OXŞARLAR (Yaşıl qurşaq)
Müəllif: Firuz Mustafa


2017-10-03 09:48:27



OXŞARLAR
(Yaşıl qurşaq)

(İki hissəli dram)


İŞTİRAKÇILAR:

HÖKMDAR
OXŞAR
OXŞARIN OXŞARI
VƏZİR
VƏZİRİN OXŞARI
QULLUQÇU
QULLUQÇUNUN OXŞARI
SƏRKƏRDƏ
SƏRKƏRDƏNİN OXŞARI
HƏRƏM
GƏNC ŞAİR
QOCA ŞAİR
OĞUL
RƏQQASƏLƏR
ƏSGƏRLƏR


I HİSSƏ

Hadisələr qeyri-müəyyən zaman və məkanda cərəyan edir. Personacların paltarında həm qədim, həm də müasir geyim elementləri nəzərə çarpır.
Qeyd: (Pyesdəki əsas obrazları və onların oxşarlarını eyni bir aktyor ifa edir. (Hökmdarın susan oxşarı istisna olunmaqla). Yalnız Hökmdarın obrazı mövcud anturaca tam inandırıcılıq gətirsin deyə onun oxşarı (və ya özü) səhnəyə (eyni vaxtda) gətirilə bilər. (O, isə arxası zala tərəf dayanır və susur). Beləliklə, əsərdə (kütləvi səhnələrin iştirakçıları istisna olunmaqla) cəmi səkkiz (və ya doqquz) personac iştirak edir).

Sarayın qarşısı. Arxada tül pərdə. Orkestr çalır. Xüsusi geyimli əsgərlər rəsmi-keçiddə farağat qaydasında dayanıblar. HÖKMDAR (belində yaşıl qurşaq) ağır, ləngərli addımlarla təntənəli marş sədaları altında əsgərlərin qarşısından keçir. Az sonra Hökmdar eyni qaydada geri qaydır - indi onun təkcə qurşağının rəngi dəyişib - belinə ağ qurşaq bağlanıb. Amma, əslində bu geri dönən şəxs Hökmdar yox, onun OXŞARIDIR. VƏZİR və SƏRKƏRDƏ (mundir geyib) bir kənarda dayanıblar. Az sonra musiqi sədaları azalır, səhnədə yalnız Vəzir və Sərkərdə qalır.

VƏZİR: - Tanıdın?.. Tanıdın onu?..
SƏRKƏRDƏ: - Sən kimi deyirsən?..
VƏZİR: - Necə yəni kimi? Əlbəttə, Hökmdarı...
SƏRKƏRDƏ: - Hökmdarı? (Gülür). Ha-ha-ha... Hökmdarı tanımayan külli-kafirdir, şeytandır, iblisdir...
VƏZİR: - Bura bax, zarafatı boşla. Onlardan hansının Hökmdar olduğunu özünçün müəyyənləşdirə bildin, ya yox?..
SƏRKƏRDƏ: - Hım-m-m... Mən bilirdim ki, rəsmi-keçidi Hökmdar öz Oxşarı ilə qəbul edəcək. Amma... Amma, doğrusu, bayaq nə qədər diqqət yetirdimsə qarşımızdan ötüb keçənlərdən hansının Hökmdar, hansının Oxşar olduğunu dəqiqləşdirə bilmədim. İnsan insana necə də oxşayarmış!..
VƏZİR: - Əzizim Sərkərdə, unutma ki, Hökmdara yalnız zahirən oxşamaq mümkündür!..
SƏRKƏRDƏ: - Əlbəttə, əlbəttə!.. Yalnız zahirən... Batinin oxşarlığından söhbət belə gedə bilməz!.. Möhtərəm Vəzir, yaxşı, bəs o əvvəlki Oxşarın taleyi necə oldu?..
VƏZİR: - Sən belə şeyləri öyrənməyə çox da can atma. Cənnətlə cəhənnəmin yolunu biz müəyyən etmirik ki...
SƏRKƏRDƏ: - Əlbəttə, əlbəttə!... Biz kimik ki, belə şeyləri öyrənmək üçün baş sındıraq? Padşahın çıxartdığı fərman hər şeydən irəlidir!
VƏZİR: - Amma bunu dərk etmək istəməyənlər də var...
SƏRKƏRDƏ: - Bəyəm məmləkətdə belələri yenə qalıb?..
VƏZİR: - Qalıb? Doğrudan?
SƏRKƏRDƏ: - Yox... Mən bilmirəm... Elə-belə səndən soruşuram...
VƏZİR: - Mən heç nə deyə bilmərəm... Təkcə onu bilirəm ki, saraya Hökmdarın təzə oxşarı gəlib... Bunu çox az adam bilir...
SƏRKƏRDƏ: - Bilirəm...
VƏZİR: - Nəyi bilirsən?..
SƏRKƏRDƏ: - Bilirəm ki, bunu çox az adam bilir...
VƏZİR: - Yaxşı... Sən suala cavab vermədin...
SƏRKƏRDƏ: - Hansı suala? Hə... Oxşarlıq məsələsini deyirsən?.. Məncə yaşıl qurşaqlı Hökmdar idi... Ağ qurşaqlı isə onun Oxşarı...
VƏZİR: - Bunu haradan bilirsən?..
SƏRKƏRDƏ: - Çünki... Çünki elə əvvəllər də Hökmdar ağ qurşaq bağlayardı...
VƏZİR: - Arif adamsan.!. Düz tapmısan!.. Amma bunu az adam bilməlidir!..
SƏRKƏRDƏ: - Əlbəttə... Əlbəttə ! E-e-e... Möhtərəm Vəzir, deyirlər... Deyirlər, o, özünü dünən yaxşı hiss etmirmiş...
VƏZİR: - Bura bax!.. Hökmdar ordunu-qoşunu sənə etibar edib... Yadda saxla ki, sənin borcun, vəzifən təkcə sərhədləri yox, həm də Hökmdarın səhhətini qorumaqdır!.
SƏRKƏRDƏ: - Mənim vəzifəm?.. Axı, mən... mən həkim deyiləm... Axı...
VƏZİR: - Bilirəm həkim deyilsən... Amma möhkəm sərhəd-elə möhkəm səhhət deməkdir... Düşmənlərə endirilən hər bir zərbə Hökmdarın ömrünü uzadır.
SƏRKƏRDƏ: - Tamamilə düz buyurursan! Biz səndən çox şey öyrənməliyik...Gör bir sən indiyəcən nə qədər Hökmdar yola salmısan!..
VƏZİR: - Yaxşı... Yəqin bilirsən: axşam sarayda müşavirədir.
SƏRKƏRDƏ: - Əlbəttə, bilirəm, möhtərəm Vəzir.
VƏZİR: - İndidən hazırlaşmaq lazımdır.
SƏRKƏRDƏ: - Tamamilə düz buyurursan!

Sərkərdə və Vəzir gedirlər. Tül pərdə qalxır. Saray. Hökmdar taxtda əyləşib. QULLUQÇU gəlir, təzim edib Hökmdara yaxınlaşır.

QULLUQÇU: - Eşidirəm, böyük Hökmdar...
HÖKMDAR: - Bura bax... (Əli ilə ağzını tutur). Elm bu qədər inkişaf edib, amma həkimlər mənim adi dərdlərimə belə əlac edə bilmirlər...
QULLUQÇU: - Sənin bütün dərdlərin həkimlərin ürəyinə gəlsin, böyük Hökmdar...
HÖKMDAR: - Axı, mən bu diş ağrılarından nə vaxt xilas olacağam?..
QULLUQÇU: - Yəqin ki, az qalıb... Lap tezliklə...
HÖKMDAR: - “Yəqin ki, az qalıb”!.. Elə dişlərim də azalıb...
QULLUQÇU: - Bəli, böyük Hökmdar! Cəmi dörd dişin qalıb. Onlar da çıxandan sonra ağrılar tamam kəsəcək. Həkimlər sənin mübarək ağzın üçün gözəl bir damaq düzəldəcəklər.
HÖKMDAR: - Mən damaqdan iyrənirəm...
QULLUQÇU: - Həkimlər deyir ki, onların düzəldəcəyi damaq sənin mirvari dişlərin qədər yaraşıqlı olacaq...
HÖKMDAR (qonşu otağa doğru işarə ilə): - Bəs onun dişləri necə?.. Oxşarı deyirəm...
QULLUQÇU: - Onun?.. Hə, onun! Onun da dişləri düzələcək.
HÖKMDAR: - ...mirvari kimi?..
QULLUQÇU: - Hə... Yox... Onun dişi sədəf kimi olacaq...
HÖKMDAR: - Yaxşı, baxıb görərik... İndi isə bir az dincəlmək istəyirəm. Qoy sənətçilərimiz gəlsin. Dayan, sən də qal burada!
QULLUQÇU: - Baş üstə, böyük Hökmdar!

Hökmdar əlini-əlinə vurur. Musiqi. Rəqqasələr gəlir. Rəqs. Qulluqçu bayıra çıxıb, tez geri qayıdır, Hökmdara nəsə deyir və təbii ki, onların söhbəti eşidilmir. Rəqs başa çatır.

HÖKMDAR: - Rəqqasələr getsin.

Rəqqasələr gedir.

QULLUQÇU (qapıya işarə ilə): - O, səni görmək istəyir.
HÖKMDAR: - Nədir, nə sözü var?..
QULLUQÇU: - Elə bir sözü yoxdur... E-e-e... Sadəcə olaraq çəkilmiş dişlərinin yeri ağrıyır.
HÖKMDAR: - Heç nə anlamıram. Hə, qoy gəlsin görüm istəyi nədir?

Oxşar gəlir. O, Hökmdarla üz-üzə dayandığı üçün arxası zala tərəfdir. Oxşar təzim edir.

HÖKMDAR: - Hə, bu sənsən?.. Eşitdiyimə görə, nədənsə narazısan. Nədən? Sən indi mənim nələr çəkdiyimi görürsənmi?.. Elə bilirsən Hökmdar olmaq asandır? Bu, cəhənnəm əzabı deməkdir!.. Nəinki hökmdar, hətta onun Oxşarı olmaq belə çətindir. Sən ki, bunu görürsən! Amma bəziləri görmür. Bəlkə də görmək istəmir! Bax, budur, indi mənim gözüm ağrıyır, başımda qəribə bir uğultu var. Sən mənim Oxşarımsan - bu əzabları yaşamasan, mənim nələr çəkdiyimi duya bilməzsən. Elə deyilmi? (Gəzişir). Bu yaxınlarda mənim böyrəyimdə əməliyyat aparılacaq. Bəlkə sənə elə gəlir ki, bu çox sadə bir işdir. Amma, inşallah, cərrahiyyə stolu üstündə uzananda görəcəksən ki, məsələ heç də sənin təsəvvür etdiyin qədər sadə deyilmiş! Bəs necə? Sənin bədənini doğrayırlar, qarnını yarırlar, nəyisə kəsib atır - nəyisə əlavə edirlər, sonra tikiş qoyurlar... Sən isə dözürsən... dözməlisən...

Hökmdar danışdıqca Oxşar hiss olunacaq şəkildə əsir, titrəyir və nəhayət, qorxudan üzü üstə yerə sərilir. Hökmdar əvvəlcə geri-geri çəkilir, sonra irəli yeriyib ayağının birini Oxşarın çiyninə qoyur. Oxşar yerə sərilsə də yenə titrəyir, onun çiyni qalxıb-enir, iniltisi eşidilir. Hökmdar qalibanə tərzdə, ürəkdən qəh-qəhə çəkib gülür.

QULLUQÇU: - O, hər şeyi yavaş-yavaş öyrənəcək, böyük Hökmdar.
HÖKMDAR: - Onunla işləmək lazımdır.
QULLUQÇU: - İşləyərik. Baş üstə. (Oxşara). Həkim səni gözləyir. Deyəsən, hələ ağzında salamat dişlər qalıb. Gedə bilərsən.

Oxşar çıxır.

HÖKMDAR: - Bu oxşardan nəsə gözüm su içmir.
QULLUQÇU: - Böyük Hökmdar, o çox sakit, mərifətli adamdır. Arxayın ola bilərsən.

Qonşu otaqdan qışqırıq, nalə eşidilir.

HÖKMDAR: - O, nə səsdir elə?
QULLUQÇU: - Oxşarın dişlərini çəkirlər.
HÖKMDAR: - Onun neçə dişi çəkiləcək?..
QULLUQÇU: - Bütün dişləri.
HÖKMDAR: - Oxşar elə dişsiz olsa yaxşıdır.
QULLUQÇU: - Biz çalışacağıq ki, onun ağzı sənin ağzına oxşasın.
HÖKMDAR: - Yox... Onun ağzı mənim ağzıma oxşaya bilməz!
QULLUQÇU: - Axı, o, oxşardır. Hökmdara oxşamalıdır... Əlbəttə, zahirən...
HÖKMDAR: - Hə, zahirən ola bilər. Amma mənim batinim tamam ayrı cürdür.
QULLUQÇU: - Bu, məlum məsələdir, böyük Hökmdar.
HÖKMDAR: - Yaxşı... Mən gedim dincəlim. Səhv etmirəmsə bu gün kütlə ilə görüş var.
QULLUQÇU: - Bəli, xalq sizi gözləyir, böyük Hökmdar.
HÖKMDAR: - Belə xırda şeylər üçün mən istirahətimi pozmaq... e-e-e... qızıldan qiymətli vaxtımı itirmək istəmirəm.
QULLUQÇU: - Tamamilə düzdür. Oxşar dura-dura Hökmdar izdihamın qarşısına niyə çıxmalıdır?
HÖKMDAR: - Amma onun ağzından muğayat ol.
QULLUQÇU: - Baş üstə. Oldu!

Hökmdar gedir. Musiqi. Qulluqçu sevincək əlini-əlinə sürtür. Oxşar gəlir, o, əli ilə ağzını örtüb.

QULLUQÇU: - Əlini ağzından çək.
OXŞAR (əlini çəkir): - Ağrıyır, axı...
QULLUQÇU: - Xırda şeydir. Ötüb gedəcək. Bura bax... Bu gün Hökmdarın xalqla görüş günüdür. Amma o, bunu edə bilməyəcək.
OXŞAR: - Nə üçün? Xəstədir?..
QULLUQÇU: - Yox... Hökmdar heç vaxt xəstələnmir... Xəstələnə də bilməz.
OXŞAR: - Camaat öz Hökmdarını daim sağlam və gümrah görmək istəyir; mən bunu bilirəm.
QULLUQÇU: - Düzdür! Doğrudur! Sadəcə olaraq, Hökmdar bu gün öz qəsrinə çəkilib bütün günü bizim haqqımızda düşünmək istəyir. Ona görə kütlə qarşısına sən çıxmalısan.
OXŞAR: - Mən kütləyə nə deməliyəm? Axı, ağzım...
QULLUQÇU: - Heç nə deməyəcəksən... Yalnız uca kürsüdə dayanıb qarşından gəlib keçən insan dalğasına əl edəcəksən. (Əlini yellədir). Vəssalam. Bax belə…
OXŞAR: - Bəs sonra?
QULLUQÇU: - Sənin şərəfinə şüarlar səslənəcək.
OXŞAR: - Mənim şərəfimə?
QULLUQÇU: - Hə də... Yox, Hökmdarın şərəfinə. Sən isə əl edəcəksən, gülümsəyəcəksən. (gülümsəyir). Üzünə məsum bir təbəssüm qonmalıdır. Amma ağzını açma!.. (Ciddiləşir) Axı, dişlərin...
OXŞAR: - İndi əl etmək belə mənimçün çox çətindir. Heyim qalmayıb.
QULLUQÇU: - Nəyə görə?..
OXŞAR: - Dişlər öz yerində... Axı, mən neçə gündür acam. Çörək yemirəm.
QULLUQÇU: - Bu, elə bu cür də olmalıdır. Hökmdar son vaxtlar sürətlə arıqlayır, ona görə sən də arıqlamalısan...
OXŞAR: - Məncə, o, əvvəllər ətli-canlı idi.
QULLUQÇU: - Hələlik həkimlər ona arıqlamağı məsləhət biliblər. İnşallah, gələcəkdə kökəlmək lazım gəlsə, sən də kökələcəksən...
OXŞAR: - Mən bu cür şəfaverici pəhrizlərə alışmamışam.
QULLUQÇU: - Öyrəşərsən, alışarsan inşallah...
OXŞAR: - Bayırdan nəsə səs-küy gəlir.
QULLUQÇU: - Kütlə öz rəhbərini görmək istəyir.

Sərkərdə gəlir, təzim edir.

SƏRKƏRDƏ: - Xalq öz Hökmdarını görməyə hazırdır. Hamı meydandadır.
QULLUQÇU: - Kürsü çoxdan hazırdır.
OXŞAR: - Mən də hazıram!

Təntənəli musiqi. Oxşar ağır addımlarla kürsüyə qalxır. Səs-küy. Hökmdarın şərəfinə müxtəlif şüarlar səslənir: “Rəhbərə eşq olsun!” “Yaşasın hökmdarımız!” və s. Oxşar gah sağ, gah da sol əlini yuxarı qaldıraraq kütləni salamlayır. O, əvvəlcə zorla da olsa gülümsəyir; sonra bu təbəssüm onun bütün sifətinə yayılır; hiss olunur ki, Oxşar bu görüşdən məmnundur. Kütlənin şüarları Oxşarı vəcdə gətirir; o, əlini daha böyük həvəslə yellətməyə başlayır, ürəkdən gülür, qəh-qəhə çəkir və onun gülüşü təntənəli musiqi sədalarına qarışır.

SƏRKƏRDƏ: - O, necə də əzəmətlidir...
QULLUQÇU: - Bayaq deyirdi ki, kefsizəm, acam, əlimi yellətməyə heyim yoxdur. Amma indi kürsüdən enmək fikri yoxdur deyəsən.
SƏRKƏRDƏ: - Yəqin kürsü xoşuna gəlib...
QULLUQÇU: - Niyə də gəlməsin? Bu boyda insan axını onun qarşısında səcdə edir, onun şərəfinə şüar söyləyir... Çox güman ki, o, indi özünü hər şeyə qadir Hökmdar qiyafəsində hiss edir.
SƏRKƏRDƏ: - Bir fikir ver, qətiyyən kürsüdən enmək istəmir. Əslində görüş üçün nəzərdə tutulmuş vaxt başa çatmaq üzrədir.
QULLUQÇU: - Bəlkə işarə edəsən ona?..
SƏRKƏRDƏ: - Yox... Mən yox... Sən özün işarə et...
QULLUQÇU: - Bu, mənlik deyil. Mənə onun yalnız kürsüyə qalxmasını təşkil etmək tapşırığı verilib.
SƏRKƏRDƏ: - Bəs onu kürsüdən kim endirməlidir?
QULLUQÇU: - Bu məsələ mənə verilən tapşırıqda nəzərdə tutulmayıb.
SƏRKƏRDƏ: - Odur, Vəzir gəlir. Görək o, nə deyir?..

Vəzir gəlir.

VƏZİR: - Mən bayaqdan qonşu qəsrin bürcündən durbinlə bu atəşfəşanlığı seyr edirəm. İzdiham üçüncü dəfədir ki, bu müqəddəs kürsünün qarşısından o, tərəf - bu tərəfə axıb gedir.
SƏRKƏRDƏ: - Amma, o kürsüdən düşmək istəmir.
VƏZİR: - Ona anlatmaq lazımdır.
QULLUQÇU: - Bu, mənlik deyil...
VƏZİR: - Sən Hökmdarın ən yaxın xidmətçisi, qulluqçususan...
QULLUQÇU: - Nə olsun ki? Bəyəm bu, Hökmdardır?
SƏRKƏRDƏ: - Belə çıxır ki, biz onu kürsüdən zorla endirməliyik.
VƏZİR: - Zorla niyə? Ona işarə etmək lazımdır.
QULLUQÇU: - Ona yox, bəlkə meydandakı insanlara işarə edək ki, çıxıb getsinlər.
VƏZİR: - Tələsməyin. İndi bir şey fikirləşib taparıq.

Vəzir Sərkərdəyə nəsə deyir. Sərkərdə marş sədaları altında əlini gicgahına aparıb iri əsgəri addımlarla Oxşara yaxınlaşır, Oxşar da ona baxıb dik durur, əsgəri vəziyyət alıb əlini gicgahına aparır; Sərkərdə həmin qaydada kürsüdən uzaqlaşır; Oxşar da əli ilə ağzını tutub onun arxasınca gedir.
Sərkərdə və Oxşar gedirlər.

VƏZİR: - Bura bax, Hökmdar istirahət edir... Amma bir azdan sarayda onun görüşü olmalıdır...
QULLUQÇU: - Arxayın olun, təşkil edərik.. Görüş kiminlə olacaq, möhtərəm Vəzir?..
VƏZİR: - Məmləkətin şairləri ilə...
QULLUQÇU: - Qoy böyük Hökmdar öz istirahəti ilə məşğul olsun. Mən hər şeyi yoluna qoyaram.
VƏZİR: - Hə, elə isə fəaliyyətə başla...
QULLUQÇU: - Oldu, möhtərəm Vəzir!..
VƏZİR: - Hələlik... Mən getdim.

Vəzir gedir. Oxşar gəlir.

QULLUQÇU: - Əyləş...
OXŞAR: - Nə olub ki?
QULLUQÇU: - Hökmdar istirahət edir. Onun, yəni sənin, məmləkət şairləri ilə görüşün olacaq.
OXŞAR (əyləşir): - Çox əcəb!.. Mən şairələri də sevirəm, şeri də...
QULLUQÇU: - Bura bax... Sən bu sevgini büruzə verməməlisən. Sən, ümumiyyətlə, bütün görüş boyu susmalısan. Sonacan... Yalnız sonda...
OXŞAR: - Nə üçün susmalıyam?..
QULLUQÇU: - Qayda belədir. Bu cür görüşlərdə şairlər hökmdarları tərifləyir, hökmdarsa təvazökarcasına susur, susur... və lap sonda...
OXŞAR (ayağa durur): - Dayan! Əvvəldən axıracan sussam şairlər elə bilərlər ki, hökmdarın dili yoxdur, laldır...
QULLUQÇU: - Sən görüşün lap sonunda onların ünvanına beş-on kəlmə xoş söz deməlisən...
OXŞAR: - Hə, bu, başqa məsələ! Hökmdar öz təbələrinə nəsə deməlidir, axı. Yoxsa görüş lal-kar oyununa bənzəyər...
QULLUQÇU: - Deməli, qayda belədir: şairlər gəlir, sənin əlini öpür, sən onları salamlayırsan. Söhbəti onlar özləri aparacaq.
OXŞAR: - Onlar haradan bilirlər ki, nə barədə danışmaq lazımdır?
QULLUQÇU: - Onlar bu cür görüşlərdə o qədər olublar ki, nədən danışmaq gərək olduğunu hamıdan yaxşı bilirlər.
OXŞAR: - Bəyəm hər dəfə eyni şeydən söhbət gedir?
QULLUQÇU: - Əlbəttə! Eyni adama hər dəfə müxtəlif şeylərdən söhbət açmaq olmaz ki...
OXŞAR: - Elə isə qoy gəlsinlər...
QULLUQÇU: - Sən keç taxtda əyləş.
OXŞAR: - Oldu...

Oxşar əyləşir. GƏNC ŞAİR və QOCA ŞAİR gəlirlər.

QULLUQÇU: - Buyurun, buyurun, keçin içəri...
GƏNC ŞAİR: - Hökmdar, yatmıram dünəndən bəri!
QULLUQÇU: - Dayan, ey gənc şair, bir səbrini bas,
Ağsaqqal yanında danışmaq olmaz.
GƏNC ŞAİR: - Bəyəm susmaq üçün gəlmişik bura?..
QOCA ŞAİR: - Belə saray hara, bu gənclər hara?

Yaxınlaşıb Hökmdarın əlini öpür, təzim edir.

Bütün məmləkətin, ulu hökmdar,
Sənə sayqısı var, məhəbbəti var,
Mən də bir qocaman qələm əhli tək,
Bu sevgini sənə çatdıram gərək.
GƏNC ŞAİR: - Bəs gənclər? Bölməkçün sevgilərini
Onlar bu saraya göndərib məni.
Köhnə təşbehləri bəyənmirik biz,
Qəlbimiz dənizdir, eşqimiz təmiz.
QOCA ŞAİR: - Hökmdarın özü yaxşı bilir ki,
Biz onu sevirik bir günəş təki.
O bilir, qocalıq - özü hünərdi!
Fəqət gənclik eşqi gəldi-gedərdi.
GƏNC ŞAİR: - Yəqin, qoca şair çaşıb, bayılıb.
Qocalıq nə vaxtdan hünər sayılıb?
Bu taxt da, bu tac da özümüzündür,
İndi meydan bizim, dövran bizimdir!
QULLUQÇU: - Necə, səninkidir dedin bu taxt-tac?
QOCA ŞAİR: - Cavanlar hamıdan bac istəyir, bac...
GƏNC ŞAİR: - Mən elə demədim... Mən belə dedim...
QOCA ŞAİR: - Sən nə dediyini bilirsən, yetim!
QULLUQÇU: - Barı ustadından götür nümunə.
GƏNC ŞAİR: - O, nə vaxtdan örnək olubdur mənə?
QOCA ŞAİR: - Modernist! Komformist! Nihilist! Kubist!
Sənin qəlbin xalqla deyildir dürüst.
Hökmdar çox yaxşı tanıyır məni...
QULLUQÇU: - O, tez-tez məndən də soruşur səni...
GƏNC ŞAİR: - Hökmdar gənclərə güvənsin gərək...
QOCA ŞAİR: - Paho! Qocaların üstündən xətt çək!..
GƏNC ŞAİR: - Ənamı, ad-sanı siz almısınız,
Əlçatmaz zirvəyə ucalmısınız.
Oğlunuz-qızınız gəzir dünyanı,
Bəs mənim... bəs bizim payımız hanı?
QOCA ŞAİR: - Səni şəxsi maraq gətirib bura.
Gənc şair, sən hara, bu saray hara?
Hanı Hökmdara hörmətin sənin?
Hanı vətəndaşlıq qeyrətin sənin?
Bunun tələbinə, təhdidinə bax:
“Hökmdar gənclərə güvənsin!” Axmaq,
Bəyəm Hökmdara hökm verənsən?
Hökmdar önündə, axı, sən kimsən?

Oxşar məmnun halda gəzişir. Qulluqçu onun hərəkətlərini başını tərpətməklə təqdir edir.

Bala, gəl açıqla öz mövqeyini:
Bura hansı hisslər gətirib səni?
Bəlkə şairbaşı olmaq üçün sən
Belə yaxa cırıb, sinə döyürsən?
Aqildir, müdrikdi bizim hökmdar,
O bilir ki, kimin qabında nə var?

Qoca şair təzim edir, Oxşar məmnunluqla onun təzimini təqdir edir.

OXŞAR: - Doğrusu, dişimi çəkdirmişəm mən,
Onunçün danışmaq keçmir könlümdən.
O qədər çoxdur ki, yarımçıq işim...
Bir yandan qəbullar... bir yandan dişim...

Şairlər təəccüblə Oxşara baxırlar. Qulluqçu Oxşara yaxınlaşıb yavaşdan nəsə deyir. Oxşar narazı halda ağır-ağır çıxır.

QULLUQÇU: - Bu gecə Hökmdar çox az yatıbdır...
İndi dərmanının vaxtı çatıbdır.
QOCA ŞAİR: - Bilirik ki, onun qayğısı çoxdur,
Rəhbərin gecəsi-gündüzü yoxdur.
GƏNC ŞAİR: - Sən hardan bilirsən bütün bunları?
Yaltaqlıq eləmə bu yaşda barı!..

Qoca şair Gənc şairin üstünə cumur.

QOCA ŞAİR: - Nə dedin?.. Fitnəkar, riyakar, nadan!
Bu qədər eqoist olarmı insan?
Sarayın əksinə niyə gedirsən?
Görülən işlərə şübhə edirsən?!.
Gözün nə yaxşını, nə pisi seçir,
Hələ ürəyindən gör nələr keçir.
GƏNC ŞAİR: - Bura bax, gəl mənim yaxamdan əl çək,
Qartalın önündə sən kimsən? - Milçək!

Şairlər tutaşırlar. Qulluqçu onları ayırmaq istəyir, arada Gənc şairə bir-iki yumruq dəyir. Hökmdar gəlir, diqqətlə vuruşanları süzür.

HÖKMDAR: - Nə olub?.. Kim sizi gətirdi gözə?
Ayıbdır, dalaşmaq yaraşmaz sizə!
Bunun hansındadır günah, de görüm?
Onun cəzasıyçün bir fərman verim!
QOCA ŞAİR: - Bununçün eynidir ağ da, qara da,
Hətta, lağ eləyir Hökmdara da!
QULLUQÇU: - Ədəbi aləmdə bu, deyildir sirr,
Yamanca dikbaşdır bu cavan şair.
HÖKMDAR: - Mən indi həyatı qandırram ona -
Tez olun, göndərin onu zindana.
GƏNC ŞAİR: - Axı, bir söyləyin nədir günahım?

Gənc şair diz çöküb göyə əl açır.

QOCA ŞAİR: - Dedim, səni gec-tez tutacaq ahım!..
QULLUQÇU: - Gəl düş qabağıma. Əl açma göyə!
İnsan öz dilindən düşər tələyə...

Qulluqçu Gənc şairin qolundan tutub onu bayıra çıxarır.

HÖKMDAR: - Sən sarayda şerin məhək daşısan,
Nə qədər mən sağam-şairbaşısan.
QOCA ŞAİR: - Bu xalq hər gün görür səni röyada
Sənin tək hökmdar yoxdu dünyada.
Səni ömrüm boyu vəsf edəcəyəm,
Sonra da şad-xürrəm mən gedəcəyəm...
HÖKMDAR: - Ölmək hələ tezdir, qocaman şair
De, nədir təvəqqən bizlərə dair?
Gəl gedək birlikdə şam eləyək biz.
QOCA ŞAİR: - Ürəyin nə qədər təmizdir, təmiz!..

Hökmdar və Qoca şair gedirlər. Əvvəlcə Qulluqçu, sonra Oxşar gəlirlər.

QULLUQÇU: - Yəqin ki, sən artıq oxşar vəzifəsini icra etməyin nə qədər ağır, çətin bir iş olduğunu dərk edirsən.
OXŞAR: - Bəyəm bu vəzifədir?.. Bu, cəhənnəm əzabıdır, məşəqqətdir. Doğrusu, hərdən özümü öldürmək qərarına gəlirəm...
QULLUQÇU: - Bir az səbrli ol. Dünyanın sonu deyil ki...
OXŞAR: - Mən canımdan bezmişəm. Belə çıxır ki, ölənəcən kiminsə kölgəsi kimi sürünməliyəm.
QULLUQÇU: - Onsuz da sən olmasan belə, bu işi kimsə görməlidir. Dövlət varsa, hökmdar da olmalıdır. Hökmdar varsa, onun düşməni də olmalıdır. Düşmən varsa, oxşar da olmalıdır.
OXŞAR: - Gərək elə bu bədbəxtçilik mənim alnıma yazılaydı?.. Əvvəllər, hələ bu saraya gəlməmişdən qabaq, zahirən hökmdara bənzədiyim üçün çoxları mənə qibtə edirdi. Mən özüm də bu oxşarlıqdan məmnunluq duyurdum. Elə ki, bu saraya gəldim, özümün necə bədbəxt insan olduğumu dərk etməyə başladım. Ölüm bu cür həyatdan yaxşıdır.
QULLUQÇU: - Ölüm çıxış yolu deyil ki...
OXŞAR: - Bəs çıxış yolu nədir?
QULLUQÇU: - Düşünüb bir şey fikirləşmək lazımdır.
OXŞAR: - Mənim bütün fikirlərimin sonu qaranlıq görünür... (Pauza). Bəs sən nə düşünürsən? Bəlkə bir məsləhət verəsən? Hiss olunur ki, sən bu sarayda ən xeyirxah adamsan... Mən sənə bir nigarançılığımı da açıq demək istəyirəm: de görüm, sən ağzıbütöv adamsan, yoxsa?..
QULLUQÇU: - Mənə etibar edə bilərsən.
OXŞAR: - Elə isə qoy deyim: Hökmdar məndən əvvəlki oxşarın boynunu vurdurub, elə deyilmi? (Pauza). Niyə susursan? Mən də oturub gözləməliyəm ki, görüm başım bədənimə nə vaxt “xudahafiz” deyəcək?.. Danışsana, niyə dinmirsən?
QULLUQÇU: - Sən danış, mən dinləyirəm.
OXŞAR: - Ta mənim sözüm bitdi.
QULLUQÇU: - Hım-m-m... Bəyəm sən dəqiq bilirsən ki, məhz oxşarın boynu vurulub? (Pauza). Niyə susursan? Cavab versənə!
OXŞAR: - Heç nə anlamıram. Axı, burada hamı deyir ki, Hökmdarın Oxşarı edam olunub. Yoxsa, bu, belə deyil?
QULLUQÇU: - Hım-m-m... Həm belədir, həm də belə deyil.
OXŞAR: - Yenə heç nə anlamadım.
QULLUQÇU: - Mənə elə gəlir ki, sən ağzıbütöv adamsan. (Pauza). Elə deyilmi?
OXŞAR: - Mənə etibar edə bilərsən.
QULLUQÇU: - Elə isə qulaq as.

Musiqi. Qulluqçu Oxşarın qoluna girir. Onlar nə barədə isə danışır, nəyisə bir-birinə əl-qol hərəkətləri, mimika və cestlərlə izah edirlər. Musiqi sədası uzaqlaşır.

OXŞAR: - Belə çıxır ki, ölən Oxşar yox, Hökmdar olub.
QULLUQÇU: - Bəli, bəli! Düz anlamısan. Oxşar at kimi Hökmdarın üzünə durdu. Dedi ki, Hökmdar mənəm ki, mənəm. Düzü, mən də onun tərəfini saxladım. Sarayda hamı əmin oldu ki, öldürülən oxşardır. Amma əslində Hökmdarın boynu vuruldu. Bunu bircə mən bildim, bir də o vaxtkı Oxşar, yəni indiki Hökmdar.
OXŞAR: - Bəs o Oxşar - yəni indiki Hökmdar bu qədər xidmətin qabağında sənin əməyini niyə qiymətləndirmədi? Bəyəm sən ömrün boyu qulluqçu-xidmətçi olmalısan? (Pauza). Niyə susursan?
QULLUQÇU: - Bax, elə məsələ də bundadır. (Ah çəkir). Mənə o vaxt, hələ oxşar olan zaman, Vəzirlik taxtı vəd etmişdi. Elə ki, keçib Hökmdar taxtında əyləşdi hər şeyi unutdu. Amma mən heç nəyi unutmamışam.
OXŞAR: - Belə şeyi unutmaq olar?!. Mənə elə gəlir ki, biz sənli-mənli fikirləşib yenə bir çıxış yolu tapmalıyıq. (Pauza. Oxşar böyük şövqlə var-gəl edir). Sən ağıllı, tədbirli adamsan. Çox şeyi yoluna qoya bilərsən. Vəzir kütün biridir. Əslində o vəzifə sənin boynuna biçilib. (Əlini-əlinə sürtür). Sən böyük siyasi xadim, ağıllı diplomat, təcrübəli saray əyanısan. (Pauza). İndi hər şey səndən asılıdır.
QULLUQÇU (mənalı-mənalı onu süzür): - Yaxşı, bu məsələyə sonra baxarıq.
OXŞAR (əlini onun çiyninə qoyur): - Mən sənin məsləhətinə müntəzirəm.
QULLUQÇU: - Yaxşı, bir mənə de görüm, sən bu gecə də hərəmxanaya gedəcəksən?
OXŞAR: - Artıq sən bunu da bilirsən?
QULLUQÇU: - Ehtiyatlı ol.
OXŞAR: - Mənim burada sənin kimi etibarlı dayağım var. Olar gedim?..

Oxşar təzim edib gedir. Sərkərdə gəlir.

SƏRKƏRDƏ: - Bilirsən gəlişimin məqsədi nədir?
QULLUQÇU: - Deyərsən, bilərəm.
SƏRKƏRDƏ: - Etibarlı mənbədən alınan məlumata görə, son zamanlar Oxşar ulu Hökmdarın hərəmlərindən biri ilə görüşür. Özü də ən sevimli, ən gözəl hərəmlə... Fəlakətdir!
QULLUQÇU: - Bu barədə mən də eşitmişəm... Amma bu, şayiə də ola bilər.
SƏRKƏRDƏ: - Nə şayiə?.. Bu, faktdır.
QULLUQÇU: - Bunu sənə kim xəbər verib?
SƏRKƏRDƏ: - Xəfiyyələr Vəzirə məlumat veriblər, o da bunu mənə dedi.
QULLUQÇU: - Vəzirin nəyinə lazımdır belə şeyləri yoxlamaq?..
SƏRKƏRDƏ: - Deyə bilmərəm.
QULLUQÇU: - Vəzir onsuz da ölkədə ikinci adamdır. Bəlkə onun ürəyindən birinci olmaq keçir?
SƏRKƏRDƏ: - Bunun bizə nə dəxli? Tapşırıq verilib, icra etməliyik. Bəlkə bu tapşırıq elə Hökmdardan gəlir. Elə deyilmi?
QULLUQÇU: - E-e-e... Elə olmağına elədir. Bəs biz nə etməliyik?
SƏRKƏRDƏ: - Faktı yoxlamalıyıq.
QULLUQÇU: - Elə bu gün?
SƏRKƏRDƏ: - Elə indi. Bu dəqiqə. Alınan məlumata görə Oxşar artıq hərəmxanadadır.
QULLUQÇU: - Biz də gedək hərəmxanaya?
SƏRKƏRDƏ: - Sən ağlını itirməmisən ki? Bizim orada nə işimiz? Hərəm xananın yolu buradan keçir. Kənara çəkilib bir az gözləyək. Amma mən qorxuram ki, Hökmdarla oxşarı dəyişik salaq.
QULLUQÇU: - Mən onları ayırd edə bilirəm.
SƏRKƏRDƏ: - Nədən?
QULLUQÇU: - Yerişlərindən...
SƏRKƏRDƏ: - Yerişdən?.. Bəlkə onlar hərəmxanaya gələndə yerişlərini dəyişirlər?
QULLUQÇU: - Heç yerişi də dəyişmək olar?
SƏRKƏRDƏ: - Gərək əvvləcə Hökmdarın özü ilə məsləhətləşəydik.
QULLUQÇU: - Bəyəm bu barədə Hökmdara söz demək olar?.. Özün deyirsən ki, Vəzir tapşırıq verib... Gərək əvvəlcə cinayətkarı hadisə yerində yaxalayaq, Vəzirə məlumat verək, Vəzir də gedib Hökmdara desin...
SƏRKƏRDƏ: - Deyəsən, əvvəllər də buna bənzər bir hadisə olub.
QULLUQÇU: - Bəli, olub. Səndən əvvəlki qoşun başçısına məlumat verilmişdi ki, bundan əvvəlki Oxşar Hərəmlə görüşür. Amma, o, buna inanmırdı. Onda Vəzir göstəriş verdi. Biz elə buradaca dayanıb gözləməyə başladıq. Nəhayət, Oxşarla Hərəm göründülər. Biz torbanı Hökmdarın əvvəlki Oxşarının başına keçirdik. Sonra Cəllad onun boynunu vurdu. Hə, torba demişkən, hanı torba? Əliboş gəlmisən?
SƏRKƏRDƏ: - Yox, torba da gətirmişəm... Odur, oradadır... Amma mən bir məsələni anlamadım.
QULLUQÇU: - O, nə məsələdir elə?
SƏRKƏRDƏ: - Bəlkə o vaxt tutduğunuz adam elə Hökmdarın özü imiş?
QULLUQÇU: - Düzü, əvvəlcə o tutulan adam qeyzlənib bizim üzümüzə tüpürdü, guya o, Oxşar deyil, Hökmdarın özüdür.
SƏRKƏRDƏ: - Bəs siz nə etdiniz?
QULLUQÇU: - Mən nəticəni sənə dedim ki...
SƏRKƏRDƏ: - Allah bilir, bəlkə də Cəlladın boynunu vurduğu adam elə Hökmdar imiş.
QULLUQÇU: - Axmaqlama! Bu, ola bilməz!
SƏRKƏRDƏ: - Axı, bir özün fikirləş: günahı olan adam hay-küy qoparıb sizin üstünüzə hücum çəkə, hələ üstəlik üzünüzə tüpürə bilərdimi?..
QULLUQÇU: - Meymun suda boğulanda öz balasını ayağının altına qoyur.
SƏRKƏRDƏ: - Nəsə inanmağım gəlmir...
QULLUQÇU: - Nəyə inanmağın gəlmir - mənim dediklərimə, yoxsa Oxşarın boynunun vurulmağına?
SƏRKƏRDƏ: - Öldürülən adamın əsl oxşar olduğu şübhəlidir.
QULLUQÇU: - Belə şeyləri Cəllad baltası daha yaxşı ayırd edir.
SƏRKƏRDƏ: - Balta?.. Bəyəm balta adamın boynunu tanıyır?
QULLUQÇU: - Niyə tanımır? Tanıyır. Az danış... Özün də sakit ol. İrəliyə bax... Odur, gəlir... Oxşardır...
SƏRKƏRDƏ: - Özü də tək deyil... Bəs görəsən yanındakı kimdir?
QULLUQÇU: - Yanındakı? O, Hökmdarın Hərəmi ilə gəlir.
SƏRKƏRDƏ: - Bura bax, Oxşar özünü belə sərbəst apara bilməz. Bu, Hökmdarın özüdür ki, var.
QULLUQÇU: - Yox, o, Oxşardır.
SƏRKƏRDƏ: - Bir fikir ver, zalım oğlu heç qurşaqı da bağlamayıb. İndi gəl baş aç görüm kim-kimdir?..
QULLUQÇU: - Belə yerdə nə qurşaqbazlıq?
SƏRKƏRDƏ: - Bu tərəfə gəl. Deyəsən, Hökmdar nəşəlidir, sərxoşdur...
QULLUQÇU: - Hökmdar yox, Hökmdarın oxşarı. Çəkil, çəkil kənara!
SƏRKƏRDƏ: - Ayağını sürümə... Hə, bax belə...

Onlar qaranlığa çəkilirlər. Hökmdar (qurşaqsız) və HƏRƏM gəlir.

HƏRƏM: - Ulu Hökmdar, mən özümü dünyanın ən bəxtəvər qadını sanıram...

Sərkərdə və Qulluqçunun üzünə işıq düşür.

SƏRKƏRDƏ: - Gördünmü, o, Hökmdarın özüdür!
QULLUQÇU: - S-s-s... Sakit ol...
HÖKMDAR: - Sən doğrudan da əminsən ki, mən Hökmdaram?..
HƏRƏM: - Bu, nə sualdır belə? Bəyəm mən öz Hökmdarımı tanımıram?..
HÖKMDAR: - Axı, mən Hökmdarın oxşarı da ola bilərəm.
QULLUQÇU: - Eşitdin? O, Hökmdarın özü deyil...
SƏRKƏRDƏ: - O, demir ki, Hökmdar deyiləm.
QULLUQÇU: - Bəs nə deyir?..
SƏRKƏRDƏ: - Deyir ki, Oxşar da ola bilərəm.
QULLUQÇU: - S-s-s... Qulaq as...
HƏRƏM: - Sənin hər gəlişin mənimçün toy-bayrama çevrilir. Sənin ayaq səslərin mənim ürəyimdə, nəbzimdə vurur.
HÖKMDAR: - Sən yəqin ki, mənim Oxşarıma da bu sözləri deyirdin...
SƏRKƏRDƏ: - Eşitdin?
QULLUQÇU: - S-s-s... Hələ bilmək olmaz bu Hökmdrın özüdür, yoxsa onun Oxşarı .
HÖKMDAR: - Onun boynu sənə görə vuruldu. Yəqin ki, bilirsən...
HƏRƏM: - Bilirəm... Mən hər şeyi bilirəm.
HÖKMDAR: - Mən səni çox sevirəm - hərəmlərin hamısından çox. Yəqin bunu da bilirsən.
HƏRƏM: - Bilirəm. Qısqanırsan məni?..
HÖKMDAR: - Düzünü deyim ki, qısqanıram. Hətta, hərdən özümü Oxşarımın da yerinə qoyuram... Və səni ona da qısqanıram.
SƏRKƏRDƏ: - Eşitdin? O, özünü oxşarın yerinə qoyur.
QULLUQÇU: - Nə olsun ki?
SƏRKƏRDƏ: - Nə olsun ki? Yalnız Hökmdar özünü Oxşarın yerinə qoya bilər.
QULLUQÇU: - Nə üçün?
SƏRKƏRDƏ: - Çünki təkcə Hökmdarın oxşarı var.
QULLUQÇU: - Ha-ha-ha!.. Bəs Hökmdar özü Oxşarın oxşarı deyilmi?
SƏRKƏRDƏ: - Hə... Elədir. Onların hər ikisi bir-birinin oxşarıdır.
QULLUQÇU: - Doğru buyurursan. Eləsə hazırlaş, fürsəti əldən vermə!..
SƏRKƏRDƏ: - Yox... Məncə bu, Hökmdardır...
QULLUQÇU: - Sən mən deyənə qulaq as - torbanı hazırla...
SƏRKƏRDƏ: - Yox, mən bunu edə bilmərəm. Mən hələ öz boynumdan bezməmişəm.
HÖKMDAR: - Mən, hətta, bəzən özümə də qısqanıram səni.
HƏRƏM (gülür): - Bu lap ağ oldu ki!

Hökmdar və Hərəm gedirlər.

SƏRKƏRDƏ: - Yəqin ki, indi Hərəm geri qayıdacaq. Bəlkə ondan soruşaq?..
QULLUQÇU: - Nəyi soruşaq?..
SƏRKƏRDƏ: - Onun yanında kimin olduğunu...
QULLUQÇU: - Sən nə qədər sadəlövhsən!.. Bəyəm Hərəm bizə doğru söz deyər. Belə şey soruşsaq gərək hər ikimiz başımızla vidalaşaq.
SƏRKƏRDƏ: - Sakit ol. Deyəsən, Hərəm qayıdır. Özü də tək deyil...

Qaranlığa sarı çəkilirlər. Oxşar (qurşaqsız) və Hərəm təzədən geri qayıdırlar.

HƏRƏM: - Sənin xəyalın bir an da olsun gözümün qarşısından çəkilmir.
OXŞAR: - Bəyəm mən ölmüşəm ki, sən mənim xəyalımla danışırsan?
HƏRƏM: - Allah eləməsin!.. Sən bu dünyada mənim ən istəkli, ən doğma adamımsan.
SƏRKƏRDƏ: - Hə, bax, bu Oxşardır ki, var. Bayaqkı Hökmdar imiş.
QULLUQÇU: - Tez-tələsik qərar çıxarmağa hazırlaşma. Axı, sən haradan bilirsən ki, bu Oxşardır. Heç bunun da belində qurşaq yoxdur...
OXŞAR: - Sən məndən, mənim zarafatlarımdan incimirsən ki?..
HƏRƏM: - Heç vaxt! Səndən incimək mümkün deyil.
OXŞAR: - Bəs ondan necə, inciyirsənmi?..
HƏRƏM: - O hara, sən hara?.. O, sənin bir kəsinti dırnağına da dəyməz.
OXŞAR: - Axı, məni ondan elə bir əsaslı fərq ayırmır.
HƏRƏM: - Sən bu fərqi duymaya bilərsən. Amma mən qadınam. Qadınlarsa dünyanın ən həssas məxluqudur.
OXŞAR: - Həm də ən kələkbaz məxluqu. (Gülür). Ha-ha-ha.
HƏRƏM: - Yox, məndə sənə qarşı heç bir hiylə, heç bir məkr və kələk ola bilməz.
OXŞAR: - Bəs ona qarşı necə?
HƏRƏM: - Xahiş edirəm, onun adını mənim yanımda belə tez-tez çəkmə. (Oxşrın əlindən tutur, onu oxşayır).
SƏRKƏRDƏ: - Hər şey aydındır.
QULLUQÇU: - Aydın olan nədir?
SƏRKƏRDƏ: - Bu, Oxşardır. Hökmdarın Hərəmini ələ keçirib.
QULLUQÇU: - Nədən bilirsən?
SƏRKƏRDƏ: - Görmürsən bayaqdan “o”nun haqqında söhbət gedir?..
QULLUQÇU: - Kimin haqqında?
SƏRKƏRDƏ: - “O” kimdirsə, onun haqqında.
QULLUQÇU: - “O” - Hökmdar da ola bilər, Oxşar da.
SƏRKƏRDƏ: - Görmürsən, Hərəm bunu tərifləyir!
QULLUQÇU: - Deməli, “bu” - Hökmdardır! Oxşar nəkaradır ki, Hərəm onu tərif etsin?
SƏRKƏRDƏ: - Yox. Mən əminəm ki, bu, Oxşardır. O torbanı ver, alçağın başına keçirəcəyəm!..
QULLUQÇU: - Səbrli ol bir az. S-s-s...
HƏRƏM: - Məni ona bağlayan heç nə, heç nə yoxdur.
OXŞAR: - O, tezliklə öz cəzasını alacaq.
HƏRƏM: - Doğrudan? İnanım, inanmayım?..
OXŞAR: - Zənnimcə ağzın möhkəmdir...
HƏRƏM: - Mənə özün qədər, hətta, özündən də artıq inana bilərsən.
OXŞAR: - Tezliklə sən baş hərəm olacaqsan. Bildin?
HƏRƏM: - Mənim ən böyük mükafatım sarayda tutduğum yer yox, sənin sevgindir.
SƏRKƏRDƏ: - Heç nə anlamadım. Bu, kimə cəza vermək istəyir?..
QULLUQÇU: - Yəqin ki, Oxşara...
SƏRKƏRDƏ: - Bəyəm bu Hökmdardır?..
QULLUQÇU: - Özün eşitdin ki...
SƏRKƏRDƏ: - Eşitməyinə eşitdim, amma heç nə qanmadım.
QULLUQÇU: - Qanarsan, qanarsan... Gəl gedək.
SƏRKƏRDƏ: - Yaxşı ki, torbanı başına keçirmədim. Amma, düzünü deyim ki, mat-məəttəl qalmışam. Hərəmxanadan gedən kim idi, oraya gələn kim idi? Bəlkə elə hər ikisi eyni adamdı?.. Amma, yox... Nəsə ağlıma ayrı şeylər gəlir...
QULLUQÇU: - Mənə də elə gəlir ki, biz eyni adamı görmüşük.
SƏRKƏRDƏ: - Yox, bu ola bilməz! O, nə üçün hərəmxanadan çıxıb təzədən geri qayıtmalı idi? Bu, ağlabatan deyil. Ürəyimdən keçənləri sonra sənə deyərəm.
HƏRƏM: - Əzizim, yaman soyuqdur... Bəlkə gedək?
OXŞAR: - Gedək, gedək!.. Bizi qarşıda əsrarəngiz bir gecə gözləyir. Mən necə də xoşbəxtəm!
HƏRƏM: - Biz necə də xoşbəxtik!

Hərəm və Oxşar gedirlər.

SƏRKƏRDƏ: - Bizim vaxtımız mənasız yerə keçdi. Heç nəyi dəqiqləşdirə bilmədik. Çıxıb gedək. Soyuqdur.
QULLUQÇU: - Sən get. Mən hələ buradayam.

Sərkərdə gedir. OĞUL gəlir.

OĞUL: - Atam haradadır?..
QULLUQÇU: - İndi gəlməlidir. Bir az gözlə.

Hökmdar gəlir.

HÖKMDAR: - Hə, kimdir orada? Bəri gəl...
OĞUL: - Salam, ata... (Öpüşürlər).
HÖKMDAR: - Hə, əyləş, övladım.
OĞUL: - Əyləşmək istəmirəm.
HÖKMDAR: - Nə üçün?
OĞUL: - Sözümü ayaq üstə demək istəyirəm.
HÖKMDAR: - Eləsə, buyur, eşidirəm.
OĞUL: - Ata, biz sənsiz darıxırq, gecələr evə gəlmirsən.
HÖKMDAR: - Övladım, mən mühüm dövlət işləri ilə məşğulam. Sən elə bilirsən Hökmdar olmaq asan məsələdir?
OĞUL: - Axı, hər gecə anamın gözü yolda qalır. Nə qədər gözləmək olar, ata?
HÖKMDAR (qulluqçuya): - Barı heç olmasa sən bunu anlat: mən gecələr harada oluram?
QULLUQÇU: - Böyük Hökmdar gecələr təğyiri - libas olub məmləkətin şəhər və kəndlərinə çıxır, xalqın güzəranı ilə maraqlanır.
OĞUL: - Ata, axı, sən söz vermişdin ki, dünən gecə evə gələcəksən.
HÖKMDAR: - Dünən gecə? (Qulluqçuya). De görüm, dünən gecə mən nə işlə məşğul olmuşam?
QULLUQÇU: - Dünən gecə?.. Dünən?.. Gecə?.. Hə, xatırladım: böyük Hökmdar dünən bütün gecəni yeni qanunların hazırlanması ilə məşğul olub.
HÖKMDAR: - Elədir. Of-f-f... Bu qadınlar... e-e-e bu qanunlar. Mən bilmirəm bu qanunların əlindən haraya baş götürüb gedim?..
OĞUL: - Ata, qanunları yazan sən özünsən, haraya gedə bilərsən ki?
QULLUQÇU: - Böyük Hökmdar hələ bu məmləkətə çox gərəkdir. Hökmdarsız nə xalq, nə kütlə?.. Onun yazdığı qanunlar bizi işıqlı gələcəyə aparır.
OĞUL - Bəs mənim gələcəyim?
HÖKMDAR: - Sənin gələcəyinə nə olub, övladım?
OĞUL: - Sən mənə bu məmləkətin hansı hissəsini pay verəcəksən?..
HÖKMDAR: - Mən sənə dəniz vermək istəyirəm, övladım. Dəniz! Gəmisiylə, qayığıyla...
OĞUL: - Mənə dəniz gərək deyil.
HÖKMDAR: - Nə üçün?..
OĞUL: - Bu məmləkətdə bircə dəniz var, o da ölüdür.
QULLUQÇU: - Hökmdar istəsə ölü dənizi də dirildər.
OXŞAR: - Bəli, elədir.
OĞUL: - Mənə ölü dənizdənsə, diri meşə daha sərfəlidir.
HÖKMDAR: - Meşə? Meşə sənin nəyinə lazımdır?
OĞUL: - Mən meşə heyvanlarını çox sevirəm.
QULLUQÇU: - Meşədə quşlar da olur...
OĞUL: - Mən meşəni sevirəm - quşuyla, heyvanıyla...
HÖKMDAR (Qulluqçuya): - Yadıma sal, qanuna saldırım: məmləkətin meşələri oğluma bağışlansın - quşuyla, heyvanıyla birlikdə.
QULLUQÇU: - Baş üstə, böyük Hökmdar!
OĞUL: - Yaxşı, ata, bəs evə haçan gəlirsən?
HÖKMDAR: - Bu gecə mütləq gələcəyəm, övladım. Anana de ki, nigaran olmasın. Ah, bu qadınlar, bu qadınlar... Ah, bu qanunlar, bu qanunlar... Mən yenə işləməyə gedirəm. Görürsənmi?

Hökmdar və Oğlu gedirlər. Oxşar gəlir, o, həyəcanlıdır.

OXŞAR: - Deyəsən, planımız baş tutmaqdadır. Sən bir azdan qəribə işlərin şahidi olacaqsan.
QULLUQÇU: - Əminəm ki, bu “qəribə işlər” bizə yalnız sevinc vəd edəcək.
OXŞAR: - Əlbəttə. İndi mən gedim, bir azdan gələcəyəm. Daha doğrusu, məni bura gətirəcəklər. Sən isə diqqətli ol. Məni başqası ilə səhv salma. Anladım?!.
QULLUQÇU: - Arxayın ol! Ta mən heç vaxt səhv etmərəm!

Musiqi.Oxşar Qulluqçunun qulağına nəsə deyib çıxır. Az son Vəzir hövlank gəlir, əsəbi halda var-gəl edib Qulluqçuya yaxınlaşır.

VƏZİR: - Sən neçə illərdir ki, Hökmdara xidmət edirsən. Bəlkə də bu sarayda ona ən yaxın, ən doğma adam sənsən. Ola bilməz ki, onun oxşardan fərqli olan hansısa əlamətini bilməyəsən. Əlbəttə, yaşıl qurşaqdan savayı...
QULLUQÇU: - Əlbəttə, belə bir fərq var. Amma bu fərqin nədən ibarət olduğunu deməyə mənim ixtiyarım yoxdur.
VƏZİR: - Necə yoxdur?!. Aləm bir-birinə dəyib.
QULLUQÇU: - Nə üçün?.. Nə olub ki?..
VƏZİR: - İndi onların hər ikisi özünü Hökmdar kimi təqdim edir: Həm Hökmdar, həm də onun oxşarı.
QULLUQÇU: - Necə yəni hər ikisi özünü Hökmdar elan edir?.. Adətən, Hökmdar belinə yaşıl qurşaq bağlayır, Oxşarsa ağ...
VƏZİR: - Məsələ də burasındadır ki, onların hər ikisi nəinki qurşaqsız, hətta, xalatsız olublar.
QULLUQÇU: - Harada? Axı, bu, necə ola bilər?.
VƏZİR: - Biri Hərəmin yanından çıxırmış o, birisi isə təzəcə içəri keçmək istəyirmiş. Hər ikisi elə orada - hərəmxanada üz-üzə gəliblər. Keçiblər yumruq davasına. Aləm qarışıb bir-birinə. Mən məsələdən xəbər tutub hərəmxanaya getdim. Hər ikisinin qolunu bağladıb gətiritdim. İndi sən Hökmdarla oxşarın əsas fərqini bizə deməlisən.
QULLUQÇU: - Yox, möhtərəm Vəzir, indiki halda mən o fərqin nədən ibarət olduğunu deyə bilmərəm.
VƏZİR: - Deməlisən!
QULLUQÇU: - Deməyəcəyəm!..
VƏZİR: - Unutma ki, mən hakimiyyətdə ikinci adamam. Mən... mən çox amansız qərar çıxara bilərəm sənin barəndə...
QULLUQÇU: - Bəyəm Hökmdar ölüb ki, kiminsə barəsində sən hökm çıxarır, qərar verirsən?
VƏZİR: - Axı, başa düş, Hökmdarla oxşarı dəyişik düşüb. Biz hansısa bir qərara gəlməliyik, ya yox?..
QULLUQÇU: - Yaxşı, möhtərəm Vəzir, əsəbiləşmə... Məsələyə aydınlıq gətirərik...
VƏZİR: - Bunu bayaqdan desənə... Yoxsa ürək-göbəyimi yeyib qurtarmışdım... Hə, de görüm, indi nə edək?..
QULLUQÇU: - Qoy hər ikisini gətirsinlər.
VƏZİR: - Elə buraya?..
QULLUQÇU: - Buradan etibarlı yer var ki?..
VƏZİR: - Doğru sözə nə deyəsən?.. (Qapıdan bayıra). Möhtərəm Sərkərdə... Xahiş edirəm, buraya təşrif buyurun. Əvvəlcə o səs-küy salanı gətirin.

Hökmdar, Hərəm və Sərkərdə gəlir. Hökmdarın qolları bağlıdır.

HÖKMDAR: - Bu, nə biabırçılıqdır? Bu, nə təhqirdir?..
VƏZİR: - Xahiş edirəm, qışqırıb səs-küy qaldırma...
SƏRKƏRDƏ: - İndi hər şey adın olar..
HƏRƏM: - Bəs mən nə etməliyəm?.. Gedim, yoxsa qalım?
QULLUQÇU: - Heç yerə getmə, lazım ola bilərsən?
HÖKMDAR : - Bu Oxşar nə həyasız adam imiş! At kimi üzümə durur, deyir ki, Hökmdar sən yox, mənəm!.. (Qulluqçuya). Axı, mən sənə o vaxt dedim ki, bundan gözüm su içmir.
QULLUQÇU: - Biz hələ kimin Oxşar, kimin Hökmdar olduğunu dəqiqləşdirməmişik.
HÖKMDAR: - Necə yəni dəqiqləşdirməmişik? Bəyəm sən məni tanımırsan? Yoxsa bu köhnə... köhnə Hərəm də tanımır məni?
HƏRƏM: - Mən ilk dəfədir görürəm ki, bir adam iki yerə bölünüb.
HÖKMDAR: - Nə iki yer?.. Mən təkəm, mən Hökmdaram, o alçaqsa mənim Oxşarımdır.
VƏZİR: - Kimin Oxşar olduğunu indi təyin edəcəklər.
HÖKMDAR: - Necə təyin edəcəklər?..
HAMI: - Doğrudan da... Necə?..
QULLUQÇU: - Madam ki, bu işi müəyyənləşdirmək mənə həvalə olunur, onda hökmdarlıq iddiasında olanların hər ikisi soyundurulsun.
VƏZİR: - Tamam soyundurulsunlar, yoxsa?..
SƏRKƏRDƏ: - Lümbələmlüt?..
HƏRƏM: - Oy !.. Mən utanıram...
HÖKMDAR (Hərəmə): - Sən utanırsan?..
QULLUQÇU: - Soyundurun! Tamam lütləmək lazımdır.
HÖKMDAR: - Qolumu açın! Yaxamdan əl çəkin!
QULLUQÇU: - Bunu yerə yıxıb köynəyinin ətəyini qaldırın.

Hökmdarı yerə yıxıb köynəyinin ətəyini qaldırırlar.

VƏZİR: - Hə, di gəl bax görək... Axı, hər halda bunlardan hansısa - ya bu, ya da o biri Hökmdardır.
HÖKMDAR: - Bu təhqirə görə siz hamınız qanun qarşısında cavab verməli olacaqsınız!

Qulluqçu yerə uzadılmış Hökmdarı diqqətlə süzür.

QULLUQÇU: - Bunu aparın!
VƏZİR: - Hə, nə oldu?.. Bu Hökmdardır, yoxsa Oxşar?..
HÖKMDAR: - Nə Oxşar? Oxşar nədir? Mən Hökmdaram!
QULLUQÇU: - Bunu aparın, o birisini gətirin!

Vəzir, Sərkərdə, Qulluqçu və Hərəm Hökmdarın qolundan tutub bayıra atırlar.

VƏZİR: - İndi biz haradan bilək ki, bunun hansı Hökmdardır?
SƏRKƏRDƏ: - Doğrudan da... Hansı əlamətə görə...
QULLUQÇU: - Hökmdarın kürəyində iri bir xal var...
HƏRƏM: - Bəli, elədir.
VƏZİR: - Amma bu xalsız idi...
SƏRUƏRDƏ: - Yəqin xal o birisinin kürəyindədir...
QULLUQÇU: - O birisi gəlsin!..

Oxşar gəlir.

OXŞAR: - Mən nə etməliyəm?..
QULLUQÇU: - Yerə uzan! Köynəyinin ətəyini qaldır.
OXŞAR: - Baş üstə!

Oxşar yerə uzanır.

QULLUQÇU: - Hə, bax bu bizim böyük Hökmdarımızdır. Görürsünüz, qurşağının altında qurşaq rəngli iri xal var. Bax, fərq budur!
HAMI: - Doğrudan da!..

Bayırdan Hökmdarın səsi gəlir: “Aman Allah! Bu, nə fəlakətdir? Heç belə də iş olar? Mən hökmdar ola-ola adımı, taxt-tacımı başqasına vermək istəyirsiniz?!. Alçaqlar!”.
Oxşar ayağa durub üst-başını səliqəyə salır. Vəzir, xalatı Oxşarın çiyninə atır, Sərkərdə qurşağı bağlayır, Hərəm Oxşarın saçını darayır.

HƏRƏM: - Bəli, əsl Hökmdar budur!

Hökmdarın səsi: “Aman Allah, belə də iş olar?!.”.

OXŞAR: Əlbəttə, mən onu bu cür xəyanətə görə cəzalandıra da bilərəm. Amma bundan vaz keçirəm. Düşünürəm ki, insandır, bəlkə mənsəb ehtirası onun gözünü tutub, ağlını çaşdırıb... Bir də ki, mənim ürəyim çox nazikdir... Mən öz oxşarımı əfv edirəm.
QULLUQÇU: - Böyük Hökmdar, onun müalicəyə ehtiyacı var...
HAMI: - Bəli! Elədir!..

Hökmdarın səsi: “Aman Allah! Deyəsən mən dəli olacağam!”.

Təntənəli musiqi. Oxşarın qolundan tutub Hökmdar taxtına əyləşdirirlər.







PƏRDƏ

II HİSSƏ

Oxşar (yaşıl qurşaqda) sarayın önündə rəsmi-keçidi qəbul edir; artıq o, Hökmdardır. Orkestr çalır. Əsgərlər farağat qaydasında. Oxşar gedir, sonra cəld geri qayıdır. Qulluqçu, Sərkərdə və Vəzir Oxşara yaxınlaşırlar. Əsgərlər gedirlər.

VƏZİR: - Zati-aliləri, bizə buyruğun nə olacaq?
OXŞAR: - Xalqla görüşə hazırlaşmaq lazımdır. Hamını bir nəfər kimi meydana toplayın.
VƏZİR: - Xalq öz Hökmdarı ilə görüşə həmişə hazırdır və bundan böyük məmnunluq duyur.
SƏRKƏRDƏ: - Bəs ulu rəhbərin öz əsgərlərinə əmri nədən ibarətdir?
OXŞAR: - Qoşunu döyüşə hazırlıq vəziyyətinə gətirmək lazımdır!
SƏRKƏRDƏ: - Qoşun döyüşə daim hazır vəziyyətdədir, ulu rəhbər!
QULLUQÇU: - Bəs mənə sözünüz, böyük Hökmdar?
OXŞAR: - Mənimlə gedək, sənə sözüm var.
QULLUQÇU: - Oldu! Baş üstə!

Oxşar və Qulluqçu gedirlər. Vəzir və Sərkərdə təzim edib onları yola salırlar.

VƏZİR: - Bura bax, sən son vaxtlar Hökmdarın hərəkətlərindən bir şey anlayırsan?
SƏRKƏRDƏ: - Möhtərəm Vəzir, doğrusu, bu sualı mən də sənə verəcəkdim.
VƏZİR: - O, özünü çox qəribə aparır.
SƏRKƏRDƏ: - Özü də Oxşarı zindana atılandan sonra... Elə deyilmi?
VƏZİR: - Düz tapmısan... Elə həmin gündən bəri bunun xasiyyəti kəskin şəkildə dəyişib.
SƏRKƏRDƏ: - Bəlkə öz Oxşarının xiffətini çəkir.
VƏZİR: - Yox... İnanmıram...
SƏRKƏRDƏ: - Onda belə çıxır ki, oxşara ehtiyac duymur.
VƏZİR: - Məncə, məsələ bunda deyil...
SƏRKƏRDƏ: - “Məsələ onda deyil, məsələ bunda deyil”... Deməli, nəyisə bilib gizlədirsən.
VƏZİR: - Mən heç nə bilmirəm, heç nəyi də gizlətmirəm.
SƏRKƏRDƏ: - Bayaq sən demədin ki, o, özünü qəribə aparır?
VƏZİR (qorxa-qorxa): - Yox, mən heç nə demədim.
SƏRKƏRDƏ: - Oho! Yəqin qulaqlarım məni aldadır.
VƏZİR: - Hər şey ola bilər. Amma səhv etmirəmsə sən özün buna bənzər nəsə dedin...
SƏRKƏRDƏ: - Mən nə deyə bilərəm ki?..
VƏZİR: - Dedin ki, o, Oxşarın xiffətini çəkir.
SƏRKƏRDƏ: - Oxşarın xiffətini çəkən kimdir?
VƏZİR (ətrafa boylanır): - O, deyəsən xalq üçün yaman darıxıb. Amma, əvvəllər bu cür təntənəli nümayişlərdən qaçardı...
SƏRKƏRDƏ (ətrafa boylanır): - Qəribədir. O, qoşunun döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edir. Nə üçün?
VƏZİR: - O, xalqla görüşmək istəyir? Nəyə görə?
SƏRKƏRDƏ: - O, kiminlə müharibəyə hazırlaşır? Və nə üçün?
VƏZİR: - Biz görmüşük ki, Hökmdar öz Vəziri ilə məsləhətləşər.
SƏRKƏRDƏ: - Amma indi bunun müşaviri, deyəsən, Qulluqçudur.
VƏZİR: - Özləri də daim qoşa gəzirlər.
SƏRKƏRDƏ: - Günləri bir yerdə keçir.
VƏZİR: - Bəs Oxşar? Hə... O, nə edir?..
SƏRKƏRDƏ: - Oxşar? O, hələlik zindandadır.
VƏZİR: - Sən onunla görüşə bilmisən?
SƏRKƏRDƏ: - Yox. Qəribədir, öz əsgərlərim məni zindana buraxmırlar?..
VƏZİR: - Sənə kim mane olur?
SƏRKƏRDƏ: - Qulluqçu...
VƏZİR: - Adi bir Qulluqçuda belə səlahiyyət haradandır?
SƏRKƏRDƏ: - Yəqin ki, bu səlahiyyəti ona verən var.
VƏZİR: - Mənə mötəbər mənbələrdən çatan məlumata görə (boylanır), Oxşar zindanda olsa belə yenə özünü Hökmdar hesab edir (boylanır), hakimiyyətin zorla qəsb olunduğunu söyləyir.
SƏRKƏRDƏ: - Eşitdiyimə görə, bundan əvvəlki Oxşar da başını Cəllad kötüyünə qoyana qədər qışqırıb deyirmiş ki, mən - Hökmdaram!
VƏZİR: - Elədir. Mən özüm o edam təntənəsində iştirak edirdim. Çox gözəl bir səhnə idi.
SƏRKƏRDƏ: - Gözəl olan nə idi?..
VƏZİR: - Hər şey yüksək səviyyədə təşkil olunmuşdu: edam kötüyü, balta, izdiham, yellənən bayraqlar, atəşfəşanlıq, gülümsər çöhrələr... Hələ satqını ifşa edən şerlər... Canfəşanlıq edən şairlər, alimlər...
SƏRKƏRDƏ: - Bəyəm xalq bilirdi ki, edam edilən Hökmdarın oxşarıdır?
VƏZİR: - Yox... Sən nə danışırsan? Bəyəm belə şeyi xalqa demək olar? Xalq heç edam olunan adamın sifətini belə görmürdü. Onun ağzına tıxac basılmış, üzünə örtük çəkilmişdi. Kütlə boynu vurulan adamın Oxşar olduğunu bilməməli idi! Xalq təkcə onu bilirdi ki, edam olunan şəxs satqındır. Hamı düşünürdü ki, özünü Hökmdar elan edən, hakimiyyəti zorla qəsb etməyə çalışan adamın aqibəti elə bu cür olmalıdır...
SƏRKƏRDƏ: - İndiki Oxşar da zindanda özünü Hökmdar elan edir. Bəs onun aqibəti necə olacaq?
VƏZİR: - Yəqin onun da edam edəcəklər... (Pauza). Amma bu Qulluqçunun canfəşanlığından ağlım bir şey kəsmir.
SƏRKƏRDƏ: - Qoşun döyüşə hazırlıq vəziyyətinə gətirilməlidir. Mən gedim.
VƏZİR: - Xalq meydana toplaşmalıdır. Bunu təşkil etmək elə də asan iş deyil. Mən də gedim...
SƏRKƏRDƏ: - Lap çaşıb qalmışam.
VƏZİR: - Gedək. Vaxt itirmək olmaz...
SƏRKƏRDƏ: - Yaxşı, gedək, möhtərəm Vəzir.

Vəzir və Sərkərdə gedirlər. Musiqi. Hökmdar (belində qurşaq yoxdur) kiminsə ağır zərbəsindən səntirləyə-səntirləyə səhnənin ortasına düşür. Onun arxası zala tərəf olduğu üçün üzü görünmür. Oxşar və Qulluqçu gəlirlər. Onların yaxşı ovqatda olduğu hiss edilir.

OXŞAR (Hökmdara): - Hıım-m-m. Bir buna bax... Yaxşı, sən yenə öz inadından əl çəkmək istəmirsən?
QULLUQÇU (Hökmdara): - Niyə susursan, alçaq?
OXŞAR: - Sən elə bilirsən ki, vaxtilə hakimiyyətə necə, hansı yolla gəldiyini bilən yoxdur?
QULLUQÇU: - Mən canlı şahidəm: o, hakimiyyəti zorla mənimsəyib!
OXŞAR: - Deyəsən, onun ağzına əski parçası tıxayıblar. Bəlkə imkan verək danışsın?
QULLUQÇU: - Danışmaqdansa, dinləsə yaxşıdır.

Hökmdar əl-qol atır, çırpınır, hiss olunur ki, nəsə demək istəyir.

OXŞAR: - Bu, özünün kim olduğunu dərk etmək istəmir. (Hökmdara). Çox güman ki, sən ağlını itirməkdəsən. Eşitdiyimə görə, zindanda da haray-həşir salıb qışqırırsan ki, guya Hökmdarsan. Hökmdara bir bax! Sən indi Hökmdar yox, Oxşarsan. Sən adi bir kölgəsən! Başa düşürsən? Sən unut o keçmişi - o röyanı. Sən mənim oxşarımsan. Hökmdarın Oxşarı! Heç bilirsən hakimiyyətə qəsd cəhdi üçün səni hansı cəza gözləyir?.. Səni təkcə edam etdirmək azdır, alçaq!.. (Qulluqçuya). Bunu qara qaplanın ağzına atmaq lazımdır!
QULLUQÇU (Oxşara): - Rəhm et, böyük Hökmdar. Yəqin arada səhv edib, ağlı çaşıb. Keçin günahından. (Qaş-göz edir). Öz təqsirini başa düşər. (Hökmdara). Necə qələt elədiyini anlayırsanmı? Yox? Gəl, səni göndərim qara qaplanın qonşuluğuna; yəqin ki, o nəriltini eşidib bir az ağıllanarsan.

Qulluqçu Hökmdarın qolundan tutub onu bayıra sarı itələyir.

OXŞAR: - Sən bu sarayda mənim inandığım yeganə adamsan. Sən tezliklə öz layiqli qiymətini alacaqsan.
QULLUQÇU: - Mənə elə gəlir ki, biz gecikirik.
OXŞAR: - Gecikirik? Hansı məsələdə?..
QULLUQÇU: - Bəli, gecikirik. Vəzir nə vaxtacan o taxtda oturacaq? Hələ Sərkərdəni demirəm...
OXŞAR: - Biz hamını birdən-birə saraydan qova bilmərik ki...
QULLUQÇU: - Qovmaq niyə?.. Biz onları ya həbs etməli, ya da birdəfəlik o dünyaya göndərməliyik.
OXŞAR: - Yox, belə etsək bu, çevriliş kimi qiymətləndirilər. Onda bunların adamları ayağa qalxar, qiyam edər.
QULLUQÇU: - Bəs nə etməli? Belə çıxır ki, hələ uzun müddət hərə öz taxtında əyləşməli olacaq.
OXŞAR: - Mən çox fikirləşib əla bir çıxış yolu tapmışam.
QULLUQÇU: - O nə yoldur elə?
OXŞAR: - Bura bax. (Ətrafa boylanır). Biz axtarıb bunların da oxşarını tapmalıyıq. Bildin kimi deyirəm?
QULLUQÇU: - Kimi deyirsən?
OXŞAR: - İlk növbədə Vəzirlə Sərkərdəni nəzərdə tuturam. Oxşar tapılandan sonra hər şey qaydasına düşəcək.
QULLUQÇU: - Biz görmüşük ki, təkcə Hökmdarın oxşarı olur. Başqa oxşarlara nə ehtiyac?
OXŞAR: - Bura bax. Axı, mən sənə dedim. Biz saraydakı nüfuzlu adamların hamısını birdən-birə aradan götürsək, camaat hakimiyyətə - yəni bizə yaxşı baxmaz. Bu, şübhə doğurar. Hətta, qiyam qalxar. Aşağıdakılar fikirləşər ki, uzun müddət bir yerdə işləyən hakimiyyət nümayəndələri nə üçün birdən-birə əks cəbhələrə bölündülər? Axmaq suallar həmişə axmaq əməllər törədir. Amma oxşarları tapa bilsək, bunları cəhənnəmə vasil edib yerlərində onları oturdarıq. Xalq da baxıb görər ki, bizim hakimiyyətdə hamı yerindədir, sarayda sülh və əminamanlıq hökm sürür. Bilirsən nə var? Aşağılar yuxarıda həmişə eyni adamları görmək istəyir. Xalq yaxşı bilir ki, hakimiyyətdə baş verən dəyişikliklər onlara başağrısı gətirir. Çevrilişlərdən hələ indiyəcən bir xeyir görən olmayıb.
QULLUQÇU: - Axı, əslində elə sən deyən variant da çevrilişdir.
OXŞAR: - Bunun çevriliş olduğunu heç kəs bilməyəcək. Baxıb görəcəklər ki, hakimiyyətdə yenə eyni sifətlərdir. İndi səninlə məndən başqa kim bilir ki, taxta-taca sahib olan kimdir - Oxşar, yoxsa Hökmdar?
QULLUQÇU: - Yaxşı, sənin Oxşarını zindanda nə vaxtacan saxlayaq?
OXŞAR: - Biz onu tezliklə azad edəcəyik. Qoy hələ ağlı başına gəlsin. Sonra bir müddət Oxşar kimi fəaliyyət göstərsin...
QULLUQÇU: - Bəs sonra?
OXŞAR: - Sonra başqa bir Oxşar tapıb məsələni necə lazımdırsa yoluna qoyarıq.
QULLUQÇU: - Özün gördün ki, o, hələ ipə-sapa yatmır...
OXŞAR: - Onu başa salmaq lazımdır. (Pauza). Axmaq adam hikkədən arıqlayıb əldən düşüb.
QULLUQÇU: - Elədir, o, hakimiyyəti itirəndən sonra xeyli arıqlayıb...
OXŞAR: - Belə olmaz, canım!.. Onu döyə-döyə də olsa yedirdib-içirdin. O, mənim oxşarımdır. O, mənə oxşamalıdır. Onun nə ixtiyarı var ki, mənim əksimə getsin?.. Bəyəm mən arıqlayıram ki, o da arıqlasın?.. Yoxsa mən ona baxıb arıqlamalıyam?.. Yox, bu ola bilməz! Mən Hökmdaram! Kökəldin onu! Yeməsə, kötəkləyin!
QULLUQÇU: - Oldu! Baş üstə, böyük Hökmdar!
OXŞAR: - Mən bəzən istirahətdə, ovda oluram. Sən özün burada köhnə adamsan. Yaxşı bilirsən ki, belə vaxtlarda sarayda kimsə olmalıdır. Görürsən ki, bizə şikayətçilər, ərizəbazlar da müraciət edir. Onları kim qəbul etməlidir? Əlbəttə, Oxşar! Elə yaltaq saray şair və müğənnilərini də çox vaxt Oxşar qəbul edir. Haradadı Hökmdarın o qədər vaxtı ki, çənədən boş adamlara qulaq assın? Oxşar həm də təhlükəsizlik nöqteyi-nəzərindən lazımdır. Elə deyilmi?
QULLUQÇU: - Bəli, elədir. Düşmən qabağına, döyüş meydanına Hökmdarı göndərəsi deyilik ki...
OXŞAR: - Hökmdarın döyüşdə nə işi, canım? Əlbəttə, ordunun önündə Oxşar getməlidir. Döyüş demişkən, mənim əmrimlə ordu döyüşə hazır vəziyyətə gətirilib. Bu yaxınlarda hücuma keçəcəyik.
QULLUQÇU: - Hansı dövlətlə müharibə edəcəyik?
OXŞAR: - Heç bir dövlətlə... Mənim doğulduğum kənddə bir axmaq tayfa var, onların axırına çıxmaq lazımdır.
QULLUQÇU: Təşkil edərik... Bu, asan məsələdir.

Həzin musiqi.

OXŞAR: - Of-f-f... Mən indi görürəm ki, Hökmdar olmaq çox müşkül işdir. Amma mən çətinlikdən qorxan Hökmdar deyiləm. Bizim bu gün daha hansı tədbirimiz var?
QULLUQÇU: - Tədbirlər çoxdur. Bəlkə əvvəlcə rəqqasələri dəvət edək. Qoy yorğunluğunuz bir az çıxsın.
OXŞAR: - Mənim etirazım yoxdur.

Qulluqçu çıxır. Musiqi. Rəqqasələr gəlir. Rəqs. Hökmdar ifa olunan havaya uyğun yerində dingildəyir, sonra rəqqasələrə qoşulub süzür. Qulluqçu gəlir. Rəqqasələr gedir.

QULLUQÇU: - Artıq oxşarın birini tapmışıq, böyük Hökmdar.
OXŞAR: - Nə tapmısız?.. Hım-m-m... Hansı oxşardı tapılan?
QULLUQÇU: - Vəzirin oxşarıdır
OXŞAR: - Vəzirin? İndi o, haradadır?
QULLUQÇU: - Burada, saraydadır.
OXŞAR: - Yaxşı, qoy gəlsin.

Qulluqçu qapını açır. Vəzirin Oxşarı gəlir, təzim edir; o, mülki libasdadır. Bundan sonrakı epizodlarda iştirak edən oxşarların hamısı “oricinaldan” fərqli geyimdədirlər.

QULLUQÇU: - Bu, həmin adamdır, böyük Hökmdar.
OXŞAR (Vəzirin Oxşarını süzür): - Hı-m-m... Bəd deyil. Oxşayır. Elə bil əkizdirlər. Təsadüfdən qohum deyillər ki? Bu, onu tanımır ki?
QULLUQÇU: - Xeyr, böyük Hökmdar.
OXŞAR: - Bəs o necə, bunu tanıyır?
QULLUQÇU: - Məncə tanış deyillər. (Vəzirin oxşarına). Sən onu tanımırsan ki?
VƏZİRİN OXŞARI (çiynini çəkir): - Mən burada heç kəsi tanımıram.
OXŞAR: - Necə, sən ölkənin Vəzirini tanımırsan?
VƏZİRİN OXŞARI: - Zati-aliləri, Vəzirlə mənim nə işim, nə alverim?
OXŞAR: - Sən alverlə məşğulsan?
VƏZİRİN OXŞARI: - Bəli, zati-aliləri. Mən söz alverçisiyəm.
QULLUQÇU: - Səfeh-səfeh danışma! Heç sözü də alıb-satarlar?
VƏZİRİN OXŞARI: - Niyə alıb-satmırlar ki? Bəyəm dünyada sözdən qiymətli bir şey var ki, zati-aliləri?..
OXŞAR: - Deyəsən, bundan bir şey çıxacaq. Yaxşı, qoy getsin.
QULLUQÇU: - Çıx, bayırda məni gözlə.

Vəzirin Oxşarı çıxır.

OXŞAR: - Hə, qaldı o biri oxşarlar...
QULLUQÇU: - Əlaqədar adamlara göstəriş vermişəm: tezliklə Sərkərdənin oxşarını da axtarıb tapacaqlar.
OXŞAR: - Sən bunu dəqiq bilirsən?
QULLUQÇU: - Bəli. Artıq bir neçə adamı gözaltı ediblər.
OXŞAR: - Qalır bircə mənim təzə Oxşarım.
QULLUQÇU: - İnşallah, onu da tapacağıq. Bu istiqamətdə də axtarışlar gedir.
OXŞAR: - Yaxşı. Ta məni görmək, qəbuluma düşmək istəyənlər yoxdur ki?
QULLUQÇU: - Hökmdarın oğlu gəlib... öz atasını görmək istəyir... Atasının zindanda olduğunu bilmir.
OXŞAR: - İndi Hökmdar o deyil, mənəm... Deməli, o, mənim övladımdır. Qoy gəlsin.

Qulluqçu qapını açır. Oğul gəlir; o, qeyri-adi, əcaib libasdadır.

OĞUL: - Salam, ata.
OXŞAR: - Buyur, övladım.

Oxşar və Oğul öpüşürlər.

OĞUL: - Ata, sən çoxdandır ki, evə gəlmirsən. Ötən dəfə də söz verdin, amma...
OXŞAR: - Başım mühüm dövlət işlərinə qarışıb, övladım.
OĞUL: - Anam gecələr səhərəcən yatmır. O, sənin yolunu gözləməkdən şam kimi əriyib.
OXŞAR: - Övladım, anana de ki, darıxmasın. Burada işləri yoluna qoyub tezliklə evə gələcəyəm.
OĞUL: - Oldu, ata, mütləq deyərəm.
OXŞAR: - Övladım, bəlkə məndən bir təvəqqən var?
OĞUL: - Bilirsən, ata... Mənim səndən bir ricam olacaq...
OXŞAR: - Buyur, övladım.
OĞUL: - İstəyirəm ki, məmləkətin səmasını mənə bağışlayasan.
OXŞAR: - Nəyi, nəyi bağışlayım? Sən nə istədin?..
OĞUL: - Mən səma istəyirəm, ata.
OXŞAR (diqqətlə onu süzür): - Səma?
QULLUQÇU: - Bəli, o, səmanı istəyir, böyük Hökmdar. Göyü, ulduzları...
OXŞAR: - ...Ayı, Günəşi, eləmi?
OĞUL: - Bəli, bəli, ata.
OXŞAR (fikrə gedir): - Hım-m-m... Məmləkətin ən böyük varidatı onun səmasıdır. Amma bu dünyada mənə ən yaxın, ən doğma adam övladımdır. (Qulluqçuya). Elə deyilmi?
QULLUQÇU: - Bəli, elədir, zati-aliləri. Özü də bu cür övlad hər ataya qismət olmur: ağıllı, düşüncəli, uzaqgörən.
OXŞAR: - Elə buna görə də yeni hazırlanan qanuna belə bir maddə artırmağı təklif edirəm: məmləkətin səması oğluma bağışlansın - Ayı, Günəşi, ulduzları ilə...
QULLUQÇU: - Bu qiymətli göstərişi mütləq nəzərə alarıq, böyük Hökmdar.
OĞUL: - Çox sağ ol, ata. Axşam evdə səni gözləyəcəyik.
OXŞAR: - Arxayın ol, övladım. Anana de ki, mütləq gələcəyəm.
OĞUL: - Di sağ ol, ata. Hələlik!
OXŞAR: - Sağ ol, övladım. (Qulluqçuya). Mənim oğlumu yola sal. Göstər ona öz atasının hədiyyəsini.

Musiqi. Qulluqçu və Oğul gedirlər. Oxşar əlini-əlinə vurub gülür, qəşş edir. Gülə-gülə çıxır. Qulluqçu və az sonra Oxşarın (habelə Hökmdarın) təzə Oxşarı gəlir; OXŞARIN OXŞARI adi mülki geyimdədir. Hiss olunur ki, o, qorxur, çəkinir. Qulluqçu bir əlindəki şəkli, bir də qarşısındakı adamı - Oxşarın oxşarını diqqətlə süzür, onun o üz-bu üzünə keçir. Qulluqçu gülümsəyir. Qorxudan Oxşarın oxşarının dizi əsir, dili topuq vurur.

QULLUQÇU: - Bilirsən, səni buraya nə üçün dəvət etmişəm?
OXŞARIN OXŞARI: - Xeyr. Bil-mirə-əm...
QULLUQÇU: - Sən bizim Hökmdarı tanıyırsan?..
OXŞARIN OXŞARI: - Yox... Tanı-mı-raam...
QULLUQÇU: - Nədir, yoxsa sən Hökmdarı xalqla görüşdə-meydanda da görməmisən?
OXŞARIN OXŞARI: - Yox... Mən uzaq kənddə yaşayıram.
QULLUQÇU: - Deməli, Hökmdarı görməmisən?..
OXŞARIN OXŞARI: - Yox... Amma, anam vaxtilə burada - bu sarayda süpürgəçi işləyib. O, Hökmdarı tanıyırmış.
QULLUQÇU: - Anan hansı Hökmdarın zamanında işləyib burada?
OXŞARIN OXŞARI: - Necə hansı hökmdarın? Neçə Hökmdar olub ki?
QULLUQÇU: - Hım-m-m... Düz deyirsən. Bu Hökmdardan əvvəl də burada elə bu Hökmdar olub, elə ondan əvvəl də... Eh, sən yazıq nə biləsən ki, hökmdarlar ölsələr də yenə sağ qalırlar.
OXŞARIN OXŞARI: - Mən belə şeyləri bilmərəm. Təkcə onu bilirəm ki, evimizdə həmişə Hökmdardan söz düşəndə anam ağlayır.
QULLUQÇU: - Nə üçün?
OXŞARIN OXŞARI: - Görünür saraydakı xoş günləri yadına düşür.
QULLUQÇU: - Yaxşı, əgər biz səni saraya gətirsək anan göz yaşlarını kəsər?
OXŞARIN OXŞARI: - Bilmirəm. Amma anam o günləri deyirdi ki, aradan neçə illər keçsə də Hökmdar yenə əzəlki kimi cavandır.
QULLUQÇU: - O, sənə başqa şeylər deməyib ki?
OXŞARIN OXŞARI: - Düzünü desəm, məni burada öldürməzlər ki?
QULLUQÇU: - Yox... Bəyəm burada adam öldürürlər?
OXŞARIN OXŞARI: - Nə bilim, vallah? Deyirlər saray qorxulu yerdir... Amma... Madam ki, soruşursan, qoy həqiqəti deyim: anamın söylədiyinə görə, guya mən Hökmdara yaman oxşayıram.
QULLUQÇU: - Ay sağ ol! Anan düz deyir. Ana öz övladını heç vaxt aldatmaz. Sən Hökmdara çox oxşayırsan. Elə bil hər ikiniz bir almasınız, yarı bölüblər. İndi mənim sənə bir sualım olacaq: de görüm, heç sənin ürəyindən böyük adam olmaq keçibmi?
OXŞARIN OXŞARI: - Böyük adam?
QULLUQÇU: - Hə də... Məsələn, vergiyığan, cəllad, saray əyyanı, vəzir, yaxud lap elə Hökmdar olmaq?..
OXŞARIN OXŞARI: - Sən zarafat edirsən?.. Yoxsa məni dolayırsan?
QULLUQÇU: - Yox... Nə zarafat, oğlan? Bu, mənim həqiqi sözümdür. Amma mənə diqqətlə qulaq as. Yox... Əvvəlcə de görüm ağzın möhkəmdirmi?
OXŞARIN OXŞARI: - Arxayın ola bilərsən.
QULLUQÇU: - Onda gəl gedək səni bəzi mətləblərdən agah edim...

Gedirlər. Vəzir və Sərkərdə gəlir. Musiqi.

SƏRKƏRDƏ: - Xəbərdən xəbərin var?
VƏZİR: - Yox. Hansı xəbəri deyirsən?
SƏRKƏRDƏ: - Möhtərəm Vəzir, sən bu sarayda ikinci adamsan. Amma...
VƏZİR: - Nə amma?.. De görüm nə olub?..
SƏRKƏRDƏ: - Mənə çatan məlumatlara görə saraya Hökmdarın yeni oxşarı gətirilib .
VƏZİR: - Hökmdarın oxşarı?.. (Gülür). Yox, o təzə olan elə köhnə oxşardır. Sadəcə olaraq indi o, ağıllanıb. Ta özünü Hökmdar hesab etmir.
SƏRKƏRDƏ: - Yox... Söhbət köhnədən yox, təzə Oxşardan gedir. Hətta, deyilənə görə... (Ətrafa boylanır). Deyim, yoxsa deməyim?
VƏZİR: - De, qorxma... (Ətrafa boylanır). Mən də sənə bəzi şeylər deyəcəm.
SƏRKƏRDƏ: - Deyirlər, sənin də oxşarını tapıblar.
VƏZİR: - Mənim?..
SƏRKƏRDƏ: - Bəli, sənin, möhtərəm Vəzir.
VƏZİR: - Hım-m-m. Mötəbər mənbələrdən sızan məlumata görə (ətrafa boylanır), indi məmləkətdə əlimyandı Sərkərdənin oxşarını axtarırlar.
SƏRKƏRDƏ: - Nə-ə-ə? Kimin?!. Mənim?..

Həyəcanlı musiqi.

VƏZİR: - Qışqırma! Sakit ol! Bəli, sənin oxşarını... Deməli, mənim oxşarımı tapıblar. Nə üçün? (Gəzişir. Pauza). Sənin də oxşarını tapacaqlar? Bu, kimə gərəkdir? (Gəzişir. Pauza). Adətən, Hökmdarın bir oxşarı olur, amma ikinci oxşar da tapılıb. Bu, kimə gərəkdir? Bilirsən, məsələ nə yerdədir, əziz Sərkərdə? Bunlar oxşarlarımızı tapmaqla bizi... aradan götürmək istəyirlər.
SƏRKƏRDƏ: - Nə üçün?
VƏZİR: - Çünki Qulluqçunun ürəyindən böyük mənsəb keçir; o, ya Sərkərdə, ya da Vəzir olmaq istəyir.
SƏRKƏRDƏ: - Ola bilməz! Hökmdar buna yol verməz.
VƏZİR: - Hökmdar?.. Hansı Hökmdar?..
SƏRKƏRDƏ: - Ulu rəhbər...
VƏZİR: - Qulaq as... (ətrafa boylanır). O, Hökmdar deyil. Hökmdar zindanda olandır.
SƏRKƏRDƏ: - Sən nə danışırsan?
VƏZİR: - Bəli. Elədir. Əmin ola bilərsən.
SƏRKƏRDƏ: - Deyirəm axı... O yazıq nalə çəkib deyirdi ki, hökmdar mənəm... Elə isə biz onu zindandan azad etməli, hakimiyyətə gətirməliyik.
VƏZİR: - Vallah, axmaqsan, əziz Sərkərdə... Əvvəla, Hökmdar bu gün zindandan azad olunacaq. Amma o, bundan sonra fəaliyyətini Hökmdar kimi yox, Oxşar kimi davam etdirəcək. İkincisi də ki, bundan sonra biz onun hakimiyyətə gəlişi barədə qətiyyən düşünməməliyik!
SƏRKƏRDƏ: - Nə üçün?
VƏZİR: - Axı, onu bizim şahidliyimizlə həbs ediblər. Bildin? Əslində heç onun özü - yəni o zindandakı da əsl Hökmdar deyil. O da əzəlki Hökmdarın oxşarı idi. Biz ona kömək etdik, hakimiyyətə gətirdik. İndi də bu Oxşar köpək oğlu köhnə Hökmdarla birlikdə bizi məhv etmək istəyir. Yəqin ki, elə özünün oxşarını da bu məqsədlə tapdırıb. (Pauza). Onda Hökmdarın fatihəsi tezliklə veriləcək. Zindandakını deyirəm...
SƏRKƏRDƏ: - Sənə bir şey də deyim: mənim aldığım məlumata görə təzə Hökmdarın hələ öz təzə Oxşarından xəbəri yoxdur. Yəni onlar üz-üzə gəlməyiblər.
VƏZİR: - Yəni Oxşar öz oxşarını görməyib?..
SƏRKƏRDƏ: - Bəli, bəli... Düz anlamısan.
VƏZİR: - Bütün bu işlərin baiskarı o Qulluqçudur. Yəqin ki, onun nəsə təzə planı var. Çox ikibaşlı oyun oynayır...
SƏRKƏRDƏ: - Bəs indi biz nə edək? Hökmdarın mühafizəsi çox möhkəmdir. Ordudakı əsgər və zabitlərin çoxu ona ürəkdən inanır. Sui-qəsd mümkün deyil. (Pauza). Bəlkə Qulluqçunu aradan götürək? Belə olarsa plan müvəqqəti də olsa pozula bilər. Amma... Bu da şübhə doğurur.

Musiqi. Qadın gülüşü.

VƏZİR: - Nəsə bir iş görməliyik. Deyəsən gələn var. Aha... Hərəmdir. Hökmdar da yanında...
SƏRKƏRDƏ: - Bəlkə nəfəsini kəsək?..
VƏZİR: - Kimin?.. Hökmdarın?.. Hərəmin?.. Yox... Ehtiyatlı olmaq lazımdır. Bir ora bax... Qulluqçu it oğlu da bunları izləyir. Arxalarınca sülənir. Kənara çəkil... Bəri gəl...

Onlar qaranlığa çəkilirlər. Hökmdar və Hərəm gəlir. Hökmdar adi geyimdə - qırmızı köynəkdədir. Qulluqçu kənardan onları izləyir.

HƏRƏM: - Neçə gündür haradasan? Lap səbrim tükənmişdi. Bu gün də gəlməsən birbaşa saraya gələcəkdim...
HÖKMDAR: - Sən haradan bilirsən ki, mən saraydayam?

Vəzir və Sərkərdənin üzünə işıq düşür.

VƏZİR: - Yəqin bu təzə Oxşardır...
SƏRKƏRDƏ: - Yox, köhnə Oxşara oxşayır - yəni Hökmdara. Onu yəqin zindandan bu gün azad ediblər... Zalım oğlu qurşaq da bağlamayıb...
HƏRƏM: - Bəyəm sən sarayda olmursan?..
HÖKMDAR: - Mən harada istəsəm orada oluram, əzizim. Hər yer mənə saraydır.
VƏZİR: - Bu, yüz faiz Oxşardır.
SƏRKƏRDƏ: - Yox, Oxşarın oxşarıdır.
HƏRƏM: - Amma nədənsə bir az sınıxmısan, arıqlamısan elə bil...
HÖKMDAR: - Tezliklə yenə kökələcəyəm...
VƏZİR: - Yox, deyəsən bu, köhnə Hökmdardır. Axı, o, zindanda arıqlayıb...
SƏRKƏRDƏ: - Bizim köhnə ilə nə işimiz?..
VƏZİR: - Görək bu işin sonu nə olur?..
HƏRƏM: - İndi nə edək, əzizim?..
HÖKMDAR: - Nə edəsiyik ki? Ayrılmaq lazımdır. Mən neçə gün idi ki, əzab içində qovrulurdum. Səbəbini sənə sonra deyərəm. Bu gün ilk dəfədir ki, özümü rahat hiss edirəm. Di sağ ol, əzizim. Gəl bir səni öpüm.

Hökmdar və Hərəm gedirlər. Qulluqçu boylana-boyalana gəlir və qaranlıqda gözdən itir.

SƏRKƏRDƏ: - Gəl, bunun - bu alçaq Qulluqçunun başını əkək...
VƏZİR: - Səbrli ol... Aha... Ora bax... Hərəm yenə qayıtdı... Özü də tək deyil...
SƏRKƏRDƏ: - Yanındakı Hökmdardır...
VƏZİR: - Nədən bilirsən? Bir də ki, hansı Hökmdarı deyirsən - təzəni, ya köhnəni?
SƏRKƏRDƏ: - Təzəyə oxşayır.
VƏZİR: - S-s-s... Sakit ol. Bu yana dur...

Onlar kənara çəkilirlər. Oxşar və Hərəm gəlir. Oxşar bir qədər fərqli geyimdə - qara köynəkdədir.

OXŞAR: - Deyəsən, mənsiz darıxmışdın?..
HƏRƏM: - Darıxmışdın da sözdür?.. Sənsiz mənim nə günüm, nə güzəranım?..
SƏRKƏRDƏ: - Bura bax, görəsən Hərəm bilir ki, o, bir nəfərlə yox, iki nəfərlə görüşür?
VƏZİR: - Qəribə adamsan, əziz Sərkərdə! Əlbəttə, bilir. Niyə bilmir ki? Amma özünü bilməməzliyə qoyur. Bu, hərəmxananın ən hiyləgər və ən gözəl qadınıdır!
CƏRKƏRDƏ: - Bəs indi onun yanındakı kimdir? Hökmdardır, yoxsa?..
VƏZİR: - Nə bilim? Bu it uşağını bir-birindən ayırmaq olur ki?.. Oxşarları deyirəm...
SƏRKƏRDƏ: - Günü-güdən sayları da artır..
HƏRƏM: - Dünənki görüşün ləzzəti heç vaxt mənim yadımdan çıxmayacaq.
OXŞAR: - Elə mənim də...
VƏZİR: - Yəqin bu - Oxşardır.
SƏRKƏRDƏ: - Yox... Bəlkə də Oxşarın oxşarıdır. Bunu aradan götürək?..
VƏZİR: - Qulluqçu indi də bunları izləyir.. Bəlkə elə bizi də güdür... o, bic adamdır...
HƏRƏM: - Yəqin ki, sabah da gələcəksən, əzizim...
OXŞAR: - Ələbbətə, gələcəyəm... Mən hər gün gələcəyəm... Arxayın ol... Gəl səni ötürüm.
HƏRƏM: - Sənə əziyyət olar, əzizim...

Hərəm və Oxşar əl-ələ tutub gedirlər. Qulluqçu görünüb yox olur. Tezliklə Hərəm Oxşarın oxşarı ilə əl-ələ tutub gəlir. Oxşarın oxşarı fərqli geyimdə, ağ köynəkdədir.

VƏZİR: - Hə, bu da sənə üçüncü...
SƏRKƏRDƏ: - Nə üçüncü, möhtərəm Vəzir?.
VƏZİR: - Görmürsən, bu da Hökmdara oxşayır?..
SƏRKƏRDƏ: - Bəlkə elə Hökmdardır?..
VƏZİR: - S-s-s... Sakit ol.
HƏRƏM: - Sən necə güclü və zərif, kobud və incə, çılğın və təmkinli adamsan?..
OXŞARI OXŞARI: - Məni kəndimizdə hamı sevib, əzizləyib.
VƏZİR: - Nə kənd? Bu, heyvərə nə danışır?..
SƏRKƏRDƏ: - Bu, yəqin təzə gələndir: Oxşarın oxşarı...
HƏRƏM - Əzizim, sən kəndə getmişdin?..
OXŞARIN OXŞARI: - Öhö... Öhö.. Hə... Çatdım.. Bəli... Kəndə - meşəyə getmişdim. Ova...
HƏRƏM: - Sənin ən qiymətli ovun mənəm...
VƏZİR: - Yox, bu deyəsən Hökmdarın oxşarıdır: köhnə Oxşarı deyirəm.
SƏRKƏRDƏ: - Bəlkə də Hökmdarın özüdür?
VƏZİR: - Hökmdar zindandan bu gün azad olunub, Nə ov-nə filan?..
OXŞARIN OXŞARI: - Sizin hərəmxanada neçə Hərəm var?..
HƏRƏM (Gülür): - Bilmirəm. Mən orada özümdən başqa heç kəsi görmürəm.
OXŞARIN OXŞARI: - Axı, qulluqçu deyir ki, orada qadınlar çoxdur...
HƏRƏM: - Bəs sarayda hökmdarlar çoxdur? (Gülür).
OXŞARIN OXŞARI: - Hə?.. Bilmirəm. Amma onu bilirəm ki, tezliklə mən tək olacağam...
HƏRƏM: - Sən həmişə təksən!
OXŞARIN OXŞARI: - Lap sənin kimi...
HƏRƏM: - Gəl səni ötürüm...
OXŞARIN OXŞARI: - Hə, gəl gedək.

Oxşarın oxşarı və Hərəm əl-ələ tutub gedirlər.

VƏZİR : - Bu, təzə Oxşardır. Bu ayı oğlu ayını hansı meşədən tutub gətiriblər?
SƏRKƏRDƏ: - Qorxuram bu ayı bizi parçalasın...
VƏZİR: - Bəri dur. Qulluqçu gəlir.
SƏRKƏRDƏ: - Deyəsən yanındakı Hökmdardır...
VƏZİR: - Nə Hökmdar, canım? Bayaqkı ayıdır... Gəl gedək. Birdən bizi görərlər.

Vəzir və Sərkərdə gedirlər. Qulluqçu və Oxşarın oxşarı gəlirlər.

QULLUQÇU: - Axmaq adam, sənə o boyda vəzifə tapşırılıb. Amma özünü idarə edə bilmirsən.
OXŞARIN OXŞARI: - Vallah, hərdən bir Hökmdarın oxşarı olduğum yadımdan çıxır.
QULLUQÇU: - Bir an da olsun yadından çıxarma ki, sən Hökmdarsan! Oldu?..
OXŞARIN OXŞARI: - Baş üstə!
QULLUQÇU: - Axı, mən sənə hər şeyi izah etdim. Tezliklə Vəzir aradan götürülür. Artıq onun oxşarı ilə xeyli işləmişik. Bu yaxınlarda Sərkərdənin oxşarını da tapmışıq. Deməli, Sərkərdəni də o dünyaya göndərmək lazımdır. Sonra növbə kimindir? (Pauza). Niyə susursan? Deyəsən, qorxursan? Qorxma. Artıq qorxudan keçib. Biz ləngisək başqaları irəli düşəcək. Hə, niyə dillənmirsən? Eşit və bil: sonra növbə Hökmdara çatır. Yəni sənin oxşarına. Yəni hakimiyyəti qəsb edib özünü Hökmdar elan edən dələduza, fırıldaqçıya. Onu aradan götürüb səni Hökmdar elan edəcəyik. Sənə isə təzə oxşar tapacağıq! Möhkəm dur!.. Gözünü niyə döyürsən, axmaq adam?!. Sən tezliklə Hökmdar olacaqsan!..
OXŞARIN OXŞARI: - Anladım! Aydındır!
QULLUQÇU: - Hə... Lap yaxşı. İndi şairlər gələcək. Onları sən qəbul edəcəksən... Bilirsən şair nədir?..
OXŞARIN OXŞARI: - Əlbəttə, bilirəm. Bizim qonşuluğumuzda öz-özünə danışan birisi vardı, ona şair deyirdilər.
QULLUQÇU: - Ay sağ ol... Amma bunlar həm öz-özlərinə, həm də başqaları ilə danışırlar. O şairlərdən birini neçə il əvvəl zindana atmışdıq. Dikbaşlığına görə. İndi deyəsən bir az ağıllanıb, yumşalıb. Saç-saqqalı da ağarıb. Ona görə günahından keçmişik. O birisi qoca, yaltaq bir şairdi. Hər gün Hökmdara bir mədhiyyə yazıb əvəzində bir “sağ ol” alır. Bax sən indi onları qəbul edəcəksən. Amma, çox danışma. Dinlə və təsdiq et. (Qapıya sarı). Şairlər gəlsinlər!

GƏNC ŞAİR və QOCA ŞAİR gəlib təzim edirlər. Gənc şair xeyli qocalıb, saqqalı ağarıb, Qoca şair isə xeyli gəncləşib.

GƏNC ŞAİR: - Hökmdar, gəlmişəm hüzuruna mən,
İzn ver, qoy öpüm sənin əlindən.
OXŞARIN OXŞARI (əlini irəli uzadır):
- Əlimdən? Əllərim kobuddur bir az...
QULLUQÇU (əsəbi halda qaş-göz eləyir):
- Zatən zarafatsız keçinmək olmaz...
QOCA ŞAİR: - Bilirəm, sadədir bizim Hökmdar,
Onun dünya boyda adı-sanı var.
OXŞARIN OXŞARI: - Mənim şairlərə hörmətim çoxdur...
Hələlik verməyə nəmərim yoxdur.

Qulluqçu başını əsəbi halda yırğalayaraq yaxınlaşıb Oxşarın oxşarının qulağına nəsə deyir. Oxşarın oxşarı başını yellədə-yellədə çıxır.

QULLUQÇU: - Hökmdar gecələr yaman az yatır,
Yuxusu pozulub hərdən həb atır.
QOCA ŞAİR: - Onun ağrıları qoy bizə gəlsin.
GƏNC ŞAİR: - Bəlkə çıxıb gedək, rəhbər dincəlsin.
QULLUQÇU: - Yox, yox, darıxmayın gələcək indi.
GƏNC ŞAİR: - Hökmdar olmaq da indi çətindi.

Hökmdar gəlir. Hamı yenə təzim edir.

HÖKMDAR: - Sizi görməyimə çox məmnunam mən.
(Gənc şairə).
Deyəsən saqqalı ağartmısan sən.
QOCA ŞAİR: - Bəli, o, zindana düşəndən bəri
Qovub öz şerindən qəmi, kədəri.
GƏNC ŞAİR: - Sarayda bulunan azad bir quşam,
İndi mən optimist şair olmuşam.
QULLUQÇU: - Yəqin Hökmdarın çox azdı vaxtı.
HÖKMDAR: - Tərk edən deyiləm bu tacı-taxtı.
Şairlər, sözümü çatdırın elə,
Hökmdar taxtından düşməyib hələ.

Şairlər təəccüb və həyəcanla Hökmdarı süzürlər. Qulluqçu yaxınlaşıb Hökmdarın qulağına nəsə pıçıldayır. Hökmdar narazı halda başını bulaya-bulaya çıxır.

QOCA ŞAİR: - Bəyəm kim istəyir bu tacı-taxtı?..
QULLUQÇU: - Yox, yox... Dərmanının çatıbdı vaxtı.
QOCA ŞAİR: - Görünür qayğısı, iş-gücü çoxdu...
GƏNC ŞAİR: - Bizim Hökmdardan dünyada yoxdu.

Oxşar gəlir. Hamı təzim edir.

OXŞAR: - Necədir işlərin, qocaman şair?
Varmı bir təvəqqən bizlərə dair?
QOCA ŞAİR: - Sənə, ulu rəhbər, böyük Hökmdar,
Bütün məmləkətin salamları var.
OXŞAR: - Lap yaxşı! Gənc şair, bəs sən necəsən?
GƏNC ŞAİR: - Zindandan salamlar gətirmişəm mən.
OXŞAR: - Necədir, xoşuna gəlirmi zindan?
GƏNC ŞAİR: - Ora zindan deyil, saraydır, inan...
OXŞAR (Qulluqçuya):
- Tez olun, qandala salın qolunu,
Təzədən zindana aparın bunu...

Gənc şair diz üstə çökür.

GƏNC ŞAİR: - Mənə rəhm eləyin, böyük Hökmdar...
HÖKMDAR: - Saraydan pis deyil, dedin oralar...
QULLUQÇU: - Gəl, sən az baş apar... Zindan şairi!
Çoxları gözaltı edib o yeri,
O zindan hamıya olmayır qismət.
QOCA ŞAİR: - Taleyinə bu cür yazılıb, əlbət.

Qulluqçu Gənc şairin qolundan tutub bayıra itələyir. Gənc şair qışqırır.

QOCA ŞAİR: - Mənə bir əmriniz, ey ulu rəhbər?..
OXŞAR: - Xoş getdin... Növbəti görüşə qədər.

Qoca şair gedir.

QULLUQÇU: - Yaxşı qərar çıxartdın. O Gənc şairin yeri elə zindandır.
OXŞAR: - Yaxşı, bəs bu görüşdə oxşarlar özünü necə apardı?
QULLUQÇU: - Çox pis.
OXŞAR: - Belə edirik: təzə Oxşar hələlik sarayda qalır, köhnəni göndəririk döyüşə.
QULLUQÇU: - Döyüşə?..
OXŞAR: - Bəli, döyüşə!.. Bizim kəndimizdə axmaq bir tayfa var. Köhnə oxşarımla sərkərdə qoşun hissəsinin qabağında hücuma keçirlər o tayfanın üzərinə. Əgər qələbə ilə qayıtsalar... məsələni burada həll edirik. Əgər döyüşdə ölsələr, onları qəhrəman kimi dəfn edirik. Oldu?..
QULLUQÇU: - Oldu! Baş üstə!
OXŞAR: - İndi isə mən kütlə qarşısına çıxmalıyam.
QULLUQÇU: - İzdiham sizi gözləyir.

Qulluqçu gedir. İzdihamın səsi. Təntənəli musiqi sədası. Hökmdarın şəninə deyilən şüarlar: “Yaşasın!”, “Yaşasın!”. Oxşar kürsüyə qalxıb izdihama əl edir. Sonra Oxşar kürsüdən enib gedir. Vəzir və Sərkərdənin oxşarı (mülki geyimdə) gəlirlər.

SƏRKƏRDƏNİN OXŞARI: - Sən kimsən?..
VƏZİR:- Zarafat edirsən?..
SƏRKƏRDƏNİN OXŞARI: - Zarafat deyəndə ki... Mən... Mən...
VƏZİR: - Qəribədir. Axı, sən döyüşə yola düşmüşdün.
SƏRKƏRDƏNİN OXŞARI: - Nə döyüş? Mən hələlik burada təzə adamam... Amma tezliklə sərkərdə olacağam. (Əlini qılınc kimi yellədir). Qarşıda məni böyük döyüşlər gözləyir.
VƏZİR: - Aha, anladım. Deməli sən... Sən Sərkərdənin oxşarısan... Deməli, deyilənlər doğru imiş...
SƏRKƏRDƏNİN OXŞARI: - Doğru olan nədir? Anlamadım...

Vəzir əbasının altından qılıncı çıxarıb Sərkərdənin oxşarının üstünə yeriyir. Qulluqçu qaranlıqdan çıxıb arxadan Vəzirin kürəyinə xəncərlə vurur. Vəzir yıxılır.

VƏZİR: - Ax, alçaq adam... Unutma ki, səni də bu cür aqibət gözləyir.
SƏRKƏRDƏNİN OXŞARI: - Bu, kim idi?..
QULLUQÇU: - Vəzirimizdir. Axı, mən sənə demişdim ki, ehtiyatlı ol. Bir az geciksəydim o, sənin işini bitirmişdi.
SƏRKƏRDƏNİN OXŞARI: - Bəs indi necə olacaq? Saray Vəzirsiz qalacaq?
QULLUQÇU: - Yox... Artıq onun oxşarı hazırdır.
VƏZİR: - Ax-x... Xainlər... Alçaqlar. (Ölür).
QULLUQÇU: - Bunun meyitini sürü çaya at.
SƏRKƏRDƏNİN OXŞARI: - Baş üstə.

Sərkərdənin oxşarı Vəzirin meyitini sürüyə-sürüyə çıxır. Təntənəli musiqi. Hökmdar gəlir. Onun bir gözü sarğılıdır.

HÖKMDAR: - Hə, bu sənsən?.. Unutma ki, mən yenə Hökmdaram.
QULLUQÇU: - Mən sənin Hökmdar olduğuna şübhə etmirəm.
HÖKMDAR: - Sən çətin anda mənə xəyanət etdin.
QULLUQÇU: - Bəs sən özün necə? Guya öz vədinə əməl elədin?.. Yox!.. Sən məni Vəzir təyin etməli idin. Amma... etmədin.
HÖKMDAR: - Sən səbr etməli idin. Fəqət gözləmədin. Tələsdin. Bəs nəticə necə oldu? Siz birləşib məni zindana atdınız. Siz məni məcbur edib yalançı Hökmdarın oxşarı kimi döyüşə göndərdiniz. Yəqin gözləyirdiniz ki, mən döyüşdən qayıtmayacağam. Fəqət mən qələbə ilə qayıtmışam.
QULLUQÇU: - Bəs gözünə nə olub?
HÖKMDAR: - Mən gözümün birini itirdim. Düşmən gülləsinə tuş oldum.
QULLUQÇU: - Gözünü itirdin, amma özün sağ qalmısan.
HÖKMDAR: - Elədir. Hələ buna da şükür.
QULLUQÇU: - Sən tək gözlə Oxşar olmaq istəyirsən?
HÖKMDAR: - Nə?.. Oxşar?.. (Qışqırır). Xeyr! Mən Hökmdaram! Mən hakimiyyəti mənimsəyən o alçağı taxtdan salacağam. Uzaq başı onu sarayda yenə adi bir Oxşar kimi saxlaya bilərəm.
QULLUQÇU: - Onda gərək onun da bir gözü tökülə.
HÖKMDAR: - Mən onun gözünü tökərəm! Hər ikimiz olarıq təkgöz...
QULLUQÇU: - Bu, çətin məsələdir. Sən gecikmisən!
HÖKMDAR: - Sənsən günahkar! Sən! Sən! Mən indi səni qılıncdan keçirərəm.

Hökmdar Qulluqçunun üstünə hücum çəkmək istəyir. Qulluqçu dalı-dalı çəkilir. Sərkərdənin Oxşarı gəlir.

SƏRKƏRDƏNİN OXŞARI: - Nədir? Nə olub!.. (Hökmdara sarı boylanır). Sən kimsən belə?..
HÖKMDAR: - Nədir, tanımadın məni? Üzümə niyə elə baxırsan?.. (Geri çəkilir). Dayan... Yoxsa sən... sən Sərkərdənin oxşarısan?.. (Qaçır).
SƏRKƏRDƏNİN OXŞARI: - A-a-a... Bu, qaçdı ki...
QULLUQÇU: - Sən onu niyə vurmadın, alçaq?..
SƏRKƏRDƏNİN OXŞARI: - Mən nə bilim ki, onu öldürmək lazımdır?
QULLUQÇU: - Yaxşı... Bir az gözləyək... Vaxt yetişəndə sənə deyərəm.

Musiqi. Oxşar gəlir.

OXŞAR: - Deyəsən, ordu hissəsi geri qayıdıb?
QULLUQÇU: - Bəli, böyük Hökmdar. Ordu gəlib.
OXŞAR: - Amma deyilənə görə mənim Oxşarım gözünün birini döyüşdə itirib.
QULLUQÇU: - Bəli, elədir. O, bayaq burada idi. Gözünün biri də sarğılı idi.
OXŞAR: - Mənə kor Oxşar lazım deyil! Yoxsa o, elə bilir ki, mən də ona oxşamaq üçün gözümün birini çıxartdıracağam?.. Xeyr! Onun başını əkmək lazımdır. Onsuz da mənim öz təzə Oxşarım var. (Sərkərdənin oxşarına). Bura bax: sən Sərkərdənin qardaşı deyilsən ki?..
SƏRKƏRDƏNİN OXŞARI: - Yox, yox... Zati-aliləri. Mənim yerli-dibli qardaşım olmayıb.
OXŞAR: - Bayaq Sərkərdə yanımda idi.
QULLUQÇU: - Biz onun barəsində tezliklə ölçü götürərik.
OXŞAR: - Xub. Bəs Vəzir hanı?
QULLUQÇU: - Məncə o, çevriliş planı hazırlayır.
OXŞAR: - Eləsə onun barəsində də ölçü götürməyin vaxtı çatıb.
SƏRKƏRDƏNİN OXŞARI: - Artıq onun ölçüsü götürülüb!
OXŞAR: - Hə... Bu, başqa məsələ... Xub... Mən gedirəm dincəlməyə. Təzə oxşara deyin ki, şəhərə çıxsın. Qoy hamı görsün ki, mən xalqın arasındayam. Axı, Hökmdar sadə olmalıdır. Xalqla bir nəfəs almalıdır.
QULLUQÇU (Sərkərdənin oxşarına): - Sən böyük Hökmdarı müşayiət elə!..
SƏRKƏRDƏNİN OXŞARI: - Oldu! Baş üstə!

Oxşar və Sərkərdənin oxşarı gedirlər. Oxşarın oxşarı gəlir.

QULLUQÇU: - Hə... İşlər necədir?..
OXŞARIN OXŞARI: - Hər şey əladır... Mən get-gedə sarayın cik-bikinə bələd oluram.
QULLUQÇU - Zaman bizim xeyrimizə işləyir.
OXŞARIN OXŞARI: - Elə bu cür də olmalıdır...
QULLUQÇU: - Sakit ol! Ayaq səsi gəlir.
OXŞARIN OXŞARI: - Gizlənək?..
QULLUQÇU: - Hə, sən kənara çəkil. Deyəsən Sərkərdədir gələn...

Oxşarın oxşarı kənara çəkilir. Musiqi. Sərkərdə gəlir.

SƏRKƏRDƏ: - Biz döyüşdən qələbə ilə qayıtmışıq. Yəqin ki, bu axşam Hökmdar bizim şərəfimizə ziyafət verəcək.
QULLUQÇU: - Yəqin ki...
SƏRKƏRDƏ: - Amma sən gec-tez qanun qarşısında cavab verməli olacaqsan.
QULLUQÇU: - Mən?.. Mən nə üçün?..
SƏRKƏRDƏ: - Çünki sən əlli cəbhəyə işləyirsən. Elə bilirsən ki, əməllərindən bixəbərik?!.
QULLUQÇU: - Cəfəng şeylər danışırsan, əziz Sərkərdə.
SƏRKƏRDƏ: - Kim?.. Mən, yoxsa sən?.. Sənin başını üzərəm, şeytan!

Sərkərdə qılıncı çəkib Qulluqçunun üstünə yeriyir. Oxşarın oxşarı qaranlıqdan çıxır.

OXŞARIN OXŞARI: - Dayan! Əl saxla!..
SƏRKƏRDƏ: - Bu, kimdir?.. Ay aman! Ulu rəhbər, bu, sənsən!.. (Qılıncı yerə atır). Bağışla! (Qulluqçuya). Qurban olasan ulu rəhbərə.
QULLUQÇU (Oxşarın oxşarına): - Gözünü niyə döyürsən?!. Kimi gözləyirsən?.. Qılıncı götür, endir bunun başına!

Oxşarın oxşarı qılıncı yerdən götürüb Sərkərdəni vurur.

SƏRKƏRDƏ: - Ah-a-a... Deməli bu əclaf Oxşarın oxşarı imiş... Siz bu xəyanətə görə cavab verəcəksiniz... Ah-h... Öldüm. (Ölür).
QULLUQÇU: - Mən bunun meyitini sürüyüb aparım, sən buralarda ol.
OXŞARIN OXŞARI: - Oldu! Baş üstə.

Qulluqçu Sərkərdənin meyitini sürüyüb aparır. Həyəcanlı musiqi sədası. Vəzirin oxşarı gəlir.

VƏZİRİN OXŞARI: - Ey, sən kimsən?.. O-o-o... Bağışla, zati-aliləri.
OXŞARIN OXŞARI: - Belə zənn edirəm ki, sən xortlamamısan...
VƏZİRİN OXŞARI: - Qətiyyən yox, zati-aliləri. Mən hələlik ölməmişəm.
OXŞARIN OXŞARI: - Deməli, sən Vəzirin özü yox, onun oxşarısan?..
VƏZİRİN OXŞARI: - Tamamilə düz buyurursan, zati-aliləri.
OXŞARIN OXŞARI: - Sən əminsən ki, mən zati-alilərin özüyəm?..
VƏZİRİN OXŞARI: - Sən bu gün zati-alilərinin kölgəsisən, amma sabah... sabahınsa öz hökmü var.
OXŞARIN OXŞARI: - Sən uzaqgörən Vəzir olacaqsan.
VƏZİRİN OXŞARI: - Əlbəttə... Əgər buna imkan versələr...
OXŞARIN OXŞARI: - İmkan versələr?.. Sən kimi nəzərdə tutursan?
VƏZİRİN OXŞARI: - Elə sənin nəzərdə tutduğun adamı, zati-aliləri.
OXŞARIN OXŞARI: - Kimdir o adam?..
VƏZİRİN OXŞARI: - Deyim?.. Yaxşı, qoy deyim kimdir o adam: Qulluqçu.
OXŞARIN OXŞARI: - Düz tapmısan, təzə Vəzir! Mənim ağlıma qəribə bir fikir gəlib... (Pauza). Yəqin bilirsən ki, indi sarayda yüksək vəzifə tutanların çoxu oxşarlardır. Elə sən də, mən də, sərkərdə də...
VƏZİRİN OXŞARI: - Bilirəm.
OXŞARIN OXŞARI: - Bəs görəsən Qulluqçunun da oxşarını tapa bilərikmi?.. (Ətrafa boylanır). Axı, o, indi qarşımızda keçilməz kötükdür...
VƏZİRİN OXŞARI (gülür): - Xa-xa-xa... Sən lap mənim ürəyimi oxudun ki! Qulluqçunun oxşarı məndə. Özü də elə bu saat, bu dəqiqə...
OXŞARIN OXŞARI: - Doğrudan? Hanı?..
VƏZİRİN OXŞARI: - Onu özümlə gətirmişəm. (Kənara). Ehey-y-y... Haradasan?.. Bir bəri gəl görüm!

Qulluqçunun oxşarı mülki geyimdə gəlir.

OXŞARIN OXŞARI: - Hə, bu lap Qulluqçunun özüdür ki!.. (Qulluqçunun oxşarına). Sən tanıyırsan öz oxşarını?..
QULLUQÇUNUN OXŞARI: - Bəli. Uzaqdan göstəriblər.
OXŞARIN OXŞARI (Vəzirin oxşarına): - Sən məsələni buna izah et. Mən Hökmdarla görüşməliyəm.
VƏZİRİN OXŞARI: - Sənə yaxşı yol.

Oxşarın oxşarı gedir.

QULLUQÇUNUN OXŞARI: - İndi mənə izah edin görüm, vəzifəm nədən ibarətdir?
VƏZİRİN OXŞARI: - Sənə çox sadə bir tapşırıq verilir: öz oxşarını aradan götürməlisən.
QULLUQÇUNUN OXŞARI: - Onu gizlədim?..
VƏZİRİN OXŞARI: - Yox... Gizlətmək nə üçün?..
QULLUQÇUNUN OXŞARI: - Zindana salım?
VƏZİRİN OXŞARI: - Ay gic, sən onu öldürməlisən, vəssalam!
QULLUQÇUNUN OXŞARI: - Elə bu?.. Vəssalam?..
VƏZİRİN OXŞARI: - Bəli! Elə bu! Vəssalam!
QULLUQÇUNUN OXŞARI: - Bu, mənim əlimdə su içimi kim bir şeydir.
VƏZİRİN OXŞARI: - Onda vaxt itirmə. Get yaraqlan! Silah götür!
QULLUQÇUNUN OXŞARI: - Oldu!

Qulluqçunun oxşarı gedir. Həyəcanlı musiqi sədası. Sonra qılınc şaqqıltısı və nəhayət, Hökmdarın və sonra Oxşarın naləsi eşidilir: “Kömək edin!” “Ay aman, məni öldürürlər”.
Vəzirin oxşarı qorxu və həyəcan içində vurnuxur, var-gəl edir. Qulluqçu qaça-qaça gəlir.

QULLUQÇU: - Nə olub?.. Kimdir qışqıran?
VƏZİRİN OXŞARI: - Hə, kimsə kömək diləyirdi.
QULLUQÇU: - Məncə Hökmdarla Oxşarın səsi idi...

Oxşarın oxşarı əlində qılınc, çiynində iki qurşaq (ağ və yaşıl) gəlir.

OXŞARIN OXŞARI: - Mən Hökmdarın qəbuluna gedəndə gördüm ki, onun yanında başqa bir adam da var. Daha doğrusu, oradakıların hər ikisi eyni adam idi. Yəni orada iki Hökmdar vardı. İkisi də mənə oxşayırdı. Deməli, mənimlə oldu üç hökmdar. Doğrusu, mən onlardan hansının əsl Hökmdar olduğunu dəqiqləşdirə bilmədim. Onlar mübahisə edirdilər: biri deyirdi əsl Hökmdar mənəm, o biri deyirdi, yox, mənəm əsl hökmdar. Birdən qılınca əl atdılar. Belində yaşıl qurşaq olan ağ qurşaqlını qılıncdan keçirib mənə hücum etdi. Mən də qılıncı qapıb onun ürəyinə sancdım. Budur, bu da onların qurşaqları!
QULLUQÇU: - Sənə kim ixtiyar verib ki, burada öz istədiyini edəsən, alçaq?
OXŞARIN OXŞARI: - İndi sarayda ixtiyar sahibi mən özüməm!
QULLUQÇU: - Nə?.. Mən sənə göstərərəm indi...
OXŞARIN OXŞARI: - Kim? Sən? Ha-ha-ha!..

Oxşarın oxşarı və Qulluqçu qılıncları sıyırıb bir-birinin üstünə hücum çəkirlər. Oxşarın oxşarı qurşaqları kənara atıb Qulluqçunu qovur. Onlar qılınclarını toqquşduraraq səhnədən çıxırlar. Vəzirin oxşarı yerdən qurşaqları götürüb diqqətlə baxır. Qulluqçunun oxşarı və Sərkərdənin oxşarı (mülki geyimdə) əlində qılınc qaça-qaça gəlirlər.

QULLUQÇUNUN OXŞARI: - Onlar hara getdilər? Hanı təzə Hökmdar? Qulluqçu hanı?
VƏZİRİN OXŞARI: - Döyüşə-döyüşə o tərəfə getdilər.
SƏRKƏRDƏNİN OXŞARI: - Vaxt itirmək olmaz! Getdik!

Qulluqçunun oxşarı və Sərkərdənin oxşarı çaparaq gedirlər. Səhnənin arxasından Qulluqçunun qışqırıq səsi eşidilir: “Ah-h-h... Ay aman! Alçaqlar! Xainlər!” Qulluqçunun oxşarı, Oxşarın oxşarı və Sərkərdənin oxşarı əllərində qılınc gəlirlər. Vəzirin oxşarı Oxşarın oxşarına yaxınlaşır.

VƏZİRİN OXŞARI: - Deyəsən, hər şey yaxşı qurtardı.
QULLUQÇUNUN OXŞARI: - Qulluqçu da cəhənnəmə belə vasil oldu!
OXŞARIN OXŞARI: - İndi hakimiyyətdə bizik!

Musiqi. Vəzirin oxşarı yaşıl qurşağı Oxşarın oxşarının belinə bağlayır. Sonra Sərkərdənin oxşarı ağ qurşağı Vəzirin oxşarının belinə bağlayır. Qulluqçunun oxşarı isə səhnədən sürətlə çıxıb haradansa tapıb gətirdiyi hərbi mundiri Sərkərdənin oxşarının çiyninə atır.

OXŞARIN OXŞARI: - Mən belə başa düşürəm ki, innən sonra biz hakimiyyəti oxşarsız belə idarə edə bilərik.
VƏZİRİN OXŞARI: - Tamamilə doğrudur.
HAMI: - Bəli! Elədir! Doğrudur!
OXŞARIN OXŞARI: - İndi isə saray əhlini meydana toplayın!.. Bu gün məmləkətdə bayramdır!

Təntənəli musiqi. Oxşarın oxşarı taxtda əyləşir. Bütün saray əhli - Hərəm, Oğul, şairlər, əsgərlər, rəqqasələr gəlirlər. Hamı gülür, sevinir, şənlənir. Sonra məşhur türk mahnısı - “Padişah” səslənir.
Hamı əl-ələ tutur. Rəqs.


PƏRDƏ

SON


11 dəfə oxundu

Axtarış