması, sevimlisi, ciyərparəsi ilə belə vidalaşırdı...
Maşınlar yola düşdülər. Biri hava limanına, biri də kəndə sarı. Kəndə gedən maşında əyləşmiş Sərxan kişi Dan ulduzunun da göz yaşlarını görürdü. Bu gün həddindən artıq parlaq olan Dan ulduzunun göz yaşları kəndə tərəf hüznlü uğultuyla gedən maşının ön pəncərəsindən süzülürdü...


Mükafat Yaqubov. 25 dekabr 2016-cı il. Lerik.


27 dəfə oxundu

Axtarış