Qadın
Müəllif: Fərqanə Yusifqızı


2017-10-15 06:50:02




Saçının hər teli sığala həsrət‚
Saçını həsrətlə darayan qadın.
Alıb ümidini gedən adamı‚
Gələn qaraltıda arayan qadın.

Verirsən yuxunu nəzir gecələr,
Ruhun otaq-otaq gəzir gecələr‚
Yatağın boş yeri küsür gecələr‚
Yatmadan sabaha oyanan qadın.

Qalxandı hissinə yenə ismətin
Dözürsən olsa da çətindən çətin
Güzgüyə baxmaq da vallah,möhnətin
Özüyçün hər gecə soyunan qadın.

Gülümsə‚məcbursan hər gün gülməyə‚
Qayğısız‚bəxtəvər‚şad görünməyə.
Onsuz da hazırsan hər gün ölməyə
Əcəl qapısında dayanan qadın.

71 dəfə oxundu

Axtarış