QARA ULDUZLAR
Müəllif: Firuz Mustafa


2017-11-05 16:00:04


Firuz MUSTAFA

QARA ULDUZLAR
(İki hissəli dram)


İŞTIRAKÇILAR :

MƏHBUS
QADIN
KİŞİ

I HISSƏ

Dəmir şəbəkə ilə əhatə olunmuş məkan. Stol və stullar. Stolun üstündə qovluqlar, dəftər, qələm. Küncdə seyf. KİŞİ stullardan birində əyləşib, ayağını-ayağının üstünə aşırıb. Qapı döyülür. Kişi ayağa durub irəli yeriyir. MƏHBUS daxil olur. Hiss olunur ki, onu arxadan zərbəylə vurub irəli təpiblər. Məhbus səntirləyə-səntirləyə, ayaqları bir-birinə dolaşa-dolaşa Kişinin üstünə gəlir. Kişi yana çəkilir, Məhbus üzüquylu yerə sərilir. Kişi qəhqəhə çəkir. Məhbus yavaş-yavaş ayağa qalxır, diqqətlə Kişini süzür.

KİŞİ:- Xa-xa-xa!... Xa-xa-xa!.. Nədir, ağlayırsan?.. (Pauza). Yox?... Ağlamırsan?.. Elə isə gül!. Bəs nə üçün gülmürsən?..
MƏHBUS:- Mən nə üçün gülməliyəm?..
KİŞİ:- Sadəcə olaraq- gülməlisən!.. Vəssalam!
MƏHBUS:- Yoxsa məni zorla güldürmək istəyirsiniz?..
KİŞİ:- Lazım gəlsə lap zorla, özü də zopa ilə güldürəcəyik səni!.. Yoxsa buna şübhən var?
MƏHBUS (sanki öz-özünə):- Dünyanı zor idarə edir.
KİŞİ:- Hər halda zorun arxasında zor adamlar dayanmalıdır ki, dünya idarə olunsun…
MƏHBUS (öz-özünə):- Mən insanların nə üçün bu qədər rəzil, qəddar, amansız olmasının səbəbini araşdırıram …
KİŞİ:- Amma…
MƏHBUS (öz-özünə):- …amma heç bir qənaətə gələ bilmirəm.
KİŞİ:- …bəlkə bunun günahı bizdədir?..
MƏHBUS:- …bizdədir. (Sanki diksinir). Siz nə deyirsiniz?.. Anlamıram…
KİŞİ:- Mən səndən soruşuram: sən nəzərdə tutduğun çevrilişi kiminlə, hansı qüvvələrlə etmək istəyirdin?..
MƏHBUS:- Çevriliş? Hansı çevriliş? Çevriliş nədir?..
KİŞİ:- Gəl, səninlə belə danışaq: heç nə gizli qalmamalıdır. Oldu?...
MƏHBUS:-Olsun… Elə isə siz mənə izah edin: həbs olunmağımın səbəbi nədir?
KİŞİ:- Dövlət çevrilişi planının hazırlanması…
MƏHBUS:- Mənim heç vaxt bu cür planım olmayıb…
KİŞİ:- Hım-m-m… Bəs dövlətsizləşdirmə nədir?... Bəlkə bunu izah edəsən?...
MƏHBUS:- Dövlətsizləşdirmə, yəni dövlətin tədricən yox olması prosesi…
KİŞİ:- Sənin dövləti yox etməyə yönələn ideyan, çevriliş cəhdi deyilsə onda bəs nədir?.. Bir bunun planına bax, özünə bax!

Pauza. Kişi məhbusa yaxınlaşır, diqqətlə onu süzür, o tərəf-bu tərəfinə keçir, sanki maraqlı bir sənət əsərinə tamaşa edir.

MƏHBUS:- Nədir, nə olub? Mənə niyə elə baxırsınız?
KİŞİ:- Tanımadın məni?... Hım-m-m … Əvvəlcə mən də tanımadım. Amma…
MƏHBUS:- Biz haradan tanış ola bilərik?...
KİŞİ:- Tanışıq, özü də lap əməlli-başlı… Yaxşı-yaxşı fikirləş, yadına sal…
MƏHBUS:- Xatırlaya bilmirəm. Qocalmışam, yaddaşım zəifləyib…
KİŞİ:- Hım-m-m… Qocalmısan…Yox, elə də qoca deyilsən… Hər halda məndən cavansan.
MƏHBUS:- Ola bilməz. Maşallah, siz çox cavan görünürsünüz. Saçınız da ki, qapqara, şəvə kimi…

Kişi stolun üstündəki qovluğa, sənədlərə diqqətlə baxır,sonra sanki nəyisə tapıbmış kimi sevincək başını qaldırır.

KİŞİ:- Deyirəm də… Məndən xeyli kiçiksən… Amma saç-saqqalın nədənsə ağarıb… Aha, deyəsən soyadını dəyişmisən… Bir vaxt familiyan ayrı cür idi sənin…
MƏHBUS:- Elədir… Siz bunu haradan bilirsiniz?..
KİŞİ:- Deyirəm də, biz çoxdanın, lap çoxdanın tanışıyıq… Bu, sənin ikinci həbsindir, elə deyilmi?
MƏHBUS:- Yox… Mən indiyəcən heç vaxt həbs olunmamışam. Siz məni kiminləsə qarışdırır, səhv salırsınız.
KİŞİ (gülür):- Ha-ha-ha… Mən?.. Mən səhv edə bilmərəm… Mənim yaddaşım həmişə güclü olub. Doğrudur, sən o vaxt məhbəsdə yatmadın: bir az təcridxanada saxladıq… Amma barəndə cinayət işi açılmışdı… Onda sənin istintaq işini kim aparırdı?.. Unutmusan?..
MƏHBUS:- Doğrudur, vaxtilə mənə qarşı cinayət işi açılmışdı, amma onda heç nə sübut edilmədi…
KİŞİ:- Səni isə azadlığa buraxdılar… Belə demək istəyirsən, hə?..
MƏHBUS:- Əslində elə bu cür oldu, bəli… İndi dumanlı şəkildə xatırlayıram: o vaxt müstəntiq cavan bir oğlan idi. Deyəsən, bu, onun ilk işiydi. (Pauza). Həmin adam yəqin ki, elə siz olmusunuz… Aradan illər keçib…
KİŞİ:- Mən indi sənə baxa-baxa fikirləşirəm ki, görəsən insanlar niyə bu qədər axmaq olur?
MƏHBUS:- Siz “axmaq” deyərkən kimi nəzərdə tutursunuz?..
KİŞİ:- Hər halda söhbət axmaqlardan gedir; onun fərqi yoxdur ki, axmaq kimdir. Məsələn, mən yelbeyin adamları xoşlamıram. Gündə bir dona, bir libasa bürünənlərə nifrət edirəm. Əqidəli adamları ürəkdən sevirəm.
MƏHBUS:- Elə mən də…
KİŞİ:- Sən də?.. Cənab məhbus, de görüm o vaxt səni nə üçün cinayət məsuliyyətinə cəlb etmişdilər?..
MƏHBUS:- Əvvəla, mən məhbus deyiləm… İkincisi də ki…
KİŞİ:- Necə yəni məhbus deyilsən?... Sən artıq cəmiyyətdən təcrid olunmusan. Şübhə etmirəm ki, cinayətin sübuta yetiriləcək…
MƏHBUS:- Deyəsən, siz hökmü əvvəlcədən hazırlamısınız! (Gülür). Təbrik edirəm.
KİŞİ:- Sən yumor hissini saxlamısan. Bu, yaxşı əlamətdir… Amma sual cavabsız qalır… De görüm o vaxt… sən … sən cənab … nə üçün və hansı maddə ilə istintaqa cəlb olunmuşdun?
MƏHBUS:- Bunu siz daha yaxşı bilərsiniz…
KİŞİ:- Mən?
MƏHBUS:- Bəli, siz… Axı, sizin iti, güclü yaddaşınız var…
KİŞİ:- Elədir. Mənim yaddaşım iti ox kimidir. O ox mənzilə çatmaq üçün çox maneləri deşib keçib... Bildin? İndi isə kiçik bir arayış: o vaxt sənə cinayət işi açılmışdı. Doğrudurmu?..
MƏHBUS:- Elədir... Tamamilə doğrudur.
KİŞİ:- Əslində elə o zaman da sənin fəaliyyətində dövlət çevrilişinə cəhd motivləri vardı.
MƏHBUS:- Xa-xa-xa...
KİŞİ (əsəbi):- Sən nə üçün gülürsən?
MƏHBUS:- Bayaq siz özünüz tələb edirdiniz ki, gülüm...
KİŞİ:- Hım-m-m... Olsun! Gül! Amma sual cavabsız qaldı.
MƏHBUS:- Hə, sual?..Yox, mən o vaxt hökmdara sui-qəsd planı hazırladığım üçün ayrı maddə ilə ittiham olunurdum... Amma yaxşı bilirsiniz ki, hökmdar öldü...
KİŞİ:- O, çoxdan ölməli idi...
MƏHBUS:- ... və mən xilas olundum...
KİŞİ:- Gərək sən onu öldürəydin...
MƏHBUS:- Mən heç quşu da öldürə bilmirəm.
KİŞİ:- Bəs o plan nə idi elə?..
MƏHBUS:- Heç bir plan olmayıb... Mən sadəcə olaraq ədalətli qanunların çıxarılması üçün mübarizə edirdim...
KİŞİ:- İndiki qanunlar çox ədalətlidir. Amma sən yenə vuruşursan.
MƏHBUS:- Xatırlayıram siz onda da eyzən bu sözləri deyirdiniz.
KİŞİ:- Hansı sözləri?
MƏHBUS:- O vaxtkı qanunların ədalətli olduğunu...
KİŞİ:- Xatırımdadır ki, sən də o vaxt eyni sözləri deyirdin: ədalətli qanunlar uğrunda mübarizə edirdəm və sair...
MƏHBUS:- Görünür, bu, mənin alın yazımdır...
KİŞİ:- Hə?... Çevriliş sənin alın yazındır?
MƏHBUS:- Yox... Mübarizə...
KİŞİ:- Səni əvvəlcə dəlixanaya aparmaq lazımdır...
MƏHBUS:- Amma nədənsə həbsxanaya gətiriblər...
KİŞİ:- Deməli, belə çıxır ki, sən özünə ömürlük vəzifə seçmisən...
MƏHBUS (gülür):- Necə ki, siz bu vəzifəni seçmisiniz...
KİŞİ:- Mən öz işimdən çox razıyam.
MƏHBUS:- İş? Bəyəm bu işdir?..
KİŞİ:- Bəs nədir? Yoxsa sən məni avara hesab edirsən?
MƏHBUS:-Yəni deyirəm ki, daha maraqlı bir işlə məşğul ola bilərdiniz...
KİŞİ:- Bundan maraqlı iş? Bəlkə sən öz işindən özün hayıl-mayıl olmusan? Bəlkə adamları düz yolundan sapdırmaq, sağlam beyinləri zəhərləmək çox maraqlıdır, gərəkli bir işdir? Sən əvvəlcə keçmiş hökmdarı qətlə yetirmək istəyirdin, doğrudurmu?..
MƏHBUS:- Qətiyyən !.. Nə keçmiş, nə də ki, sonrakı hökmdarların heç birini öldürmək iddiasında bulunmamışam. Mən, ümumiyyətlə, qarışqanın belə ölümünə razı ola bilmərəm. Mən sadəcə olaraq, hökmdarları ədalətə çağırmışam. Onda da, indi də... Mən istəmişəm ki, hökmdarlar Allahın yaratdığı bəşər övladını sevsinlər... Amma, təəssüf ki, onlar...
KİŞİ:- ...Sən nə qədər axmaq adamsan! Əslində heç adam da deyilsən!
MƏHBUS:- Nə üçün sizə elə gəlir?...
KİŞİ:- Sən nə Allaha inanırsan, nə hökmdara, nə də qanunlara...
MƏHBUS:- Mən Allaha inanıram... O Allah-həqiqətdir...
KİŞİ:- Həqiqətə inanırsan?...
MƏHBUS:- Bəli, həqiqətə!..
KİŞİ:- Sən həqiqəti, ya da ki, həqiqət səni tapanadək iş işdən keçəcək!
MƏHBUS:- Həqiqət gecikə bilər, amma gəlməyə bilməz. Elə ədalət də...
KİŞİ:- Həqiqət... Ədalət... Bəh-bəh!.. Necə qiymətli sözlərdir!
MƏHBUS:- Bəli, mən inanıram ki, həqiqət gec ya tez öz yerini tutacaq! O zaman hər kəs öz əməlinə görə ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam!
KİŞİ:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim ki, sən ateistsən...
MƏHBUS:- Ateist?.. Mən... Bunu kim deyir?..
KİŞİ:- Mən... Mən deyirəm...
MƏHBUS:- Mən həmişə öz Allahıma inanmışam...
KİŞİ:- Öz Allahına?.. Səin öz Allahın var?.. Allah- hamı üçündür...
MƏHBUS:- Hər kəsin öz Allahı olur. Birinin Allahı hakimiyyət, başqasınınkı sərvət, digərinki qorxudur...
KİŞİ:- Bəs sənin- Allahın?
MƏHBUS:- Həqiqətdir mənim Allahım... Həqiqət olmayan yerdə Allah yoxdur.
KİŞİ:- Bəs cinayət olan yerdə necə, Allah varmı?..
MƏHBUS:- Bu dünyada cinayətkar insan yoxdur. Bütün hallarda cəmiyyətdir günahkar. Hər bir cinayətin səbəbkarı- cinayətkarı yetirən mühitdür.
KİŞİ:- Bu dünyada cinayəti olmayan insan yoxdur. Bütün hallarda insan cinayətkardır. (Ucadan). Mən insanlara nifrət edirəm!
MƏHBUS:- Mən isə sevirəm...
KİŞİ:- Kimi?...
MƏHBUS:- İnsanları. Onların işıqlı sifətini
KİŞİ:- “İnsanları sevirəm”... (Gülür) Xa-xa-xa... Bu, insanları sevir. Onların sifətində işıq görür... Bəs mən?... (Ciddiləşir). Bəlkə mən zülmət axtarıram?.. Rədd ol buradan, axmaq adam! Deyəsən sən məni dolayırsan?.. Rədd ol!... İşıq axtarır! Bir buna bax! “İşığaltı sifət”...

Kişi Məhbusun üstünə yeriyir, onu itələyir. Məhbus öz kamerasına çəkilir. QADIN gəlir: Onun əynində gödək kitel, ayağında par-par yanan uzun çəkmə var: çəkmənin boğazı az qalı Qadının qurşağına çatır.

QADIN (qapıya işarə ilə) :- O, danışmağa başlayır?..
KİŞİ:- Danışacaq ... Danışdıracağıq... Hələ ağzı isti yerdədir.
QADIN:- Çox qəribə adamdır...
KİŞİ:- Qəribə? O, sadəcə olaraq naqqalın, sərsəmin biridir. Nə istədiyini heç özü də anlamır...

Yaxınlıqdan zərbə səsləri eşidilir.

QADIN:-Kimisə başa salırlar...
KİŞİ:- Bir azdan bunu da başa salarıq...
QADIN:- Bu, başa düşənə oxşamır.

Uzaqdan haray çəkən qadın səsi, sonra atəş səsi eşidilir.

QADIN:- Kimsə... Ömrünü bizə bağışladı...
KİŞİ:- Kimsə?...Bəyəm tanımadın o kimin səsidir?...
QADIN:- Yox... Mən səsləri ayırd edə bilmirəm ki...
KİŞİ:- Qaraşın, çatmaqaş bir qadın vardı... Yadındadır?..
QADIN:- Hə, bildim kimi deyirsən. Əri xaricə qaçıb gedib, özü isə rabitəçi işləyir...
KİŞİ:- İşləyirdi...
QADIN:- Dişləri protezdir...
KİŞİ:- Protez idi... Keçmişdə... Danışanda da elə bil fit çalırdı. Amma hiss olunur ki, cavanlığı qəşəng olub.
QADIN:- O, qəşəngdir bəyəm?..
KİŞİ:- Qəşəng idi... Əlbəttə, ta o barədə söhbət belə gedə bilməz. Hər şey axıb gedir, keçmişə qovuşur.

Qadın rəfdən qovluq götürüb vərəqləyir.

QADIN (oxuyur):- Dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham olunur...
KİŞİ:- Olunurdu... İndi o yoxdur, amma dövlət var... Dövlət əbədidir... Hökmdar da onun kimi... Sən o qadının kitabını bağla...
QADIN:- Yaxşı... De görüm sən o qadını səsindən necə tanıdın?
KİŞİ (gülür):- Mən bütün səsləri seçirəm... Əvvəllər bəstəkar olmaq istəyirdim...
QADIN:- Əvvəllər?..
KİŞİ:- Hə də, əvvəllər... Yəni uşaqlıqda...
QADIN:- Xa-xa-xa...
KİŞİ:- Sən niyə gülürsən?.. Bəlkə inanmırsan...Mənim uşaqlıq arzularıma?...
QADIN:- Xa-xa-xa... Bəstəkar...
KİŞİ:- Bəli, məhz bəstəkar... Mənim səsləri qavramaq, duymaq qabiliyyətim çox yüksəkdir... Qonşumuzda musiqi müəllimi vardı...
QADIN:-Xa-xa-xa...
KİŞİ:- O, həmişə deyərdi ki, sən gələcəyin ən böyük musiqiçilərindən biri olacaqsan... Sən isə... Gülürsən...Gülməli nə varki?..
QADIN:-Bəs sən öz uşaqlıq arzularından niyə əl çəkdin?..
KİŞİ:- Dolanmaq, yaşamaq lazım idi.
QADIN:- Musiqiçilər, bəstəkarlar dolanmırlar bəyəm?.. Yoxsa onlar ac-acına yaşayırlar?
KİŞİ:- Yox... Onda çətin vaxtlar idi. Musiqi təhsili almaq üçün oxumaq gərəkdir. Bizim isə ailəmiz böyükdür...Onda qəfildən məni buraya işə dəvət etdilər. Razı oldum. Başqa çıxış yolum yoxdu. Əvvəllər zəhləm gedirdi bu işdən. Sonra alışdım...
QADIN:- İndi, necə deyərlər, öz sənətinin vurğunusan yəqin...
KİŞİ:- Hər halda öz sənətimi sevirəm. Bir gün işə çıxmayanda bağrım çatlayır.
QADIN:- Deməli, sənin içində bir bəstəkar məhv olub...
KİŞİ:- Yox, mən yenə musiqini sevirəm.
QADIN (gülür):- Xa-xa-xa... Sevirsən? Doğrudan?
KİŞİ:- Sənə gülməli gəlir... Qoy olsun!... Mən musiqinin dəlisiyəm. Hər adamın səsində bir musiqi tembri yaşayır. (Qapıya sarı baxıb ucadan). Mən caniləri səsindən, lap elə nəfəsindən tanıyıram. İlk baxışda adamı cəlb edən məxməri səslər olur... Amma elə ki, o səs sahibinin boğazına çökürsən, onu boğazlayırsan... məlum olur ki, bu saxta səsdir. Mən adamların əsl səsi ilə qondarma səsini çox yaxşı ayırd edirəm. Hərə öz səsi ilə danışmalı, öz səsi ilə oxumalıdır. Mən saxta, xaric vuran səsləri xoşlamıram...
QADIN:- Maraqlıdır...
KİŞİ:- Səs- xam metal kimi bir şeydir. O, işlənməli, sınağa çəkilməlidir. Yoxsa... (Qapıya işarə ilə). Çox gur-gur guruldayan səslər görmüşük, sonra quyunun dibinə çəkilib, eşidilməz olub. Biz çox kəsilən nəfəslər görmüşük... Oğul odur ki, həmişə eyni ahənglə, eyni avazla oxusun... Mən demaqoqların səsini yüz min kilometrdən tanıyıram...
QADIN:-Yüz min kilometrdən?!.
KİŞİ:- Bəli... Radio dalğaları səsləri dünyanın o başından çəkib bizim qulağımıza daşıyır. Mən bir az diqqət yetirəndə həqiqi və saxta səslərin sahibini asanlıqla müəyyənləşdirirəm.
QADIN:-Mən görürəm ki, sən doğrudan da böyük səs mütəxəssisisən..
KİŞİ:- Komplimentə görə təşəkkür! Amma unutma ki, mən həm də böyük ürək mütəxəssisiyəm. ..
QADIN:- Bax, bu, mənim üçün yenilikdir... Ürək... Ah, ürək!..Ha-ha-ha... Ürək!..
KİŞİ:- Bəli, ürək!.. Nə qədər gülməli olsa da bu, belədir. (Qapıya sarı baxaraq ucadan). Amma bəziləri elə hesab edir ki, bizim sinəmizdən ürək yox, daş asılıb... Qoy belə düşünsünlər!.. Tarix hər şeyi yerbəyer edəcək. Həqiqət gec-tez öz yerini tutacaq...

Kişi qovluqların üst-üstə qalaqlandığı rəfə yaxınlaşır, orada nəsə axtarır.

QADIN:- Orada nə axtarırsan?
KİŞİ:- Nə içəcəksən?..
QADIN:-Mən? Heç nə.. Biz iş başındayıq, içmək olmaz.
KİŞİ:- Bizim işimiz elədir ki, içməsək məhv olarıq.
QADIN:- Nə üçün?..
KİŞİ:- “Nə üçün”, “nə üçün”?.. Onun üçün ki, vəziyyət bunu tələb edir. Sən elə bilirsən qanunları icra etmək asandır?
QADIN:- Qanunun içkiyə nə dəxli?..
KİŞİ:- Dəxli çoxdur... Qanunların icrası insandan humanizm tələb edir. (Pauza). İnsan isə içəndə daha çox humanist olur. Eh... Bir də ki, bütün bunların mətləbə nə dəxli?.. İçmək istəyirəm, vəssalam!..

Kişi qovluqların arxasından çıxartdığı şüşəni stolun üstünə qoyur.

QADIN:-O, nədir?.. Rəngi də qapqara, zəhərə oxşayır...
KİŞİ:- Rənginə baxma, ləzzətli şeydir...
QADIN:- Şərabdır?..
KİŞİ:- Yox... Hə... Əslində, heç bilmirəm nədir... Amma onu bilirəm ki, ləzzətli şeydir. Bir diversantın, qiyamçının mənzilindən tapılıb. (Ucadan). Əclaf uşağı, başqa ölkələrdə istehsal olunan içkidən vurur, sonra da and-aman edirlər ki, vətənpərvərik, xarici agentura ilə heç bir əlaqəmiz yoxdur! Ay inandıq ha!.. Guya biz koruq, karıq, dünyadan xəbərimiz yoxdur. (İçkidən fincanlara süzərək). İndi biz faktları yerindəcə yoxlayıb sənədləşdirərik. Sən niyə gözünü döyürsən?.. (İçir). Guya indiyəcən dilinə içki dəyməyib?.. Bu içki deyil ki... Yəni... içki olmağına içkidir, amma biz bunun əsasında akt tərtib etməliyik... Bu, əşyayi-dəlildir. Biz bunu yoxlamalıyıq. Yoxlamaq istəmirsən?.. (İçir). Budur, şokolad da var... Bu da xaricdə istehsal olunub- iyindən, dadından bilinir... Əclaf uşağı... Gör bir hansı mənfur ölkənin zir-zibilini daşıyıb gətiriblər bura... Hamısı kontrabanda ilə, qaçaqmalçılıqla məşğul olur!.. Bax, əxlaqı pozmaq, mənəviyyata zərbə vurmaq budur!.. Sən niyə içmirsən? Axı, biz sənədləşdirmə aparacağıq!... Başa düşürsənmi: sə-nəd-ləş-dir-mə-əəə!... Gərək bu içkini yoxlayaq, sonra qərar çıxaraq, sənəd yazaq...
QADIN (Qapıya işarə ilə):- Axı, o, acdır... Ac adamın yanında yemək-içmək ...
KİŞİ:- Açdır?!. (Ucadan). Qoy gəbərsin... Yox, hələ yaşasın... O, bizə gərəkdir... Deyirsən, acdır?... Eybi yoxdur. Dünyada ac mədənin səsindən məlahətli bir musiqi tanımıram.
QADIN:- Sən çox insafsız adamsan...
KİŞİ:- Mə’də oxuyanda ağız susur...
QADIN:-Dəhşət!..
KİŞİ:- Mə’də oxuyanda beyin susur...
QADIN:- Fəlakət...
KİŞİ:- Mə’də oxuyanda ... mən sanki kilsə xorunun səsini eşidirəm, məsciddə əzan dinləyirəm... (Gözlərini yumub sanki ecaskar musiqi səsini dinləyir). Mən o səslərin içində bir anlığa itirəm... O səslər məni udur. Tox mə’də ac mə’dənin səsindən ehtizaza gəlir.
QADIN:- Sən... sən... əclafsan...
KİŞİ:- Əclaf?.. (Qapıya sarı). Əclaf odur!... Qiyamçı!.. Avantürist... Qoy orada əyləşib öz mə’dəsinin musiqisinə qulaq assın...
QADIN:- Sənsə səs mütəxəssisi kimi feyziyab ol...
KİŞİ:- Bəli! Mən həzz alıram! (İçir). Mən bu anlarda kef çəkirəm. Get, onu çağır, gəlsin bura... Birlikdə kef edək... Görəsən, o qanamz bilir ki, kef nədir?.. Kef!.. Mən bu dünyada əzab çəkən kəsin sifətinə baxarkən aldığım kefdən daha böyük bir həzzi xatırlaya bilmirəm... Mən onun (əli ilə qapıya işarə edir) üzünə baxıb kef çəkəcəyəm. Qoy o da mənə baxıb həzz alsın...
QADIN:- Sənə baxıb həzz alsın?..
KİŞİ:- Bəli!.. Axı, mənim sifətimdən əzab yox, sevinc, işıq yağır. Mən...Mən...Ümumiyyətlə, mən işıqlı sifətlər görəndə işıqlanıram, sevinirəm...
QADIN:- Sənin sifətin işıqlıdır bəyəm?
KİŞİ:- Mənim ürəyim kef çəkir, deməli, sifətim işıqlıdır...
QADIN:- Deyirlər, işıq, daha çox ürəyi əzab çəkən adamların sifətində olur...
KİŞİ:- Sən də qiyamçısan?..
QADIN:- Hə? (Qorxur). Xeyr!.. Bəlkə sən özün?.. Bəlkə...
KİŞİ:- Kəs səsini!...Mən ...sənə göstərərəm kimdir qiyamçı?.. (İçir). Mən istədiyimi sübut etməyi bacarıram... Get gətir o alçağı! Ona bəzi mətləbləri anlatmaq, başa salmaq lazımdır!.. Nədir?.. Üzümə niyə elə baxırsan?.. Hım-m-m... Yaxşı, özüm çağıraram onu!

Kişi qalxır, Qadın düşüncəli halda var-gəl edir. Kişi Məhbusla qayıdır.

QADIN:-Gəldiniz?..
KİŞİ:- Gəldik!.. Başlaya bilərsən!..
QADIN:- Nəyə?..
KİŞİ:- Əməliyyata!..
QADIN:- Mən?..Mən bilmirəm...

Qadın Məhbusa yaxınlaşır.

KİŞİ:- Bilmirsən nə etmək lazımdır?..
QADIN:- Axı, mən... Yox, əlim gəlmir...
KİŞİ:- Əlin gəlmir?.. Bəs ayağın necə?.. Yoxsa ayağın da qalxmır?
QADIN:- Yox, ayağım qalxır. Çəkmələrim də təzədir...
KİŞİ:- Görürəm, təptəzədir... Eləsə, başlaya bilərsən...

Kişi Məhbusu vurub yıxır. Qadın yerə sərilmiş Məhbusa yaxınlaşır, ayağını onun çiyninə dayayır. Məhbus altdan-yuxarı Qadını süzür.

MƏHBUS:-Məndən nə istəyirsiniz?..
KİŞİ:- Biz səndən həqiqət sərdabəsinə açılan qapının yerini soruşub öyrənmək istəyirik. (Gülür). Ha-ha-ha... Bildin?..
MƏHBUS:- Həqiqətin qapısı hər kəsin öz daxilinə acılır.
KİŞİ:- Nə dedin? (Qadına). Bu, nə deyir?
QADIN:- O? Heç nə demir...O, susur.
KİŞİ:- Yəqin o, bilir ki, mən səs mütəxəssisiyəm. Qorxur ki, danışsa səs tembrindən onun kimliyini təyin edib cinayətini üzünə oxuyaram. İndi biz eşidərik onun səsini. (Qadına). Başla!.. Ya Allah!..
QADIN:- Başlayım?..Yaxşı, olsun!..

Musiqi. Qadın, təpiklə Məhbusun sinəsini, kürəyini döyəcləməyə başlayır. Kişi əlini-əlinə vurub qəşş edir, gülür; Məhbus haray qoparır. Qadın çəkmələrini çıxarıb musiqinin ritminə uyğun rəqs edir. Məhbus qadının çəkmələrini əlinə alıb yavaş-yavaş ayağa durur, qollarını yana açır, Kişinin üstünə yeriyir, Kişi dalı-dalı çəkilir, divara söykənir.Qadın arxadan Məhbusa yaxınlaşır, onun boğazından yapışıb boğmağa başlayır; Məhbus dizi üstə çökür, çəkmələr əlindən yerə düşür. Qadın və Kişi qol-qoal, əl-ələ səhnəni tərk edir. Məhbus tir-tap yerə yıxılır. Musiqi davam edir. Az sonra qonşu otaqdan Kişi və Qadının səsi gəlir. Kişi ürəkdən gülür, Qadın nəyəsə etiraz edir. Onların səsi bir-birinə qarışır. Qadın səs-küy salır, Kişi nərildəyir. Məhbus yerə vurnuxur, əl-qol açır, ayağa durmaq istəyir, amma bacarmır, yerə çökür. Az sonra Kişi və Qadın səntirləyə-səntirləyə gəlirlər. Onlar yerdə hərəkətsiz uzanıb qalmış Məhbusa yaxınlaşırlar. Qadın çılpaq ayağı ilə Məhbusun başını o üz-bu üzə çevirir. Kişi əyilib Məhbusa baxır, qorxur, ətrafa nəzər salır. Qadın çəkmələrini geyir.

QADIN:- Ölüb deyəsən...
KİŞİ:- Ölüb?..Ola bilməz!
QADIN:- Ola bilməz? Bəyəm bu da ölməzdir?..
KİŞİ:- Yox, bu, ölməz deyil. (İçini arıtlayır). Bizdə ölməz bircə nəfərdir...
QADIN:- Bu, deyəsən, həqiqətən, ölmək üzrədir...
KİŞİ:- Yox, ölməz... Daha onun dişləri yoxdur...Tezliklə onun ağzını protez dişlər bəzəyəcək. Saxta dişlər... Onun səsi də saxtadır...
QADIN:- Yəqin ki, elədir... Axı, sən səs mütəxəssisisən...
KİŞİ:- Təkcə səs yox... Mən həm də ürək mütəxəssisiyəm. (Qadına yaxınlaşır).
Sən ki, bunu yaxşı bilirsən... (Onun əlindən tutur). Əllərin nə soyuqdur... Amma bu pis əlamət deyil. Əli soyuq olanların ürəyi isti olur.
QADIN:- Dayan, sən nə edirsən?..Əlini o yana çək...
KİŞİ:- Nədir, utanırsan?..
QADIN:- Axı, bizə baxırlar...
KİŞİ:- Kim baxır bizə?.. Burada bizdən başqa adam var ki?..
QADIN (Məhbusa işarə ilə):- Niyə yoxdur?..Bəs o, adam deyil?..
KİŞİ:- Yox...O, heç vaxt adam olmayıb, olmayacaq da...O, kölgədir... (Qadının əllərini, çiynini oxşayır). O, şeytandır... O, cindir...O, qatildir. O, it kimi gəbərəcək...Sən isə mələksən...
QADIN:- Qəribə adamsan...Sənə nə olub bu gün?..
KİŞİ:- Mən sənə bu gün ürəyimin gözü ilə baxıb gördüm ki... mələksən...
QADIN:- Mənə toxunma.Əlini çək... Bax belə. Sakit ol... (Dəlicəsinə gülür). Ha-ha-ha!... Bir də unutma ki, mən qadın deyiləm...
KİŞİ (Heyrətlə): -Necə yəni, qadın deyilsən?.. Bəs... bəs kimsən, nəsən?.. (Kənara çəkilir). Bəlkə kişisən?..
QADIN:-Mən qanun icraçısıyam. Mənim ürəyim yoxdur. Mənim sinəmdən daş parçası asılıb... İnanmırsan?
KİŞİ:- Sən hərdən elə şeylər danışırsan ki... Yaxın gəl görüm... (Məhbusa sarı baxır). Bu, birdən ... doğrudan ölər... Dərimizə saman təpərlər... Onu bizdən diri-diri təhvil almaq istəyirlər... Qoy sürüyüb atım öz kamerasına... Beləsinə görə xataya düşmək istəmirəm.

Kişi Məhbusu sürüyə-sürüyə çıxarır, qayıdıb gəlir, əllərini bir-birinə çırpır.

QADIN:- Yəni bunu belə çox sevirlər? Ölümünü istəmirlər bunun?
KİŞİ:- Yox, o, buna nifrət edir. Deyilənə görə bunu görəndə elə bil qutuda ilan görür.
QADIN:- Bəs bunun ölümü onu nə üçün kədərləndirməlidir ki?..
KİŞİ:- Çünki o...o...camaat deyir ki, o, bunun diri ikən ölü olmasından həzz alır...
QADIN:- Bəs görəsən bu, nədən həzz alır?
KİŞİ:- Bu? Özünün dediyinə görə, işıqlı sifətlərdən... (Gülür). Mənim sifətim necədir?
QADIN:- Tutqundur...
KİŞİ:- Nə?.. Mənim sifətim tutqundur?..
QADIN:- Nəsə rəngin qaçıb...
KİŞİ:- Amma...sənin rəngin...maşallah, sən çiçək kimi açmısan...
QADIN:- Yox...ola bilməz...Həbsxanada çiçəklər aça bilməz... Elə bil ürəyim qandallanıb...
KİŞİ:- Mən sənin ürəyini azad edərəm o qandallardan...
QADIN:- Necə?.. Bu, necə ola bilər?..
KİŞİ:- Mən əminəm ki, biz gec-tez öz istəyimizə çatacağıq- sən də, mən də...
QADIN (tərəddüdlə):- O, nə istəkdir elə?..
KİŞİ:- Həqiqətə qovuşmaq istəyi...
QADIN (heyrətlə):- Həqiqətə... qovuşmaq?..
KİŞİ:- Hə də... Bilirsən, mən həqiqətə inanan adamam...
QADIN:- Doğrudan?
KİŞİ:- Əlbəttə... Mən əminəm ki, həqiqət gec-tez öz yerini tutacaq. (Sanki öz-özünə danışır, əl-qolunu ölçür). Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əmməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam.Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
QADIN:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim sən ateistsən...
KİŞİ:- Allaha inanmayanın burada nə işi?..
QADIN:- Mən də...dindaram... Yəqin.
KİŞİ:- Əlbəttə, dindarsan... Sən əməli-saleh bir qadın, Allaha etiqad edən bir vətəndaşsan. Bizim hamımız dindaıq burada. Rəisimiz başda olmaqla. (Asta səslə). Tapşırıq belədir...Yuxarıdan... Biz qanuna tabe adamlarıq. Düzdür, bizim əvvəllər ateist... ateistlərimiz də vardı. Amma indi Allahı dərk etmişik... Allahı dərk etdikcə özümüzü də dərk edirik. (Ucadan). Hamı Allahın quludur. Elə qanun da... Qanun-hökmdardır. Yox... Deyəsən, belə demirlər. Məncə hər şeydən uca hökmdardır. Allah da hökmdara tabedir... Allah hökmdarın quludur...Yəqin ki, Allah ateistdir.
QADIN:- Necə yəni, “Allah ateistdir”?!.
KİŞİ:- Yəqin ki, elədir. Axı, Allah özü özünə sitayiş edə bilməz. Bu, bir az qeyri-təvazökarlıq olar. Allah yaxşı bilir ki, onun özündən başqa Allah yoxdur...
QADIN:- Əlbəttə, Allahdan başqa Allah yoxdur... Belə deyirlər.
KİŞİ:- Elədir... Deməli, belədirsə, yəni Allah özü-özünə sitayiş etməyirsə və özündən başqa heç kəsə inanmırsa, deməli o, ateistdir.
QADIN:-Yox! Ola bilməz. Mən ateistlərə nifrət edirəm.
KİŞİ:- Ateistlər şeytanın qohumlarıdır.
QADIN:- Yəqin ki, şeytanı da Allah idarə edir... Elə ateistləri də...
KİŞİ:- Yəqin ki... (Qapıya işarə ilə). Hələ şeytanlar ölməyib. Biz şeytanları məhv etməliyik!..
QADIN:- Allah insanın ölümünə fitva verənləri bağışlamır. Belə deyirlər...
KİŞİ:- Elədir. İnsanı Allah yaradıb- Allah da öldürə bilər... Biz isə yalnız mühakimə edə bilərik.
QADIN:- Biz kimə tabeyik: Allaha, yoxsa qanuna?..
KİŞİ:- Yox... Hə...Allaha?..Qanuna?..Yox!..Hə, tapdım:-hökmdara. Axı, hökmdar-qanun deməkdir.
QADIN:- Hökmdarı insanlar seçir...
KİŞİ:- Yox, hökmdarı Allah seçir, insanlarsa onu sevir... Hə...Yox... İnsanlar seçir, Allahsa sevir... Yox, Allahı və insanları hökmdar özü seçir...
QADIN:- Mən hökmdarı sevirəm!..
KİŞİ:- Mən də!..(Qapıya sarı). Amma bizim aramızda hökmdarın ölməzliyinə, əbədiliyinə şübhə edənlər də var!.. Onlar ən ağır cəzaya məhkum olunmalıdır! Bunu ədalət məhkəməsi, qanunun aliliyi tələb edir!.. Mən belələrini öz əlimlə boğub məhv edərdim. Heyif ki, qanun yol vermir buna...
QADIN:- Allah da yol vermir...
KİŞİ:- Hökmdar da...
QADIN:- Amma biz insanları tərbiyə etməliyik...
KİŞİ:- Tərbiyə etməliyik! Elədir! Tərbiyə olunmaq istəməyənlər isə islah edilməlidir... Yer üzündə heç bir cinayət cəzasız qala bilməz...
QADIN:- Cinayət varsa, cəza da olmalıdır!..
KİŞİ (Qapıya sarı):- Bəyəm bunu hamı anlayır ki?..
QADIN:- Biz bu yazığın...az qala nəfəsini kəsdik...Axı, Allah buna necə baxar?..
KİŞİ:- Allah?... Nə bilim necə baxır? Amma hökmdar yaxşı baxır. Biz də buna hökmdarın gözü ilə baxmalıyıq... (Pauza). Yaxşı... Mən getməliyəm... Bir azdan qayıdıb gələcəyəm. Hesabat verməliyəm. (Qapıya işarə ilə). Hərdən ona, onun leşinə bax. Birdən gəbərər, ayağımızda qalar.

Kişi gedir. Qadın gedib qonşu otaqdan Məhbusu sürüyə-sürüyə gətirir, onun nəbzini tutur, başını dizinin üstünə alıb o üz-bu üzə çevirir. Məhbus ayılır.

QADIN:- Hə, deyəsən ayıldın.
MƏHBUS:- Siz...Hə, bu, sizsiniz...
QADIN:- Nədir, mənə niyə elə baxırsan?..
MƏHBUS:- Mən heyrət edirəm... Mən inanmıram... İnanmaq istəmirəm...
QADIN (gülür):- Doğrudan?..Nəyə?..
MƏHBUS:- Mən qadının bu cür qəddar, amansız olduğuna heç vaxt inanmazdım.
QADIN (ciddiləşir):- Yəqin ki, söhbət mənim barəmdə gedir.
MƏHBUS:- Yəqin ki...
QADIN:- Mənsə kişinin bu qədər qorxaq, vecsiz olduğuna inanmazdım.
MƏHBUS (ayağa durub):- Yəqin ki, söhbət məndən gedir.
QADIN:- Yəqin ki... (Pauza). Və çox guman ki, sənin dost-tanışın olmayıb bu dünyada...
MƏHBUS:- Bunun məsələyə nə dəxli?.. Ümumiyyətlə, mənim qorxaq və ya cəsus olmağımın sizə nə dəxli?..
QADIN:- Dəxli çoxdur... Məsələ burasındadır ki, qorxaq adamların ətrafında kimlərinsə toplaşması qeyri-mümkündür. Görünür, elə buna görə də sən yalquzaq kimi tək qalmısan. İtirib-axtaranın da yoxdur.

Məhbus ilk dəfə görürmüş kimi Qadını diqqətlə süzür. Ayağa durur. Uzaqdan həzin musiqi səsi eşidilir. Qadın qəddini düzəldib gülümsəyir. Onlar üz-üzə dayanırlar. Məhbus bir qədər geri çəkilir, Qadın ona doğru addım atır.

MƏHBUS:- Bəs siz ncə, tənha deyilsinizmi?
QADIN:- Yox... Mənim ailəm, uşaqlarım...
MƏHBUS:- Siz elə ailə üzvlərinizin arasında da tənhasız. Siz insanların hamısına nifrət edirsiniz.
QADIN (gülür):- Bəlkə də... Amma mənim nifrətim bir növ sənin məhəbbətinə bənzəyir...
MƏHBUS:- Necə?.. Mənim məhəbbətimə?..
QADIN:- Axı, sən də bütün insanları sevirsən... Səhv etmirəmsə bunu özün deyirdin.
MƏHBUS:- Elədir... Məncə, mənim həyatımın öz mənası var... Elə hər bir kəsin həyatının öz mənası olur.
QADIN:- Nədir sənin həyatının mənası? Bunu bilmək pis olmazdı...
MƏHBUS:- Elə özüm də özümə tez-tez bu sualı verirəm: sənin həyatının mənası nədir? Doğrudan da... mən nə üçün yaşayıram?
QADIN:- Sən nə üçün yaşayırsan?..
MƏHBUS:- Yəqin ki, bu dünyaya heç kəsin gəlişi təsadüfi deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyiri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm: həqiqətin dərkində, xeyirin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
Tanıyırsınızmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya, o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində tezliklə qələbə çala bilməyəcək, bu mübarizə uzun çəkəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh məhbus nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sizin öz işinizdir.
QADIN:- Sənin dediklərin mənim üçün yenilik deyil...
MƏHBUS:- Bəlkə də...
QADIN:- ...ən azı ona görə ki, Promoteyin yaşadığı dövrdən bizi minilliklər ayırır. Yəni bu ötən illər ərzində sənin kimi düşünənlərin sayı kifyət qədər olub. Olub və yenə olacaq. Sən haradan bilirsən ki, mən... mən özüm ədalət və həqiqət uğrunda canımdan keçməyə hazır deyiləm?..
MƏHBUS:- Doğrudan?..
QADIN:- Bəli, doğrudan! Mən də öz çalışdığım mühitdə həqiqətin bərpası üçün əlimdən gələni əsirgəmirəm. Yoxsa sən elə başa düşürsən ki, mən Prometeyin düşməniyəm? Xeyr, əzizim!.. Elə mən özüm Prometeyəm! Sənin dediyin o qartal hər gün mənim ciyərimi dimdikləyir. Fəqət nə etməli?..
MƏHBUS:- Maraqlıdır...
QADIN:- Maraqlıdır, əlbəttə... Hətta, olduqca maraqlıdır.
MƏHBUS:- Görəsən, sizin ətrafınızdakıların hamısı bu cür düşünür?.. (Əli ilə qapıya sarı işarə edir). Hətta, o da...
QADIN:- Mən başqalarının düşüncəsi barədə heç nə deyə bilmərəm...
MƏHBUS:- Mən belə başa düşürəm ki, siz şərə, rəzalətə qarşı çəkmələrinizin dabanı ilə mübarizə aparırsınız. Özü də bu mübarizə çox amansızdır...
QADIN:- Mübarizənin formaları çoxdur. Əlbəttə, çəkmə dabanının zərbələri də istisna deyil bu vuruşda... (Təkəbbürlə). Bir də unutma ki, qanun hamı üçün eynidir.
MƏHBUS:- Qanun-şahdır...hökmdardır...eləmi?..
QADIN:- Sən nəyə istehza edirsən?.. Qanuna, yoxsa hökmdara?..
MƏHBUS:- Hər ikisinə...
QADIN:- Mən isə hər ikisini sevirəm. Qanunu da, hökmdarı da...
MƏHBUS:- Yəqin ki, sevdiyiniz ayrı bir nəsnə yox bu dünyada...
QADIN:- Niyə ki?..Mənim sevgimin hüdudu yoxdur...
MƏHBUS (istehza ilə):- İnanıram...

Atəş səsi. Məhbus diksinir.

QADIN:- Qorxdun?.. (Gülür). Qəhrəmanlar qorxmamalıdır. Hətta, ölüm qarşısında belə. (Pauza). O, əbədiyyətə qovuşdu.
MƏHBUS:- Kim?...
QADIN:- Güllə səsini eşitmədin?..
MƏHBUS:- Eşitdim.
QADIN:- Prometeyi güllələdilər.
MƏHBUS:- Prometeyi?..
QADIN:- Bəli, Prometeyi. O, yalnız nağıllarda, miflərdə diridir, ölməzdir. Həyatda isə Prometeyin sonu var. O, ölümə məhkum olunmalıdır.
MƏHBUS:- Siz də hər gün adam güllələyirlər. Bu, dəhşətdir.
QADIN (gülür):- Nə üçün dəhşət olur ki? Bu, adi, gündəlik işdir...
MƏHBUS:- Adi? Siz buna adi deyirsiniz?..
QADIN:- Əlbəttə...
MƏHBUS:- Siz... görmürsünüz?..
QADIN:- Nəyi?..
MƏHBUS:- Adamların güllələnməsini...
QADIN:- Bu, çox sadə bir əməliyyatdır. Adamla heyvanın, məsələn, qoyunun ölümü arasında elə bir fərq yoxdur. Hər ikisi öləndə xırıldayır.
MƏHBUS:- Vəssalam?..
QADIN:- Bəli, vəssalam. Mən bunu çox görmüşəm...
MƏHBUS:- Bəlkə, siz... adam da öldürmüsünüz?..
QADIN (gülür):-Sən çox şeylə maraqlanır, çox şey öyrənmək istəyirsən... Deyəsən, sənə elə gəlir ki, yer öz oxu ətrafında elə-belə, özbaşına fırlanır, eləmi?
MƏHBUS:- Yox... Mən sadəcə olaraq öyrənmək istəyirəm: siz adam öldürmüsüz, ya yox?..
QADIN:- Xeyr!.. Bizim qanunlar indi insan həyatına insan tərəfindən son qoyulmasına imkan vermir. Bizdə ölüm hökmü çoxdan ləğv olunub...
MƏHBUS:- Bəs mən hər gün buradan –bu kameradan atəş səsləri eşidirəm.
QADIN:- Bəlkə kimsə intihar edir, özü-özünü güllələyir, bunun bizə, bizim qanunlara nə dəxli?
MƏHBUS:- Bəs bu silahları kim verir onlara?..
QADIN:- Kimə?..
MƏHBUS:- Məhbuslara!..
QADIN(gülür):- Əgər ürəyindən keçirsə, sənə də silah verə bilərik. (Ciddiləşir). Deyəsən, sən mənə inanmırsan?..
MƏHBUS:- Yox...Niyə ki?.. Hər kəsin içində bir həqiqət işartısı olur.
QADIN:- Əlbəttə... Mən həqiqətə həmişə inanmışam. (Sanki öz-özünə monoloq deyir, əl-qolunu ölçə-ölçə danışır). Gec-tez həqiqət öz yerini tutacaq! Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kəs yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
MƏHBUS:- Siz doğrudan Allaha inanırsınız?.. Axı, mən elə bilirdim siz ateistsiniz...
QADIN:-Allaha inanmayanın burada nə işi?.. Burada hamı dindardır...
MƏHBUS:-Burada...hamı...dindardır...Hamı...Hamı əzabkeşdir. (Gülür). Deyəsən, mən başımı itirməkdəyəm! Deyəsən, mənim axtardıqlarımı bunlar çoxdan tapıblar! Deyəsən, əsl həqiqət mücahidləri bunlardır. Bunlar həqiqətdir, mənsə yalan... Deyəsən, yalanla həqiqət arasındakı sərhəd çoxdan götürülüb. Dünya necə də zalım imiş... İnsanlardan da zalım...

Musiqi. Kişi gəlir, Qadına yaxınlaşır, onun əlindən tutur. Onlar rəqs edirlər. Məhbus kənara çəkilir. Qadın qəfildən Kişidən ayrılıb Məhbusa yaxınlaşır, onun çiynindən tutur, qoluna girib rəqsə dəvət edir. Kişi onların qənşərində dayanıb dəlicəsinə qəhqəhə çəkir. Qadın ortada dayanıb Məhbusla Kişinin əlindən tutur. Amma kişilərin hərəsi bir səmtə üz tutur, kənara çəkilirlər, gözdən itirlər. Qadın səhnədə tək qalır. Musiqi səsi tədricən azalır.

PƏRDƏ


















II HİSSƏ

Yenə həmin məkan. Həzin musiqi. Qadın iti addımalrla gəzişir: o, gödək yubka, dəri gödəkcə geyib. Ayağında yenə uzunboğaz çəkmə var. Qadın arabir ayaq saxlayıb qonşu otağa-kameraya sarı boylanır. Uzaqdan atəş və inilti səsləri eşidilir. Qadın qapıya yaxınlaşıb cəftəni çəkir.

QADIN:- Gəl, gəl! Dincəldiyin yetər... Yenilməz qəhrəman...

Məhbus daxil olur.

MƏHBUS:- Eşidirəm...
QADIN:- Düzünü de: sənin üçün ən böyük xəyanət nədir? Yəni kimin xəyanətini bağışlaya bilməzsən?..
MƏHBUS:- Ən böyük xəyanət?.. Bu, yəqin ki, özümün özümə xəyanəti olardı...
QADIN:- Özüünün özünə xəyanətin?... Bəs dostların xəyanəti necə?..
MƏHBUS:- Mən...onları bağışlaya bilərəm... Amma özümü bağışlamaq... Yox... Bu mümkün deyil...
QADIN:- Axı, özün bilirsən ki, səni öz dostlarının fitvası ilə həbs ediblər.
MƏHBUS:- Bilirəm... Mənə hər şey məlumdur...
QADIN:- Sənsə bütün bunların hamısını çox soyuqqanlıqla qarşılayırsan...
MƏHBUS:- Elədir... Mən nə etməliyəm ki? Ayrı çıxış yolum yoxdur.
QADIN:- Sən də dostlarının üzünə dura bilərdin...
MƏHBUS:- Bu, çıxış yolu deyil, axı...
QADIN:- Bizə çatan məlumata görə, sənin üzünə duranların çoxuna ənam verilib...
MƏHBUS:- Ənam? Nə ənam?...Başa düşmədim...
QADIN:- Onlara vəzifə verilib.
MƏHBUS (gülür):- Ha-ha-ha!.. Anladım...Vəzifə... Pul... Sərvət... Bəli, bilirəm, onlara çox şey vəd olunub...
QADIN:- Bəyəm bunlar səni ağrıtmır?..
MƏHBUS:- Məni?..Məni yox...Ola bilsin ki, onları ağrıdır.
QADIN:- Onları nə üçün?..
MƏHBUS:- Hər halda onlar nə vaxtsa insan olublar.
QADIN:- Nə vaxtsa?..
MƏHBUS:- Bəli...Nə vaxtsa...
QADIN:- Bəs sən özün necə?.. Yəni sən də hamı kimi azad yaşaya, ailə sahibi ola bilərsən... Sən də bir iş-gücdə çalışarsan... Lap sənə də dostların kimi müəyyən bir vəzifə tapşıra bilərdilər...
MƏHBUS:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
QADIN (gülür):- Eləsə sənin vəzifən nədən ibarətdir?..
MƏHBUS:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
QADIN:- Nə? Qanun-qaydanı bərpa edirsən?.. Ha-ha-ha!..
MƏHBUS:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
QADIN:- O, nə qanunlardı elə? Bəlkə deyəsən, biz də bilək...
MƏHBUS:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
QADIN:- Deməli, sən çox vicdanlı adamsan, bizsə vicdansız...Eləmi?..
MƏHBUS:- Doğrudanmı, sən haçansa özün öz ürəyinin əksinə getdiyini dərk etmirsən?..
QADIN:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?.. (Pauza). Buna da şükür!
MƏHBUS:- Məsələ təkcə ürəkdə deyil.
QADIN:- Bəs nədədir?..
MƏHBUS:- Məsələ burasındadır ki...sən ...sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
QADIN:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
MƏHBUS:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?..
QADIN:- Kim?..Nə?..Hə, ürəyi deyirsən?.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
MƏHBUS:- Mənsə elə düşünürəm ki, sən öz ürəyini aldadırsan. Sənə elə gəlir ki, ürəyinin səsinə qulaq asır və guya hansısa mühüm bir tapşırığı vicdanla icra edirsən və beləliklə də ürəyin rahatlıq tapır... Amma bu qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
QADIN:- Bəlkə mən cinayətkaram?
MƏHBUS:- Cinayətkar- təkcə adam öldürən, talançı, quldur olmur ki! Elə insanın özü-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
QADIN:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
MƏHBUS:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?!.
QADIN:- Xahiş edirəm, bu cür söhbətlərə son qoy! Oldu?..
MƏHBUS:-Yaxşı, qoy olsun...

Pauza.

QADIN:- Niyə susursan?..
MƏHBUS:- Məncə, susmaq məsləhətdir...
QADIN:- Sən həmişə bu cür olmusan?..
MƏHBUS:- “Bu cür”?.. Yəni necə?..
QADIN:- Qaraqabaq, adamayovuşmaz...Kobud...
MƏHBUS (gülür):- Yox, aradabir şən, gülər vaxtlarım da olur.
QADIN:- A-a-a...Doğrudan da gülürsən!.. Mən səni heç vaxt bu cür görməmişəm.
MƏHBUS:- Sənin xətrinə hərdən gülərəm.
QADIN:- Qəribədir, özü də sən güləndə tamam başqa cür olursan.
MƏHBUS:- “Başqa cür”?
QADIN:- Bəli. Yəni elə bil dəyişib ayrı adama çevrilirsən...
MƏHBUS:- Yox, mən elə həmin adamam, buna şəkk-şübhən olmasın!
QADIN:- Mənim doğru sözümdür. İndi sifətindən işıq tökülür. (Ona yaxınlaşır). Elə bil sən artıq bayaqkı adam deyilsən...
MƏHBUS:- Bəlkə də... Bəlkə bayaqkı adam buradan çıxıb getdi?.. Qaçdı?..Yerinə başqası gəldi?!. (Gülür). Hər şey ola bilər.
QADIN:- Yoxsa sənin də ürəyindən qaçmaq keçir?..
MƏHBUS:- Qaçmaq?.. Necə yəni “qaçmaq”?..
QADIN:- Hə də...Azad olmaq...
MƏHBUS:- Azadlıq kimin ürəyindən keçmir, axı?..
QADIN:- ...və yəqin ki, bunun üçün yollar da axtarırsan...
MƏHBUS:- Yollar?.. Bəyəm bu axtarışın bir mənası var ki? Bütün yollar bağlıdır...
QADIN:- “Bütün yollar bağlıdır”... Bəlkə də elədir...Amma....
MƏHBUS:- Nə “amma”?...Bəlkə sənin buna şübhən var?..
QADIN:- Nəyə?..
MƏHBUS:-Mənim bütün yollarımın bağlandığına?..
QADIN:- Hə...Yox...Əlbəttə, yollar bağlıdır...Amma...Sən özün dedin:-“azadlıq kimin ürəyindən keçmir”?.. Yoxsa sən demədin bu sözləri?..
MƏHBUS:- Elədir, mən dedim... Nə olsun ki?..
QADIN:- O olsun ki, sən qaçmaq istəyirsən...
MƏHBUS:-Mən?..Sən bunu haradan bilirsən?..
QADIN:- Özün dedin ki?..
MƏHBUS:- Hə...Yox, mən o cür demədim...
QADIN:- Yox, dedin! Özün dedin! Bəlkə sözünü geri götürmək istəyirsən?.. Bəlkə qorxdun?..
MƏHBUS:- Mən?..Qətiyyən!..Qətiyyən qorxmuram!..Bəli, mən buradan, bu iyrənc aləmdən, bu boz divarlar arasından qaçıb qurtarmaq istəyirəm! Sonra?..Bunu eşitmək istəyirdin?!. Onda eşit! Bağışlayın ki, sizə “sən” deyirəm...
QADIN(sakit tonla):- De. Elə bu cür de. Özün də qışqırma...
MƏHBUS:- Əl çək məndən!..
QADIN:- Əl çəkən deyiləm. (Diqqətlə Məhbusu süzür). Zəhləm gedir...
MƏHBUS:- Getsin...
QADIN:- Səndən yox... Qorxaqlardan.
MƏHBUS:- Elə məni də qorxaq hesab et . Zəhlən gedə bilər...
QADIN:- Qorxaqların burada nə işi?..
MƏHBUS:- Bura elə yerdir ki, qorxmazları da qorxağa çevirə bilərlər.
QADIN:- ...həm də cinayətkara...
MƏHBUS:- Belə şeyləri sən daha yaxşı bilərsən...
QADIN:- “İnsanın özü-özünə xəyanət etməsi də cinayətdir”. Eləmi? Bəlkə indi öz ifadəndən imtina edirsən?..
MƏHBUS:- Dedim, rahat burax məni...
QADIN:- Deyəsən, yorulmusan...Əslində, elə mən özüm də əldən düşmüşəm. Bəlkə mən bir az uzanıb istirahət edim?.. Hə, elə bu kreslodaca... (Əyləşir). Bəlkə mənim çəkmələrimi çıxarmağa kömək edəsən?.. Niyə susursan?.. Gözünü niyə bərəldib baxırsan?.. Qanmaz! Bəyəm sən bilmirsən ki, bu dünyada qadın ayağından gözəl heç nə yoxdur?.. Bəlkə sən belə şeyləri hələ bilmirsən?.. Üz-gözündən dünyagörmüş adama oxşayırsan. Amma belə çıxır ki, hələ yonulmamısan...Yaxşı, eybi yoxdur, elə çəkməli-patavalı dincələrəm... Sənsə çəkil o küncə...Amma mürgüləmə ha!.. Ya bəlkə ötürüm səni öz kamerana?.. Hə?.. Niyə susursan?.. Lalsan? Karsan?.. Gicsən?.. Bəlkə ölmüsən, meyitsən? (Ayağa durub ona yaxınlaşır, çiynindən yapışır). Danış görüm!.. Özün də gülümsə!.. Bayaqkı kimi... Sənin təbəssümün mənə öz uşaqlığımı xatırlatdı...Yalnız uşaqlar o cür gülümsəyə bilər: təmiz, saf, məsum... (Onun boynundan tutub özünə sarı çəkir). Alçaq, gözünü niyə döyürsən?.. Axı, sən kişisən... (Əynindəki gödəkçəni və yubkanı soyunub bir tərəfə atır. Alt paltarda və çəkmədə qalır). Gör bir nə vaxtdan çürüyürsən bu nəmli, bu boz divarlar arasında... Bəlkə özün də çevrilib daşa-divara dönmüsən?.. “Ürək-ürək”-deyirdin, hanı bəs sənin ürəyin?.. Yoxdur?.. Amma mənim ürəyim var!.. Eşidirsən?.. Yox?.. Bir əlini sinəmin üstünə qoy!.. Eşidirsən?.. Sən kişi deyilsən?.. Amma mən qadınam, qadın!.. Sən bilirsən qadın ürəyinin sirrini? Ay bildin ha!.. Bunu bilmək üçün gərək ya qadın olasan, ya da ki... ya da ki, Allah!.. Sən isə bunlardan heç biri deyilsən... Sən axmaqsan!.. Sən gicsən... (Qapıya işarə ilə). Bir azdan o heyvərə gələcək... Sən nəyi, nəyi gözləyirsən? Bəlkə yenə kötək yemək keçir könlündən?... (Paltarını geyə-geyə) Of-f-f!.. Rədd ol buradan!.. Get! Çəkil, get öz yuvana!..Sən adam olmaq istəmirsən!..

Məhbus gedir. Qadın özünü qaydaya salıb hikkəli-hikkəli qapıya baxır. Kişi gəlir.

KİŞİ:- İşlər yaxşıdır? (Qapıya işarə ilə). O, necədir? Dincəlir? Qoy dincəlsin! Sakitlikdir! Əmin-amanlıq bərpa olunub...
QADIN:- Hə, elədir, sakitlikdir...

Atəş səsi eşidilir. Onlar diksinirlər.

KİŞİ:- Sakitliyi pozdular yenə... Bu da belə getdi. (Rəfə işarə ilə). Sən o qovluğu çıxar... Lap altındakını... Orada sağ tərəfdədir...

Qadın rəfdən qovluğu götürüb baxır.

QADIN:- Sir-sifətindən yaraşıqlı adamdır. (Qovluğa baxır). Qalın dodaqları, mavi gözləri var...
KİŞİ:- ...var idi... Deyəsən, sən surətpərəstsən...
QADIN (davam edir):- Boyu bir səksən iki, iki dişi metal, sağ ayağını çəkir.
KİŞİ:- ...çəkirdi. Ta çəkə bilməyəcək ayağını. Nə yaxşı ki, ölüm hökmünü ləğv etdilər. Yoxsa... Hərdən günüha batırdıq... Əslində buna günah da demək olmaz... Qanun və günah anlayışları bir yerə sığmır...
QADIN(qovluğa baxıb davam edir):- ..şəkildə gülümsəyir. Adam inanmır ki, o, indi yoxdur...
KİŞİ:- Hə, o bir vaxt gülümsəyirdi! Bəlkə elə öləndə də gülümsəyib. Ola bilər! Axı, mən gülən ölünü də görmüşəm. Baxırsan-meyitdir, amma gülür...İnanmırsan?..
QADIN:- Qəribədir. Gülən ölüləri mən özüm də görmüşəm...
KİŞİ:- Mən belələrinə... bu cür ölülərə hörmətlə yanaşıram...
QADIN:- Ölülərə hörmət edirsən?..
KİŞİ:- Bəli! Adam gərək öləndə kişi kimi ölsün...
QADIN:- Bəs yaşayanda necə?
KİŞİ:- Yaşayanda?..Yaşayanda necə olsun? Bilmirəm... Bunu deyə bilmərəm....
QADIN:- Sən heç həyat haqqında düşünmüsən? Fikirləşmirsən ki, nə üçün yaşayırsan bu dünyada?..
KİŞİ:- Bəs sən özün necə? Düşünürsən?...
QADIN:-Əlbəttə, düşünürəm. Özü də çox... Yəqin ki, bu dünyada heç kəsin gəlişi təsadüfü deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir... mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar , cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədimi allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm. Tanıyırsanmı Prometeyi?
Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir,qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim öz ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh qadın nə gic-gic danışır. Amma mən sənə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.

KİŞİ:- Maraqlı şeylər danışırsan. (Qapıya işarə ilə). Bax, ona demək lazımdır bu sözləri. Qoy eşidib nəticə çıxartsın. (Pauza). Onun işinə bu yaxınlarda yenə baxılacaq... Yəqin ki, güllələyəcəklər.
QADIN:-Doğrudan? (Qorxur). Axı, bizdə ölüm hökmü ləğv olunub.
KİŞİ (gülür):- Nə olsun ki?... Ölüm hökmü ləğv olunub, amma ölüm öz qüvvədə qalır ki...
QADIN:- Yazıq...
KİŞİ:- Yazıq? Kimdir “yazıq”?.. O? Hımm.... Yazığa bir bax. Qoy görüm o “yazıq” nə edir?

Kişi gedir. Məhbusun qoluna girib səntirləyə-səntirləyə qayıdır. Məhbusun üst-başı qanlıdır.

QADIN:-Vay! Dəhşət... Ona nə olub?..
KİŞİ:- Deyəsən, sui-qəstə cəhd göstərib...
QADIN:- Nə?.. Kimin sui-qəstinə cəhd eləyib?..
KİŞİ:- Vətəndaşın...
QADIN:-Hansı vətəndaşın?
KİŞİ:- Bəyəm bunun özü vətəndaş deyil? Qoy bir görüm nə olub?.. (Məhbusa). Yaxın gəl!.. Ağzını aç görüm!. Eşitmirsən?.. Yoxsa kəlbətinlə açacağam sənin əngini. Qatil!..

Kişi əli ilə onun çənəsini dartıb ağzına baxır...

QADIN:- Onun ağzı qanla doluidur...
KİŞİ:- Bu alçaq, vətəndaşın venasını dişi ilə kəsib...
QADIN:- Hansı vətəndaşın?..
KİŞİ:- Bax, bu vətəndaşın... Bu vətəndaş bu vətəndaşın venasını dişi ilə kəsib...
QADIN:- Bu vətəndaş... bu vətəndaşın damarını qoparıb... Əslində bunların hər ikisi eyni vətəndaşdır ki...
KİŞİ:- Nə olsun eyni vətəndaşdır?.. Cani də budur, zərərçəkən də... Bunun fərqi yoxdur. Məsələ burasındadır ki, cinayət baş verib. Onu kim törədib- bumu yoxsa bumu, özü də nə məqsədlə, bu ayrı məsələdir. Həqiqəti ortaya məhkəmə çıxaracaq.
QADIN:- Bu vətəndaş, bu vətəndaşa qəsd edib...
KİŞİ:- Bəli. Hər kəs öz layiqli cəzasını alacaq. Dişiqanlı canavar!.. Biz sənə göstərərik qanunun aliliyini!.. Adamyeyən! Goreşən!.. İnsan qanına susayan qatil! Cəmiyyətin kor bağırsağı! Biz kəsib atarıq səni... Necə lazımdırsa... İlahi, nə qədər qorxulu ünsürlər varmış bu dünyada!..
MƏHBUS (sakit səslə):- Siz hansı cinayətdən danışırsınız?..
KİŞİ:- Bəyəm insan həyatına qəsd etmək cinayət deyilmi?
MƏHBUS:-İnsan həyatına qəsd?.. Kim kimə qəsd edib?..
KİŞİ:- Əlbəttə, söhbət səndən gedir...
MƏHBUS:-Mən... Mən... Axı, mən kimin həyatına qəsd etmişəm?
KİŞİ:- Dedim ki, insan həyatına... Sən canisən... İntihara cəhd göstərmisən. Doğrudurmu?.. Bəlkə bunu da inkar edirsən?..
MƏHBUS:- Bunun sizə bir dəxli var ki? Bəli, mən intihar etmək istəyirəm. (Emosional tərzdə, ucadan). Mən haqq-hesabı qurtarmaq istəyirəm bu dünya ilə... Yoxsa özümü öldürmək üçün də sizdən icazə almalıyam?
KİŞİ:- Bəyəm bu icazəni verən var ki, sənə, sən də özünü öldürəsən?.. Sən elə bilirsən özbaşınasan?.. Biz heç ölünü özbaşına qoymuruq, o ki ola diri...
MƏHBUS:- Ha-ha-ha... Deməli, mən özümü öldürməyə cəhd göstərməklə cinayət etmişəm...
KİŞİ:- Əlbəttə, cinayət etmisən! (Qadına). Bu, hələ törətdiyi cinayətin mənasını dərk etmir. Bu, o deməkdir ki, bu ünsür bizim qanunların ədalətli olduğuna... eləyir...Nə eləyir? Şübhə eləyir! Nifrət eləyir! Elə deyilmi? Bəlkə bunu yenə ağıllandıraq?.. Bəlkə başlayasan?.. Sənin çəkmələrin göz qamaşdırır...
QADIN:- Yox... Lazım deyil, məncə... Doğrudur, bayaq elə mən özüm də onu əzişdirmək istəyirdim... Amma... sonra fikirləşdim ki, yenə bir hoqqa çıxarar... Axı, bu, ona sağ ikən lazımdır... Elə deyilmi?
KİŞİ:- Elədir... Biz bunu ona diri təhvil verməliyik. (Məhbusa). Bura bax!.. Mənə yaxşı-yaxşı qulaq as. Özünü öldürmək fikrindən birdəfəlik vaz keç! Bildin?... Burada heç kəs sənə belə bir səlahiyyəti verməyəcək... Lazım olsa, bu işi görən adam tapılar... Adam qanunlara hörmət etməlidir. Sən ki, belə şeyləri anlayırsan.
QADIN:- Bu, özü deyir ki, qanun-qaydaya əməl etmək lazımdır. (Məhbusa). Bəlkə səhv edirəm?..
KİŞİ:- Qoy bunu atım öz yerinə... Gedib dincəlsin... Sənə deyiləsi sözüm var...

Kişi Məhbusu sürüyüb kameraya aparır, geri qayıdır.

KİŞİ:- Bax belə... Hə, onu deyirəm... Təzə şad xəbər var... Çinimiz, vəzifəmiz artacaq... Hər ikimizi böyüdəcəklər.
QADIN:- Hər ikimizi?..
KİŞİ:- Hə də... İstəmirsən bunu?..
QADIN:- Niyə ki?..Amma ...
KİŞİ:- Nə amma?..
QADIN:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
KİŞİ (gülür) :- Yəqin ki... Bəs sənin vəzifən nədən ibarətdir?..
QADIN:- Mənim vəzifəm insanları qanun-qaydada dəvət etmək, həyatın mənasını anlatmaq...
KİŞİ:- Onsuz da qanun-qaydanı qoruyan biz özümüzük... Sən hansı qanundan danışırsan?..
QADIN:-Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
KİŞİ:- O, nə qanunlardır elə? Bəlkə deyəsən, biz də bilək...
QADIN:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
KİŞİ:- Deməli, sən çox vicdanlı adamsan, biz isə vicdansızıq... Eləmi?..
QADIN:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyini dərk etmirsən?..
KİŞİ:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?..
QADIN:- Məsələ təkcə ürəkdə deyil.
KİŞİ:- Bəs nədədir?..
QADIN:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
KİŞİ:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
QADIN: - Sən ürəyinin əksinə gedəndə o ağrayır, ya yox?
KİŞİ:- Kim?.. Nə?.. Hə, ürəyi deyirsən.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
QADIN:- Amma mənə elə gəlir ki, sən ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
KİŞİ:- Bəlkə mən cinayətkaram?
QADIN: - Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
KİŞİ:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
QADIN:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?..
KİŞİ:- Yox... Niyə ki... Amma sənin dediklərini mən həzm edə bilmirəm. Son vaxtlar qəribə şeylər danışırsan. (Qadına yaxınlaşır). Elə özündə dəyişib qəribə olmusan... (Əlini onun çiyninə qoyur)... Mənə də çox qəribə baxırsan...
QADIN:-Əlini çək...
KİŞİ:- Qəribə hərəkətlər edirsən...
QADIN:- Yaxın gəlmə...
KİŞİ (geri çəkilir):- Yaxşı... Olsun!... Get tənzif gətir... O, ölə bilər... Niyə mənə elə baxırsan? Eşitmirsən?.. Buranın bir böyüyü var, ya yox?.. Biz vətəndaşın həyatı üçün cavabdehik!..

Qadın gedir. Kişi qapıya yaxınlaşır.

KİŞİ:- Eyy!.. Bura gəl görüm!.. Deyəsən, nəfəsin gəlir. Sən hələ ölməli deyilsən. Bildin?..

Məhbus gəlir. O, ayaq üstə zorla dayanıb.

MƏHBUS:-Eşidirəm...
KİŞİ:- Biz sənin ölməyinə imkan verə bilmərik. Sən hələ yaşamalısan. Başa düşürsən? Sən anlayırsan həyat nədir?.. Heç bu barədə düşünmüsən?.. Yox?.. Çox təəssüf! Düşünmək lazımdır!.. Amma mən gecə-gündüz baş sındırıb düşünürəm.. Görəsən bu dünyaya nə üçün gəlmişik, nə üçün yaşayırıq?.. Şəxsən mənim həyatımın mənası nədir?.. Bəlkə də sən bilmirsən... Amma əslində bu dünyaya heç kəsin gəlişi təsadüfü deyildir. Axı, hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özüm də ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. Həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
Tanıyırsanmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh adam nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.
MƏHBUS (istehza ilə):- Maraqlıdır...
KİŞİ:- Nə maraqlıdır?.. Nə?..
MƏHBUS:- Sizin dedikləriniz. Prometey haqqında, həqiqət və yalan, xeyir və şər barədə dedikləriniz...
KİŞİ:- Yoxsa, elə bilirsən yer üzündə cəmi bircə Prometey olub?.. Elə mən də öz işimin Prometeyiyəm.
MƏHBUS:-Doğrudan?..
KİŞİ:- Yox bir, yalandan!.. Yoxsa elə düşünürsən ki, mən bayaqdan səninlə zarafat edirəm?!. Mən bütün ömrüm boyu həqiqət uğrunda vuruşmuşam... Bu mübarizə indi də davam edir.
MƏHBUS:- Maraqlıdır... Yəqin ki, bəzən böyük döyüşlər səssiz gedir...
KİŞİ:- Əlbəttə... Ən böyük döyüşlər çox vaxt səssiz səmirsiz gedir. Anladın?..
MƏHBUS:- Çətin də olsa anlayıram... (Istehza ilə). Hım-m-m...
KİŞİ:- Prometey kimiləri həmişə olub və yenə də olacaq. Yoxsa mənim həqiqət və ədalət uğrunda vuruşduğuma sənin şübhən var?!.
MƏHBUS:- Yox, Mən buna şübhə etmirəm.
KİŞİ:- Yoxsa sənə elə gəlir ki, həqiqət uğrunda vuruşanların hamısı məhbəs divarları arasında çürüyən yalançı mücahidlərdir?.. Bəzən həqiqət uğrunda vuruşanların səsi belə çıxmır. Ən böyük döyüşlər səssiz gedir. Anlayırsanmı?..
MƏHBUS:- Təxminən...
KİŞİ:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
MƏHBUS:- Yəqin ki... Bəs sizin vəzifəniz nədən ibarətdir?..
KİŞİ:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
MƏHBUS:- Qanun-qaydanı bu cür qoruyurlar?.
KİŞİ:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
MƏHBUS:-O, nə qanunlardır elə?..Bəlkə deyəsiniz, biz də bilək...
KİŞİ:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
MƏHBUS:- Deməli, siz çox vicdanlı adamsınız, bizsə vicdansızıq... Eləmi?..
KİŞİ:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyi dərk etmirsən...
MƏHBUS:-Mən?..
KİŞİ:- Əlbəttə, sən!.. Bir də ki, məsələ təkcə ürəkdə deyil.
MƏHBUS:-Bəs nədədir?..
KİŞİ:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə nə dərəcədə qulaq asırsan?..
MƏHBUS:-Mən ürəyimin səsini həmişə eşidirəm. (əlini sinəsinə qoyur). O, hələ işləyir.
KİŞİ:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?
MƏHBUS:-Kim? Nə?..Hə, ürəyi deyirsiniz? Əlbəttə!.. Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
KİŞİ:- Amma mənə elə gəlir ki, sən öz ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram. Sənin... Sən... Sən...
MƏHBUS:- Bəlkə mən cinayətkaram?
KİŞİ:- Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
MƏHBUS:- Siz bu sözləri haradan əzbərləyib öyrənmisiniz?..
KİŞİ:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm yoxdur?.. Bəlkə sən özünü çox ağıllı, başqalarını isə gic hesab edirsən?..
MƏHBUS:- Qətiyyən!... Mən görürəm ki, siz çox ağıllı adamsınız... Amma ... bir şeyə şübəm var...
KİŞİ:- O, nədir elə?..
MƏHBUS:- Deyirəm, birdən siz səsləri səhv salar, qarışdırarsınız...
KİŞİ:- Hansı səsləri deyirsən?
MƏHBUS:- Eşitdiyiniz səsləri... Bəlkə siz ürəyinizin, vicdanınızın yox, mədənizin səsini eşidirsiniz...
KİŞİ (əlini sinəsinə qoyur):- Yox!... Bu, ola bilməz... Mən səs mütəxəssisiyəm. Səsi səsdən ayımağı yaxşı bacarıram...
MƏHBUS:- Siz məni heyrətləndirirsiniz... Siz doğrudan da böyük mütəxəssisiniz... Eşq olsun sizə!
KİŞİ:- Amma çoxları məni başa düşmək istəmir... Nə etməli?... Hamı eyni cür düşünə bilmir axı... Bu heç mümkün də deyil.
MƏHBUS:-Yox, deyəsən, elə hamı eyni cür düşünür.
KİŞİ:- Deməli, siz də mənim kimi düşünürsünüz?..
MƏHBUS:- Son vaxtlar görürəm ki, biz hamımız eyni cür düşünür, eyni şeylərdən danışırıq.
KİŞİ:- Bəs görəsən bu yaxşıdır, yoxsa pis?..
MƏHBUS:- Hər halda pis olmaz...
KİŞİ:- O da istəyir ki, hamı eyni cür düşünsün, eyni cür yaşasın...
MƏHBUS:- Siz kimi nəzərdə tutursunuz?..
KİŞİ:- Kimi?.. Hamımızın yerinə düşünən kim olmalıdır?.. (Əlini yuxarı qaldırır).
MƏHBUS:- Aydındır... Anladım...
KİŞİ:- Mən Allahı yox, hökmdarı deyirəm...

Qadın əlində tənzif gəlir.

QADIN:- Adi tənzif tapmaq belə, müşkül bir işdir...
KİŞİ:- Baxır kimin üçün müşkülə çevrilib... Məsələm, mənim üçün müşkül iş yoxdur bu dünyada... Yaxşı, belə edək... Mən rəisin yanına geyməliyəm... (Qadına). Sən bunun qolunun sarı. Rəngi qaçıb... Amma əminəm ki, elə qorxulu şey yoxdur. (Məhbusa). Bir daha vətəndaşın həyatına qəsd etmək arzusuna düşmə. Bildin?.. (Mənalı tərzdə qaş-gözünü oynadır).

Kişi gedir.

QADIN:- O, nə barədə danışırdı səninlə?..
MƏHBUS:- Heç, elə-belə... Xeyir və şər haqqında ... söhbət edirdi...
QADIN:- Hə... Maraqlıdır... Xeyir və şər... Di yaxın gəl... Əlini bura ver... Sən özün özünün düşməni imişsən ki?.. Öz canına belə qəsd edən adam, gör başqalarına necə zülm edər?!.
MƏHBUS (əlini irəli uzadır):- Yəni sən məni doğrudan qəddar hesab edirsən?..
QADIN (onun qolunu sarıya-sarıya çoxmənalı tərzdə):- Əlbəttə, sən çox qəddarsan. Yoxsa, özün bilmirsən bunu?..
MƏHBUS:-Yox, bu barədə birinci dəfədir ki, eşidirəm... Özü də səndən...
QADIN:-Ağrıtmır ki?..Yox?.. Çox güclü qolların var... (Geri çəkilir). Hə, bax belə... Tezliklə sağalarsan... Bir də belə fikrə düşmə ha!.. (Mənalı tərzdə). Ömrün, həyatın öz mənası var...
MƏHBUS:- Deyəsən, doğrudan da biz hamımız eyni cür düşünməyə başlamışıq...
QADIN:- Hamımız?..Yəni sən də, mən də...
MƏHBUS:- Lap elə o da...
QADIN:- Bir mahnı var... Orada da deyilir ki, biz hamımız eyni ölçüdə, eyni biçimdəyik. İstəyirsən oxuyum...
MƏHBUS:- Sözlərini bilirsənsə, oxu...

Musiqi.

QADIN (oxuyur):-
Biz hamımız bir biçimdə,
Qovruluruq ah içində,
Hamımız gunah içində,
Tövbə gunahdan ucadır.

Köçənləri soraqlama,
Keçənlərə yas saxlama,
Sən sabaha bel bağlama,
Bu gün sabahdan ucadır.

Ölüm-ömürün axırı,
Ömür- ölümün paxırı,
Allah - hər şeydən yuxarı,
Vicdan Allahdan ucadır.

KİŞİ:- Əla!.. Gözəl səsin var.
QADIN:- Doğrudan? Xoşun gəldi?
KİŞİ:- Sən müğənni də ola bilərmişsən...
QADIN:- Yox... Mən səs mütəxəssisi deyiləm. (Gülür). Sən yaman fikirlisən... Daha doğrusu, yorğunsan... Bəlkə uzanıb dincini alasan...
MƏHBUS:- Onsuz da mən gecə-gündüz yatıb dincəlirəm.
QADIN:- Yatırsan?.. Bəs yuxu da görürsənmi?..
MƏHBUS:- Görürəm...
QADIN:- Yuxuda nə görürsən?..
MƏHBUS:- Mən hər gecə eyni yuxunu görürəm. (Yavaş-yavaş gəzişir). Görürəm ki, göyün üzü ağappaqdır. Elə bil günün günorta vaxtıdır. Başımı qaldırıb yuxarıya baxıram. Nə görsəm yaxşıdır: ağappaq səmanın üzündə qapqara ulduzlar. O qara ulduzlar od tutub yanır və qapqara kösövə oxşayırlar... Ən qəribəsi budur ki, o ulduzlar sonra elə kösöv kimi də tüstülənməyə başlayırlar. Mən az qala hər gecə o tüstü- dumanın içində boğulur, qışqırır, sonrasa yuxudan hövlank ayılıram.
QADIN:- Ayılıb nə görürsən?..
MƏHBUS:- Nə görəsiyəm ki?.. Bomboz divarlar, çat-çat tavan, beton döşəmə...
QADIN:- Bura bax...
MƏHBUS:- Baxıram...
QADIN:- Qulaq as... Heç ürəyindən keçir ki, buradan qaçasan?..
MƏHBUS:- Yox... mən buradan heç yerə getmək istəmirəm. Bura mənim üçün əsl cənnətdir...
QADIN:- Zarafatı boşla...
MƏHBUS:- Nə zarafat?.. Məhbəsdə zarafat olar?
QADIN:- Səni belə qorxaq bilməzdim...
MƏHBUS:-Mən qorxaq yox, qorxulu adamam... Elə buna görə də qismətimə məhbəs həyatı düşüb...
QADIN:- Sən qorxulu adamsan?..
MƏHBUS:- Əlbəttə... Hamı bilir ki, mən təhlükəli caniyəm...

Qadın seyfə yaxınlaşır.

QADIN:- Cani...Cinayətkar...Özü də qaçmaq istəmir... Buranı özünə cənnət hesab edir... Ha-ha-ha...
MƏHBUS:- Axı, cənnətdən kim qaçmaq istəyər?..

Qadın seyfi açır. Gərgin musiqi.

QADIN:- Buraya bax... Diqqətlə bax... Seyfdə nə görürsən?..
KİŞİ:- Zülmət... Qaranlıq... Hə, nəsə parıldayır... Deyəsən, tapançadır...
QADIN:- Götür...Qorxma... (Gülür). Cani!..
KİŞİ:- Mənə silah lazım deyil...
QADIN:- Sənə silah lazım deyil... Hım-m-m... Amma qaçmaq istəyirsən... Özü də necə. Yalın əllə?..
MƏHBUS:- Qaçmaq istəyirəm? Sən bunu haradan bilirsən?..
QADIN:- Bəlkə burada çürüyüb məhv olmaq istəyirsən?.. Götür!.. Götür silahı!.. Lazımın olar.
MƏHBUS:- Mənə... silah gərək deyil...
QADIN:- Bəyəm xilas olmaq istəmirsən?.. Mən səninlə ciddi söhbət edirəm...
MƏHBUS:- İstəyirəm...
QADIN:- Xilasın başqa yolu yoxdur... Səni ömrünün sonunacan burada saxlayıb çürütməkistəyirlər. Mən bunu dəqiq bilirəm. Ona görə də yaziğim gəlir sənə. Aciyiram sənin taleyinə... Mən əminəm ki, sənin heç bir təqsirin, günahın yoxdur. Sən əməli fəaliyyətə keçməlisən. Qulaq as... Götür bunu... (Tapançanı uzadır). İçində beş güllə var. Mən qapını açacağam. Sən çıxarsan... Orada- pilləkənin ayağında qarovulçu var. Çiyni tüfəngli dayanmağına baxma, qorxağın biridir. Səni əlisilahlı görsə sarısını udacaq... Əgər silaha əl atsa, atəş açarsan... Hətta, onun da tüfəngini ələ keçirə bilərsən! Sonra həyətə çıxarsan...
MƏHBUS:- Yox...Yox...Mən insan öldürə bilmərəm.
QADIN:- Yaxşı, onunla haqq-hesabı mən özüm çürüdərəm. Ay fərsiz, başa düş ki, indi silah sənə bir vasitə kimi lazımdır. Xilas olandan sonra onu atarsan zibilliyə... (Sakit tərzdə). Bildin?

Məhbus nəsə fikirləşib əlini irəli uzadır, amma tərəddüd edir.

MƏHBUS:- Yox...Yox... Lazım deyil...
QADIN:- Götür deyirəm sənə!.. (Qışqırır). Götür!
MƏHBUS:- İstəmirəm!..
QADIN:- İstəmirsən? Onda əllər yuxarı!.. Üzünü də divara çevir!..

Qadın silahı Məhbusun üstünə tuşlayır. Məhbus çaşıb qalır, əllərini asta-asta yuxarı qaldırır.

MƏHBUS:- Sən nə edirsən?..
QADIN:- Deməli, sən qaçmağa hazırlaşırsan? Özü də yalın əllə, hə?..
MƏHBUS:- Silahın üzünü o yana çevir!..
QADIN:- Nədir, lülənin zəhmi xoflandırır səni?..
MƏHBUS:- Xahş edirəm... Sən niyə belə qəddarsan?..
QADIN:- Dedim, əllər yuxarı!.. Madam ki, sən öz azadlığın üçün vuruşmursan, deməli, ölümə məhkumsan... Bura bax, sən necə vuruşa bilərsən başqasının azadlığı üçün?

Qadın silahı şaqqıldadır,Məhbus qəfildən irəli cumub Qadını qucaqlayır, onun biləyindən bərk-bərk yapışır. Tapança Qadının əlindən yerə düşür. Məhbus əyilib tapancanı götürmək istəyir, Qadın onu qabaqlayır. Onlar əlbəyaxa olurlar. Məhbus Qadını sinəsinə sıxır. Onların hər ikisi tənginəfəs olur. Məhbus silahı götürüb cibində gizlədir. Musiqi. Qadın başını Məhbusun çiyninə qoyur. Məhbus Qadının saçını sığallayır. Qadın onu öpür.

MƏHBUS:- Sən yəqin ki, zarafat edirdin...
QADIN:- Mən sənin düz ürəyinə atmaq istəyirdim...
MƏHBUS:- Doğrudan? Nə üçün?.. Nədir mənim ürəyimin günahı?..
QADIN:- Sənin ürəyin... sənin ürəyin hissiyatını itirib...
MƏHBUS:- İndi mən daha çox ağlımın dediyinə qulaq asıram, ürəyimin yox...
QADIN:- Demək, sənin ürəyinin gözü kordur... Sən dünyaya ürəyinlə baxa bilmirsən... Sən bədbəxt adamsan...
MƏHBUS (geri çəkilir):- Bəlkə də sən haqlısan...
QADIN:- Amma sən iradəlisən, dözümlüsən...Mən bunu görürəm, hiss edirəm.
MƏHBUS:- Düzünü bilmək istəsən, mən səndən qorxuram. Mən öz həyatımda ilk dəfədir ki, bu cür amansız qadın görürəm...
QADIN:- Təkcə sən yox, elə mən özüm də özümdən qorxuram. (Gülür). Doğru sözümdür. Bir də ki, axı, sənə niyə elə gəlir ki, yalnız kişilər qəddar olmalıdır.
MƏHBUS:- Bizdən asılı olmayaraq belə bir fikir qəbul olunub... Əslində mən hər cür qəddarlığın əleyhinəyəm... İstər kişi qəddarlığı olsun, istərsə də qadın... Amma...
QADIN:- ...amma sən öz qəddarlığını dərk etmirsən...
MƏHBUS:- Mən? Qəddarlıq?.. Bu barədə ilk dəfədir ki, eşidirəm...
QADIN:- Özünü axmaqlığa qoyma...
MƏHBUS:- Sən məni təhqir edirsən...
QADIN:- Bağışla... Düşdüyüm bu mühit məni tamam ayrı adama çevirib...
MƏHBUS:- Bəyəm əvvəllər ayrı cür olmusan?
QADIN:- Ayrı cür deyəndə ki... Mən də bir vaxtlar qadın olmuşam.
MƏHBUS:- Bəs indi qadın deyilsən?..
QADIN:- Qadın... Bəlkə indi heç insan da deyiləm... Yox... Amma son günlər hiss edirəm ki, hər şey təzədən başlayır...
MƏHBUS:- Hər şey təzədən başlayır? Yəni nədir dediyin o “hər şey”?..
QADIN:- Mənim ətrafımdakılara, lap elə özümə olan münasibətim... Mənə elə gəlir ki, öz həyatımı təzədən yaşaya bilərəm... Bütün bunlar sənə qəribə gəlir, eləmi? (Pauza). Niyə susursan?.. Bir vaxt mən həqiqətən qadın olmuşam... Ana olmuşam... Ərim məni atıb gedəndən sonra bütün kişilərə nifrət etməyə başladım. Qərara aldım ki, onlardan qisasımı alacağam... Bəli, mən qisasçı qadın olmuşam... Elə bil ki, Allah yalvarışımı eşitdi. Burada işə düzəldim...
MƏHBUS:- Və başladın kişilərdən qisas almağa?..
QADIN:- Elədir... Düz deyirsən. Buraya düşəndən sonra nəinki kişilərlə, hətta qadınlarla haqq-hesab çürütməyə başladım...
MƏHBUS:- Bəs sənin qadınlarla nə davan vardı ki?..
QADIN:- Mən xoşbəxt qadın görəndə özümü bədbəxt hiss etmişəm. Nə qədər acı da olsa, bu, belədir. Mən indi səndən heç nəyi gizlətmirəm.
MƏHBUS:- Mən səndən heç nə tələb etmirəm... Buna heç haqqım da çatmır...
QADIN:- Amma mən istəyirəm ki, sən məndən tələb edəsən...
MƏHBUS:- Nəyi?..
QADIN:- Nəyi istəsən... Mən neçə vaxtdır ki, sənə göz qoyuram... Sənin böyüklüyünü hiss edirəm... Mən sənin qarşında özümü əski kimi mundar hesab edirəm...
MƏHBUS:- Mənim qarşımda?..
QADIN:- Bəli, sənin qarşında! Bəyəm hər şey sənin gözün qarşısında baş vrmir?.. Mənim qəddarlığım, mənim kobudluğum, əxlaqsızlığım...
MƏHBUS:- Mən səni günahkar hesab etmirəm...
QADIN:- Bilirəm, sən yenə mühiti, cəmiyyəti ittiham edəcəksən. Elədirmi?.. Ancaq bu mühiti yaradan biz özümüz deyilikmi? Hər cür alçaqlığa rəvac verən bizik, biz... Biz insanlar niyə bu cür əclafıq? Nə üçün bu qədər bədbəxtik?.. Niyə öz bədbəxtliyimizdən nəticə çıxarmırıq?.. (Qışqırır). Biz niyə beləyik, niyə?..

Qadın hönkürüb ağlayır. Məhbus ona yaxınlaşır.

MƏHBUS:- Sakit ol... Eşidərlər...
QADIN:- Qoy eşitsinlər.

Məhbus Qadının əlindən tutur.

MƏHBUS:- Xahiş edirəm... Sakitləş...
QADIN:- Mən ağladıqca yüngülləşirəm... Elə bil ürəyimin hisi-pası yuyulur... Təmizlənirəm. Bəlkə də sən bunu dərk etməzsən...
MƏHBUS:- Mən hər şeyi anlayıram...
QADIN:- Doğrudan?..Sən məni başa düşürsənmi?..
MƏHBUS:- Əlbəttə...
QADIN:- Mən bilirdim ki, gec-tez bu dünyada məni başa düşən bir insan övladı olacaq! Mən bilirdim bunu!.. Oy-y-y...

Qadın qollarını açıb Məhbusun boynuna dolayır. Məhbus çaşır, döyükür, sonra Qadının başını sinəsinə sıxır.

MƏHBUS:- Di, yaxşı...Gələn olar...
QADIN:- Qoy gəlsinlər! Qoy görsünlər! Mən elə də qorxaq deyiləm! Hə, indi qulaq as mənə. (Kənara çəkilir). Artıq silah səndədir. Orada beş güllə var! Mən indi qapıları taybatay açıram. Sən aşağı enirsən. Başa düşürsənmi?... Aşağıda düz qapının ağzında gözətçi var. Sən onu vurursan...
MƏHBUS:-Yox... Mən adam öldürə bilmərəm...
QADIN:- Qorxma. Mən sənin arxanca gələcəyəm. Yaxşı, onun işini mən özüm bitirərəm... Sonra.... Qulaq as... Gözətçinin meyitini sürüyüb atarıq zirzəmiyə... Sonra yaxınlaşarıq ümumi qapıya. Orada iki cavan oğlan dayanıb... Postu qoruyurlar. Mən özüm danışaram onlarla... Əgər lazım gəlsə, orada silahdan istifadə edərsən. Axı, hələ dörd güllə olacaq ehtiyatda... İki güllə atarsan, qalar ikisi...
MƏHBUS:- Mən insana güllə ata bilmərəm!
QADIN:- Onlar insandır bəyəm?.. Sənin fikirləşməyə vaxtın azdır. Hərəkət etməlisən! Yoxsa bütün qalan ömrün bu soyuq divarların arasında çürüyüb gedəcək...
MƏHBUS:-Yox...Yox...Mən bunu edə bilmərəm...
QADIN:- Onda ver silahı!.. Mən özüm

Məhbus silahı Qadına verir.

MƏHBUS:-Yaxşısı budur silahı yerinə qoy.
QADIN:- Silah sakit dura bilməz. O, azadlığa can atan adamın əlində necə susa bilər?..
MƏHBUS:-Sən ki, azadsan...
QADIN:- Xeyr... Azad deyiləm... Mənim ruhum qandaldadır...
MƏHBUS:-Onu silah azad edə bilməz...
QADIN:- Onu sən azad edə bilərsən, səninsə cismin qandallıdır. Mən səni azad edəcəyəm. Heç olmasa ömrümdə kiminsə bir işinə bircə dəfə də olsa yaramalıyam, ya yox?..
MƏHBUS:- Dayan, bura bax...
QADIN:- Eşidirəm...
MƏHBUS:- Ver o silahı bura...
QADIN:- Nədir, fikrini dəyişdin?..
MƏHBUS:- Deyəsən...
QADIN:- Axır ki, özündə iradə tapa bildin... Buyur!.. Gərək kişi cəsur olsun, qorxmaz olsun...

Qadın tapançanı Məhbusa verir.

MƏHBUS:- Çox sağ ol...Yəqin ki, işə yarayır...

Məhbus silahı cibinə qoyur, gülümsəyib minnətdarlıqla Qadının üzünə baxır, onun saçını oxşayır. Qapı döyülür. Qadın tərəddüdlə ətrafa boylanır. Kişi daxil olur.

KİŞİ:- Sizə nə olub? ... Hər ikinizin sifəti xoruz pipiyi kimi qıpqırmızı qızarıb... (Seyfə yaxınlaşır). Seyfin qapısı nə üçün açılıb?.. Kim açıb bunu?.. Niyə susursunuz? (Qadına). Bəs tapança hanı?.. Nədir, yoxsa mənimlə lal oyunu oynayırsınız? (Qadının qarşısında dimdik dayanır). Eşitmirsən, qancıq? Karsan?

Kişi Qadına hücum çəkir. Məhbus irəli yeriyir.

MƏHBUS:- Dayan!..
KİŞİ:- Sən rədd ol, alçaq!..
QADIN (Kişiyə):- Alçaq sən özünsən!..
KİŞİ:- Nə?..

Məhbus silahı çıxarıb lüləni Kişiyə sarı tuşlayır.

MƏHBUS:- Rədd ol buradan!..
KİŞİ:- Nə?.. Yaxşı... Oldu... İcazə verin gedim...
QADIN (Məhbusa):- Sən onu haraya buraxırsan?.. Gicsən-nəsən?..
KİŞİ:- O, xeyirxah adamdır. O, insana əl qaldıra bilməz...
QADIN:- Bəs sən necə?.. Yoxsa sən də əl qaldıra bilmirsən?..
KİŞİ:- Sənə nə olub?.. Nə hay-küy salmısan? Mən kişi ilə kişi söhbəti edirəm. O ki, qaldı əl qaldırmağa, onu sən daha çox incitmisən. Sən qəddar qadınsan... Heç əslində sən qadın da deyilsən...
QADIN:- Bəli, mən qadın deyiləm. Elə sən də kişi deyilsən...
KİŞİ:- Tamamilə doğrudur. İndi burada cəmi bir kişi var. Onunsa əli heç vaxt insan həyatına son qoya bilməz. Axı, o əsl insandır. (Diz çökür). O, insan öldürə bilməz... O, əlini qana bulamaz! Yox!..O heç vaxt...
QADIN (Məhbusa):- Nədir?.. Niyə susursan?..
KİŞİ:- Özü susur, deməli, silah da susacaq...
QADIN:- Xeyr, o silah dillənəcək...
MƏHBUS:- Hamınız çıxıb gedin...
QADIN:- Arxadan atmaq istəyirsən?..
KİŞİ:- Yox, o kürəyi nişan alanlardan deyil. (İməkləyir). Axı, o kişidir...
QADIN:- Amma sən özün neçəsini arxadan güllələmisən...
KİŞİ:- Bizdə güllələnmə çoxdan ləğv olunub... Mən necə adam güllələyə bilərəm axı?
MƏHBUS:- Gedin...

Bayırdan güllə səsi eşidilir. Hamı diksinir.

QADIN:- Güllələnmə çoxdan ləğv olunub. (İstehza ilə). Bəs bu nədir?..
KİŞİ (cəld ayağa durub seyfdən qovluğu götürüb baxır):- Bu, hansı idi?..
QADIN:- Kürən kişi...xəstədir...
KİŞİ:- ...xəstə idi. Yəqin qaçmağa cəhd göstərib.
QADIN:- Elə adamları bu adla güllələyirlər burada. Deyəsən, sən də qaçmağa cəhd göstərirsən...
KİŞİ:- Yox... Mənim qaçmaq fikrim yoxdur.
MƏHBUS:- ...onun qaçmaq fikri yoxdur.
QADIN (Məhbusa):- Sən kimi, nəyi gözləyirsən?..
KİŞİ:- O?.. O, kimi gözləyəsidir ki?.. O, sadəcə olaraq öz vicdanının səsinə qulaq asır.
QADIN:- Bəs sən?..
KİŞİ:- Mən... mən... mədəmin səsinə...
MƏHBUS:- Xahiş edirəm, gedin...
KİŞİ:- Xahiş edirəm, atma... Mənim sənə böyük hörmətim, rəğbətim, məhəbbətim...
MƏHBUS:- Get! Rədd ol buradan!..
KİŞİ:- Onda mən gedim, bu qalsın. (Qadına). Sən qal burada... Onu sev, əyləndir... O, gözəl insandır... O, Prometeydir...O, şəri məhv eləyən xeyirdir... Əsl insandır! Əsl kişidir!..
QADIN:- Bəs sən kimsən?..
KİŞİ:- Mən?.. Mən heç nə... Bu dünyada “heç nə”nin olub-olmamasının kiməsə bir dəxli var, ya yox?.. Məncə, yoxdur! (Məhbusa). Elə deyilmi?.. Bəlkə səhv edirəm?.. Mən heç nəyəm, heç nə!..
QADIN:- Sən hamını “heç nə” etmək istəyirsən...
KİŞİ:- Yox...Yox...Elə deyil... Sən səhv edirsən... O, mənə icazə verir... Gedə bilərəm. Mən gedim, sən qal... Siz qalın burada... Sevişin özünüzçün. Orada içki də var... Lap gedim yemək də gətirim sizə. Doğru sözümdür, hər ikiniz inanın mənə...
QADIN:- Alçaq...
MƏHBUS:- Çıxın gedin... Rədd olun.
KİŞİ:- İkimiz də gedək? Yox, qoy o qalsın...
QADIN (Kişiyə):- Sən heç yerə getməyəcəksən! (Məhbusa). Sən nəyi gözləyirsən? Qorxaq! Maymaq!.. Tapançanı bura ver!
KİŞİ (Məhbusa):- Yox, yalvarıram, silahı vermə ona...
QADIN:- ...bura ver tapançanı, qoy mən özüm...
KİŞİ:- Vermə!.. Bu qadın ağlını itirib. O, ikimizi də güllələyəcək...
MƏHBUS:- Çəkilin!
KİŞİ:- Atma!..
QADIN:- Sənə deyirəm, mənə ver silahı! (Məhbusun üstünə cumur). Qorxaq!..
MƏHBUS:-Çəkil!.. Yaxınlaşma mənə!

Kişi uzaqlaşmaq istəyir. Atəş səsi eşidilir. Kişi və Qadın yerə sərilirlər, elə bilirlər ki, Məhbus onlara atəş açıb. Amma Məhbus özünü vurub; o, yavaş-yavaş dizi üstə çökür. Kişi ayağa durub divara söykənir, sonra irəli cumub silahı götürür, dəlicəsinə qəhqəhə çəkir. Qadın Məhbusa yaxınlaşıb onun başını dizinin üstünə qoyur. Sonra ayağa durubirəli yeriyir, dəmir şəbəkədən yapışıb yuxarı boylanır. Musiqi.

QADIN:- Göyün üzünü tüstü bürüyüb... Uzaqda ulduzlar qaralır. Deyəsən, ulduzlar od tutub yanır...
KİŞİ:- Ha-ha-ha! Ha-ha-ha!


Musiqi sədası get-gedə azalır.





PƏRDƏ

SON




20 dəfə oxundu

Axtarış