OLMAZ
Müəllif: Sultan Mərzİli


30.10.2017


OLMAZ

Zahiri bənzəyiş dəb olub indi,
Qəlbində saray qur, yenə duyulmaz.
Hər səfil gəzəndən Məhəmməd Hadi,
Hər yekəburundan Tolstoy olmaz.

Hər atasız uşaq Həzrəti İsa,
Hər dul arvad alan Məhəmməd olmaz.
Hər çəlik götürən Həzrəti Musa,
Hər saqqal qoyanda əzəmət olmaz.

Gəzmə bu dünyanı başı havalı,
Qoy önə papağı, düşün bir nəsən?!
Özünün boynunda qalar vəbalı,
Van-Qoq ola bilməz hər qulaqkəsən.

Axtar bu dünyada tap elə kahin,
Açsın taleyini desin üzünə.
Azmış quşu kimi Həzrəti Nuhun
Sən qona bilmirsən dünya üzünə.

Dünyada yeri var ucalığın da,
Hər alçaq təpədə bil ki, qar olmaz.
İstər gənc ol, istər qocalığında
Sənətdə korlardan sənətkar olmaz!

30 dəfə oxundu

Axtarış