Papaq...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:18:27


Papaq...
(hekayə)

Bozdar həyətdəki tut ağacinin altında, başını pəncələri arasına qoyaraq yatmışdı. Birdən, aralıda nə isə gumbuldadı. O, ömründə belə gurultu eşidmədiyindən bərk qorxdu. Yerindən qalxıb tövlənin böyüründəki damına cumdu. Elə təzəcə toxtamışdı ki, bayaqkı gurultu yenidən eşidildi. Bu dəfə lap yaxınlıqdan, onun bir az bundan qabaq uzandiğı tut ağacının altında nə isə partladı. Bu səs Bozdarın eşitdiyi səslərə bənzəmirdi. Çünki gurultu qopan kimi, yer-göy lərzəyə gəldi və tut ağacının qol-budağı qırılıb yerə töküldü. Elə bu vaxt onun sahibi arvad-uşağı ilə birlikdə həyətə tökülüşdülər. Onlar harasa qaçırdılar.
Bozdar heç vaxt belə qarma-qarışıqlıq görməmişdi, aləm dəymişdi bir-birinə. Onun həmcinslərindən də, bu tozanaqda ora-bura vurxunanlar vardı. Onlar da, Bozdar kimi bu işə mat qalmışdılar. Hər tərəf od-alov içərisindəydi, tüstüdən nəfəs almaq olmurdu. Bozdar kəndaşağı qacırdı. Ətrafda təkəmseyrək adamlar gözə dəyirdilər. Birdən itin burnuna tanış qoxu gəldi. O, burnunu yerə diküb sümsündü. Sonra quyruğunu bulaya-bulaya irəli cumdu. Beş-on addım aralıda, sahibinin yerə düşüb qalmış papağını gördü. O, yaxınlaşıb papağı iylədi. Papaq sahibinki idi. Yerə çönbəlib bir xeyli gözlədi. Sahibi gözə dəymirdi. Gurultu səsləri də artıq kəsilmişdi. Amma hər tərəf qap-qara tüstü dumanına bürünmüşdü.
Gözləməkdən səbri daralan Bozdar, sahibinin papağını dişləri arasına alıb evə tərəf götürüldü. Həyətə girib papağı yerə qoydu. Sonra üzünü evə tərəf tutub bir-iki ağız hürdü. Amma nə çölə çıxan oldu, nə də ki, bir səs-səmir eşidildi. Arada belə hallar olurdu, bir də görərdin sahibi külfətini də götürüb harasa gedərdi. Onda da günortaya, ya da uzaqbaşı axşama qayıdıb gələrdilər.
Bozdarın günörta yeməyinin vaxtı çatdığından yaman acmişdı. Hər gün bu vaxtlar sahibinin arvadı süfrədən qalan artıq-urtuğu gətirib tut ağaçının altlndakı yalağa tökər və uca səslə bir-iki dəfə: - “Bozdar!...” “Bozdar!...” - deyə çağırardı. O da harda olsa, bu səsi eşidən kimi evə çumar və yalaqdakı sür-sümüyü əng dişləri arasına alıb, şaqqıldada-şaqqıldada gəmirərdi. Arada da, ətrafında hərlənən və yeməyinə şərik çıxmaq istəyən toyuq-çüçənin üstünə mırıldanardı.
Vaxt ötdükçə Bozdarın hövsələsi daraldığından gəlib evin kandarında dayandı və bir-iki ağız bərkdən hürdü. Yenə də çölə çıxan olmadı. Bərk acdığından ağzının suyunu saxlaya bilmirdi. Uzun qırmızı dilindən və cəhənglərinin ətrafından selikli maye axırdı. O, ara vermədən hürürdü. Elə bu vaxt həyətdə yad adamlar göründülər. Onların boğuq və qəribə danışıqlarından Bozdar bir şey anlamayaraq, gözlərini qiyaraq, hürkək baxışlarla onları süzdü. Yad adamlar itə məhəl qoymadan evə soxulmaq isdədilər. Bozdar gələnlərin bu özbaşınalıqlarına dözə bilməyib, onların üstünə çumdu.
İtin cumdugunu görüb, onlardan biri çiynindəki uzunsov dəmir parçasını aşırıb, iti nişan aldı. Həmin andaca gurultu qopdu. həmin uzunsof dəmir parçasından qopan nə idisə, Bozdarın qabaq pəncəsini parcaladı. İt bərkdən zingildəyərək, yaxınlıqdakı çəpərin üstündən qonşu həyətə tullandı. Onun yarasından qan axırdı.
Yad adamlar yenə də evə girmək istəyəndə, Bozdar bu dəfə çəpərin altındakı oyuqdan sivişib həyətə kecdi və onlardan birinin üstünə atıldı. Həmin adam bağıraraq geri cəkildi. Yad adamın bağırtısı iti qorxuya saldığından, o da yerindən götürülüb, evin böyürünə keçdi və oradan “çağırılmamış qonaqların” üstünə mırıldamağa başladı.
Adamlar nə fikirləşdilərsə, qonşu həyətə adladılar. Onlardan biri həyətin ortasında düşüb qalmış papağa bir təpik ilişdirdi. Papaq çəpərin üstünə düşüb qaldı. Bozdar tez evin böyüründən çıxıb, çəpərə tərəf çumdu və sahibinin papağını dişləri arasına alıb həyətə gətirdi. Onu yerə qoyub yanında uzandı. Bozdarın yarasından qan dayanmadan axırdı. Onun ağrıları get-gedə şiddətlənirdi. İt uzun dili ilə yarasını yalamağa başladı.
Axşam düşürdü. Bozdarın yarası onu bərk incidirdi. O, olub-kecənlərdən heç nə anlamayaraq, başını pənçələri arasına qoyub mürgülədi. Sahibinin evdən getməsi, yad adamların həyətə doluşub, öz bildiklərini etməsi iti təəccübləndirirdi. – “ Bu nə olan işdir?!” - deyə o, zəifcə zingildəyirdi.
Bir azdan bayaqkı yad adamlar yenə də göründülər. Bozdar, artıq onlardan çəkinirdi. O, yerindən qalxaraq sahibinin papağını da dişlərinə alıb, axsaya-axsaya evin arxasına keçdi.
Yad adamlar burunlarını hara gəldi soxub, nə isə axtarırdılar. Onlardan ikisi evin dəhlizinin qapısını açmağa çalışırdı. Qapı bağlı olduğundan yad adamlar qapını sındıraraq içəri keçdilər. Bütün bunlar Bozdarın gözləri qarşısında baş verdiyindən, onu dəhşət bürüyürdü. – “ Axı, bunlar kimdilər? Niyə görə evin sahibi evdə olmaya-olmaya qapını sındırırlar?” Gördükləri Bozdarı az qalırdı ki, quduz etsin. O, sahibini qınadı. – “Axı, niyə sahibim ev-eşiyini qoyub qaçdı? - Əgər o, burda olsaydı, bunlar belə etməzdilər, axı”. Bozdar baş verənlərə dözə bilmirdi. Yarası onu bərk inçitsə də, birtəhər özünü qapıdan içəri soxub, bir-iki ağız hürdü.
Yad adamlar təhlükə hiss etdiklərindən, özlərini həyətə atdılar. İt hürküb, bir neçə addım kənara qacdı. Adamlardan biri yenə də çiynindəki silahı alıb itə atəş acdı. Bu dəfə güllələr Bozdarın qulaqlarının dibindən vıyıltı salaraq ötüb keçdi.
Yad adamlar da itdən ehtiyatlanırdılar. Onlar yan-yörələrinə baxa-baxa evə girməyə çalışırdılar. Bir tərəfdən yarasının ağrısı, o biri tərəfdən də aclıq Bozdarı üzüb əldən salmışdı. Amma o, bu ağrılara dözərək sahibinin papağını və ev-eşiyini bir anlıq da olsun gözdən qoymurdu. İt səhərə qədər ağrının içində qıvrıldı.
... Açılan səhər ona qəribə gəldi. Bu vaxta qədər səhərlər açılanda xoruzların səsindən, itlərin hürüşməsindən, mal-qaranın böyürtüsündən qulaq tutulardı. Bu səhər isə səssizlikdən hər şey üşənirdi. Bozdar axşam həmcinslərinin ulaşmağını, zingiltilərini eşitsə də, yarasının ağrısı onu imdada yetməyə imkan verməmişdi. Bir də ki, sahibinin papağını, ev-eşiyini qoyub hara gedəcəkdi?
Günortaya yaxın həmin yad adamlar yenidən həyətə döndülər. Bu dəfə iti ölmüş bilib birbaş eyvana qalxdılar.
Bozdar axsaya-axsaya gəlib tut ağacının yanında duraraq, qapıya boylandı. Evə soxulanlardan biri əlindəki bükülü bağlamayla həyətə düşüb, doqqazdan çıxmaq istəyəndə, Bozdar tut ağacının altından çıxıb onun üstünə atıldı. Yad adam qorxusundan yerə sərildi. Bozdar onun qıçının qalın ətini dişləri arasına alıb çeynəməyə başladı. Yad adamın bağırtısı aləmi başına götürdü. Evdəki yad adamlar həyətə tökülüşüb, qışqırtı-bağırtı salmağa başladılar. Bozdar yerə sərilən adamın əlindəki bağlamanı tez dişləri arasına alıb oradan götürüldü.
Günortadan sonra yağış yağmağa başladı. Hər tərəfdən sel-su axırdı. İt, sahibinin papağını da götürüb, tövlənin böyüründəki damına girdi. Ağrı və yorğunluq onu haldan salırdı. Bu gecəni də o, ac-susuz kecirtdi. Sabahı gün günortadan sonra yenə həyətdə iki nəfər göründü. Onlar yenə də evə girmək istəyirdilər. Bozdarın gözünə adamlar, artıq boz-bulanıq şəkildə görünürdülər. İt olan-qalan gücünü toplayıb hürmək istədi. Amma taqəti kəsilmişdi, o qırıq-qırıq mırıldandı.
Yad adamlardan biri itin mırıltısını eşidib, ona tərəf gəldi. Bozdar onu tanıdı, dünən dişlədiyi adam idi, axsayırdı. Həmin adam itin yatdığı dama yaxınlaşdı və əlindəki silahdan bir necə dəfə ona tərəf atəş açdı. Hər gurultudan sonra, Bozdar bədəninə nə isə odlu bir şeyin soxulduğunu hiss edirdi. Onun bütün bədəni od içində yanırdı. Damdan çıxıb qacmaq istədi, bacarmadı, hey-hərəkəti tamam kəsilmişdi.
Yad adamın ondan əl çəkmək fikri yox idi. Bu dəfə o, tövlənin böyürünə söykənmiş uzun saplı yabanı göürüb, bir neçə dəfə qəzəblə itin damına soxub, çıxartdı. Bozdar bərkdən zingildədi, yabanın iti ucları onun gözlərini ovub yerə tökmüşdü. Yad adamın isə ürəyi soyumayaraq, yabanı dalbadal itin harası gəldi soxurdu. Bozdarın bədəni deşik-deşik olmuşdu, nəfəsi kəsilmək üzrəydi. Son anda o, yenə də sahibini xatırladı:- “ Onlar hardadırlar?.. Niyə ev eşiklərini qoyub qaçdılar?..”
... Bozdar son dəfə sahibinin papağını iylədi... Sonra papağı, al-qana bulaşmış pəncələri arasına alaraq əbədi yuxuya getdi...

7 dəfə oxundu

Axtarış