Qartal enişi-hekayə
Müəllif: Vüsalə Qələndərli


12.10.2017


Yenə də özündən razı halda, sanki uca dağları o yaradıbmış kimi qəhqəhə çəkərək düşür maşınından. Sürücüsünə yuxarıdan aşağı baxaraq onu alçaltmaqdan həzz alır.
-Ədə, sənə neçə dəfə demişəm ki, məni evə vaxtında çatdır. Bilmirsən gecikəndə Nazlı xanım əsəbiləşir? Bu ay maaşının yarısını alacaqsan. Bəlkə ağlın başına gələr
-Başına dönüm, etmə, eləmə, amandı, uşaqlarım ac qalar, borc yiyələri qapımı kəsib, kirayənin pulunu ödəyə bilmirəm. Hələ kommunal xərcləri demirəm...Axı yol tıxac idi. Mən neyləyə bilərdim.
-Yaxşı-yaxşı, yenə qan tökmə, kirayə pulunu verə bilmirsən, küçədə yaşa, orada puluynan deyil ki, oğlunla arvadın da gəlsin evimizdə qulluqçu işləsin. Mən o qədər də insafsız adam deyiləm. Onları pulsuz qoymaram. Onda bir az da artıq pul alarsınız. Acınızdan da ölməzsiniz. Ha... Ha... Ha..
-Qadan alım, oğlum bu il Universitetə iş verəcək. Gecə gündüz oxuyur ki, qəbul olsun. O da işləsə dərsləri qalacaq.
-Yaxşı, yaxşı, güya oğlun ali məktəbə qəbul olacaq hə, sən Allah məni güldürmə. Ə, sən özün nəsən ki, nə də uşaq oxudasan. Oxuyacaqsa mənim oğlum Adil oxuyacaq. İndi öz aramızdı, sənin oğlun kim, mənim oğlum kim? Hansının şansı daha çoxdur?
-Elə demə nə olar. Mən də gözümü bircə Murad balama dikmişəm. Tək istəyim onun vəzifə sahibi olmasıdır. Allah böyükdür, nə bilmək olar, bəlkə, onun da şansı üzünə güldü. Onun- bunun acı sözlərini eşitməyə məcbur qalmaz inşallah balam. O mənim gördüyüm qara günləri görməz. Onun şəxsiyyəti də mənimki kimi alçaldılmaz. Kiminin əvvəli, kiminin axırı, nə bilmək olar...
Sənan bəy istehzalı gülüşü ilə Mahmuda acıq verirmiş kimi başını bulaya-bulaya çıl-çıraqlı görkəmi ilə göz qamaşdıran evinə daxil olur. Bayaqdan yolunu gözləyən Nazlı narahat baxışlarını onun gözlərinə zilləyərək Adili görüb-görmədiyini soruşur:
-Adil hanı, səninlə deyil?
-Nədir, ay arvad, niyə həyəcanlanırsan? Adil uşaq deyil ki, harda olsa gələr də...
-Axı sənin dünyadan xəbərin varmı? Gör nə yaxşı atasan ki, 2 gündür oğlun evə gəlmir, məktəbə getmir, sənin xəbərin yoxdu. Bu içkidən nə vaxt əl çəkib bir az da oğluna nəvaziş və qayğı göstərəcəksən? Onun təlim-tərbiyyəsi ilə niyə məşğul olmursan axı?
-Mənim oğluma ağıl öyrətmək lazım deyil. O bilir nə etdiyini. Üç günlük dünyadı də... Qoy gəzib gününü keçirsin.Yəqin qızlarla gəzməyə gedib... Ha... ha... ha...
Olanlara biganə yanaşan Sənan yenə içməyə başlayır. Yüksək vəzifə sahibi olan Sənan hər gün içir, içki onun həyatının mənasına çevrilir. Oğlundan bixəbər ata gözüyaşlı arvadının keçirdiyi narahatçılığa da biganə yanaşır.
Günlər sonra işdən qayıdanda hər ikisi gözlərinə inanmır, “Aman Allah, ev nə gündədir, polis! Polis çağırın!”- deyə qışqırıq səsələrinə qonşular tökülür.
“Evimə oğru gəlib, onu əlimə keçirsəm hamının gözləri qarşısında boğazını üzəcəm, bu nə cürət! “–deyə Sənan acıqlı və yüksək səslə bağırır, sanki bu dəqiqə oğrunu əlinə keçirsə öldürəcəkmiş kimi o tərəf, bu tərəfi axtarırdı.
Tezliklə polislər səs-küylü küçənin ən zəngin evinin qapısına gəldi, “şikayətçi kimdir?- deyə soruşduqda ər-arvad bir ağızdan “bizik!”- dedilər. “Bizik şikayətçi, görmürsən, evimi nə günə qoyublar, illərlə yığdığımız pulları, qızılları aparıblar, onu aparanı tutun dərhal, cəzasını biz verəcəyik!”
“Qardaş səbr edin, cəzanı qanun verəcək, hələ bölməyə gedək, bir neçə sualları cavablandıracaqsız...”
Beləcə şikayət qəbul olunur və ilkin polis araşdırmasının nəticəsi hər iki ev sahibini şoka salır, bayaqdan bərkdən qışqırıb haqqını tələb edən Sənan bir anın içində dizlərinin sındığını hiss edir, ömür boyu dik tutduğu qaməti saniyələr içindəcə bükülür, səsinin batdığını ilk dəfə hiss edir...
Nazlı isə, eşitdikləri ilə etdiklərini, sonra illərlə yaşadığı həyatı film lenti kimi yaddaşında təzələyir və baş verəcəklərdən azca da olsa şübhələnmədiyi üçün özünü günahlandrmağa başlayır, axan göz yaşlarında Sənhanı boğmaq keçir ürəyində, axı hər şeyin günahkarı Sənhan idi....
Qarşılarında əlləri bağlı halda gördükləri öz oğulları olacağını niyə də düşünməmişdilər, illərlə maraqlanmadıqları, təhsili və təliminə, tərbiyəsinə vaxt ayıra bilmədikləri oğullarını indi həbsxana qapısıa öz əlləri ilə saldırmaları onlara çox ağır gəldi.
-Buyurun. Bu da evinizə girən, milyonlarınızı oğurlayıb qumarxanada uduzan əziz oğlunuz. Onunla son dəfə vidalaşa bilərsiz, sizə təşəkkür edirik, onu həbs etməklə digər cinayətlərinin də üstünü açmış olduq.İndi oğlunuz uzun müddət həbsxanada qalmalı olacaq, narahat olmayın, onun cəzası ağır olacaq, bayaq dediyiniz kimi, ən ağər cəza!
Nə deyəcəyini bilmədən başlarını yerə dikdilər, nə oğullarını danlayacaq üz yoxdu, nə polisdən onu qurtaracaq səbəb, bayaqdan oğrunu əllərimlə öldürəcəm deyən Sənan indi oğlu üçün özü ölürdü... İndi milyon da versəydilər, biricik oğullarını xilas edə bilməyəcəkdilər...
Onları evlərinə aparmağa gələn sürücüsü Mahmudun isə, sevincdən gözləri qamaşırdı, bu sevincin səbəbi əzab içində, Sənanın acı sözlərini udaraq qazandığı pullarla böyütdüyü oğlunun Universitetə qəbul olması xəbəri idi. Bu xəbəri Sənana demək üçün uyğun zaman axtarırdı ki, maşındaca radioda ən yüksək balla qəbul olanların adları açıqlandı. Onların arasında Murad Mahmud oğlunun olduğunu eşidəndə Sənan vicdan əzabı çəkdi, aylar öncə alçaldıcı sözləriylə Mahmudu incitdiyinə görə xəcalət təri tökməyə başladı. Qartal kimi süzən Sənan indi qanadları arasında gizlənməyə yer axtarırdı... “Mən nə alim ola bilmədim, nə adam, nə yaxşı ailə sahibi ola bilmədim, nə dost qazanmadım, nə hörmət, oğlumu da itirdim, şərəfimi də, mən alçaltdıqlarım indi mənim süzdüyüm zirvəyə qalxdı, mən isə onların əvvəlki yerlərindən də aşağıya düşdüm...”-deyə Sənan vicdanıyla baş-başa qaldı...


11 dəfə oxundu

Axtarış