Qara uşaq...
Müəllif: Meyxoş Abdullah


11.02.2021


hekayə

Svetlana Nikolayevnanın Naftalandan müalicədən döndükdən sonra hamilə qalması xəbəri ailənin böyük sevincinə səbəb olmuşdu. Çünki o, beş ildən artıq idi ki, Fyodorla ailə həyatı qurmasına baxmayaraq, uşaqları yox idi. Həkimlərin məsləhətinə görə onun Azərbaycana, Naftalana gəlib müalicə alması tövsiyə olunmuşdu.
Svetlana Sibirə döndükdən doqquz ay sonra dünyay bir oğlan uşağı gətirdi. Həsrətlə gözlənilən bu uşağın gəlişi ailəni məyyus etdi. Doğulan uşağın rəngi qafqazlılar kimi qara idi. Ailənin, hətta nəslin hamısının sarıyanız olduğu halda, bu uşağın qara doğulması ailəni bir-birinə vurmuşdu.
Uşağın qara doğulması səbəbi təkcə Svetlananın özünə məlum olsa da, əri Fyodor Afanasiyeviçi tamam hövsələdən çıxartmışdı. O, arvadının ona xəyanət etdiyini bildirərək evdə əməlli-başlı mərəkə qoparmışdı. Ailə çox pis vəziyyətə düşmüşdü. Hətta, iş o yerə gəlib çatmışdı ki, Fyodor arvadının malicə aldığı Naftalan sanatoriyasının baş həkimi Canəli Qurbanova belə bir məktub da ünvanlamışdı: - “Cənab baş həkim, sizin Naftalan sanatoriyasını mən məhkəməyə verib yüksək məbləğdə təzminat tələb edəcəyəm. Səbəbi isə ondan ibarətdir ki, sizin sanatoriyada özbaşnalıq, nəzarətsizlik hökm sürür. Mənim həyat yoldaşım Svetlana Nikolayevna bu ilin fevral ayında sizin sanatoriyada müalicə almışdır. Artıq, oktyabr ayında o ana olmuşdur. Lakin uşaq sarı yox, qara doğulmuşdur. Mən başa düşə bilmirəm, siz baş həkim kimi hara baxırsınız? Niyə rəhbəri olduğunuz sanatoriyada nizam-intizam yoxdur. Tələb edirəm, bu barədə mənə dərhal məlumat verin. Yoxsa, biz məhkəmədə görüşməli olacağıq! Zərərçəkmiş, Fyodor Afanasiyeviç Papov”.
Məktubun məzmunu ilə tanış olan baş həkim Canəli Qurbanov məsələnin nə yerdə olduğunu o dəqiqə anlayır və bilir ki, bu məsələ dərinləşsə nəticəsi yaxşı olmayacaqdır. Ona görə də, bir az fikirləşəndən sonra götürüb şikayətçi Fyodor Afanasiyeviçə belə bir məktub yazır:
“- Hörmətli, Fyodor Afanasiyeviç, sizin narahatçılığınıza elə bir əsas olmadığı üçün, xahiş edirəm əsəbləşməyəsiniz və mənə diqqətlə qulaq asasınız. Məlumat üçün bildirirəm ki, Azərbaycanda çıxan təbii Naftalan neftinin tərkibi çox zəngindir. Belə ki, bu neftin tərkibində Naften turşusu, azot birləşmələri, mikro, makro elementlər, yod, brom və s. var. Bundan başqa, naftalanın tərkibinin 50-55%-ni naften karbohidrogeni təşkil edir. Naften yağı unikal maddə olub, insan orqanizmində olan steroid qrupuna daxil olan hormonlara çox yaxın maddədir. Ona görə də, həmin ferment və hormonların çatışmaması nəticəsində yaranan xəstəliklərin müalicəsində çox böyük faydası var.
Naften yağının təsiri ilə iltihabi proses və spazm aradan qalxır, ağrı azalır, aktivlik artır, maddələr mübadiləsi sürətlənir, immun sistemi gücləndirilir.
Xanımlarda ovogenez və ovulyasiya müsbət təsir göstərir. Həm də, ən başlıcası, sizin narahatçılığınıza səbəb olan qara uşaq məsələsinə gəldikdə isə demək istəyirəm ki, Naften yağı altı ay müddətində bədəndə sorulmuş vəziyyətdə qalır. Ona görə də, bu qara naften yağı sizin xanımızızın canından körpənizin bədəninə sorulmuş və onun rəngini qara hala salmışdır. Xahiş edirik, narahat olmayasınız, xanımınıza və uşağınıza sahib çıxasınız. Hörmətlə, xəstəxananın baş həkimi Canəli Qurbanov”
Baş həkimin bu məktubundan sonra şikayətçi Fyodor Afanasiyeviçin adından Naftalan sanatoriyasının kollektivinin adına bir təşəkkür məktubu daxil olur...



6 dəfə oxundu

Axtarış