"Qan..."
Müəllif: Meyxoş Abdullah


2017-11-28 10:09:38


Qan...
(hekayə)

... Anam ərə gedəndə mənim iki yaşım olardı... O vaxt hər şeyi anlamasam da, yadımda qalan çox şey vardı. Doğma atamı xatırlamıram, o, öləndə iki yaşa təzəcə kecmişdim. Amma mənə elə gəlir ki, atam uzunduraz, bığlı bir kişi olmalıydı. Bunu, ona görə deyirəm ki, körpə vaxtı məni tez-tez qucagına götürüb başı üstə qaldıranda, yer mənə çox uzaq məsafədə olduğu kimi görünərdi... Həm də, yadımda qalan odur ki, həmin ucaboy adam məni bağrına basıb öpəndə, onun bığının tükləri üzümü dalayirdı...
Anamın söylədiklərinə görə isə, doğma atam qısaboy, bığsız bir kişi olmuşdur. Həm də, onun dediyinə görə, guya mən bunları özümdən toqquşdururam, atam mənim yadıma gəlməzdi. Bəs, bunlar mənim yadımda hardan qalıb, görəsən?... Bəlkə, bunların hamısını mən yuxularımda görmüşəm? Bilmirəm, amma mənə elə gəlir ki, doğmaca atamı nə vaxtsa görmüşəm...
Anam həmişə atamı lənətləyərdi. - “O, pis adam olub”. - deyərdi. Bunun da səbəbi o idi ki, anam idarələrin birində işləyirdi, geyim-keciminə fikir verən qadın idi. Bu da atama xoş gəlmirmiş. Onu qısqandığına görə istəmirmiş ki, bu cür bəzənib-düzənsin.
- “Atan öləndə camaatın gözündə özümü qəmli göstərib, ağlamağa çalışsam da, ürəyimdə buna sevinirdim”, - söyləyirdi anam.
Atamın ölümü də müəmmalı olub. O, tufanlı bir gündə dənizdə boğulmuşdu. Guya, dostlarıyla yeyib-içdikdən sonra, ürəklərindən dənizdə çimmək keçibmiş. Dosları dənizdən salamat çıxsalar da, atam dalğaların qurbanına çevrilmişdi. Amma atamın anası başqa cür danışırdı, onun dediklərinə görə, atam dənizdən yaman qorxurmuş, hec yayın istisində də dənizə çimməyə getməzmiş.
Anam, atamın ilini gözləmədən ərə getdi. Onun ərə getdiyi adam atamın tanışlarından idi. Daha doğrusu, atam dənizdə boğulan günü, həmin adam da onlarla birlikdə olmuşdu... Anamin ərə getməsinə səbəb, hec də dolanışığımızın ağırlığı olmayıbdır. Cünki mərhum atamdan çoxlu var-dövlət qalmışdı anama. - “Ona ər lazımdı, başqa heç nə!”- deyə nənəm, sonralar anamı günahlandıraraq deyinərdi.
Anamın ərə getdiyi günü xatırlamıram. Çünki o, iş adamı olduğundan hər səhər məni nənəmin (anamın anasının) yanında qoyar və bir də işdən evə dönəndə götürərdi. Çox vaxt da, gecəni nənəmin yanında yatıb qalardım. Anamın harda və kiminlə gecələdiyindən də xəbərsiz idim. Nənəmin yaninda mənə xoş kecdiyindən, həftələrlə anamın üzünü görməyəndə belə, darıxıb eləməzdim. Elə anam ərə gedəndə də, bir müddət onun üzünü görmədim. Görəndə də, artıq o, başqalaşmışdı, qiyafəsin dəyişmiş, xeyli gözəlləşmişdi.
... Nənəmin yanında olurdum. Anam məni görməyə gəlmişdi. O, məni qucaqlayıb, üz-gözümdən öpdü. Sonra da yanında gələn kişini göstərib: - “Natella, gözəl qızım, bu sənin atandir!”- dedi. Əlbəttə, o vaxt mən anamın nə dediyini, atalığın nə olduğunu o qədər də dərinliyi ilə başa düşməzdim. Onda mənin beşcə yaşım ola-olmayaydı. Amma xatirimdə ilişib qalmış bir mənzərəni hec vaxt unuda bilmirəm. Mən qollarımı geniş acıb, anamın yanındakı pırpızsac, əyriburun kişinin qucagına getmək istədim. Bu hərəkətim onun xoşuna gəldiyi ücün, o, məni anamdan alıb bağrına basdı və hər iki yanağımdan marciltiyla öpdü.... Və elə məni öpdüyünə görə də, onu vurub öldürdüm... Əllbətdə, o hadisədən səkkiz il kecəndən sonra....
Anam ərə gedəndən bir necə ay sonra, məni də yanına apardı. İkinci dəfə, həmin o pırpızsac və donqarburun kişini doğma atamın evində, kresloya yayxanaraq, oturmuş vəziyyətdə gördüm. Əllərini başının arxasında daraqlayaraq, qıclarını qıclarının üstünə aşırmışdı.
Qapıdan içəri girəndə, anam kürəyimdən yavaşca itələyərək: - “Qızım, get atanla görüş!” – dedi.
Mən yenədə çəkinib eləmədən, qollarımı geniş acaraq, düz onun üstünə getdim. O, məni qaldırıb dizləri üstündə oturtdu və saclarımı sığalladı.
On üc yaşıma kimi onlarla birlikdə yaşadım. Bağçaya da, məktəbə də, elə həbsxanaya da o evdən getdim... Altı yaşıma kimi, yaşadığımız binadan bir qədər aralıda olan uşaq bağçasına gedib gələrdim. Sonra isə, məktəbə getdim. Məktəb uzaq olduğuna görə, ilk vaxtlar dərsə anam məni aparırdı. Onun işi çox olduğuna görə, sonralar atalığım bu işlə məşğul olardı. Böyüyüb yuxarı siniflərə kecəndə, özüm məktəbə gedib gəlməyə başladım.
Atalıgım hardasa işləyirdi, yaxşı da pul qazanırdı. Bayramlarda anamla mənə həmişə bahalı hədiyyələr alıb gətirərdi. Ev-eşiyimizə də yaxşıca əl gəzdirmişdik, demək olar ki, evdə hər şey təzələnmişdi. Sonralar nə oldusa, atalığım evdə anamla tez-tez dava dalaş edərdilər. Onların mübahisələri, demək olar ki, hər gün baş verərdi. Anam atalığıma oğraş, atalığım da anama “yavagəzən qadın” deyərdi. Onların bu hərəkətlərinə baxıb, hər ikisinə ürəyimdə acığım tutardı. Yataq otağında da, mübahisələri kəsilməzdi, bir-birini gunahlandıraraq, söyüb, təhqir edərdilər. Atalığım anamın hansısa vəzifəli bir kişiylə görüşdüyünü, anam isə ona “kiminsə artığı olan bir qadınla sevişdiyini” sübut etməyə çalışardı. Onların arasında baş verən bu qalmaqal məni bezikdirmişdi. Hər ikisini görməyə gözüm yox idi. Bir müddət kecəndən sonra, atalığım işdən cixib evdə oturdu.
- Mən minbir əziyyətlə çörək qazanacağam, sən isə yeyib, quduracaqsan?! – deyib, anamı günahlandıraraq yanmışlıq verdi.
O, gününü səhərdən axşamacan televizorun qabağında oturmaqla kecirərdi. Çox vaxt da ickili olardı. Anam isə onun aciğina evə gec gələrdi. Elə vaxt olurdu ki, biz yatandan sonra gəlib çıxardı. Gələn kimi də, evdə mərəkə başlardı. Atalığım işləmədiyinə və anamın qazancında gözü olduğuna görə, bu dava dalaşdan həmişə məğlub çıxardı. O, anamla axıra qədər sözgüləşdirməkdən vaz kecib: - “Sən onsuz da, sürtük qaşıq kimi bir şeysən”- deyib, yataq otağına kecər və başını atıb yatardı.
Anamın mənə qarşı da diqqəti azalmışdı. Bunu, işinin çoxluğu ilə izah etməyə çalışsa da, bilirdim ki, o, düz demir. Anam qadın salonlarında kecirtdiyi vaxtın cüzi bir hissəsini mənimlə kecirməyə səy göstərsəydi, yəqin ki, onun səmimiyyətinə inanardım. Elə, atalığımı əsəbləşdirən də, bu idi ki, bəs o, kiminçün bu qədər bəzənib–düzənirdi. Əslinə qalsaydı, bu sual məni də bərk narahat edirdi. Əgər anam ərinə görə bu qədər özünə sığal-tumar vururdusa, bəs niyə onunla dava-dalaş edib, bir-birilərini günahlandırırdılar?!
Artıq, böyümüşdüm yeddinci sinifdə oxuyurdum. Evdəki dava-dalaşdan təngə gəlsəm də, birtəhər dözüb, bunlara qətiyyən əhəmiyyət verməzdim. Belə vaxtlarda otağın qapısnı içəridən bağlayıb, dərslərimlə məşğul olardım. Əllbətdə, mənim bu çalışqanlığım nə atalığımı, nə də ki, doğma anamı maraqlandırmazdı. Əslində, onların buna hec vaxtları da olmazdı. Arada anam mənə diqqətlə baxıb:-“ Natı, sən çox gözəlləşmisən”- deyərdi.
İş o yerə çatmışdı ki, atalığım axır vaxtlar anamı güdməyə başlamışdı. Anam işə gedəndən az sonra evdən çıxar və qarabaqara onun dalısıyca düşərdi. Bəzən də, anam işdən çıxana yaxın, gedib onun işlədiyi idarənin qabağını kəsdirərdi. Bir dəfə telefonda, özgə adam qismində, anamla “tanış da olublar”. Onu restoranları birinə dəvət edəndə, anam razılaşıb da. Bunların hamısını onlar mübahisə edərkən, bir-birilərinin paxırlarını açıb tökəndə eşitmişdim.
Doğma anam olsa da, onun bu hərəkətlərindən qətiyyən xoşum gəlməzdi. Elə vaxtlar olurdu ki, hec onu Dindirib, danışdırmazdım da. Anam isə, bunlara məhəl qoymayaraq, yenə də öz işindəydi. Hər gün işə gedərkən yeni paltar geyinər, üst-başını zinyət əşyaları ilə bəzəyərdi.
Anam evdə olmayanda, atalığımla tək qalardım. O, həmişəki kimi televizorun qarşısında oturub, xarici kinolara tamaşa edər, mən isə yan otaqda dərslərimlə məşğul olardım. Yeməyi də o hazırlayardı. Mən isə, vaxtım olandan-olana, qab-qacağı yumaqda ona köməklik edərdim. Səhərlər anam işə gedəndə stolun üstünə pul və dükan-bazardan alınası şeylərin siyahısını qoyardı. Atalığım yerindən duran kimi, pulu götürüb sayar və anamın qarasinca:
- Simicin qızı, simic!- deyərək, onu söyə-söyə evdən cıxardı.
Həmişə də aldığı şeylərdən qırtıb, özüyçün içki alıb gətirərdi. O, axır vaxtlar çox pis vərdiş tapmışdı, mənə diqqətlə baxırdı. Ən çox da, dərs oxuduğum zaman. Görərdim qapının ağzında durub gözlərini zilləyibdir mənə. Onun belə baxdığını görüb:
-Təzə görmüsən məni?- deyərdim.
O isə, gözlərini məndən çəkməyərək:
-Yaman böyümüsən, həm də qəşəng qız olmusan, - deyib, başdan-ayağa məni süzərdi.
Mən də zarafata salıb:
- Anam da belə deyir, axırda gözünüz dəyəcək mənə, - deyərdim.
O , anamı yada saldığıma görə əsəbləşərək:
- Anan qələt eləyir, o getsin öz dərdini çəksin, - deyərdi.
Atalığımın ürəyindən nələr keçdiyini o günə kimi hiss eləməmişdim. Həmin gün günortadan sonra, dərsdən qayıdıb nahar elədim və yorğun olduğum üçün yatağa uzandım ki, bir az istirahət eləyim. Yatağa uzanan kimi yuxu məni apardı. Elə təzə yuxulamışdım ki, isti bir nəfəsin boyun-boğazımı qarsıtdığını hiss elədim. Əvvəlcə, yuxu gördüyümü zənn etdim. Lakin kobud bir əlin bədənimdə gəzdiyini duyanda, gözlərimi açib, başımın üstə atalığımı görcək diksindim.
- Mənim otağımda nə edirsən?!- soruşdum.
- Hec üstünü örtürdüm! - dedi.
Onun sözlərinə inandım və üzümü divara çevirib yuxulamağa çalışdım.
Elə təzəcə gözümə yuxu getmişdi ki, bayaqkı əlin, indi qılçalarımda gəzdiyini görüb, qalxıb yerin içindəcə oturdum.
- Utanmırsan?! - deyə onun üstünə bağırdım.
- Nədən?! - deyə o, bir şey olmayıbmış kimi, həyasızcasına dişlərini ağartdı.
- Axı, sən mənim atam sayılırsan!
- Nə olsun? - dedi, - ananda mənim arvadım sayılır. Görürsən, nə işlərlə məşğul olur?
Əsəbləşdim:
- Bu sizin şəxsi işinizdir, burda mənim nə günahım var?!
O, əlini mənim saçlarımda gəzdirərək:
- Günah!... Hmm... - deyə mızıldandı.- ... Günah sənin belə gözəl olmağındı, mənim qəşəngim, - deyə o, məni qucaqladı.
Mən var gücümlə onun sinəsindən kənara itələyib qışqırdım:
- Rədd ol, burdan, vicdansız!... - Baxarsan, anam gələndə mütləq bunların hamısını ona deyəcəyəm!
O, kefini də pozmadan:
- Pa!.. anasına deyəcək! Fərli anası var. - O ana, səni də özü kimi pis yola salacaq, görərsən! - dedi.
Ondan bu sözləri eşidəndə hirsimdən ağladım. Mənim ağladığımı görüb, yerindən qalxdı və öz otağına kecdi. Qapını örtəndə də, üzünü mənə tutub:
- Əgər, bu barədə ağzından bir söz qaçırtsan, özünü ölmüş bil!- dedi.
Həmin axşam anam mənim bikef olduğumun səbəbini soruşsa da, bu barədə ona bir söz demədim. Fikirləşdim ki, bəlkə atalığım öz səhvini anlayıb, məndən əl çəkə. Amma elə səhəri gün, o, yenə də yatağıma yaxınlaşıb, mənimlə yatmaq istədiyini bildirəndə, qorxumdan nə edəcəyimi bilmədim. O isə, çaşqınlığımı görüb, məni dilə tutmağa çalışırdı. Nələr vəd etmirdi mənə... Yalvara-yalvara qollarını belimə dolayıb, məni öpməyə başlayanda, yatağımdan qalxdım və ayaqyoluna getmək bəhanəsiylə ora girib, qapını içərdən bağladım. Oradan çıxmağımı çox təkid etdi.
Amma buna nail ola bilməyəcəyini görüb:
- Səninlə işim yoxdur, mən gedib yatıram. Sən də çıx, dərslərini hazırla. Amma bu barədə yaxşı-yaxşı fikirləş, - dedi,- Sən yetgin qizsan, onsuz da gec-tez anan səni kiməsə satacaq. Mən istəmirəm ki, belə ucuz satılasan...
Ona inanmadığım ücün qapını açmadım, bir saata qədər ayaqyolunun içindəcə gözlədim. Ürəyimə danmışdı ki, atalığım xoşluqla məndən əl çəkən deyildir. Artıq ona da, anama da, nifrət edirdim. Bilirdim ki, o, anama görə mənimlə bu oyunu çıxarır. İcimdə qəribə bir hissiyat baş qaldırmışdı, qürur məni boğurdu: - “O məni təhqir etmişdir, onun cəzası mütləq verilməlidir!”- düşündüm. Nə edəcəyimi də, qərarlaşdırmışdım.
Bir azdan qapını ehmalca açıb, ayaqyolundan çıxdım. Səs-səmir eşidilmirdi. Dəhlizdən yataq otağına boylandım, o yatmışdı.
“Nə vaxta qədər belə davam edəcəkdir?!”- fikirləşdim. Elə bu düşüncələr içində mətbəxə kecdim. Stolun üstündəki iti bıçaqlardan birini götürüb, barmaqlarımın ucunda yeriyə-yeriyə atalığımın yatdığı çarpayıya yaxınlaşdım. O, şirin yuxudaydı.
Mən gözlərimi yumub, əlimdəki bıçağı onun boğazına çəkdim. Həmin andaca, əvvəl əllərimin üstünə, sonra da üst- başıma qan fışqırdı. O, boğazindan ikiəlli yapışaraq, çarpayıdan qalxmağa çalışırdı. Qan onu aparırdı. Boğazının damarları kəsildıyindən, nəfəs ala bilməyib, xırıldayırdı. Bir dəqiqənin içindəcə döşəmə alqana boyanmışdı. Mən onun sağ qalacağından qorxurdum. Ona görə də, bu dəfə bıçağı düz onun ürəyinə soxdum.
Atalığım çarpayıdan aşıb, döşəmənin üstünə düşdü və uzandığı yerdəcə, qızdırmalı adamlar kimi titrəməyə başladı.
Bıçaq əlimdəcə durub baxırdım. İndi qətiyyən qorxu hissi kecirtmirdim. Bilirdim ki, onun yüz canı olsa da belə, bundan sonra ayağa qalxa bilməyəcəkdir.
Anamın gəlişini gözləməyə səbrim çatmadığına, və həm də qonum-qonşunun sorğu-sualından canımı qurtarmaq ücün, qərara gəldim ki, polis idarəsinə gedib, özümü təslim edim. Bilirdim ki, onsuz da məni tapıb, həbs edəcəklər, nə yaxşı özüm gedib hər şeyi boynuma alım.
Kitablarımı çantama yığdım, qanlı bıçağı da əski parçasına büküb çantanın bir gözünə qoydum və qapını bağlayıb polis idarəsinə gəldim. Adam öldürdüyümü onlara deyəndə, başdan xarab bir qız olduğumu zənn edərək, məni ələ salıb güldülər. Çantamdan çıxartdıgım qanlı bıçağı gorəndə isə, bunun zarafat yox, həqiqət olduğunu dərk etdiklərindən özlərini yığışdırıb, məni sorğu-suala tutdular.
Hər şeyi olduğu kimi yerli-yataqlı danışdım, nəyi gizlədəcəkdim ki...
Məhkəmə uzun çəkmədi, az vaxt ərzində, bu cinayət işi üzrə istintaq başa çatdı. Məhkəmə qapalı keçirilirdi. Hakimin: - “Siz bu hərəkətlərinizin peşimançılığını çəkirsinizmi?!” – sualına; - “Qətiyyən yox!” – cavabı verdim.
Məhkəmənin qərarına görə mənə on dörd il iş kəsdilər. Onun beş ilini Uşaq İslah Əmək Kolonoiyasında keçirməli idim. Əgər dəmir barmaqlıqlar arasında qalıb ölməsəm, - düşündüm, demək, iyirmi yeddi yaşım olanda həbsxanadan çıxacaqdım.
Qollarıma qandal vurub həbsxanaya göndəriləndə anamın göz yaşları axıtmasına baxmayaraq, onunla görüşməkdən imtina etdim. Sonralar o, bir neçə dəfə buna cəhd göstərsə də, onu qəbul etmədim. Hətta, göndərdiyi ərzaqları da geri qaytarırdım. Amma bir dəfə necə oldusa anamla görüşməyə razılıq verdim. Onda o, xəstə olduğunu bildirərək, mənimlə görüşmək istədiyini yazmışdı. Bu, o vaxt idi ki, artıq mən cəzamın yeddi ilini çəkmişdim.
Anam heç dəyişməmişdi, əvvəlki kimi gözəl və yaraşıqlıydı. Mənimçün darıxdığını, nigarançılıq hissi keçirtdiyini bildirsə də, onun sözlərinə əhəmiyyət vermədim. Çünki onun dediklərinin mənim üçün indi elə də bir əhəmiyyəti yox idi.
Həbsxanada yatdığım bu neçə ildə məni bir məsələ yaman harahat edirdi: - “Atalığımı öldürməkdən vaz keçə bilərdimmi?! Əgər onu öldürməsəydim yəqin ki, bura da düşməzdim?” – düşünürdüm. – Bəs onda harda olardım? Bu sualların cavabını tapmaqda özüm də aciz idim. Anamla görüşəndə onun: - “Sən niyə belə etdin, qizim?! – sualına, mən: - “Məgər, düz eləməmişəm?!” – deyə soruşdum.
Anam bir qədər fikirləşəndən sonra, məni qucaqlayıb ağladı:
- Düz eləmisən mənim ağıllı balam, - dedi. – Sən, o kişinin qızısan, damarlarında onun qanı axır. Bu belə də olmalıydı! Sənin atan qeyrətli bir kişiydi, mən isə avara bir... O, sözünün ardını deməyib, əlini havada yellədi, sonra çantasından dəsmalını çıxarıb, gözlərinin yaşını sildi.
Mən onun dediklərindən təəccüblənərək:
Axı, sən doğma atamı həmişə lənətləyirdin, onun pis adam olduğunu söyləyirdin. O öləndən sonra, ilini də heç gözləmədin, ərə getdin. İndi deyirsən ki, o qeyrətli kişiydi...
Anam mənim gözlərimin içinə baxaraq:
- Qızım düşünürəm ki, nə vaxtsa sənə həqiqəti söyləməliyəm. Elə isə qulaq as, - dedi, - Sənin atan dənizdə boğulan o kişi deyildi. Atan mənim ilk sevdiyim, ucaboy yaraşıqlı dəyanətli bir cavandı. Mən onu varlığım qədər sevirdim Dünyada, bizim tək bir-birini sevən az-az adam tapılardı. Valideynlərim zorla məni, həmin o bığsız, dazbaş kişiyə ərə verdilər. – Mən də toyumuzdan bir həftə qabaq, sevdiyim oğlanla görüşdüm və özümü ona təslim etdim... Sən o kişinin qızısan mənim balam, Damarlarındakı qan da onunkudur. Bu qeyrət, namus da sənə ondan keçibdir. Məni bağışla, mən onu da, səni də qoruya bılmədim... Anam əlləriylə üzünü qapayıb, məndən uzaqlaşdı... Dəhlizin o başında onun hıçqırıq səsləri apaydınca eşidilirdi..
... Anamla axırıncı görüşümüzdən yeddi il sonra, - min doqquz yüz həşdat ikinci ildə, cəzamı çəkib həbsxanadan çıxanda, onu bir daha görmədim...

7 dəfə oxundu

Axtarış