Qapı döyüldü
Müəllif: Mükafat Yaqub


2017-11-18 14:46:09


Mükafat Yaqub

Qapı döyüldü
(Hekayə)
-Salam-əleyküm, yorulmayasız, - gündəliyini bir əlindən o biri əlinə ötürərək, gün düşməsin deyə, əlini gözlərinin üstünə qoyub damda əlləşən montyoru salamladı.
-Ay, əleyküm-əssalam, nə təhərsən, Sarvan müəllim, nə var, nə yox? – montyor Ənvər kişi əl saxlayıb aşağı boylandı. Elə bil ki, cavab almayınca işinə davam etmək fikrində deyildi.
Sarvan müəllim montyorun gördüyü işi qiymətləndirməkdən ötrü bir-iki addım geriləyib yaxşı müşahidə mövqeyi seçdi. Böyrünü günə tərəf çevirib ərincək cavab verdi:
-Sağ olun, yaxşıyam...
Montyor Ənvər kişi Sarvan müəllimin vəziyyətindən “arxayınlaşıb” elektrik xəttindən ayrilmiş teli telefon dirəyindən möhkəm-möhkəm özünə sarı dartdı. Qapının çərçivəsinə mıxlanmış və evin damından adamboyu qalxan taxtaya təzəcə vurduğu diyircəyin çökəyinə qoyub məftillə sarıdı. Evin içərisindəki sayğaca bağlanmış naqili elektrik xəttinə birləşdirdi.
- Hə, Sarvan müəllim, işimizi qurtardıq.
Damdan enib nərdivanı evin yan divarının dibinə yıxdı. Sarvan müəllim hələ də yerindən tərpənməmişdi. Sanki montyorun nə vaxt çıxıb gedəcəyini gözləyirdi. Ənvər kişi Sarvanın qırımından bir şey anlamayıb ona yanaşdı:
-İndi isə, zəhmət olmasa, qapını aç, şotçikə baxım. Bir əyər-əskiyi varsa, düzəldim.
Sarvan müəllim laqeyd halda, ağır-ağır qabağa yeriyərək əlini cibinə saldı. Ancaq nədənsə açarı çıxarmağa tələsmədi:
-Yox, yox, siz zəhmət çəkməyin, heç bir əyər-əskiyi yoxdur.
- Əşşi, yox ey, nə qədər ki, toku qoşmamışam, baxım. Sonra birdən pojar olar.
Sarvan tələsmədən açarı cibindən çıxarıb səliqə ilə qıfıla keçırdi. Qapını itələdi. Ənvər kişi qapının çərçivəsinə pərçimlənmiş uzun taxtaya işarə edərək:
- Rəhmətliyin sağlığında (ev yiyəsini deyirdi) bu taxtanı yanova mən mıxladım. Divarın dibini qazmaq istəmədi, mıxladım getdi. Gör neçə illərdir ki, saf-sadıx durur. Çürümür ki, çürümür...
İçəri keçib sayğaca yanaşmaq istəyirdi ki, Sarvan narazılıqla dilləndi:
-Zəhmət olmasa ayaqqabızı çıxaraydız.
-Eh, rəhmətliyin nəvəsi , oturmağa gəlməmişəm ha... bircə şotçikə baxıb çıxıram, - Ənvər kişi sayğaca sarı yeridi.
Sarvan çimçəşirmiş kimi, üzünü yana çevirdi. Ənvər kişi sayğacı yoxlayıb çıxanda ayaq saxladı. Sarvanı başdan-ayağa süzüb əlini ərklə onun çiyninə qoydu:
-Yaxşı eləmirsən, məllim, camaata qaynayıb-qarışmaq lazımdır. Beş ildi ki, bu kənddə işləyirsən. Hələ birinin qapısını açıb girməmisən. Adamları özündən uzaqlaşdırmaq yaxşı deyil, bala... Biz səni özümüzdən ayırmırıq. Elə sən də bizim kəndçisən. Eldən uzaq olanın xəmrəsi acı olar, bala. Heç olmasa xeyirdə-şərdə görün. Bəlkə elə özünün də bir şeyə ehtiyacın var, bir kömək lazımdır. Utanma, bala, de. Sən də elə özümüzünküsən. Eşitmişəm, savadlı oğlansan. Uşaqlarımıza da elə yaxşı savad verirsən. Bə niyə heylə bizdən uzaq gəzirsən, hıy?.. – Ənvər kişinin gözləri qıyılıb, üzünün qırışları sıxlaşdı. Bir anlığa susub Sarvanın gözlərində nə isə axtardı. Min-bir gümanla, bir az da yavaşdan dilləndi, - bəlkə, səni elə bu kənddəcə evləndirək, hə? Utanma, bala, sən də mənim oğlum, kimi istəyirsən de, elə mən özüm qabağa düşərəm. Onsuz da, bilirəm, qaynayıb-qarışacaqsan bizə. Ancaq indi də gec döyül. Utanma, de. Nə vaxt, nə qulluğun olsa mən yüz faiz hazır. Ancaq bircə, sən de...
Sarvan müəllim tərləmişdi. Başını aşağı salıb dinmirdi. Qalstukunu boşaldıb başını qaldırdı. Nəsə demək istədi. Udqundu. Boğazındakı sözləri geri qaytardı. Əslində, çox danışmaq istəmirdi. Bircə onu demək istəyirdi ki, “əl çəkin məndən”, ancaq Ənvər kişi artıq uzaqlaşmışdı. Sarvan dalınca baxaraq onun tozlu əlinin izini qara pencəyinin çiynindən çırpdı.
***
Küləyin səsinə oyandı. Başını yumşaq balışa sixaraq, çənəsini qaldırdı. Gözlərini çevirib başının üstündən pəncərəyə baxdı. Gün batmışdı. Özünü boşaldıb çarpayıya yayxandı. Bir neçə dəqiqə beləcə tərpənməz qaldı. Dərsdən sonra yatmaq adətiydi. Ancaq deyəsən bu gün çox yatmışdı. Nədənsə, özünü narahat hiss edirdi. Ənvər kişinin sözləri beynindən çıxmırdı. Fikrini hara dolandırırdısa, harda azdırmaq istəyirdisə , yenə də həmin söhbətə qayıdırdı. Birdən başını silkələyib, yorğanı üstündən atdı. Cəld ayağa durub geyinməyə başladı. Elə bil çoxdan itirdiyi şeyin harada olmasını yadına salmışdı, indicə qaçıb götürəcəkdi.
Yerini yığıb, çarpayını səliqəyə salandan sonra, çəkələkləri geyib həyətə çıxdı. Hava soyuq və küləkli idi. Möhkəm payız küləyi zir-zibili, toz-torpağı soyuqdan üşüyən və tələsən adamların ağız-burnuna çırpır, yerişinə mane olurdu. Külək sanki insanlara da meydan oxuyurdu. “Lakin insan oğlu səbrli olduğu qədər də ağıllıdır. Ona meydan oxuyanı yekə dəyirman daşlarını fırlatmağa vadar edir”, - göyə baxdı, küləyin qovub dağıtdığı buludlardan nazik pərdə, bir də ala-tala yerlərdə toyuq lələyinə bənzər uzun şırımlar qalırdı. Elə bil ki, fasiləsiz geyilən paltar idi, süzülüb yırtılmışdı. “Cənub küləyi yağış gətirər, şimal küləyi , qar”. Amma yağışdan bir əsər-əlamət yox idi.Üşüdü. Turş alça yeyən adamlar kimi ağzını büzüb, bədənini əsdirərək içəri qayıtdı. Artıq hava qaralmağa başlamışdı. İşığı yandırdı: “Deynən, ay Ənvər kişi, sənin nəyinə qalıb, axı, mən camaatla qaynayıb-qarışmıram. Sən kimsən axı, mənə himayədarlıq edəsən. Mənim evlənib-evlənməməyimin sizə nə dəxli?.. Eh, bunların da işi lap oyundur e... ” Elektrik samovarını cərəyana qoşdu. Şam yeməyi barədə düşünməklə bu fikirləri başından çıxartmaq istədi. Kartof soydu. Qazanı suyla yarılayıb soyulmuş kartofları içinə tökdü, elektrik peçinin üstünə qoydu.Yenə Ənvər kişinin qarayanız, arıq sifəti gözləri önünə gəldi. Özünə haqq qazandıraraq, cavab verirmiş kimi dik onun gözlərinin içinə baxdı. Sanki bu fikirlə də Ənvər kişini özündən uzaqlaşdırmaq istədi: “Mən heç kimin evinə getmirəm ki, heç kim də mənim evimə gəlməsin. Yüz cür işim, min dərdi-sərim var mənim. İki ildir aspiranturada oxusam da hələ elmi işimi yaza bilməmişəm. Kimin mənə xeyri var? Sakitcə oturub işimlə məşğul olduğum vaxt, bir də görəcəksən ki, budur e, biri hay-küylə girdi içəri. Heç nəyiz olmasa da, vallah, ay Ənvər əmi, yaxşıca diliniz, bolluca hap-gopunuz var. Bəli də, indi gəl, bunun misallarnan dolu söhbətinə qulaq as, işin də qalsın göydən asılı...” Samovar qaynadı. Dəm çaynikini yaxalayıb çay dəmlədi. Həmişəki kimi gələcəyi barədə dadlı xəyalları, pürrəngi çayının təmi kimi canına yayılaraq öz şirinliyi ilə onu məst eləmişdi: “Evlənmək vaxtım çatsa da, aspiranturanı qurtarmayınca evlənən deyiləm. Elmi işi yazmağa da hələ nə qədər vaxt lazımdır. Arvad-uşaq qoyar ki, işləyim. Bircə səs, tıqqıltı məni fikirdən ayırır, düşüncələrimi dağıdır. İnşallah, aspiranturanı qurtarıb, elmi işimi müdafiə edərəm. Sonra isə hə... Sarvan müəllim, indi çal, çağır. Toy elə, gəlin gətir... ”
Evi iştah açan kartof iyi bürüdü. Tez qazanın ağzını açdı. Su qurumuş, kartof qazanın dibinə yapışmışdı. Qazanı peçin üstündən götürüb, yerinə doğranmış soğan, yağ tökdüyü tavanı qoydu. Yağ əriyib, soğan dağ olana qədər süfrə açıb, çörək, duz, salat, nanə düzdü. Kartofları əzib tavaya tökərək qarışdırdı. Püre hazır oldu... Süfrəyə bir stəkan da çay qoyub tavanı süfrəyə gətirdi. Ləzzətlə yeməyə başladı. Yenə düşüncə seli onu ağuşuna alıb gələcəyə apardı: “Hə, onda dur görüm, Kərəm müəllim, Rüstəm bəydadaş. Filologiya elmləri namizədi Sarvan Mahmudoğlu gəlir. Onda familiyamı dəyişib təxəllüs seçəcəyəm. Fəttahov mənə yaraşan familiya deyil. Əlbəttə, evlənəndən sonra da əlimi əl üstə qoyub durmaq olmaz. Yenə işləmək lazımdır. Ta elmlər doktoru olana qədər.” Şirin xəyallardan vəcdə gəldi. Kefi açıldı: “Qoy yarım gəlsin, ay nənə, qapıda duran oğlana... Qapıda duran Sarvana irəhmin gəlsin, nənə, hey...” Süfrəni yığışdırıb, stolun üstünü sahmanladı. Kitab-dəftərini qabağına çəkib hazırlaşmağa başladı. “Bunun üçün oxumaq lazımdır. Mütləq oxumaq! Elmli olmaq. Əlbəttə ki, mən də oxuyacağam. Alimlər, professorlar məndən artıq deyillər ki, onlar da elə mənim kimi olublar. Mən də oxuyaram, yazaram, əlimdə döyül bəyəm?..”
Birdən çöldə nə isə tappıldadı. Cərəyan kəsildi. Aləm zülmətə qərq oldu. Külək tüğyan edirdi. Kitabı stolun üstünə qoyub əl havasına kibriti tapdı. Alışdırıb lampanı pəncərə qabağından götürdü. Stolun üstünə qoyub, şüşəsini çıxartdı. Kibrit çöpü əlini qarsıdı. Tez üfləyib keçirtdi. “Eh, zəhrimara qalmış, şüşəsini sındıracaqdım. Lampa şüşəsi də tapmaq indi problem olub.” Yenidən kibrit çəkdi. Lampanın piltəsini yandırdı. Şüşə hisli olduğundan əski tapıb sildi. Ev işıqlandı. “Bu işıqları da heç vaxt əməlli-başlı təmir eləyə bilmirlər. Həftə səkkiz, mən doqquz, sönür. Deyirlər ki, dirəkləri külək aşırır, xətlər qırılır. Əlbəttə, aşar da. Hamısı çürüyüb. Nuh əyyamının şalbanlarıdır.” Çöldə külək aləmi dağıdırdı. Gurultu evdə də eşidilirdi. Bayaqkı şən əhvali-ruhiyyə keçmişdi. İndi, nədənsə, qəlbini kimsəsizlikdən doğan bir qəm-qüssə bürümüşdü. Pəncərənin pərdəsini aralayıb çölə baxdı. Heç bir yerdən işıq gəlmirdi. Bir az əvvəlki çıraqban kənd qaranlıq pərdənin arxasında yox olmuşdu. Elə bil ki, bu gecə vaxtı kənd hara isə köçmüş, işıqlarını da özü ilə aparmışdı. Birdən-birə ona elə gəldi ki, bu boyda dünyada bir canlı məxluq yoxdur. Təkcə odur yaşayan, nəfəs alan. Ürəyi sıxıldı. Özündən zəhləsi getməyə başladı. Elə bil ki, “kimə lazımam?” duyğusu idi onun ürəyində pöhrələnib beyninə dolur, başqa fikirləri yaxına buraxmırdı. Boşluq və tənhalıq onu əhatə edib, bir qov kimi divardan divara çırpırdı.
-Tıq-tıq-tıq-tıq...
Qapı döyüldü. Təyinatla bu kəndə gəldiyi ötən beş il ərzində, birinci ayi çıxmaq şərtilə, ilk dəfə olaraq qapısı döyülürdü. Nədənsə sevindi. Elə bil, qapı bu beş ildə həmin “tıq-tıq...” səslərinin həsrətində imiş – təntənə ilə səsləndi. Bu beş ildə o da ilk dəfə olaraq “gəl” deyib gümrahlıqla qapıya tərəf yönəldi. Ehtiramla qapını açıb, gələni içəri dəvət etmək istədi. Ancaq qarşısında... heç kim yox idi. İçəridən düşən zəif lampa işığı zil qaranlığı yararaq “işıq tuneli” yaratmışdı. Zəif işıqda görünən ağac yarpaqları küləyin əlində “əsir-yesir” idi, sanki qorxudan titrəşirdilər. Ətarfad heç kim yox idi. Külək isə öz işində idi...
Bir az gözləyib içəri girdi. Sevinci birdən - birə gəldiyi kimi, birdən də əriyib yox oldu. Stolun üstündən kitabı götürdü.
“Kim idisə tərəddüd elədi. Qapını döyəndən sonra peşıman olub, qaçıb gedib. Görəsən kim idi?” Maraq onu götürdü. Beş il idi ki, bu kənddə müəllim işləyirdi. Elə ilk gündən də bu evdə binə qurmuşdu. Ənvər kişinin, kəndin başqa adamlarının dediyinə görə, yaşadığı ev kəndin adlı-sanlı, hörmətli bir ağsaqqalının imiş. Abdulla adlı həmin adam arvadı ilə burada yaşayırmış. On il bundan əvvəl Abdulla kişi rəhmətə gedəndən sonra oğlu və nəvələri arvadı da götürüb şəhərə aparmışdılar. İndi də həmin arvadın salamat olduğunu, ya öldüyünü Sarvan bilmirdi. Çünki bu beş il ərzində onlardan heç biri bu evə baş çəkməmişdi. Ancaq Abdullanın kənddə çoxlu qohum-əqrabası vardı. Əvvəlllər, onlar evə baş çəkməsələr də bu həyətə gələr, bağ-bağçanı təmizləyib, zir-zibili süpürər, ağacları suvarardılar. Sonralar Sarvan heç kimə üz göstərmədi, hətta, ona mane olduqlarını bəhanə gətirib həyətə gələnləri başından elədi. Ondan sonra hamının bu həyətdən də ayağı kəsildi. Ancaq Sarvan özü, insafən, ağaclara pis baxmırdı. Tez-tez diblərini boşaldar, su verərdi. Meyvələrini də elə həyətdəcə satıb pulunu kassaya qoyardı. Ona haram düşmürdü. Həmin pulun bir qəpiyində də gözü olmamışdı. Ancaq kassadakı pulların kimə qismət olacağı hələ məlum deyildi... “Yox, doğrudan da gərək kənd damları ilə qaynayıb-qarışam. Təklikdən bir şey çıxmaz. Beş ildir ki, bu kənddə yaşayıram. Amma heç kimlə oturub-durmamışam, dostluq, yaxınlıq eləməmişəm. Başım elə aspiranturaya, elmi işə qarışıb. Xeyir-şərdən də uzaq olmuşam. O gün direktor deyir ki, Sarvan müəllim, sən yaxşı pedaqoqsan, qabaqcıl müəllimsən, ancaq kollektivdən qaçırsan. Belə yaramaz. Doğrudan, məgər, Əvəz müəllim pis adamdır? O, mənə həmişə yaxınlaşır, yoldaşlıq, dostluq eləmək istəyir. Amma mən... Elə götürək Soltan müəllimi, yaxşı yoldaşdır...”
-Tıq-tıq-tıq-tıq...
Qapının ikinci dəfə döyülməsi onu fikirdən ayırdı. Cəld qapıya sarı çevrildi. Bu dəfə əməlli-başlı sevindi. Qeyri-ixtiyari çaydana baxdı. Fikrindən keçirdi ki, kim olursa-olsun, içəri girən kimi onun üçün çay hazırlayacaq. Durub tələsik qapını açdı. Qapının ağzında yenə də heç kim yox idi. Külək daha da şiddətlənmişdi. Ətrafa baxdı, ins-cins gözə dəymirdi. Qaloşlarını geyib evin dövrəsinə baxdı: “Küləyin uğultusundan ayaq səslərini də eşitmək olmur. Kim ola?.. Yoxsa, mənimlə zarafat edirlər? Əşşi, kimin nə işinə qalıb. Mənim heç kimlə zarafatım yoxdur.” Evə girib qapını örtdü. Bir müddət səssizcə qapının ağzında dayandı. Sonra gəlib stula çökdü: “Bəlkə məni qorxutmaq istəyirlər. Yox, qardaş, Sarvan müəllim qorxan oğul döyül.” Möhkəm hirslənmişdi. Ancaq özünü sakitləşdirə bildi. Gözü qapıda ikən kitabı əlinə götürdü: “Əşşi, cəhənnəmə-gora ki! Kimdirsə istəyir gəlsin, istəmir, heç gəlməsin”
Kitabın lazım olan səhifəsini tapıb yenidən oxumağa başladı. Ancaq bu dəfə bərkdən oxuyurdu.Bir gözü isə qapıda idi.
-Tıq-tıq-tıq-tıq...
Bütün sinirləri tarıma çəkildi. Kitabı harasa tullayıb qapını nə vaxt açdığından heç özünün də xəbəri olmadı. O qədər cəld hərəkət etmişdi ki, kitabın nəyə isə dəyib yerə düşməyi ilə onun qapını açmağı bir olmuşdu. Qapının ağzında bu dəfə də heç kim yox idi!.. Tükləri vız durmuşdu. Ürəyi əsir, bədəni titrəyirdi. Ayaqqabılarını geyib hiddətlə qaranlığa cumdu. Bütün həyət-bacanı gəzib dolaşdı. Hər bir qaraltıya baş çəkdi. Hətta, hasarın çölünə də göz gəzdirdi. Heç bir şübhəli şey gözünə dəymədi. “Kimsən, ay adam, nə istəyirsən?” – qışqırdı. Ancaq səsinə səs verən olmadı. Külək isə daha şiddətlə əsir, uğultusu ilə bütün səsləri batırırdı. Nə bir hərəkət, nə də hənirti hiss olunurdu. Qonşulardan da səs-soraq yox idi. Ətrafda bir işartı belə gözə dəymirdi. Hamı onu unutmuşdu. Belə vahiməli, dəhşətli, küləkli gündə heç kimin xeyrinə-şərinə yaramayan, heç kəslə yaxın münasibət saxlamayan, soyuq bir adama kim hay verər, kim onun harayına gələrdi. Sarvan indi bu kənd camaatı üçün kimdir ki? Nə olsun ki, uşaqlarına yaxşı dərs öyrədir. Birinin ki, karına gəlmir,” – Sarvan belə düşünürdü, - “Mən burada canlı bir müqəvvayam. Onlar, artıq, heç məni görmürlər də...” Beləcə, gileyli düşüncələrlə qayıdıb, hirslə qapını örtdü. Gedən qayıtmışdı, ancaq yenə yoxa çıxaraq özündən sonra əsəbdən, qarma-qarışıq fikirlərdən başqa bir şey saxlamamışdı. Artıq bunun qərəz olduğuna Sarvan şübhə etmirdi.
Birdən onda kiminləsə ünsiyyətdə olmaq arzusu baş qaldırdı. Danışmaq, şikayət etmək, hətta, ağlamaq istədi. Kiminsə dərdini eşitmək, ona təsəlli vermək, ürək sözlərinə şərik olmaq həsrəti ilə qıvrıldı. Ancaq indi onun özünə bunlar daha çox lazım idi. Dəlicəsinə bir hönkürtü boğazında ilişdi. Gözləri yaşarsa da, hıçqıra bilmədi. Nə isə anlaşılmaz bir hiss qəlbini çulğadı. Tükləri qabarmış, biz-biz olmuşdu. Ömründə ilk dəfə möcüzəyə inandı. Bir qorxu, vahimə bütün varlığını bürüdü. Yaxınlaşıb ehmal hərəkətlə, qapının cəftəsini halqaya keçirdi, narın zənciri kilidə ilişdirdi. Sanki oğurluq iş görürdü. Təngimiş nəfəsini belə, qırıq-qırıq, ahəstəcə çəkir, özündən asılı olmayaraq səs salmamağa çalışırdı.
Lampanın işığını almadan yerini açdı. Soyunub, qulaqlarını əlləri ilə qapayaraq yorğanın içində büzüşdü. Qorxu ilə dolu, uzun, səksəkəli, sirli bir gecə başlandı.
***
Kimsə qapının yarığından saman çöpünü uzadıb cəftəni qaldırdı, əks tərəfə aşırdı. Qapı itələndi. Ancaq zəncirlə bağlandığından tarım çəkilənə qədər aralandı. Sıx, qara tüklü, yekə, bədheybət bir əl biləyə qədər içəri uzanıb zənciri kiliddən açdı...
Sarvan hövlnak yerindən atılıb qapıya baxdı:
-Tıq-tıq-tıq-tıq...
Qapı döyülürdü. O, taqətsiz halda çarpayıya çökdü. Ürəyi ağır “zərbələri” ilə az qalırdı ki, içəridən sinəsini deşsin. Bir müddət bu ağriya davam gətirdi. Sonra qəti hərəkətlə ayağa durub geyinməyə başladı. Divardan ov tüfəngini alıb, qatarı belinə bağladı. Patronları yerləşdirəndən sonra, tüfəngi divara dayadı. Paltosunu da geydi. Tüfəngi əlinə alanda bir an fikrə getdi. Sonra tərəddüd etmədən, zənciri kiliddən açıb cəftəni qaldırdı. Qətiyyətlə özünə tərəf dartıb qapını açdı. Çıxandan sonra qapını zərblə çırpıb üzbəüz, aralıdakı kola tərəf addımladı. Artıq ay çıxmışdı. Hər tərəf ağ-appaq işığın içində çimirdi. Kolun dibində rahat bir yer seçib gizləndi. Buradan qapı aydınca görünürdü. Deyəsən, hələ səhərə çox qalırdı.
Dəli-dolu, hikkəli külək hirsini soyutmayınca sakitləşmək istəmirdi. Gecənin mübhəm qaranlığında ağac koğuşlarının uğultusu, teleqraf tellərinin vıyıltısı aləmə imdad diləyən bir yalvarışla haray salmışdı.
Çox gözlədi. Artıq üşüməyə başlamışdı. Ancaq inadla kolun dibində oturub gözləməkdən başqa çarə tapa bilmirdi. Sübhün gözü də açılmaqda idi. Elə bu vaxt qapı yenə döyüldü. Sarvan açıq-aydın bu tıqqıltı səslərini eşidirdi:
-Tıq-tıq-tıq-tıq...
Ancaq nə qədər diqqətlə baxsa da qapının ağzında heç kimi görmürdü. Dəhşətə gəldi. Qapının qarşısında zəif, şəffaf bir kölgə hərəkət edirdi. Heç kimə, heç nəyə oxşamırdı. Qapının görünməyinə də mane ola bilmirdi.Tüfəngi üzünə qaldırıb güllələrin ikisini də birdən atdı. Sonra isə başında nə isə uğuldamağa başladı...
...Birdən hiss etdi ki, uçur. Amma əl-qolunu tərpədə bilmirdi. Açıq, mavi səmada təzəcə çıxan günəşin gözqamaşdırıcı şüaları yenidən onu gözlərini yummağa məcbur etdi. Aram-aram, ləngərləyə-ləngərləyə uçurdu. Üzü göyə sarı idi. Həm də bu uçuş onun iradəsindən asılı deyildi...
Nəyi isə hafizəsində işıqlandırmağa çalışırdı. Amma bir şey alınmırdı. Bircə onu anladı ki, uçmur, kimlərsə onu çiyinlərində aparırlar. Bir azdan hiss etdi ki, dayandılar. Yaddaşında bir qığılcım alovlandı: “Heyf elmi işimdən, yarımçıq qalacaq. Dissertasiyaya hələ çox var...” Beynindəki uğultu hələ kəsilməmişdi. Yarıbihuş vəziyyətdə idi. Ancaq nəyi isə hiss edir, hətta, qırıq-qırıq sözlər də eşidirdi. Elə bil ki, yarıyuxulu bir vəziyyətdə idi. Gah həyatla əlaqəsini itirir, gah da özünə gəlirdi. O elə hesab edirdi ki, ölüm ayağında insan elə beləcə də olur. Onu çiyinlərində aparanlar da zəifləmişdi. Gözlərini açsa da ətrafdakı hadisələrdən heç bir şey başa düşə bilmirdi. Ancaq bəzi səsləri güclə ayırd edə bilirdi. Elə bilirdi ki, “inkir-minkir” indi onu sual-cavaba tutacaq. Hə, məhşər də onda olacaqdı...
-Tıq-tıq-tıq-tıq...
Bu səs ona tanış gəldi. Haradasa eşitmişdi. Kimlər idisə ətrafında tərpəndilər, canlandılar. Gözlərini dolandırıb küt nəzərlərlə ətrafa baxdı: “Hə kim idisə çölə çıxdı. Aha... bura ki, mənim öz evimdir. Bir az bundan qabaq elə o qapı döyülürdü”. Yox, ətrafındakılar mələklər yox, adamlar idi. “Paho, nə çox adam var. Mən heç inanmazdım ki, ölsəm, bu qədər adam mənim yasıma gələr. Kimin hüzr məclisində iştirak etmişəm ki...”
Çölə çıxan adam yenə içəri girdi. Bərkdən qışqıra-qışqıra kimi isə danlayırdı. “Ah, bu ki, Ənvər kişidir, montyor Ənvər...Başını niyə belə aşağı salıb, günahkar adamlar kimi durur... Bəs bu əl-qol ölçən, qışqıran kimdir? Mexanik Səlim kişidir ki! Bir qulaq asaq, görək nə deyir belə...”
Qırıq-qırıq eşitdiyi sözlərdən bir şey başa düşmədi. Qapı aramsız açılıb-örtülür, adamlar evə girib-çıxırdılar.Deyəsən, evdə yer çatışmırdı. Pəncərədən həyətdə çoxlu adam görünürdü. İndi bu sifətlərin hamısı ona tanış gəlirdi. Öz həmkəndliləri idi.Yox, hamısı ona yaxın, doğma adamlar idi...
Kim isə onun gözlərini yaş dəsmalla sildi. Alnında sərin əl gəzdi...
1987

Mükafat Yaqubov.
“Ulduz” jurnalı. №8 .2002-ci il.



6 dəfə oxundu

Axtarış