Poetik düşüncələr
Müəllif: Səmi


27.12.2019


Gəl, oturub üz-üzə,
Qəm- sevinci anışaq.
Hansı çox gərək bizə,
Bunu çözək,danışaq.
Qəmsiz ömür,bax,gülüm,
Bizi alıb aparar,
Bu həyatdan qoparar.
Bizi biz edən ölüm
Düşməyəcək yadına.
Hər bir şeydə bir nəşə,
Bir kef axtaran ürək,
Yaramamış bir işə,
Dərdi-qəmi unudar.
Unutqanlıq bil,gerçək,
Səni bir yolluq udar.
Yetən olm az dadına.
Qoşub yeni nəğmələr,
Yeni arzu gəzərsən.
Sahili röya olan
Bir dəryada üzərsən.
Günlər eyni,günlər tən...
Bir gün ömürdən itən
Ömrünü axtarmağa
Ömrün yetməz olarsa,
Sevinc yetim qalarsa,
Günahkarı kim olar?
Qəlbinə kədər dolar.
Heçə dönmüş günləri
Salanmazsan sahmana.
İnan o gündən bəri
Qalarsan yana-yana.
Unudub sevinci sən,
Qəmi həmdəm seçərsən.
Öz-özündən incisən
Tapdalayıb keçərsən
Yaxşı nə var,pis nə var.
Yaxşıdakı yaxşılıq
Sanarsan ki,pisdə var.
Görüb bunda qarşılıq,
Verməzsən heç kimsəyə
Yamanlığın nəmini.
Belə yaxşıdır deyə,
Tapanmazsan işinin
Qaydasını,çəmini.
Bəlirlənmiş nöqtələr
Səni salar qəfəsə.
Kədər qəlbini dələr.
Dayanaraq ölümlə
Daim nəfəs-nəfəsə,
Yaşamaqdan bezərsən.
Qalıb belə bölümlə,
Buna çətin dözərsən.
Bu dünyaya bağlılıq
Səni bağlar adına,
Bir kiçicik,ufacıq
Sevinc yetər dadına.
Səni götürüb qaçar
Sevəcəyin bir günə.
Yeni həyat,yeni gün,
Bədirlənib büsbütün
Durmadan işıq saçar
Bu dünyada önünə.
Hamı bilir,bu sirri,
Amma,qoy,deyim yenə.
Əgər olsaq əsiri
Ya sevincin,ya qəmin,
Yaşamarıq ömrü cəm.
Buna olmaqçün əmin,
Ömründə hər bir kəsin
Növbələşib sevinc,qəm
Bir-birin ertələsin!
Qəm içində sevinci,
Sevincdə görüb qəmi,
Həyatı həyat kimi,
Ömrü bütöv yaşarsan!
Aşılmaz zirvələri
Rahatlıqla aşarsan!

05.12.2019

9 dəfə oxundu

Axtarış