Qadın ürəyi...
Müəllif: Meyxoş Abdullah


11.02.2021



(hekayə)

Xəstə olduğunu bilirəm... Ürəyin ağrıyır, bir az da şəkərin var, təzyqin də yüksəkdir. Həkim hamısını mənə deyib. Deyib ki, həyat yoldaşına sakitlik lazımdır...
Həkim keçirtdiyin xəstəliklərin hamısını mənə saydı... Amma qısqanc olduğunu bilmədi. Çünki qısqanclıq xəstəlik siyahısına salınmayıbdır. Onu mən həkimdən yaxşı bilirəm.
Bütün dərmanlarını içirsən, amma xeyiri olmur. Bilirəm ki, həkim əsas dərdinin dərmanını yazmayıbdır. O dərdini özüm sağaltmaq istəyirdim... Axı, mən səni çox sevirəm...
Ona görə də, gizli saxladığım o biri nömrəmdən öz telefonuma bir ismarıc yazdım, Xoşqədəm adlı bir qadının adından...
Yazdım: – “Ay insafsız, niyə məni sevmirsən? Mən ki, sənin dərdindən dəli-divanəyəm. Nolar, heç olmasa mənə bir kəlmə xoş söz yaz, necəsən de, əhvalımı soruş? Bilirəm, həyat yoldaşını çox sevirsən, ona çox bağlısan. Xanımın nə qədər xoşbəxtdir ki, sənin kimi bir həyat yoldaşı var. Əgər sənin qadının mən olsaydım, gecə-gündüz qulluğunda durardım, səni canım, gözüm qədər sevərdim, qoymazdım ki, dərd çəkəsən... Lap, xəstə olsaydım belə, sürünə-sürünə arxanca gəzərdim... Amma neynim ki, sən məni sevmirsən... mənə quruca da olsa bir söz yazmırsan... Görəsən, sənin həyat yoldaşın bu qədər xoşbəxt bir qadın olduğunu anlayırmı?!.. Anlayırmı ki, sən ondan başqa heç kəsi sevmirsən?
İnanmıram!.. İnanmıram ki, o, səni mənim qədər başa düşsün və sevə bilsin... Gör, sənin bəxtəvər qadının nə qədər xoşbəxtdir...
İmza: - Səni dünyalar qədər sevən, amma özü sevilməyən, bədbəxt Xoşqədəm...”
... Telefonumu özümdən heç vaxt kənar buraxmadığım halda, bu gecə qəstdən onu yemək stolunun üstünə buraxıb, yatdım...
Səhər məndən tez oyanmışdın. Üzün gülürdü... Məni işə yola salanda gözlərimin içinə baxıb qımışdın və:
- Mən gözələm?! – soruşdun.
- Hə, çox gözəlsən!- dedim.
Gülümsədin...
Sonra:
- Narahat olma, daha, ürəyim ağrımır... – Heç, təzyiqim də yoxdur!.. – dedin.
Gülümsədim...
Sonra qapıdan çıxmaq istəyəndə məni arxadan səslədin və:
- Əzizim, məni bağışla! - dedin.


9 dəfə oxundu

Axtarış