Oldun
Müəllif: Yaşar Süleymanlı


30.10.2017


Bir gülsən mənim çün, heç vaxt solmayan,
Sən könül bağımın sonası oldun.
Mənim övladıma ana olmayan,
Gör neçə şerimin anası oldun.

Qara günlərinmi saçındakı dən?
Yanında başqası, ürəyində mən,
Özgə ocağının kənarında sən,
Bir ömür üşüyüb, donası oldun.

Gözlədik vüsalı hey boyun büküb,
Ömürdən ayları, illəri söküb,
Gecələr sübhədək göz yaşı töküb,
Eləcə həsrətlə yanası oldun.

Çıxmadıq taleyin biz sınağından,
Yan keçdik qismətim düz qırağından,
Utandım, çəkindin el qınağından,
Sevsən də eşqini danası oldun.

Bir gülsən mənim çün, heç vaxt solmayan,
Sən könül bağımın sonası oldun.
Mənim övladıma ana olmayan,
Gör neçə şerimin anası oldun.

20 dəfə oxundu

Axtarış