RƏİSİ - MƏSTAN …
Müəllif: Zaur USTAC


21.06.2019





Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

Dəvə qoca, fil ahıl, meydan qalıb məstana,

Sultan sayır özünü, "Luna park"-da ostana,

Anlamır ki, oyuq tək, dikilibdi bostana...

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Nə boyda olursan ol, pişiklik qanda qalıb,

Şir dərisi geysən də, düşüklük canda qalıb,

Səninki züy tutmaqdı, aşıqlıq donda qalıb,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Nə qədər istəyirsən, əsib, coşa bilərsən,

Bu ağac sizin meydan, çıxıb, düşə bilərsən,

İstəsən bığ əkdirib, burub, eşə bilərsən,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Qara kəlin buynuzu görünəndə gec olar,

Motal, pota canını tara dartmaq güc olar,

Deyirlər ki, pişiyin lap yekəsi gic olar,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Ha gec, ha güc o gün var, dırmanassan ağaca,

Budaqdan mədət umub, yalvarassan ağaca,

Bəlkə yetə bilməyib, boylanassan ağaca,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

21.06.2019. Bakı. (18:18)

8 dəfə oxundu

Axtarış