Portret
Müəllif: Adil ZAMAN


2017-10-08 15:43:42


Adil ZAMAN

Portret
(hekayə)

“Bu gün iyirmi bir yaşım tamam olur. Uşaqlara qəsdən heç nə deməmişəm. Çünki, mənim fikrimcə, əsl dostları məhz belə günlərdə sınamaq lazımdır. Əgər sənin varlığının kimin üçünsə cüzi də olsa əhəmiyyəti varsa, o özü səni axtarıb tapacaq, səninlə birlikdə sevinib-fərəhlənəcək, qəmlənib-kədərlənəcək...
Son günlər yenə də qəribə hisslər keçirirəm. Heç nəyə həvəsim yoxdur. Elə indi də kirayənişin qaldığım yarımzirzəmidə oturub, gündəliyimə bu qeydləri eləyirəm. Elə-belə, mexaniki surətdə. Heç bilmirəm bütün bunları niyə yazıram. Kimə, nəyə lazımdır bu qeydlər...”
Şəlalə diyircəkli avtoqələmi masanın üstünə qoyub, dərindən ah çəkdi. Gündəliyini vərəqləməyə başladı. Keçən il ad gününü qeyd etməmişdi. Yalnız yeddi gün sonra yazmışdı: “Martın 3-də 20 yaşım tamam oldu. Heç kimə məlum olmayan, əzab və iztirablarla dolu ömrümün 20 ili beləcə keçib getdi...”
“Axı nə vaxta qədər belə davam edəcək, nə vaxta qədər? – Şəlalə acı-acı gülümsündü. – Mənə deyirlər ki, xoşbəxtəm. Sevdiyim geologiya ixtisasını seçmişəm... Əlaçıyam. İngilis dilini öyrənmişəm... Daha nə bilim nələr, nələr... O necə xoşbəxtlikdir ki, bu boyda şəhərdə bircə nəfər də olsa həmdəmim yoxdur. Dərd-qəmim bir yana dursun, heç sevincimə də ortaq çıxmaq istəmirlər... Yox, lazım deyil mənə belə “xoşbəxtlik”. Lazım deyil, lazım deyil!..”
...İkinci kursda oxuyanda Şəlaləyə elə gəlirdi ki, qrup yoldaşı Bəhram ona biganə deyil. Hətta bir neçə dəfə gəzməyə, kinoya da aparmaq istəmişdi. Belə təkliflərdən birini qəbul edən qız onunla yeni Amerika filminə baxmağa getmiş və özü də bilmədən ciddi davranışı ilə oğlanın ümidlərini alt-üst etmişdi; Bəhram istədiyinə nail ola bilməyəcəyinə elə kinodaca yəqinlik hasil edib, qızdan uzaqlaşmağı qərara almışdı. Bundan xəbərsiz olan Şəlalə isə oğlanın süni gülüşlərinin və gəlişigözəl sözlərinin saxta olduğunu heç ağlına da gətirmir, ona get-gedə daha çox bağlanırdı. Buna görə də bir gün Bəhramın küçədə gözəl bir qızın qoluna girib, şirin-şirin söhbət etdiyini görəndə özünü elə itirdi ki, onlar uzaqlaşandan sonra da uzun müddət key kimi dayanaraq, haradan gəlib hara getdiyini yadına salmaq üçün xeyli fikirləşməli oldu. Elə bil ki, gecənin bir vaxtı qəflətən oyanıb, qaranlıq otağındakı çarpayısında dikələrək, indicə gördüyünün yuxu yoxsa gerçəklik olduğunu aydınlaşdırmaq istəyirdi. Bircə bu yadındadır ki, ertəsi gün böyük tənəffüsdə Bəhramı dəhlizin sakit bir guşəsinə apardı. Ancaq onda nə dediyini indi xatırlaya bilmir. Çünki danışanda fikri-zikri Bəhramın yanında dayanıb, başını onun çiyninə söykəyərək gülümsəyən dünənki qızda idi. Bəli, bəli, Şəlalə nəyə desən and içər ki, onda Bəhramın yanında həmin qız dayanmışdı və Şəlalənin düz gözlərinin içinə baxırdı. Oğlan ona elə qulaq asırdı ki, elə bil, maraqlı bir lətifə danışırlar. “Lətifə” qurtaranda isə o elə uğundu ki, Şəlalə nə baş verdiyini anlaya bilməyib, təəccüblü nəzərlərini onun üzünə zillədi. Handan-hana Bəhram:
- Ağəz, - dedi, - ayağıvı nöş yorğanıva görə uzatmırsan? Səndə adicə qız zərifliyi də yox¬dur. Yazıq oğlanlar sənin nəyivə aşiq olsunlar?..
Şəlalə özünü tamam itirdi. O isə bunun fərqinə varmadan:
- Əgər vaxt keçirmək istəyirsənsə, İçərişəhərdə bir neçə məhlə uşağı var, səninlə tanış edərəm, - deyib, özündənrazı halda uzaqlaşdı.
Şəlalə onun ardınca baxa-baxa inandı ki, özündə, doğrudan da, sevilməli heç nə yoxdur və onda belə bir inam yaratdığına görə Bəhrama nifrət etdi.
Həmin gündən etibarən o, bütün oğlanlara şübhə ilə yanaşmağa başladı. Qıza elə gəlirdi ki, yaxşılar haradasa başqa yerdədirlər, onun yan-yörəsindəkilər isə müxtəlif cildə girmiş bəhramlardır və onların hər biri istənilən vaxt ona yenə deyə bilər: “Səndə adicə qız zərifliyi də yox¬dur...”
Keçən ilin axırlarında Şəlalə Universitetdən çıxanda Qüdrətlə rastlaşdı. Bu ortaboylu, qarayanız, arıq oğlanı o yalnız bircə dəfə - bir neçə gün əvvəl qrup yoldaşı Təranənin ad günündə görmüşdü. Onun haqqında ancaq bunu bilirdi ki, adı Qüdrətdir, özü də Rusiyada Rəssamlıq Akademiyasını bitirib, Bakıya qayıdıb. Onlar bir-birlərilə kəlmə də kəsməmişdilər. Şəlalə özünü şən göstərməyə çalışır, hamı ilə birlikdə oynayır, deyib-gülürdü. Yeganə qaradinməz adam vardısa, bu da Qüdrət idi. O, məclisin axırına kimi gözlərini Şəlalədən çəkməyərək, ancaq bir məsələ barəsində düşünürdü: “Bu qızın gülüşü də, təbəssümü də sünidir. Bu gülüş, bu təbəssüm adamı üşüdür, titrədir. Bu qızın qəlbində qışın oğlan çağıdır. Görəsən niyə? Bunu necə öyrənməli, necə?..”
Qüdrət də qızı gördü və tərəddüdlü addımlarla ona tərəf gəlməyə başladı. Amma Şəlalə özünü görməzliyə vurub, sürətli addımlarla uzaqlaşdı.
Bir dəfə isə o, Qüdrəti dekanlığın yanındakı “Şərəf lövhəsi”nin qabağında gördü. Orada Şəlalənin də şəkli var idi. Qız onun bərabərinə çataçatda oğlan geri çevrilib:
- Salam, Şəlalə, - deyə nüfuzedici nəzərlərini onun üzünə zillədi.
Şəlalə onun salamını aldı, lakin ayaq saxlamadı. Qüdrət ona yaxınlaşıb:
- Şəalələ, - dedi, - mən sizinlə danışmaq istəyirəm.
- Nə danışmaq?
Qüdrət ani tərəddüddən sonra:
- Gedək mənim emalatxanama, - dedi. – Həm işlərimə baxarsan, həm də söhbət edərik. Bu yaxınlıqdadır. İçərişəhərdə...
Oğlanın sonuncu sözü ağzından çıxar-çıxmaz Şəlalənin sifəti qıpqırmızı qızardı, bədəni əsməyə başladı. “Əgər vaxt keçirmək istəyirsənsə, İçərişəhərdə...” O harada olduğunu unudub:
- Get rədd ol burdan! – Deyə qəzəblə qışqırdı. – Bir də gözüm səni görməsin. Sən məni...
Hirsindən sözünü axıra qədər deyə bilməyib, yanından keçən tələbələrin rişxəndli-təəccüblü baxışları altında Universitetdən çıxdı. Özünü evə yetirib, o qədər ağladı ki, nə vaxt yuxuya getdiyindən də xəbəri olmadı.
O gündən üç aydan çox keçsə də Şəlalə Qüdrəti daha heç yerdə görməyib və indi hərdən yadına düşəndə tüstüsü təpəsindən çıxır: “Gör nə günə qalmışam ki, hər yoldan ötən məni...” Belə dəqiqələrdə bəhramlara da, qüdrətlərə də, özünə də nifrət edir, aldığı fərdi təqaüd də, müxtəlif elmi jurnallarda dərc olunan məqalələri də, ingilis dilindən etdiyi tərcümələr də ona boş və mənasız bir şey kimi görünür. “Mən bədbəxtəm. Mənim varlığımla-yoxluğumun heç kimə dəxli yoxdur”, - deyə düşünür və düşündükcə də hər şey onun üçün öz əhəmiyyətini itirir elə bil dünyada.
“Adama xoşbəxt olmaq üçün nə lazımdır, nə?!..” – Şəlalə ürək ağrısı ilə səslənib, dəftəri örtdü. Ayağa qalxıb, güzgüyə yaxınlaşdı. Öz-özündən qorxdu. “Elə bu qaş-qabağıma, sir-sifətimə görə hamı məndən gen gəzir də...” Güzgüyə baxa bilməyib, üzünü çevirdi. Gözü divar saatına sataşdı. “Axşam yeməyinə az qalır, mən isə hələ nahar eləməmişəm”. Dərindən köks ötürüb güzgüdən aralananda ona elə gəldi ki, qapını döyürlər. Diqqətlə qulaq asdı. Elədir ki var. Tez üst-başını, saçlarını səliqəyə saldı. Qapını açanda gözlərinə inanmadı: gələn Qüdrət idi. O:
- Axşamın xeyir, Şəlalə, - deyib, əlindəki iri kağız bükülüsünü qıza verdi. – Sənin ad gününü təbrik edirəm. Cənə xoşbəxtlik arzulayıram.
Dedi və cəld dönüb getdi. Bu o qədər tez və gözlənilməz oldu ki, Şəlalə heç dillənməyə macal tapmadı. Qapını bağlayıb, otağa qayıtdı. Sapı qırıb, kağızı açmağa başladı. Deyəsən, bu, iri bir çərçivədir... Hə, özüdür ki var... Şüşənin arxasından tanımadığı gözəl, gülümsər bir qız ona baxırdı. Sol yuxarı küncdə: “Şəlaləyə. Ad günü münasibətilə. Qüdrət” sözlərini oxudu. Bir qədər aşağıda isə yaşıl mürəkkəblə yazılmışdı: “Şəlalə, şəkildəki qıza yaxşı-yaxşı bax. O, xeyirxahdır, başqalarının da uğurlarına ürəkdən sevinir, sevib-sevilənlərə qarşı paxıllıq hissi onun təbiətinə tamamilə yaddır. Həqiqətə, məhəbbətə, səadətə - insana inanır o qız. Buna görə də bütün ilboyu onun qəlbində yalnız bir fəsil – bahar fəsli olur. Sən bunu qızın gözlərindən aydın görə bilərsən. Həmin qız... sənsən! Əgər bunu möcüzə hesab edirsənsə, möcüzəyə inan, Şəlalə!..”
Şəlalə qeyri-ixtiyari portreti şüşəli dolaba söykədi. Bir qədər kənara çəkilib baxanda, sanki, möcüzə baş verdi: portretdəki qızla güzgüdəki qız necə də bir-birlərinə bənzəyirdilər!..
Şəlalə özündə indiyə qədər duymadığı bir yüngüllük hiss elədi. Bəxtiyarcasına gülümsəyib, gözlərini güzgüdəki qıza zillədi. Qəlbindən qopub gələn üç kəlmə söz dodaqlarında şirin pıçıltıya çevrildi: “Möcüzəyə inan, Şəlalə!..”

Bakı,
28-30 may 1980-ci il


323 dəfə oxundu

Axtarış