"Oriyentir ulduzu" - Bizi Qarabağa səsləyən kitab
Müəllif: Yazarlar.AZ


25.04.2019



Zaur Ustac imzası daxil olduğu ədəbi nəslin digər nümayəndələri arasında bütün parametrlərinə görə seçilir. Yazarı qiyabi şəkildə əvvəllər oxuduğum “Məhdud həyatın məchul düşüncələri”, “Qəlbimin açıqcası” və digər şeir kitablarından maraqlı, özünəməxsus dəst-xətti, üslubu, ifadə forması, zəngin və rəngarəng dili olan bir qələm adamı kimi çoxdan tanıyırdım.

Bu yaxınlarda - fevral ayında “Mübariz-31” anım-tanıtım tədbirləri çərçivəsində onun “Oriyentir ulduzu” kitabı ilə tanış oldum. Haqqında söhbət açacağım uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş povest sözün əsl mənasında müəllifin kimliyini tam ortaya qoyur. “Oriyentir ulduzu” öncə Zaur Ustacın özünü tanıdır, onun kim olduğunu nişan verir. Kitab haqqında təfsilata keçməzdən əvvəl bildirmək istəyirəm ki, hər söz, hər cümlə müəllifin milli kimliyindən, geniş spektirli biliyindən, dərin və zəngin dünya görüşündən, peşəkar hərbçiliyindən, yenilikçi müəllimliyindən, vətənpərvərliyindən xəbər verir.

Təhlilə əsərin adından başlayaq. Zaur Ustacın əsasən məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutub qələmə aldığı və elektron variantda bütün kitabxanalarda olmasına rəğmən dəfələrlə təkrar nəşr olunmuş bu kitabın adı elə seçilib ki, kitabı təşkil edən dörd fəsil olmadan belə, “Mübariz səmada bir oriyentir ulduzu kimi parlayaraq bizə doğru yolu, getməli olduğumuz səmti göstərir...” yazılsa idi, yenə ad kimi seçildiyi povestin məzmununu, qayəsini bizə çatdırmaq iqtidarında olardı.

Kitab iki hissədən ibarətdir: birinci - bədii hissə; ikinci - praktik hissə.

Müəllif bədii hissədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun son iki döyüş günündən bəhs edir. Bu hissədə iki əsas məsələ diqqətimi cəlb etdi. Birinci, müəllif hadisələri elə yüksək dəqiqliklə təqdim edir ki, onun peşəkar hərbçiliyi özünü göstərir. İkinci məsələ Zaur Ustacın təhkiyyəsi o qədər inandırıcıdır ki, kitaba başlayan kimi səni alıb götürür, özünü bir anın içərisində döyüşün ortasında hiss edirsən, povesti nə vaxt oxuyub qutardığının fərqinə varmırsan və o andaca ağlına ilk fikir gəlir: müəllif qəhrəmanın yanında olubmu, görəsən... Sanki yazar qəhrəmanla bir yerdə olub və bütün gördüklərini qələmə alıb. Əsgərlərin Seyid deyə çağırdığı Mübarizin xidmət etdiyi postun həyat şəraitindən tutmuş, döyüş səhnələrinin təsvirinə qədər hər şey mükəmməldir. Nəhayət, bu kiçicik povestdə ədəbiyyatın nəhəng hadisəsi - ədəbiyyatda agah olma - məsələsi baş verir. Məlum olduğu kimi, Zaur Ustac “Oriyentir ulduzu” povestini 2011-ci ilin fevral ayında qələmə alıb və həmn vaxtdan həm ənənəvi qaydada, həm də elektron qaydada nəşr olunaraq yayılmağa başlayıb. Müəllifin qeyd olunan tarixdə bir yol göstərən səmt ulduzu kimi Tərtər - Göranboy təmas xəttində Talış yüksəkliyi üzərində səmaya qaldırıb, burada sizləri gözləyirəm, vətən oğulları - deyə səslədiyi şanlı Azərbaycan Ordusunun mərd, qorxubilməz əsgərləri 2016-cı ilin Aprel döyüşlərində məhz həmin istiqamətdə öz sözlərini dedilər. Mübariz hələ də orada bizləri gözləyir. Biz inanırıq ki, nəfərləri neçə-neçə hələ tanınmamış Mübariz kimi qəhrəman oğullardan ibarət olan Azərbaycan Ordusu cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu misiyanı uğurla yerinə yetirəcək və o dağlarda Mübariz kimi bizi gözləyən neçə-neçə igidlərimizin ruhu dincliyə qovuşacaq. Zaur Ustacın şəhid olmuş əsgəri göylərə uçurtması həm qədim türk inancını - ölməyi, uçmaq kimi hərfi mənada təqdim edir, həm də dərin dini-fəlsəfi mənada ölümün heç də son olmadığını, yeni bir həyatın başlanğıcı olduğunu, bu hadisə baş verən zaman insanın sanki artıq əziyyətdən - ağır bir bədəni - cismi daşmaqdan azad olduğunu, - “O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi” - həyatın daha da asanlaşdığını, insanın yüngülləşdiyini, bir mərtəbə daha kamil olduğunu öz gənc oxucularına - formalaşmaqda olan vətəndaşlara, şəxsiyyətlərə çatdırır. Əlbəttə, bədii hissə barədə hələ kifayət qədər söhbəti davam etdirmək olardı. Ancaq bəzi əsas məqamları sizə çatdırdıqdan sonra praktik hissəyə keçmək istəyirəm.

“Çalışmalar” adlanan bu bölmə demək olar ki, povestin özü qədər önəmli olub, bədii hissənin tam açılmasına oxucu, şagird tərəfindən məqsədin, qayənin tam mənimsənilməsinə xidmət edir. Bədii hissədə qaldırılan bütün milli və vətənpərvərlik məsələləri praktiki çalışmalar vasitəsi ilə açılır.

Kitabın bu formatda tərtib olunması və sinifdənxaric oxu vəsaiti kimi təqdim olunması müəllifin peşəkar hərbçi, yazar olduğu qədər də öz işini dəqiq bilən, usta bir müəllim-pedaqoq olduğundan xəbər verir.

Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edir. Gələcəkdə hər biri bu günümüzü andıran bir səlnaməyə dönəcək yeni əsərlər gözləyirik.

Afət XƏLİLOVA,
Respublikanın Əməkdar müəllimi,
Bakı şəhəri, Nizami rayonu, 201 №-li məktəb

5 dəfə oxundu

Axtarış