QATİL QADIN - Povest
Müəllif: Nəriman Mahmud


12.10.2017


İki il olardı ki, Nəbi kişinin arvadı rəhmətə getmişdi. Nəbi bu müddət ərzində heç kəslə evlənməmiş, tənha yaşamışdı. Gözünün ağı-qarası, yeganə qızı olan Zəminə isə öz həmkəndlisi Əzimlə ailə qurduğundan, bütün gününü atasının yanında keçirə bilməsə də, hər gün ona baş çəkir, kişinin xörəyini, çayını hazırlayır, evi sahmana salır, paltarlarını yuyur, bəzən də atası onlara gəlir, günün müəyyən hissəsini qızı və kürəkəni ilə birlikdə olurdu. Amma bu da Nəbinin doğma ocağını isitmirdi. Elə bil nəsə çatışmırdı kişinin evində. Və bunun nə olduğunu Nəbi yaxşı bilsə də hələlik evlənmək barədə düşünmürdü. Kənd camaatı, qohum-əqrəba bunu onun rəhmətlik arvadına olan sədaqətinin, sevgisinin nəticəsi kimi qəbul etsə də, qızı Zəminənin əziyyət çəkdiyini görəndə Nəbiyə haqq qazandırmırdılar.
Belə həyat tərzi kişinin özündən çox qohum-qardaşını narahat edirdi. Onlar bir gün yığışıb onu evləndirmək qərarına gəldilər. Çox çək-çevirdən, xahiş-minnətdən sonra Nəbi razılıq verərək, başqa bir qadınla evləndi. Bu, əvvəllər Bakı-Moskva qatarında vaqon bələdçisi işləyən Nəzirə idi. Son vaxtlar işini atmışdı. Bakı şəhərində yüngül həyat tərzi keçirirdi. Tanış-bilişlər, əvvəlki iş yoldaşları onu Naza deyə çağırırdılar...

***

Nəbinin dərdinin üstünə başqa bir dərd də gəlmişdi. Arvadının vəfatının üçüncü ilində qızı Zəminə ərindən boşanmışdı. Bir neçə ay olardı ki, atasıyla birlikdə yaşayırdı. Amma qadının daxili narahatlığı, nigarançılığı getdikcə artırdı. Əvvəllər ögey anası, daha doğrusu, atasının yeni arvadı onunla mülayim davranırdısa, son vaxtlar vəziyyət xeyli dəyişmişdi. “Anası” xırdaçılıq eləyir, heç nədən Zəminəni acılayır, evin bütün işlərini ona tapşırırdı. Elə ki, əri evə qayıtdı, işlərin çoxunu özü görər, Zəminə ilə mehriban davranar, doğma ana kimi görünməyə çalışardı. Nəbi də onların arasındakı əsl münasibətdən xəbərsiz idi. Səhərdən axşamadək iş dalınca qaçıb sütül kimi ütülməsinin əvəzində danlanan Zəminə, bu haqda atasına bir kəlmə də danışmazdı. O, anasının ölümündən sonra, üstəlik, Əzimlə boşanmasını da özünün tale kitabına yazılmış kədərli bir səhifə kimi qəbul edirdi.
Zəminənin ögey anasıyla aralarındakı münasibətlər getdikcə kəskinləşirdi. Elə vəziyyət yaranmışdı ki, qadın hətta ərinin yanında da Zəminəni danlamaqdan çəkinmirdi. Əvvəllər qızına qarşı arvadının pis nəzərlərlə baxdığını azacıq da olsa hiss edəndə ona acıqlanan ata, artıq buna çox da əhəmiyyət vermirdi. Çünki Nəzirə özünü ərinin yanında elə göstərmişdi ki, kişi arvadının tam səmimi və mehriban adam olduğuna hədsiz dərəcədə inanmışdı. Amma yazıq ata bilmirdi ki, yeni arvadı indiyə kimi çox üzlər görmüş, çoxunun anasını ağlar qoymuşdu. Bəs necə olmuşdu ki, Nəzirə Nəbinin qəlbinə yol tapa bilmişdi?
Bu bədheybət, halsız-qılıqsız qadın doğrudan da Zəminənin atasından əvvəl bir neçə kişiylə ailə qurmuş, var-dövlətlərinə, mal-mülklərinə sahib çıxandan sonra onlarla nikahını pozmuşdu. Sonuncu ərinin, yəni Nəbinin bunlardan xəbəri yoxuydu. Əslində heç ola da bilməzdi. Qadın respublikanın ən ucqar rayonlarından idi. Zəminənin atasından qabaq Rusiyada yaşayan Xasay adlı bir azərbaycanlıya ərə getmişdi. İndi olduğu kimi əvvəllər də azərbaycanlıların bir qismi yaxşı pul qazanmaq üçün Rusiyaya üz tutar, uzun müddət orada işləyəndən sonra çoxu Azərbaycana qayıdardı. Ancaq Xasay həmin çoxluğun içərisində deyildi. Vətənə qayıtmaq istəmirdi. Əslində vətəndə ağ gün də görməmişdi.
Kasıbçılıqla böyüyən Xasay, orta məktəbi qurtarar-qurtarmaz atasını itirmişdi. Özündən və anasından başqa bir kimsəsi də yoxuydu. Tale onda üzünə gülmüşdü ki, hərbi xidməti başa vurduqdan sonra Bakı-Moskva qatarında vaqon bələdçisi kimi işə düzəlmiş, bir qədər qəpik-quruş toplaya bilmişdi. Buna baxmayaraq kiprikləri ilə od götürüb min bir əziyyətlə onu böyüdüb ərsəyə yetirən anasını çox vaxt evdə tək qoyub kefi istədiyi yerlərdə gecələyir, eyş-işrətlə məşğul olurdu. Hətta arvad bu hərəkətlərə görə irad tutanda ağır cavab alır, bəzən də oğlu ona əl qaldırırdı. Bir neçə aydan sonra isə yazıq ana övladının nankorluğuna dözməyib xəstələndi və çox keçmədi ki, dünyasını dəyişdi.
Anasının vəfatından sonra növbəsi oldu-olmadı, gününün çoxunu qatarda keçirən Xasay, artıq atasından qalma o qədər də böyük olmayan birotaqlı evi satıb Moskvaya köçmək qərarına gəldi. Əvvəlcə kiçik bir otağı kirayəyə götürüb təxminən altı aya yaxın orada yaşadı. Artıq buraya köçəndən bəri yalnız növbəsi yetişəndə qatarla gedib gələr, boş vaxtlarında isə yaxşı bir obyektdə gözətçilik edərdi. Maddi vəziyyəti xeyli yaxşılaşmışdı.
Kirayədə qaldığı evin sahibəsindən aldığı təklif Xasay üçün lap göydəndüşmə oldu. O, kirayənişinə evlənmək təklif etmişdi. Xasaydan təxminən on səkkiz-iyirmi yaş böyük olan bu tənha qadın evlənməyin müqabilində evi kirayənişinin adına keçirmək barədə razılığa da gəlmişdi. Lakin rus qadını işini əvvəlcədən planlaşdıraraq Xasayı ilk növbədə nikah bağlamağa razı saldı. Hər şey hazır olandan sonra evin sənədlərini qaydaya salıb onun adına keçirdi...
Xasay qadınla cəmi on iki il yaşadı. Amma bu müddət ərzində həmişə canını qadından birtəhər qurtarmaq barədə fikirləşir, onunla boşanıb başqa birisiylə, özü də azərbaycanlı qadınla evlənmək istəyirdi. Ancaq ev məsələsini gözünün qabağına gətirəndə əli hər yerdən üzülürdü. Ev onun adına olduğundan ilk baxışdan Xasaya elə gəlirdi ki, problemi asanlıqla həll edə biləcəkdi. Əslində isə bu qərib ölkədə düşündüklərini həyata keçirmək cəhdinin nəylə nəticələnəcəyini götür-qoy edəndə bu prosesdən qalib çıxacağına inanmırdı.
Buna baxmayaraq Xasay fikrində qəti idi. Rus qadınından canını qurtarmalıdır, vəssalam. Bunun əsas səbəbi arvadının yaşca ondan xeyli böyük olmasında deyildi. Artıq onun özü də yaşa olmuşdu. Xasayın azərbaycanlı mentaliteti, öz hərəkətlərində sərbəstliyə öyrənmiş, başqa kişilərlə gəzməyi adi qəbul edən rus qadınları ilə əbədi ailə həyatı qurmağa imkan vermirdi. Necə olsa da azərbaycanlı kişisiydi, qadınını yad kişiylə görmək onun qüruruna toxunurdu.
Xasay belə həyatın adiləşdiyi bir ölkədə arvadı da olsa belə, rus qadınına söz deməyin heç bir əhəmiyyəti olmadığını başa düşürdü. Ona görə çox fikirləşdi, öz bildiyi kimi yollar aramağa başladı. Nədən başlamaq, nə etmək lazım gəldiyini bilməsə də qadın “ovu” barədə düşündü. Və birdən xəyalına vaxtilə eyni qatarda işlədikləri Nəzirə gəldi. Elə bu xəyalla da həmin gün axşam saat səkkizin yarısında Bakıdan Moskvaya gələn sərnişin qatarını qarşılamağa çıxdı. Qatar düz bir saat gecikirdi. Bu gecikmənin hər bir dəqiqəsi Xasaya saat kimi görünürdü.
Nəhayət vaxt tamam oldu. Səkkizinci vaqondan 40-45 yaşlarında bir kişi düşdü. Həmin adam Xasayın iş yoldaşıydı. Onunla eyni qatarda, lakin başqa növbədə işləyirdi. Öpüşüb-görüşdülər, hal-əhval tutdular. Xasay çox gözləmədən birbaşa mətləbə keçib Nəzirəni soruşdu. Dostu da onu intizarda qoymadı, vaxt itirmədən Nəzirənin telefon nömrəsini, qaldığı yerin ünvanını kağız parçasına yazıb ona verdi. Bundan sonra Xasay dostundan ayrılıb evə getdi.
Qatar səhər tezdən geriyə - Bakıya qayıtmalıydı. Nəzirə ilə görüşmək üçün Xasay da həmin qatarla yola düşmək fikrindəydi. Bu haqda arvadına məlumat versə də, gedişinin əsl məqsədini ona bildirmədi. Rus qadını isə ərinin səmimiyyətinə inanırdı. Odur ki, razılıq verdi. Hətta vağzala qədər gələrək onu Bakıya yola saldı. Qatar yenə də təxminən iki saata yaxın gecikirdi. Gecikmələr Xasayı lap hövsələdən çıxarmışdı. Amma əlindən heç nə gəlmirdi. Canını dişinə tutub birtəhər mənzil başına çatdı.
Xasay taksiyə əyləşib ünvanı sürücüyə verdi. Çox keçmədi ki, Nəzirəni tapdı, vaxt itirmədən Moskvada yaşamasından, rus qadınına evlənməsindən tutmuş, onunla boşanmaq qərarına gəldiyinə qədər hamısını danışdı. Bir qədər tərəddüddən sonra onunla evlənmək arzusunu da Nəzirəyə bildirdi. Qadına da elə bu lazımıydı. Amma özünü o yerə qoymayıb əvvəlcə naz elədi, Xasayın öz fikrində qəti olub-olmadığını öyrənmək istədi. Tam əmin olandan sonra rus qadınından yaxa qurtarmaq haqda məsləhətləşdilər. Nəzirənin məsləhəti ilə qadını aradan götürmək qərarına gəldilər. Razılaşmaya görə Xasay arvadını Bakıya gətirməli, Nəzirəylə birlikdə onu zəhərləməli, sonra dəfn etməliydilər.
Hər şey plan üzrə gedirdi. Xasay yenidən Moskvaya qayıtdı. Şərtləşdikləri kimi Nəzirəni bacısı kimi təqdim etməli, rus qadını ilə birlikdə onun “ad gününə” gəlməliydilər. Belə də oldu. Arvadı tərəddüd etmədən Xasayın yanına düşüb Bakıya gəldi. Nəzirə “qardaşının” arvadını həddən artıq yaxşı qarşıladı. Stolun üstünü hər cür təamlarla bəzəmişdi.
Nəzərdə tutulan və insan orqanizmini tədricən zəhərləyib onu öldürən xüsusi maddə qadına şampan şərabının tərkibində verilməliydi. Hər şeydən xəbərsiz olan zavallı qadın isə stolun üstündəki ləziz yeməkləri çox ləzzətlə, acgözlüklə yeyirdi. Sanki indiyə qədər belə yeməklər görməmişdi qadın.
Rus qadınının heç bir hərəkətini nəzərdən qaçırmayan Nəzirə, əvvəlcə gürcü konyakı içməyi təklif etdi. Onlar üçlükdə oturub bir şüşə konyakı boşaltdılar. Artıq qadının özünü idarə edə bilmədiyini hiss edən Xasay, guya hörmət əlaməti olaraq bu dəfə onlara özü qulluq etməyə başladı. Mətbəxdən şərabı gətirib stolun üstünə qoydu, əlavə olaraq balıq və toyuq qızartması gətirdi. Konyakın istisi başına vuran rus qadını fərqinə varmadan əlinə keçən yeməklərdən yeyir, şərabdan içirdi. Xasayla Nəzirə isə tədricən, yavaş-yavaş huşunu itirən qadının tamam özündən getməsini gözləyirdilər.
Proses bir qədər uzun çəksə də, nəhayət gecədən xeyli keçmiş onların arzuladıqları an gəlib çatdı.
Qadın tamam huşsuz vəziyyətdə çarpayının üstünə uzanmışdı. Xasay onun nəbzini yoxladı. Heç nə hiss olunmurdu. Ürəyi tamamilə dayanmışdı. Qadının keçindiyinə əmin olandan sonra Nəzirənin köhnə tanışlarından biri ilə zəngləşib, təcili avtomobil lazım olduğunu bildirdilər. Avtomobil gələnə qədər Xasayla Nəzirə evi səliqəyə salıb meyiti hardasa dəfn etmək barədə fikirləşdilər. Artıq hər şey qaydasındaydı. Bir azdan sürücü gəlib çıxdı. Vəziyyəti ona danışaraq meyiti şəhərdən kənara çıxarıb heç kəsin ayağı dəyməyən bir yerdə dəfn etdilər. Geriyə qayıtdıqdan sonra sürücünün pulunu artıqlaması ilə verib yola saldılar.
Hadisənin səhərisi günü Nəzirə Xasayla birlikdə qatarla Moskvaya yola düşdü. Onlar bir ilə yaxın nikahsız yaşadılar. Və bu izdivacın da sonu faciəylə nəticələndi. Belə ki, həmişə bədəninin hesabına dəbdəbəli həyat sürməyə öyrəşmiş Nəzirə Moskvada da köhnə peşəsindən qalmırdı. Doğrudur, Xasayın bundan xəbəri yoxuydu. Ancaq Nəzirə anlayırdı ki, “əri” gec-tez bütün bunlardan xəbər tutacaq və bu onun üçün yaxşı nəticələnməyəcəkdi.
Digər tərəfdən, pula hədsiz dərəcədə həris olan bu qadın ,Xasayın son zamanlar gəlirli bir yerdə işlədiyini bilir və necə olursa-olsun onun varidatını ələ keçirmək istəyirdi. Xasay isə son vaxtlar bir qədər xəsis olmuşdu. Pulunu qısqanclıqla xərcləyər, onu Nəzirənin ixtiyarına verməməyə çalışardı. Təbii ki, bu da qadının xoşuna gəlmirdi. Amma Nəzirə çoxlarından fərqli olaraq vurmaq istədiyi zərbəni heç vaxt hiss etdirməzdi. Odur ki, necədeyərlər, Xasayın üzünə gülə-gülə evini yıxmağa çalışırdı.
“Əri” ilə münasibətləri getdikcə istiləşdirən qadın, müxtəlif yollarla rus zənəninin yoxa çıxması barədə yerli polisi məlumatlandırmağa başlasa da, Xasay barədə heç nə danışmamağı üstün tuturdu. Nəzirə məlumatı tamam başqasının əli ilə yayırdı. Nəhayət çox keçmədi ki, Xasay şübhəli şəxs qismində həbs edildi. Qadın bu məsələdən çox məharətlə istifadə edərək Xasayın bütün var-dövlətini əlində cəmləşdirməyə nail oldu. O, “ərini” inandırmağa çalışırdı ki, onu həbsxana divarları arasından qurtara biləcəkdi. Ancaq qadın Xasayın onu “satacağından” da ehtiyatlanırdı. Odur ki, çox keçmədən apardığı yeməklərə zəhərli maddə qataraq onu da zərərsizləşdirmək fikrinə düşdü. Günlərin birində planlarını həyata keçirən Nəzirə elə həmin gün Xasayın neçə illər ərzində topladığı pulları da götürüb Bakıya qayıtdı...

***

Moskvada Xasayın yerləşdirildiyi həbsxananın rəisi bəzi dustaqların müvəqqəti olaraq başqa yerə “yatab” olunması barədə siyahı tərtib eləmişdi. Həmin siyahıya Xasayın da adı salınmışdı. Nəzarətçilər bir-bir kameraların dəmir qapılarını açıb nəzərdə tutulan dustaqları bayıra çıxarmağa başlayırdılar ki, qonşu kamerada tükürpədici səs eşitdilər. Dustaqlar vahiməli səslə həbsxana işçilərini köməyə çağırırdılar. Nəzarətçilər həmin kameraya ayaq basanda dəhşətli mənzərənin şahidi oldular. Xasay huşsuz halda yerə uzanmışdı. O, inildəyir, nəfəsi güclə gedib-gəlirdi. Kameranı üfunətli iy başına götürmüşdü. Dustaq bir az əvvəl yediklərini qaytarmışdı. Onun nitqi də tutulmuşdu, yalnız qırıq-qırıq səslər çıxarırdı. Kamera yoldaşlarının Xasaydan bir qədər əvvəl aydın eşidə bildikləri isə yalnız “Nəzirə” kəlməsi idi.
Dustaqların verdikləri bir kəlməlik bu izahatdan sonra, artıq nəzarətçilərə hər şey təxminən aydın oldu. Onlar vaxt itirmədən həkim çağırdılar. Xasayı müayinə edən həkimin diaqnozuna görə onda zəhərlənmə əlamətləri aşkar olunmuş, artıq zəhərin qana işləmişdi. Dustaq təcili olaraq onlar üçün nəzərdə tutulmuş xüsusi xəstəxanaya yerləşdirildi. Həqiqətən də onun qanında zəhərlənmə prosesi gedirdi. Xəstənin halı anbaan pisləşirdi. Lakin xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Həkimlərin səyi öz bəhrəsini vermişdi.
Müəmmalarla dolu olan dustaqxanada adətən məhbusların taleyinə biganə yanaşılsa da qəribədir ki, Xasayın həyata qaytarılması üçün həkimlər xüsusi səy göstərirdilər. Yuxarılardan tapşırıq da verilmişdi: hər necə olur-olsun Xasay yaşamalıdır. Düzdü, dustağın yaşaması çoxlarını o qədər də maraqlandırmırdı. Lakin rus qadınının yoxa çıxmasıyla bağlı qaldırılmış cinayət işinin istintaqının başa çatdırılması üçün onun sağ qalması vacib idi.
Xasay zəhərlənməmişdən əvvəl ifadələrində həmişə rus qadınıyla əlaqədar heç nə bilmədiyini, guya özünün də bu “müəmmalı” itkidən narahat olduğunu deyirdi. İstintaq isə bəzi məsələlərlə bağlı şübhələnsə də əlində tutarlı dəlil yoxuydu.Amma yenicə zəhərlənəndə Xasayın, kamera yoldaşlarının yanında bir neçə dəfə “Nəzirə” kəlməsini işlətməsi və bu kəlmənin həbsxana işçilərinə çatdırılması istintaq orqanlarının diqqətini cəlb etmişdi. Kələfin ucu yavaş-avaş açılırdı. Xasayın ölümü hər şeyi alt-üst edə bilərdi. Onun yaşaması üçün göstərilən cəhdlər də məhz bununla bağlıydı...
Xüsusi xəstəxanada koma vəziyyətində olan Xasay bir neçə gündən sonra gözlərini açdı. Artıq təhlükə sovuşmuşdu. Bu onun özündən daha çox, istintaqın hədsiz sevincinə səbəb olmuşdu. Dustaq kamerada görmədiyi qayğının əhatəsindəydi. Müstəntiqlər onunla mehribancasına davranır, cinayətlə bağlı yeni nəsə əldə etmək istəyirdilər. Amma onların ağlına da gəlmirdi ki, Xasay artıq əvvəlki adam deyil. Doğrudan da dustaq Nəzirənin xəyanətlərini, onunla hansı məqsədlə münasibətlər qurduğunu xəyalına gətirdikcə əvvəlki ifadələrini dəyişmək fikrinə düşürdü.
Xasaydan düzgün ifadə almaq müstəntiqlər üçün çətin olmadı. O, rus qadını ilə evləndikləri gündən başlayaraq axıra qədər necə olmuşdusa hər şeyi yerli-yataqlı danışdı, Nəzirəylə birlikdə törətdiyi cinayətləri etiraf etdi. İstintaq belə nəticəyə gəldi ki, izi itirmək üçün dustağı zəhərləyən də elə həmin qadındır. Xasayın özü də buna əminiydi. Amma müstəntiqlər üçün xeyli qaranlıq olan bir məsələ qalırdı. Necə olmuşdu ki, zəhər kameradakı dustaqların hamısına təsir etməmişdi? Axı onlardan birinə gətirilən yeməklər adətən hamısı arasında bölüşdürülürdü. Bax, bu məsələ Xasayın özünü də düşündürürdü.
Bütün məhbuslar Nəzirənin gətirdikləri yeməklərdən dadmışdılar. Bunu kameradakılardan götürülən sorğu-suallar da təsdiq edirdi. İstintaqın gedişinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən də elə bu idi. Üstəlik bir neçə gün koma vəziyyətində qalan Xasay da nədən zəhərləndiyini xatırlaya bilmirdi. Hərdən ona elə gəlirdi ki, Nəzirənin adını nahaq yerə çəkib. Amma artıq hər şeydən keçmişdi. Onun ifadəsini dəyişməsi öz vəziyyətini bir qədər də ağırlaşdıracaqdı. Buna baxmayaraq çox keçmədi ki, sirrin üstü açıldı. Müstəntiqlər Xasaya yemək gətirilən gün nəzarətçilərdən kimlərin növbədə olduğunu aydınlaşdırandan sonra məlum oldu ki, Nəzirə adlı qadın həmin tarixdə əvvəlcə dustağın özüylə görüşüb.
İstintaqın gəldiyi nəticəyə görə, son dərəcə hiyləgər olan bu qadın görüş zamanı Xasaya elə oradaca xüsusi hazırlanmış nəsə yedizdirməyə nail olmuşdu. Ancaq zəhərli maddə tədricən təsir etdiyindən kimsə, hətta Xasay da onun ilkin əlamətlərini hiss edə bilməzdi. Bununla belə, görüşün təfərrüatlarını xatırladandan sonra dustaq hər şeyi yavaş-yavaş yadına saldı. Nəzirə xüsusi hazırladığı kiçik tortu Xasaya elə görüş otağındaca zor-xoş sona qədər yedizdirə bilmişdi.
Artıq hər şey istintaqa tam aydın idi. Qadını ələ keçirmək üçün xüsusi əməliyyat qrupu ayrıldı. Əməliyyatçılar vaxt itirmədən Xasayın qeydiyyatda olduğu evə yollandılar. Nə qədər qəribə olsa da kiçik bir həyətdə yerləşən evin qapısı bağlı deyildi. Sadəcə örtülü vəziyyətdəydi. Çağırsalar da içəridən səs gəlmədi. Əməliyyatçılar dərhal şübhəyə düşdülər. Lakin bunu büruzə verməmək üçün içəri keçməyərək, əvvəlcə gizlənib on-on beş dəqiqə gözlədilər. Evdə kimsənin olduğunu fikirləşərək, onun bir neçə dəqiqəliyə harasa çıxdığını yəqin etdilər. Amma gözləməyin faydası olmadı. Heç kəs gəlib çıxmadı. Gələn adamlar içəriyə keçib evi dağınıq vəziyyətdə gördülər.
İşin mahiyyəti getdikcə aydınlaşırdı. Çox güman ki, Nəzirə deyilən qadın burda da cinayətin izini itirmək üçün qapını açıq qoyub evi və bəlkə də şəhəri birdəfəlik tərk etmişdi. Əməliyyatçıların başçısı polis idarəsinin rəisiylə əlaqə saxlayaraq vəziyyəti olduğu kimi ona danışıb əmr gözlədi. Rəis evin həndəvərində keşik çəkmək üçün əlavə qüvvələr göndərərək əməliyyatçılara dəmiryol vağzalını və aeroportu nəzarətə götürmək əmrini verdi. Onlar qruplara bölünüb tapşırığı yerinə yetirmək üçün deyilən yerlərə yollandılar .
Dəmiryol vağzalının nəzarətə götürülməsi tapşırığını alan qrup artıq Moskva-Bakı qatarının çoxdan yola düşdüyünü bilsə də əməliyyatı dayandırmadı. Bütün bilet satan kassaların hamısında yoxlama aparıldı. Lakin axtarışlar bu dəfə də nəticə vermədi. Bilet alan sərnişinlər siyahısında Nəzirə adlı qadının adı yoxuydu. Hava limanındakı axtarışların da nəticəsi eyni oldu. Ona görə qruplar əvvəlcə qadının hələ şəhərdən çıxmadığı qənaətinə gəldilər. Və tez də bu fikirdən daşındılar. Çünki təcrübə həmişə cinayətkarların törətdikləri ağır cinayətlərdən sonra həmin ərazini dərhal tərk etdiklərini göstərirdi.
Nəzirəyə gəldikdə isə, hələ istintaqa məlum olmasa da onun özü bir neçə dəfə ağır cinayət törətdiyindən, “sudan quru çıxmağı”, belə işlərdə ustalıq nümayiş etdirməyi bacarırdı. O, Xasayı zəhərlədikdən dərhal sonra, həm də bilet götürmədən Moskva-Bakı qatarında köhnə iş yoldaşlarından birinin bələdçilik elədiyi vaqona minərək şəhəri tərk etmişdi. Lakin əməliyyatçılar da təcrübəsiz deyildi. Onlar qatarın harda olması barədə məlumat əldə edəndən dərhal sonra onun yoxlanmasını təşkil etdilər. Elə bil ki, zaman Nəzirənin xeyrinə işləyirdi. Yoxlama da nəticəsiz başa çatdı. Qadın Rostovda düşüb başqa bir qatara minərək Bakıya istiqamət götürmüşdü...
Xasayın həyatda olmadığına tam əmin olan cinayətkar qadın, yol boyu gələcək planları barədə düşünürdü. Verdiyi zəhərin “ərinin” ölümünə səbəb olmadığı onun ağlına da gəlmirdi. Nəzirə həmin zəhərin öldürücü gücünə yaxşı bələdiydi. Amma Allahın izni olmadan onun verdiyi canı kimsənin ala bilməyəcəyini düşünmürdü. Çoxlarının həyatını zəhərə döndərən iblis xislətli bu qadın, bütün bunları düşünə də bilməzdi. Onun qəlbində Allah xofu yoxuydu. Qadın elədiyi bütün pisliklərin, törətdiyi qətllərin, haram yolla gəlir əldə etməsinin, yetim malını mənimsəməsinin fərqində deyildi.
Nəzirə bəzən ibadətlə də məşğul olurdu. Amma bu, qadına çoxsaylı günahlarının bağışlanması üçün lazım deyildi. Tövbə etmək fikrinə də düşməmişdi. Nəzirə ibadəti sadəcə, toruna salmaq istədiyi adamların yanında edər, bununla çirkin məqsədlərinə çatmaq üçün özünü əxlaqlı, təmiz, vicdanlı qadın kimi göstərməyə çalışar və çox vaxt buna nail olardı.
Onunla ilk dəfə təmasda olan adamları, xüsusən də kişiləri bax beləcə aldadardı Nəzirə. Amma qadın onu qarşıda çox çətin, ağrılı-acılı, əzab-əziyyətli, qara günlər gözlədiyindən xəbərsiziydi. Buna baxmayaraq Naza ömrünün son anlarına qədər birdən-birə nədən bu qədər əziyyətlərə düçar olduğunun səbəblərini anlamayacaqdı. Anlamayacaqdı ki, haramı yemək asan olsa da, həzm eləmək çox çətindir, daha doğrusu, mümkün deyil. Nəzirə onu da bilmirdi ki, ərinin həmişə cibində gəzdirdiyi fotoşəkli artıq Moskva polisindədir. O, ümumittifaq axtarışına verildiyini ehtimal etsə də, şəklinin bütün İttifaq ərazisində, o cümlədən Azərbaycanın bütün polis şöbələrində olduğunu ağlına da gətirmirdi...
Qatar Bakıya yaxınlaşdıqca Nəzirənin də həyəcanı artırdı. Amma təcrübəli, hər fırıldaqdan çıxan qadın bütün hallarda çətin vəziyyətdən qurtarmağı yaxşı bacarırdı. O, özünü ələ alıb həyəcanını boğmağa çalışdı. Artıq tam sərbəst hərəkət edir, heç nə olmamış kimi kupe yoldaşlarıyla deyib-gülürdü. Qatarın dəmiryol vağzalına çatmasına isə lap az qalırdı. Təyin olunmuş qrafik üzrə hərəkət edən qatar artıq Keşlə stansiyasına çataçatdaydı. Naza qəflətən nə fikirləşdisə sona qədər getməyib elə Keşlədəcə düşdü. Ətrafına baxdı. Şübhəli bir şey görünmürdü. Vaxt itirmədən taksiyə əyləşib evlərinə yollandı. Maşından düşüb ətrafı diqqətlə nəzərdən keçirdi.
Qadın əvvəlcə içəriyə keçməyib yaşadığı yerdən bir qədər kənarda yerləşən mağazaya getdi. Bu, qadına təkcə ərzaq almaq deyil, həm də özünün və başqasının şübhələrini dağıtmaq üçün lazımıydı. - Ola bilər kimsə məni izləyir, - deyə fikirləşir, ehtiyatı əldən vermirdi. Deyəsən, buna heç bir əsas yoxuydu. Artıq təhlükə çoxdan sovuşmuşdu. Daha doğrusu, Nəzirə əvvəldən öz işini ehtiyatlı tutmuşdu. Onun izinə düşənlər hər şeydən əllərini üzüb elə Moskva vağzalındanca geriyə dönmüşdülər.
Artıq qadının da bütün şübhələrinə son qoyulmuşdu. Əvvəllər yaşadığı evin həyət qapısını ehtiyatla itələyib içəriyə, ordan da otağa girdi. Otaqdan nəm iyi gəlirdi. Nəzirə qapını açıb evin havasını dəyişdi. Otaqları səliqə-sahmana saldı. Yüngülvari yemək yeyib yenidən şəhərə çıxdı. Bir müddət öz evindən kənarda yaşamaq istəyirdi. Bu fikirlə dəmiryol vağzalına gəldi. Həmişə olduğu kimi bu dəfə də vağzalın ətrafında ehtiraslı kişilər və qadınlar dolaşırdı. Hamının diqqəti Nəzirənin ətli əndamına, iri gözlərinə yönəlmişdi...
Bu dəfə Nəzirə öz toruna Zəminənin atasını saldı. Daha oğrusu, kişi bu tora özü düşmüşdü. O, təsadüfən Bakıya gələn zaman dəmiryol vağzalında diqqətini xüsusi zövqlə geyinən, ənlikli-kirşanlı bir qadın cəlb etmiş, onunla tanış olmuşdu. Kişiləri, xüsusən də kənd adamlarını asanlıqla yoldan çıxarmağı bacaran bu qadın Nəzirə idi. Qadın Nəbinin şəhərdə qalmağa yeri olmadığını müəyyənləşdirəndən sonra onu öz evinə aparmış, bir yerdə gecələmişdilər.
Bu ehtiraslı, fırıldaq və son dərəcə tamahkar qadınla keçirdiyi həmin gecə Nəbi kişinin xəyalını o qədər məşğul etmişdi ki, sonralar da bir neçə dəfə şəhərə gəlib onunla görüşmüşdü. Arvadı rəhmətə gedəndən sonra bir müddət kədərli gəzib-dolansa da, Nəzirəni xəyalından çıxara bilmirdi. İlk görüşdən qadının da bir kişi kimi Nəbidən xoşu gəlmişdi. Nəbi də bunu duymamış deyildi. Arvadının qırx mərasimindən sonra tez-tez onunla görüşsə də, kənd adamlarının qınağından ehtiyatlanıb bu tezliklə, özü də heç kəsin tanımadığı şəhər qadını ilə evlənməkdən çəkinirdi. Hisslərini cilovlayıb düz iki il gözlədi. Bu illər ərzində ona evlənmək təklif edənlər də az olmadı. Nəbi də eləməyib tənbəllik, bir gün Bakıya gedərək arzusunu Nəzirəyə bildirmiş və beləcə, qadın onun arvadı olmuşdu...

***

Zəminə son vaxtlar analığı Nəzirənin onunla bəd rəftarının bir az da kəskinləşməsindən, üstəlik atasının da yavaş-yavaş öz arvadına haqq qazandırmasından təngə gəlmişdi. Hətta bir dəfə qonşular zavallı qadını yekəpər Nəzirənin əlindən güclə almışdılar. Bəlkə də Zəminə bütün bunlara dözərdi. Daha doğrusu, dözürdü də. Amma doğma atasının, qızının taleyi ilə maraqlanmaması bir yana dursun, öz doğma övladının deyil, evdə haqlı-haqsız Nəzirənin söz sahibi olması onu haldan çıxarırdı. Zəminə baş götürüb getmək istəyirdi. Fəqət gedəsi bir yeri də yoxuydu.
Sonuncu dəfə isə, analığının onunla savaşmasıZəminənin taleyində yeni bir mərhələnin başlanğıcını qoydu. Onu Nəzirənin qüvvətli qolları arasından güclə çıxaran qonşusu Güllü xala öz evlərinə gətirdi. Bir qədər təsəllidən sonra Zəminəyə Nəzirədən birdəfəlik can qurtarmağı təklif elədi. Gecəni qonşusugildə qalmağı planlaşdıran qadın, əvvəl razı olmasa da, Nəzirə ilə birlikdə keçirdiyi ömür yolunu kino lenti kimi gözünün qarşısına gətirdi. Zəminəyə elə gəldi ki, ərə getsə tale bu dəfə onun üzünə güləcəkdi. Bu xəyallarla qonşusunun təklifinə müsbət cavab verdi. Və gecədən xeyli keçmiş, Mətiş kişiyə qoşulub qaçdı...

***

Nəbi kişi əvvəlki adam deyildi. Qızının Mətişə qoşulub qaçması onu əvvəlcə bir qədər sarsıtsa da, tezliklə hər şeyi unutmuş, Nəzirənin Zəminəyə verdiyi əzablar yadından çıxmışdı. O, atasından başqa heç kəsi olmayan qızının arxasınca getmək istəsə də arvadı onu bu fikrindən daşındırmış, aralarında yenidən isti münasibətlərin yaranmasına imkan verməmişdi.
Doğrudur, Nəbi hələ qızının qoşulub qaçdığı günün səhərisi qonşusugilə gedərək onun haqqında məlumat da ala bilmişdi. Amma hər bir azərbaycanlı kişisi kimi, o da qaçan qızın arxasınca getməyi qeyrətinə sığışdırmırdı. Baxmayaraq ki, Nəzirə onun evinə ayaq basandan bəri qeyrətdən danışmağa haqqı qalmamışdı. Bununla belə, hər necə olsa Nəbi kişi xeylağıydı. Lakin vəziyyətin bu yerə gəlib çatmasında arvadının təqsirli olduğunu düşünəndə, onun doğma qızına qarşı məhəbbəti artırdı. O, günlərin birində yenidən qonşusugilə gələrək ondan qızının yanına getməsini xahiş elədi.
Qonşusu hər şeyi Nəbi kişiyə başa salaraq o hər dəfə evdən çıxandan sonra Nəzirənin Zəminənin başına gətirdiyi oyunlardan söhbət açdı. Və bütün bunların günahını bir ata kimi onda gördü. Dedi:
- Bura bax, ay qonşu, budur, deyirəm, əgər təzə arvadına öyüd verməsən, qızının taleyi haqda ciddi düşünməsən Zəminəni səninlə görüşdürən deyiləm.
Nəbi başını aşağı saldı. Büruzə verməsə də, Nəzirənin qızın başına açdığı oyunlardan xəbəri varıydı. Zəminənin evdən getməsinin əsas səbəbi də elə bu idi. Biçarə qadın özünə söz vermişdi ki, ögey anası məhz doğma atasının gözlərinin önündə onu incidən vaxtlarda Nəbi heç nə olmamış kimi durub maddım-maddım bu acı səhnəyə tamaşa edəcəyi halda evdən çıxacaq, geri qayıtmayacaqdı. Elə bil yazıq qızcığazın fikirlərini Nəzirə də duymuş və çox keçməmişdi ki, ərinin yanında bütün yalançı hirs-hikkəsini Zəminənin üstünə tökmüşdü. Nəbi qonşusundan ayrılandan sonra bunları da bir-bir xəyalından keçirdi. Elə bu fikirlər içərisində evə qayıdaraq döşəmənin üstünə atılmış yastığa dirsəkləndi. Ev bomboş idi. Əri qonşusugilə yollananda Nəzirə də ona heç nə bildirmədən evdən çıxaraq rayon mərkəzinə getmişdi. Danışıq məntəqəsindən Bakıdakı qonşusuna zəng edərək, sahibsiz qoyub gəldiyi mənzili barədə məlumat almaq istəyirdi.
Əslində qadın bu hərəkətiylə onu kimsənin axtarıb-axtarmadığı barədə nəsə öyrənməyə çalışırdı. Müsbət cavab eşidəndən sonra daxili narahatlığı aradan qalxmışdı. Ərinin isə arvadının əməllərindən xəbəri yoxuydu. Xəbəri yoxuydu ki, nə vaxtsa Nəzirənin hədsiz ehtiraslarının qurbanına çevriləcək. Hələlik isə Nəbi kişi qızı barədə düşünür, yeganə övladını görmək üçün yollar arayırdı. O, arvadının bu görüşə mane olmağa cəhd göstərəcəyini də əlinin içi kimi bilirdi. Ona görə Nəzirəyə qarşı sərt olacağına söz vermişdi. Və özünü buna indidən hazırlayırdı.
Düzdür, Nəbi kişi əvvəllər də arvadının Zəminəyə qarşı sərtliyinin şahidi olanda hər dəfə özünə söz verirdi ki, artıq bu onun dözümünün son həddi olacaqdı. Amma Nəzirəni görəndə elə bil bəsirəti bağlanır, onunla üz-üzə dayananda kişinin nitqi tutulurdu. Naza ərinin, necə deyərlər, dilini-ağzını bağlamışdı elə bil. Bu dəfə isə Nəbi kişi özünə qəti şəkildə söz vermişdi. Arvadı ilə ciddi danışacaqdı. Kişinin buna haqqı da varıydı. Çünki Nəzirə ərinə heç bir məlumat vermədən evi tərk edib rayon mərkəzinə getmişdi. Onun bərk əsəbiləşməsinin bir səbəbi də elə bu idi. Bir tərəfdən də artıq nahar vaxtı çoxdan keçməsinə baxmayaraq, səhər yeməyindən sonra dilinə heç nə dəyməmişdi.
Nəbi hirsindən dodaqlarını çeynəyə-çeynəyə ayağa qalxıb nəsə bişirmək istədi. Əlindən ancaq yumurta, kartof soyutması və bunun kimi digər sadə yeməkləri bişirmək gəlirdi. Elektrik plitəsini cərəyana qoşub bir neçə yumurta, yağ və soğan gətirdi. Qayğanaq bişirmək istəyirdi. Elə soğanı soyub doğramağa yenicə başlamışdı ki, barmağını kəsdi. İti bıçaq xeyli dərinə işləmişdi. İndi o, qarnının deyil, barmağının hayına qalmışdı.
Əlbəttə, Nəbi kişi bıçaq tutmaqda naşı deyildi. Sadəcə, arvadı Nəzirənin hərəkətləri onu haldan çıxarmışdı. Elə vəziyyətdəydi ki, bıçaq vursan qanı çıxmazdı. Ancaq xeyli qan itirmişdi Nəbi. O, arvadının ünvanına “yağlı” söyüşlər söyür, özü burda olmasa da evdən qovacağı ilə hədələyirdi onu. Elə bu vaxt Naza qapını açıb içəriyə təpildi. Ərinin boynuna sarılmaq istəsə də, Nəbi imkan vermədi. Onu salamat əliylə kənara itələməyə çalışdı, amma bacarmadı. Kişi xeylağı olsa da tək əllə Nəzirənin ətli əndamını özündən kənarlaşdırmaq qüdrətində deyildi. Əvəzində dilini işə saldı. Koroğlusayağı dəli bir nərə çəkib arvadından bu vaxta qədər harda olduğunu soruşdu. Qadın cavab əvəzinə ərinin üz-gözündən öpməyə, onu əzizləməyə çalışırdı.
Həyatında çox kişilər görmüş Nəzirə əminiydi ki, başqaları kimi Nəbini də kişilik ehtiraslarının əsirinə çevirə biləcəkdi. Qadın ona da əminiydi ki, ərini yola gətirsə də artıq bundan sonra aralarındakı əvvəlki mehribanlığı birdəfəlik bərpa etmək mümkün olmayacaqdı. Ona görə müvəqqəti sakitlik yaradıb gələcək planlarını həyata keçirmək üçün vaxt qazanmaq istəyirdi. Lakin Nəbi kişi arvadının keçmiş əməllərini yadına saldıqca inadı get-gedə artır, savannanın mustanq atları kimi ram olmaq bilmir, elə hey qışqırır, Nəzirədən harda olduğunu soruşurdu.
Təxminən yarım saat çəkən mübahisə, dava-dalaş nəhayət bu dəfə də Nəzirənin qələbəsi ilə başa çatdı. Bu, evdən getməsinin səbəbləri barədə qadının uydurma etirafları sayəsində baş tutmuşdu. Naza ərini aldadaraq onun başqa bir qadınla gəzdiyini eşitdiyinə görə, küsüb birdəfəlik getmək istədiyini bildirmişdi. Demişdi ki, ərinə olan dərin məhəbbəti onun yarı yoldan qayıtmasına səbəb olub.
Nəbi onun ünvanına deyilən böhtandan sonra bir daha əsəbləşsə də, az sonra yumşalaraq səsinin tonunu alçaltmış, hirsi tədricən soyuyub keçmişdi. Bunun əvəzində Nəbinin öz qonşusuna, Güllü arvada acığı tutmuşdu. Bu da səbəbsiz deyildi. Arvadı onun guya başqa qadınla gəzdiyi haqda uydurduqlarını qonşu qadının üstünə atmış, bunu həmin Güllü arvaddan eşitdiyini demişdi. Əri isə tam inanmasa da bir qədər şübhəli qalmış, bunu ağrılı-acılı günlərində qızı Zəminəyə doğmalıq edən qonşusunun dul qadın olması ilə əlaqələndirmişdi.
Kişiyə elə gəlirdi ki, qonşusunun məqsədi Nəzirəni evdən qovdurmaq, əvəzində onunla evlənməkdir. Ona görə Nəzirənin Zəminəyə qarşı amansızlığı haqda qonşu qadının danışdıqlarına inansa da, xeyli şişirtmə olduğunu düşündü. Amma Nəbi arvadına münasibətindəki əvvəlki mehribanlığın üstündən qırıq xətt çəkmişdi. Daha qabaqlarda olduğu kimi, ona çox üz verməyəcəkdi.
Nəzirənin fikirləşdiyi kimi, doğrudan da Nəbinin qəlbi ondan birdəfəlik küsmüşdü. O, mələk cildinə girmiş bu bədrəftar qadından canını sakitliklə qurtarmağa can atırdı. Ərinin qanlı barmağını ağzına təpib yalayan hiyləgər qadın isə qələbəsinə sevinir, elə bu andan Nəbinin var-yoxunu talan eləmək, özünü isə aradan götürmək barədə fikirləşirdi. O, araya sakitlik çökən kimi evdən bayıra çıxaraq bir qədər hündürdən ərinin qarasınca öz-özünə deyindi. Onun “mənə də Naza deyərlər, sənin kimilərini çox görmüşəm, indi bax, sənin başını əkib, evini başına uçuracağam”, - deyə donquldanması açıq-aydın eşidilirdi.
Bəd niyyətlər qadının fikirlərini o qədər məşğul etmişdi ki, işlətdiyi bu cür məsuliyyətsiz sözlərin kimlərsə tərəfindən eşidilə biləcəyi ağlına da gəlmirdi. Əslində həmin sözləri eşidə biləcək bir adam varsa, o da qonşu qadın ola bilərdi. Və bəlkə də Nəzirəni arxayın salan elə bu idi. Hər halda düşünmək olardı ki, bundan sonra Nəbi kişi qonşusunu böhtançı qadın kimi qəbul edəcəkdi. Elə belə də oldu. Nəbi arvadı ilə mübahisə edən vaxt iki həyətin arasına çəkilmiş hasarın dibində dayanan Güllü arvad, evdən bayıra çıxan Nəzirənin öz ərini hədələdiyini eşitmişdi. Əslində qadın həmin hədələri qonşusuna eşitdirmək istəyirdi. Bilirdi ki, dediklərini Nəbiyə mütləq çatdıracaq və nəticədə əri öz qonşusunu ailə arasında nifaq salmaqda günahlandıracaqdı.
Hər şey Nazanın planlaşdırdığı kimi oldu. Arvadıyla mübahisələrinin səhərisi günü Nəbi kişi qonşusugilə gedərək, qızı barədə məlumat almaq istədi. Amma qadın yenə də inadından dönməyərək, Nəzirə barədə fikirləşməyi ona məsləhət gördü. Bu təkcə qonşunun fikri deyildi, Zəminə də belə fikirləşir, analığı evi tərk edib getməyincə, atasıyla görüşmək istəmirdi. Qızıyla görüşmək üçün bu vaxta qədər qonşusuna az qala yalvaran Nəbi kişi isə bu dəfə özündən çıxdı. Qonşu arvad onu sakitləşdirəndən sonra Nəzirənin hədələri barədə məlumat verdi:
- Ay bədbəxtin balası, xəbərin varmı ki, Nəzirə sənin başını yemək istəyir?
Nəbi kişi bu xəbərdən tutulan kimi olsa da onu soyuqqanlıqla qarşıladı:
- Heç kəs mənə toxuna bilməz.
Qonşu arvad sözlərinin Nəbiyə zərrə qədər də təsir etməməsindən təəccübləndi. Amma qadının ona, xüsusən də Zəminəyə yazığı gəlirdi. Anası rəhmətə gedəndən sonra ona öz övladı kimi yanaşır, kədərli günlərində dərdinə şərik çıxırdı. Bayramlarda hər dəfə onun üçün pay ayırar, fürsət tapıb evinə aparardı. İndi də Nəbiyə sui-qəsd edəcəyi barədə Nazadan eşitdikləri onu kədərləndirmişdi. Hər necə olsa da Zəminənin atasıydı Nəbi. Anasından sonra atasını da itirməsi zavallı qadın üçün böyük dərd olardı.
Qonşu arvadı da düşündürən bu idi. Nəzirəyə yaxşı bələd olduğundan, kişini çox ciddi təhlükə gözlədiyini ona başa salmağa çalışdı. Lakin görəndə ki, Nəbi buna əhəmiyyətsiz yanaşır, onu öz evinə dəvət edib hər şeyi yerli-yataqlı danışmaq istədi. Bilirdi ki, Naza onu əriylə bir yerdə görsə, “gül ağzını açıb” dişinin dibindən gələnləri deyəcəkdi. Odur ki, ikisi də birlikdə onlarda məsləhətləşməyi lazım bildilər.
Nəbi kişi qonşusundan şübhələnmişdi deyə, onun heç bir sözünə inanmaq fikrində deyildi. Bununla belə, maraq ona güc gəldi, nə baş verdiyini öyrənməyə çalışdı. Zarafat deyildi, burda onun taleyindən söhbət gedirdi. Bundan başqa Nəbi qonşusunu dilə tutub qızı ilə görüşmək üçün onu razı salmaq istəyirdi. Ona görə təklifi müsbət qarşıladı. Bir qədər sonra fürsət tapıb arvadının gözündən yayınaraq qonşusugilə getdi. Naza görməsin deyə, həyətdə durmayıb birbaşa evə daxil oldular. Qonşusu mətləbə keçmək istəyirdi ki, Nəbi kişi ona imkan verməyib əvvəlcə yenə də qızı barədə soruşdu, söhbəti Zəminəylə görüşdən sonraya saxlamağı xahiş elədi.
Amma bu dəfə də qadının tərsliyi tutdu, onun bu arzusunun elə-belə baş tutmayacağını xatırlatdı. Kişininsə ürəyi üzülür, hər şeyə - həyata da, qonşusuna və lənətə gəlmiş Nazaya da nifrət edirdi. Ancaq başqa çarəsi yoxuydu Nəbinin. Ona görə qonşu arvadı dinləmək zorunda qaldı. Qadın bu dəfə də, lakin çox ehtiyatla bayaqkı söhbətlərini davam etdirməyi qərara aldı və sözlərinə Zəminə ilə bağlı bəzi məqamlara aydınlıq gətirməklə başladı:
- Ay qonşu, özün bilirsən ki, biz həmişə sənin rəhmətlik arvadınla yaxın olmuşuq, can deyib can eşitmişik. Yazıq arvadın da canını tapşırana qədər dilindən “Zəminə” kəlməsi yerə düşmədi, onu təkcə sənə deyil, həm də mənə tapşırdı. İndi mən heç olmasa bu səbəbə görə Zəminənin xatirinə nəyə desən hazıram, təki qızın qəlbi sınmasın. Əvvəllər qızın da, elə mənim özüm də səndən razıydıq. Zəminə səninlə fəxr eləyirdi. Amma mən görürəm ki, sənin təzə arvadın gələndən bəri, xüsusən də son vaxtlar xeyli dəyişmisən. Bir Allah şahiddir ki, o yekəpər qadının əlindən yazıq qız nələr çəkir. Bir ata kimi sənin buna biganə yanaşmağın Zəminənin qəlbinə dəyir. Onun da fikri budur ki, Allah lənət eləmiş qadından əl çəkəsən. İkimiz də belə qərara gəlmişik ki, ondan sənə arvad olmayacaq. Nəzirə çox təhlükəli qadındır, istədiyini alandan sonra səni məhv edə bilər. Zəminənin də qorxduğu elə budur. Bayaq da sənə dediklərim təsadüfi deyildi. Bilmirəm, aranızda nə olubsa, arvadın səni ölümlə hədələyirdi.
Bayaqdan qonşusunu səbirlə dinləyən Nəbi kişi sonuncu kəlmələri eşidəndə istehzayla gülümsündü, yadına arvadının dedikləri düşdü. Çox sakit şəkildə, özünə yaraşmayan bir tərzdə aram-aram dilləndi:
- Ay qonşu, elə həmişə arvadımı yamanlayırsan, sən məni başqa qadınla harda görmüsən ki, Nəzirəyə xəbər vermisən? İndi mən belə başa düşürəm ki, ondan mənə, məndən isə ona uydurma, şər sözlər deməklə, xəbər aparıb gətirməklə bizim aramıza nifaq salmaq istəyirsən, amma məqsədinə çata bilməyəcəksən. Doğrusu, indiyə qədər mən də Nəzirənin sənin barəndə dediklərinə inanmırdım. İstəyirdim ki, onunla birdəfəlik qurtaram. Bu gün isə tam əmin oldum ki, sənin məqsədin başqadır.
- Axı, mənim məqsədim nə ola bilər? - deyə qonşu arvad təəccüblə dilləndi.
Nəbi yumruqlarını stolun üstünə döyəcləyib ayağa qalxdı və dedi:
- Özün yaxşı bilirsən.
O, bu sözləri deyib qapıdan çıxdı. Nəbinin nəyə işarə vurduğu Güllü arvada aydın idi. Kişinin qadın barədə bu cür fikirləşməsi onu məyus etmişdi. O, hər şeydən - Zəminənin taleyi barədə düşünməkdən, etmək istədikləri və edə biləcəkləri bütün yaxşılıqlardan əl çəkmək istəsə də bacarmadı. Nəzirənin atdığı ox hədəfə dəymiş, əkdikləri göyərmişdi. Artıq qonşular arasında münasibətlər soyumuşdu, hətta Zəminə də Nəbi kişinin yadına düşmürdü. Naza bu dəfə də qələbə çalaraq əri haqda özünün son planlarını həyata keçirməyə xeyli yaxın olmuşdu...
Nəbi qonşusundan ayrılıb evə gələndə Nəzirəni yarıçılpaq halda çarpayının üstündə gördü. Ərinin otağa daxil olduğunu hiss edən qadın, gözlərini yumaraq onu ehtirasa gətirə biləcək vəziyyət aldı. Arvadını bu halda görən kişinin gözlərini doğrudan da ehtiras qapamışdı. Naza daxilən nə qədər çirkin olsa da, bu vəziyyətdə Nəbinin gözlərinə hər iki mənada gözəl görünürdü. Xəyal onu xeyli uzaqlara apardı, arvadı ilə ilk dəfə görüşdüyü anlar yadına düşdü. Dodaqaltı, “Naza, doğrudan a gözəlsən, səni heç vaxt unutmaq mümkün deyil”, - deyə pıçıldadı.
Otaq çox sakit olduğundan, bu kəlmələr Nəzirənin eşidə biləcəyi qədər aydın səsləndi. Qadın yatmamışdı və doğrudan da hər şeyi eşidir, hətta gözlərini oğrun-oğrun açıb Nəbinin hərəkətlərini izləyir, bic-bic gülümsəyirdi. Ərindən eşitdiyi xoş sözlərdən sonra “yuxulu” halda o tərəf-bu tərəfə aşaraq, düzənlədiyi “komediya” ilə yeganə “tamaşaçısının” - Nəbinin verəcəyi “qiyməti” gözləyirdi. Damarlarında ehtiras dolaşan kişi bir qədər sonra bu “komediyanın” ikinci hissəsinin faciə ilə nəticələnəcəyini ağlına da gətirmədən özünü çarpayıya atdı...
Artıq “komediya”nın birinci hissəsi bitmişdi. Naza onun davamını sabaha saxlamaq fikrində deyildi. Hələ əri qonşusunun evindəykən çoxdan bəri nəzərdə tutduğu çəkidən yüngül, qiymətdən ağır əşyaları, Nəbinin illər uzunu ailəsinin, necə deyərlər, boğazından kəsib (onun rəhmətlik arvadı - Zəminənin doğma anası da Nəbinin plansız qənaəti üzündən yaxşı bir gün görməmişdi) yığdığı pulları balaca bir çantaya qoyub başladığı işi sona çatdırmağa hazırlaşan qadın indi növbəti qətl barədə düşünürdü.
Nəzirə bu dəfə ölmüş hesab elədiyi Xasayın əvvəlki arvadını - rus qadınını zəhərlədiyi maddədən istifadə etməyi qərarlaşdırmışdı. Zəhərin dozası bu dəfə xeyli artıq olmalıydı. Çünki qadın ərinin ölümünə tam arxayın olmalı və vaxt itirmədən yaşadığı həyəti, eləcədə kəndi, ümumiyyətlə, bütövlükdə rayonu tərk etməliydi. Ona görə Nəzirə hər şeyi əvvəlcədən fikirləşmiş, qabaqca ərinə onun çox sevdiyi gürcü konyakı içirəndən sonra tərkibinə zəhər qatdığı şampan şərabını verməyi nəzərdə tutmuşdu. Nəbinin həmişə onunla sevişdikdən sonra yeyib-içməyə meylli olduğunu yaxşı bilən qadın, ərinin zövqünü oxşayan yeməklərdən stolun üstünə düzdü. Mətbəxə keçib soyuducudan konyak şüşəsini götürdü, içərisinə həmişə özü ilə gəzdirdiyi zəhərdən bir qədər əlavə edib qarışdırdı.
Heç bir xüsusi dad və qoxu bildirməyən, istənilən mayedə asanlıqla həll olan zəhərlə birlikdə Naza da növbəti qurbanını gözləyirdi. Amma həmişə əsəbləri normal olan və heç vaxt həyəcanlanmayan qadın bu dəfə nədənsə narahat kimi görünür, özünü ələ ala bilmirdi. Başa düşürdü ki, qaynar şəhər həyatından fərqli olaraq hamının bir-birini tanıdığı kənd yerlərində kimisə qətlə yetirib “sudan quru çıxmaq” asan məsələ deyildi. Üstəlik Nəzirə Nəbiyə ərə gələndən bəri heç kimlə gediş-gəlişi, əlaqəsi yoxuydu. Heç kəs onu yaxşı qadın kimi tanımırdı. O, kəndə ayaq basandan bəri ərinin yaxın-uzaq qohumları, dost-tanışları da onlardan ayaqlarını kəsmişdilər.
Bütün bunlar həmişə qətiyyətli olan Nəzirəni bu dəfə xeyli düşünməyə vadar elədi. Ancaq belə düşüncələrin də xeyri olmadı. Qadının həyəcanı keçmək bilmirdi. Buna baxmayaraq, Nəzirə planlarını məhz elə indi həyata keçirmək fikrindəydi. Sabah, yaxud başqa bir gün gec ola bilərdi. O, ərini aradan götürəcəyi barədə dediyi sözləri qonşu arvada eşitdirmişdi. Nəbi kişi bu gün arvadının qatil olacağına inanmasa da, nə vaxtsa vəziyyət tamamilə dəyişə bilərdi. Ən azı isə son dərəcə ehtiyatla hərəkət edər və onun evdən nəyisə aparmasına imkan verməzdi.
Qadın üçün ən qorxulusu bu deyildi. Nəzirə hələ Nəbiylə evlənməmişdən əvvəl onunla şəhərdəki evində olduqları gecələrin birində dəhşətli bir sirrin üstünü açmışdı. Həmin gecə Nəbiylə birlikdə kef məclisi düzəldən qadın, həmişə olduğundan artıq spirtli içki qəbul etmiş və özü də bilmədən Xasayın arvadının - rus qadınının ölümü barədə danışmışdı. İndi həmin hadisə birdən-birə yadına düşmüş, münasibətlərinin tez-tez pozulduğu hazırkı vaxtlarda ərinin sirri açacağından qorxmuşdu.
Həmin gecə Nəbi də özündə deyildi. O, Nəzirənin danışdığını hiss eləsə də, söhbətin kimdən və nədən getdiyini anlaya bilmirdi. Və anlamaq iqtidarında da deyildi. Amma qadın Nəbinin bu vəziyyətdə olduğunu ağlına gətirməmiş, bu səbəbdən ərinin qətlini tam şəkildə qətiləşdirdi. Ancaq hər ehtimala qarşı Nəbinin ona da içki təklif edəcəyini nəzərə alaraq planlarında bir qədər dəyişiklik etməyi qərarlaşdırdı. Hər halda həmişə onunla birlikdə içən qadının indi bundan imtina etməsi Nəbinin şübhələrinə səbəb ola bilərdi. Digər tərəfdən, qadın fikirləşirdi ki, müəyyən qədər içməklə həyəcanını da aradan qaldırmış olar. Nəhayət o, ərinin bir neçə qədəhdən sonra zəhərlənməsi planını daha yaxşı variant kimi qəbul etdi.
Nəzirə bütün bunlar barədə düşünürkən, Nəbi onu nələrin gözlədiyindən xəbərsiz halda hamamda yuyunurdu. O, cismini təmizləsə də nə nəfsini, nə də mənəviyyatını paklaşdırmaq barədə fikirləşmirdi. Bilmirdi ki, bir azdan elə indicə təmizlədiyi cismi də nəfsi kimi çirkabın içərisində batacaqdı. Artıq yeganə övladı Zəminəni də unudan Nəbinin xəyalından yalnız bircə şey keçirdi. O, hamamdan çıxıb arvadı ilə birlikdə yemək yeyəndən sonra “komediyanın” ikinci hissəsinə başlamağı və bunu da çarpayıda keçirməyi fikirləşirdi. Naza isə buna imkan verməyərək, həmin hissəni yemək stolunun arxasında başlayıb elə oradaca bitirmək barədə düşünürdü. O, ərini səslədi:
- Ay Nəbi, nə uzun çəkdi sənin yuyunmağın?
Ardınca “Qaçaq Nəbi” dastanındakı məşhur şeirin bəndlərindən birinin misrasını zümzümə elədi:
- Qoy sənə desinlər, ay açaq Nəbi...
Nəzirə belə deyib, arxasını gözlədi. Elə bu vaxt Nəbi hamamdan çıxıb bircə söz dəyişikliyi ilə növbəti misranı söylədi:
- ...Nazası özündən ay qoçaq Nəbi.
Bu vaxtlarda Nəbi ən xoşbəxt anlarından birini yaşayırdı. Əlində imkan olsaydı belə anların ömrünü uzadıb saniyələrə, saniyələri dəqiqələrə, dəqiqələri saatlara, günlərə, həftələrə çevirərdi. Onu Nazaya yenidən bağlayan, qonşu qadının “əsl simasının” üzə çıxması, ər-arvad arasında düşmənçilik salmaq istəyini (hər halda Nəbi belə düşünürdü) “kəşf” etməsiydi. Bununla belə, onun bir daha həmin məsələyə qayıtmaq fikri yoxuydu. Bu anlarda Nəbinin istəyi o idi ki, Naza ilə təzə tanış olduqları vaxtın davamını yaşasınlar. Ancaq ağlına da gətirmirdi ki, belə xoşbəxt, mehriban anların ömrünü olsa-olsa dəqiqələrə, uzaqbaşı bir saata qədər uzatmaq mümkün olacaqdı. Daha doğrusu, Naza yalnız buna imkan verəcəkdi.
Nəbi xam xəyalları beynində dolandıra-dolandıra arvadının qolundan tutub onu stola tərəf çəkdi. Bir neçə dəqiqəlik nəvazişdən sonra masa arxasına keçdilər. Gürcü konyakının qapağını Nəzirənin özü açıb hər iki qədəhi doldurdu. Hər bir hərəkətində son dərəcə ehtiyatlı olan qadın, özünə də konyak süzməklə ərinin ehtimal olunan şübhələrini (nədənsə qadın belə fikirləşirdi) dağıtmaq istəyirdi. İlk qədəhi içəndən sonra ikincini Nəbi doldurmalı oldu. Amma sonradan fikirləşdiyi kimi, Naza konyakdan imtina edib şampan şərabı içəcəyini dedi. Belə olan halda ayağa qalxan əri, hər iki qədəhi başına çəkib onun arzusunu yerinə yetirmək üçün evlərindən çox da uzaq olmayan mağazaya yollandı. Nəzirəyə də elə bu lazımıydı. Onun qətl ssenarisi belə idi.
Qadın fürsətdən stifadə edib Nəbi qayıdana qədər hazırladığı zəhəri yarımçıq qalmış konyak şüşəsinin içərisinə ataraq yaxşıca qarışdırdı. Və ani olaraq beynində ssenarinin davamını hazırladı. Əri qayıdandan sonra onlar əvvəlcə şampan şərabını birlikdə içməli, ardınca Nəbi zəhər qarışdırılmış konyakı təkbaşına qəbul etməliydi.
Nazanın planı baş tutmuşdu. Nəbi mağazadan qayıdıb şərabı stolun üstünə qoydu. Arvadı onun boynuna sarılıb üz-gözündən öpdü. Bu dəfə də şampan şərabının qapağını qadının özü açıb stəkanlara süzdü. Nəbi hər dəfə stəkandakı şərabı sona qədər içsə də, Nəzirə bir-iki qurtum alıb stolun üstünə qoyurdu. Şüşənin boşalmasına az qalmışdı ki, qadın dilləndi:
- Əzizim, deyəsən konyakı tək içmək istəyirsən, bəlkə şərabdan əl çəkib onu da mənim üçün saxlayasan.
Arvadının bu təklifi Nəbinin ürəyincə oldu. İndi o, stəkanları sona qədər arvadıyla birlikdə bir-birinə vuracaqdı. “Nə fərqi var ki, lap stəkanın birində konyak olsun, digərində də şərab”, - deyə Nəbi fikirləşdi. Sonra ayağa qalxıb arvadının saçlarını oxşadı. Bunun sonuncu nəvaziş olduğunu isə Nəzirədən başqa heç kim bilmirdi...
Artıq Nəbinin özünü tam idarə edə bilmədiyini hiss edən qadın, konyakın yerdə qalan hissəsini sona qədər stəkana boşaldıb ona uzatdı. Özü isə yenə də şərabdan bir qurtum alıb stolun üstünə qoydu. Hər şeydən xəbərsiz olan Nəbi zəhərin heç bir əlavə dad vermədiyi konyakı başına qaldırdı. O, içkinin tərkibinə qatılan maddənin zəhərləyici təsirini hiss etməyəcəkdi. Çünki adətən insan orqanizminə bir qədər gec təsir edən bu zəhərin səciyyəvi xassələrindən də biri onun tez bir zamanda yuxu gətirməsiydi...
Hava təmiz qaralmışdı. Nəbi kişinin həyətindəki işıq hələ də yanmırdı. Bundan bir qədər təəccüblənən qonşu arvad həyətə yaxınlaşmaq istəsə də bu fikri başından çıxardı. “Yəqin harasa gediblər”, - deyə fikirləşdi. Həm də onun Nəzirədən lap zəhləsi gedirdi. Bu qadının onu həyətdə görməsi kifayət edərdi ki, qonşu arvada yüz ayama qoşub kənd-kəsəkdə biabır eləsin. Ona görə də hasardan aralanıb evinə qayıtdı. Gecənin bir aləmində bayıra çıxıb yenidən Nəbinin həyətinə boylandı. Heç nə dəyişməmişdi. Əvvəlkitək həyətin işığı da yanmırdı. O, geriyə qayıdıb yatağına girərək səhərin açılmasını gözlədi.
Güllü arvad səhər tezdən yuxudan oyanıb ətrafa nəzər saldı. Qonşusu tərəfdə yenə sakitlik hökm sürürdü. Onsuz da heç bir işi-gücü olmayan Nəzirənin hələ yatdığını zənn edib bir neçə saat da gözləməli oldu. Nəbidən deyil, əslində Zəminədən ötrü narahatlıq keçirən qonşu arvadın səbri nəhayət tükəndi. Nəzirənin Nəbini hədələdiyini xatırladı və “artıq hər şeydən keçib”, - deyərək həyət qapısını açıb içəriyə girdi. Yenə də heç nə eşidilmirdi. Maraq ona güc gəldi və yavaş-yavaş irəliyə - mənzilin qapısına tərəf addımladı.
Qadın qapını açıb içəriyə keçəndə dəhşətli bir mənzərənin şahidi oldu. Nəbi çarpayının üstündə uzanmış haldaydı. Onun başı və dizləri bədəninə doğru əyilmiş, yarıyumulu gözləri isə donuq vəziyyətdəydi. Qonşu arvad gördüyü mənzərədən dəhşətə gəlsə də özünü itirməyib tez Nəbiyə tərəf addımladı. Əvvəlcə onun nəbzini yoxlayıb salamat olub-olmadığını öyrənməyə çalışdı. Kişinin nəbzi vurmurdu. Lakin qonşusu gördüklərinə inanmaq istəmirdi. Otaqdan balaca bir güzgü tapıb Nəbinin dodaqlarına yaxınlaşdırdı. Güzgünün səthində həyat əlamətlərinin olduğunu sübut edə biləcək bir şey - buxar çöküntüsü müşahidə edilmirdi.
Həyəcandan bir müddət özünə gələ bilməyən qadın, nəhayət vəziyyətdən çıxdı. Ətrafına göz gəzdirib evdə nələrin baş verdiyini anlamağa çalışdı. Gözləri stolun üstündəki boş konyak şüşəsinə sataşdıqdan və Nəzirənin evdə olmadığını dəqiqləşdirdikdən sonra ona hər şey aydın oldu. - Deməli, arvad öz ərini elə-belə, boş yerə hədələmirdi, - deyə dodaqaltı pıçıldadı...
Qonşu arvad hadisə barədə polis idarəsinə məlumat vermək istəsə də fikrindən daşındı. Əvəlcə Zəminəni məlumatlandırmaq, onunla birlikdə evə qayıdaraq hər şey haqda götür-qoy etmək istədi. Kəndin lap kənarında yaşayan Mətiş kişinin evinə gedərək, Zəminəni necə xəbərdar etmək barədə əvvəlcə onunla məsləhətləşmək fikrindəydi. Ancaq buna macal tapmamış, onu lap əvvəldən görən Mətiş otağa daxil olub bir qadının həyət qapısının arxasında dayandığını Zəminəyə xəbər erdi. Zəminə bayıra çıxıb sevincək özünü qonşusunun üstünə atdı. Qonşu qadın çox danışmaq fikrində deyildi, vaxt itirmək istəmirdi. O, nələrin baş verdiyini Zəminəyə birbaşa danışmaqdan başqa çarə tapmadı. Qısaca hər şeyi ona başa saldı. Mətiş də onlara qoşulub birlikdə Nəbigilə tərəf getdilər.
Zəminə içəriyə daxil olub atasını ölmüş vəziyyətdə görəndə elə fəryad qopardı ki, qonşu arvad da ona qoşulub hönkürtü ilə ağladı. Mətiş isə sanki yerində donub qalmışdı, nəyin baş verdiyini görsə də, hadisənin mahiyyətini əsla anlamırdı. Vaxtilə Zəminənin ona dediklərindən təkcə bunu anlamışdı ki, Nəzirə yaxşı adam deyil və tez-tez Nəbinin qızıyla yersiz mübahisələri düşür, təqsir isə ögey ananın özündə olurdu. Mətişin bildiyi həm də o idi ki, qonşu arvad Zəminənin qəmli günlərində həmişə ona həyan olmuş, dərd-sərinə şərik çıxmışdı. Elə Zəminəylə evlənməsi də onun sayəsində baş utmuşdu. Xülasə, Mətiş bu arvadın, Nəzirədən fərqli olaraq yaxşı adam olduğunu bilirdi. Hələlik anlamadığı isə, Nəbinin arvadının nə üçün burda olmamasıydı. O, qonşu arvadla birlikdə Zəminəni sakitləşdirəndən sonra bu barədə nəsə öyrənmək üçün onları sorğu-suala tutdu.
Qadınların izahatından sonra artıq hər şey Mətişə aydın olmuşdu. Və o da aydınıydı ki, Nəbini həyata qaytarmaq mümkün olmayacaqdı. İndi onun dəfnini təşkil edəcək yeganə adam, qızı əminə və hələ barışmasa da kürəkəniydi. Mətiş də bunun məsuliyyətini başa düşürdü. Ona görə də dayanmadan özünün və Nəbinin yaxın adamlarına vəziyyət barədə məlumat verərək dəfnin təşkiliylə məşğul olmağa başladı.
Xəbər ildırım sürətilə bütün kəndə yayılmışdı. Amma heç kəs sapsağlam olan Nəbinin nəyə görə birdən-birə vəfat etməsinin səbəblərini anlamırdı. Kişinin öz arvadı tərəfindən qətlə yetirilməsi Zəminə ilə qonşu arvaddan başqa kimsənin ağlına gəlmirdi. Onların əlində isə tutarlı dəlil yoxuydu. Bunun üçün hüquq-mühafizə orqanlarına xəbər verilməli, ekspertiza təşkil edilməliydi. Digər ərəfdən, hələ Nəzirənin kəndi tərk edib-etmədiyi, geri qayıdıb-qayıtmayacağı barədə də dəqiq məlumat yoxuydu. Meyitin üzərində əməliyyat aparılması isə kənd camaatı tərəfindən yaxşı qarşılanmırdı.
Şübhələri getdikcə artan Zəminə, Nəzirənin onun başına açdığı müsibətləri gözlərinin qarşısına gətirdikcə intiqam hissi də alovlanırdı. Atasının ölümündən bir-iki gün qabaq qonşu arvadın Nazadan eşitdiklərini Zəminəyə danışması isə onun qətiyyətini bir qədər də artırırdı. O, analığının doğma atasını ölümlə hədələməsini sakit qarşılaya bilməzdi. Tezliklə polis orqanlarına xəbər vermək haqda əri və qonşu arvadla məsləhətləşib razılaşdı. Konyak və şampan şərabı şüşələrinin, iki qədəh və sətəkanların hələ də stolun üstündə olması isə Nəbinin üzərində aparılması lazım olan əməliyyatı olduqca yüngülləşdirə bilərdi. Ancaq bir neçə gün də keçsə boş şüşələr vasitəsilə heç nəyi ayırd etmək mümkün olmayacaqdı. Ona görə də Zəminə polisə məlumat verməyi Mətişdən xahiş elədi. Çox keçmədi ki, bir neçə polis və ekspert qrupu təşkil olunaraq hüzn mərasiminin keçirildiyi yerə göndərildi.
Rayon mərkəzindən göndərilən əməliyyat qrupu kəndə çatanda meyit yuyulur, dəfnə hazırlıq görülürdü. Ekspertlər əvvəlcə Nəbinin bədənindən kiçik bir nümunə götürdülər. Sonra şüşələrdəki konyak və şərab damcılarının tərkibini müəyyən etməyə çalışdılar. Nümunələrin yoxlanışını başa çatdıran ekspertlər belə qənaətə gəldilər ki, Nəbinin orqanizmindəki yad cisimlə konyak damcısının tərkibindəki maddə eyni mənşəli, öldürücü təsir qüvvəsinə malik zəhərdir. Şampan şüşəsində və stəkanların birində isə heç nə aşkar edilməmişdi.
Hər şey ekspertlərə aydın idi. Kimsə mərhumla birlikdə yeyib-içərək onu zəhərləmişdi. Onun kimliyi haqda əməliyyat qrupuna məlumat verilsə də polislərin əlində dəlil-sübut yoxuydu. Amma hər halda Nəzirənin öz ərinin yas mərasimində iştirak etməməsi onun şübhəli şəxs hesab edilməsi üçün əməliyyatçıların əlinə əsas verirdi. Qadının hansı ünvanlarda ola biləcəyi haqda heç bir iz qoymaması, əməliyyat qrupunu çətin vəziyyətə salmışdı. Burda isə onun Bakıdakı evinin ünvanını bilən yeganə adam varsa, o da rəhmətlik Nəbi kişiydi.
Çox çəkmədi ki, bu problem də aradan qaldırıldı. Belə ki, atasının dəfn mərasimi başa çatandan sonra evdəki əşyaları yerbəyer edən Zəminə ilə qonşu arvad əməliyyat üçün son dərəcə əhəmiyyətli olan bir sənəd aşkar etdilər. Nəzirə evi tələsik tərk edərkən pasportunu götürməyi unutmuşdu. Daha doğrusu, onun hərəkətlərindən şübhələnən Nəbi pasportu götürərək öz paltosunun cibində gizlətmişdi. İndiyə qədər sənəddən istifadə etməyən Nəzirə isə bunu heç cür ağlına gətirməmişdi...
Səhər tezdən polis idarəsinə yollanan Güllü arvad Nəzirənin pasportunu Nəbinin ölümü ilə bağlı aparılan istintaqa təhvil verdi. Əməliyyat qrupunun üzvləri sənədi bir-bir nəzərdən keçirdilər. Sənəddəki şəkil onlardan birinin diqqətindən yayınmadı və bu qadını hardasa gördüyünü xatırlamağa çalışdı. Sənədi stolun üstünə qoyub axtarışda olan cinayətkarların şəkillərinin asıldığı fotolövhəyə baxmağa yollandı və tez də geriyə qayıdıb şübhələri barədə qrupun rəhbərinə məlumat verdi. Artıq kələfin ucu ələ keçmişdi. Lövhədəki şəklin altında ad yazılmasa da, sənəddəkinin tamamilə eyni olmasına şübhə yeri qalmırdı. Bu həmin şəkil idi ki, Nəzirə həbsxanada Xasayı zəhərlədikdən sonra Moskva polisinin əlinə keçmiş və surəti bütün İttifaq ərazisinə göndərilmişdi.
Belə vacib məlumatları əldə edən qrup vaxt itirmədən Bakıya yola düşməyi qərara aldı. Nəzirə pasportunun Nəbidə qaldığından xəbər tutsaydı şəhərdəki evində qalmayacaqdı. Ona görə əməliyyatçılar elə həmin gün pasportda göstərilən ünvana gedərək evin həndəvərində pusqu qurdular. Evdə kimsənin olduğu hiss edilməsə də, heç kimdə şübhə yaratmadan axşama qədər evi nəzarətə götürdülər. Qaranlıq düşənə yaxın bir qadının orta yaşlı kişiylə birlikdə gəldiyini görüb onların izinə düşdülər. Gələn adamlar darvazanı açıb həyətə, oradan da evə daxil oldular. Bir yerə cəm olan polislər də on dəqiqədən sonra hasarı aşaraq otağa girdilər. Amma axtardıqlarını bu dəfə də tapa bilmədilər.

***

Nəzirənin bəxti bu dəfə də gətirmişdi. Lakin bu, bəxtdən daha çox ağlının itiliyi, son dərəcə səriştəli və təcrübəli olması ilə bağlıydı. Qadın Nəbini zəhərləyib öldürəndən sonra vaxt itirməsin deyə, avtobusa minməyib birbaşa taksi ilə Bakıya gəlmiş və dərhal da öz evini cəmi bir neçə saat əvvəl tanış olduğu kişiyə kirayə vermişdi. Polislər bir az əvvəl izinə düşdükləri qadınla kişinin arxasınca otağa daxil olan kimi, silahlarını onlara tərəf tuşlayıb təslim olmalarını əmr etdilər. Nə baş verdiyindən xəbərləri olmayan bu adamlar yerlərində donub qalmışdılar, dilləri söz tutmurdu. İçəriyə daxil olanların mülki geyimdə olmaları onları bir az da vahiməyə salmışdı.
Zavallılar gələn adamların quldur olduqlarını zənn edirdilər. Qadın yavaş-yavaş özünə gəlsə də, kişi hələ də təşviş içrisində idi. Onun ağlına başqa fikirlər də gəlirdi. “Bəlkə silahlılar iki-üç gün bundan öncə tanış olduğum bu qadının adamlarıdır, bəlkə mənə tələ qurulub” deyə fikirləşir, getdikcə ürəyi daha şiddətlə çırpınırdı, sanki köksündən çıxırdı. Yəqin ki, bir-iki dəqiqə sonra polis geyimində olan daha iki nəfər içəriyə girməsəydi, kişinin ürəyi doğrudan da partlayacaqdı. O, polisləri görüb bir az özünə gəldi. Amma yenə heç nə kəsdirə bilmədi. Mülki geyimlilərlə onlar arasındakı yaxınlığı hiss edəndə yenidən həyəcanlandı. Kişini bu dəfə vəziyyətdən əlində pasport tutan polislərdən birinin “bu həmin qadın deyil” ifadəsi çıxartdı. Polis bu nəticəyə pasportdakı şəkillə, kişiylə gələn qadını müqayisə edəndən sonra gəlmişdi.
Polislər onları sorğu-suala tutub Nəzirənin harda olmasını öyrənməyə çalışdılar. Kirayənişinlər bu dəfə də təəccübləndilər. Onlar nə baş verdiyini, nəyə görə sorğu-suala çəkildiklərinin səbəblərini anlamadılar. Bir qədər sükutdan sonra nəhayət qadın dilləndi:
- Ay qardaş, axı siz kimsiniz, bizdən nə istəyirsiniz, Nəzirə kimdir?
Əməliyyata başçılıq dən polis də qadının sualına sualla cavab verdi:
- Özünüzü heç nə bilmirmiş kimi göstərməyin, deyin görüm, siz kimsiniz, burda nə axtarırsız, ev kimə məxsusdur, orderiniz varmı?
Onun sonuncu sualını artıq bir az özünə gəlmiş kişi cavablandırdı:
- Biz ikinci gündür ki, bu evdə kirayənişin kimi yaşayırıq. Altı aylıq kirayə haqqını da bəri başdan ödəmişik. Evi isə mənə Səmayə adlı bir qadın verib. Amma Nəzirənin kim olduğunu bilmirik.
Polis vəziyyətin nə yerdə olduğunu dərhal başa düşdü. Əlində tutduğu pasportdakı şəkli onlara göstərib onu tanıyıb-tanımadıqlarını soruşdu. Mirzə kişi qadını ilk dəfə xeyli fərqli görkəmdə görsə də, pasportdakı şəkli ona oxşada bilmişdi. Gözləmədiyi vəziyyətdən heyrətə gəldi. Özünü Səmayə kimi təqdim edən Nəzirə onu aldatmış, hətta altı ayın kirayə haqqını əvvəlcədən alaraq ərazini, bəlkə də respublikanı tərk etmişdi. Kirayənişinlər üçün təhlükəlisi o idi ki, Nəzirə onlardan birinin - kişinin pasportunu girov kimi götürmüşdü. Onun bu sənədlə daha bir neçə cinayətlər törədəcəyi də ehtimal olunurdu. Polis zabitləri bunu kirayənişinlərə xatırladanda elə bil onları ildırım vurdu. Kişinin rəngi avazıdı, huşdan gedib yerə yıxıldı.
Kirayənişinlərin hərəkətlərindən onların Nəzirə ilə əlaqədə olmadığını təxmin edən əməliyyatçılar, kişi özünə gələnə qədər gözlədilər. Onları sərbəst buraxmaq istəsələr də bu fikirdən daşındılar. Ciddi əlaqənin olmadığını sübut etmək lazım gəldiyindən, qapıları bağlayıb, onları özləri ilə geriyə - rayon mərkəzinə apardılar. Səhər açılanda işə gələn polis rəisi Muxtarov, Nəzirənin əvəzinə başqa adamları görəndə bütün hirs-hikkəsini əməliyyatçıların üstünə tökdü. Və onlara yenidən geriyə - Bakıya qayıtmaq əmrini verdi.
Rəisin məqsədi əməliyyatçılar üçün şəhərdə yer almaq idi. Rəis düşünürdü ki, polis işçiləri bir müddət şəhərdə qalıb Nəzirənin kirayəyə verdiyi evi nəzarətdə saxlamaqla nəyəsə nail olmaq mümkündür. Kirayənişinlər isə həmin müddət ərzində rayon mərkəzində onlar üçün ayrılması nəzərdə tutulan mənzildə yaşamalı idilər. Ancaq çox gec idi. Nəbinin və Xasayın bütün varidatlarını ələ keçirən, habelə öz evindəki qiymətdən ağır, çəkidən yüngül əşyaları özü ilə götürən Nəzirə, dəniz vağzalındakı köhnə tanışlarından birinin vasitəsilə gəmiyə minib Qazaxıstana yollanmışdı...

***

Muxtarov nəzarətdə saxladığı kirayənişinlərin dindirilməsi ilə şəxsən özü məşğul olacaqdı. O, əməliyyatçılara tapşırıq verib onları Bakıya yola salandan sonra kirayənişinləri - Mirzə ilə Sahibəni şöbəyə çağırtdırdı. İyirmi dəqiqə keçmədi ki, onların arxasınca gedən UAZ markalı avtomobil rayon polis idarəsinin qarşısında dayandı. Maşından düşmək tapşırığını alan kirayənişinlər, polislərin müşayiəti ilə Muxtarovun kabinetinə tərəf addımladılar. Heç bir cinayət törətməyən bu zavallıların həyəcanı dünənkinə nisbətən xeyli ötüb keçsə də, başlarına gələn hadisənin naməlum sonluğunu fikirləşəndə onları dəhşət bürüyürdü. “Səmayə” ilə əlaqələrinin olmadığını tutarlı şəkildə sübut etmək onlar üçün çox çətin idi.
Qadınla kişi sərbəst buraxılmalarından ötrü əməliyyatçılara verdikləri ifadədən fərqli, polis rəisinə hansı izahatı vermək barədə fikirləşsələr də ağıllarına heç nə gəlmədi. Muxtarovun iş otağına yaxınlaşdıqca onların həyəcanı yenidən artdı. Müşayiətçi polislərdən biri bunu hiss edib onları sakitləşdirməyə çalışdı. Nədə təqsirli bilindiklərini öyrənəndən sonra bir qədər səbirli olmağı məsləhət gördü. Mirzə bunu gənc polisin sadəcə təsəllisi kimi qəbul edib sakitləşmək bilmədi. Amma Sahibə üçün bu məsləhət lap yerinə düşdü. Özünü ələ alıb inamla irəliyə, polisin göstərdiyi qapıya tərəf addımladı. Artıq onda həyəcandan əsər qalmamışdı. Onları müşayiət edən digər polis işçisi Muxtarovun kabinetinə yaxınlaşıb qapını döydü, içəriyə girib tapşırdığı adamların gəldiyini ona xəbər verdi.
Başqa bir istintaq işinin materiallarını qarşısına töküb nəzərdən keçirən rəis, başını ağır-ağır qaldırıb gələn polis işçisinə baxdı. Lakin xəyalı hələ də məşğul olduğundan heç nə demədi. İki-üç dəqiqəlik sükutdan sonra bir qədər əsəbi tonda dilləndi:
- Axı mən sizə şəhərdən gələn adamları bura gətirməyi tapşırmışdım, hanı onlar?
Polis işçisi rəisin düşdüyü vəziyyəti dərhal anladı. Bu vəziyyətdə Muxtarova artıq söz deməyin ağırlığını başa düşdüyündən, elə bir az əvvəlki ifadəsini təkrarlamağı lazım bildi:
- Cənab rəis, tapşırdığınız adamlar qapının ağzındadır.
Muxtarov qarşısındakı sənədləri yığışdırıb bir tərəfə qoyaraq, şübhəli şəxslərin içəriyə gətirilməsini istədi. Polis işçisi cəld bayıra çıxıb əvvəlcə Mirzəni rəisin kabinetinə gətirdi. Muxtarov qarşısında dayanan adamı başdan-ayağa süzüb oturmaq üçün yer göstərdi. Təqsirli olub-olmadığını sanki üzünün ifadəsindən öyrənmək istəyirmiş kimi bu vəziyyətdə də bir xeyli tamaşa elədi. “Deyəsən, bu zavallının doğrudan da heç nədən xəbəri yoxdur”, - deyə öz-özünə fikirləşdi. Ancaq cinayətin üstünün açılması üçün hər bir halda onun dindirilməsi çox vacib idi. Mirzənin pasportunun Nəzirə tərəfindən girov üçün götürülməsi də əhəmiyyətli rol oynaya ilərdi. Muxtarovun ilk ağlına gələn də elə bu oldu. O, şübhəli şəxsi həyəcanlandırmamaq üçün çox fikirləşmədən sorğu-suala pasportdan başladı:
- Vətəndaş Sarıyev (Özünün dediyinə görə, Mirzənin soyadı Sarıyev idi), mənə məlum olduğuna görə sizin pasportunuz Nəzirə tərəfindən girov kimi götürülüb. Qadının məqsədi nə idi?
Muxtarov yanılmamışdı. İlk sualın bu cür qoyulması Mirzənin bütün həyəcanının ötüb keçməsinə səbəb olmuşdu. Sanki rəisin sualı dəyişəcəyindən qorxurmuş kimi dərhal dilləndi:
- Cənab rəis, Allaha and olsun, mənim heç nədən xəbərim yoxdur, bizə də evi kirayəyə verən Nəzirə yox, Səmayə adlı qadındır.
Muxtarovun vəziyyətdən hali idi. Nəzirənin əsl adını gizlədərək, özünü kirayənişinlərə Səmayə kimi təqdim etməsini ona əməliyyatçılar xəbər vermişdi. Rəis sualı təkrarlamaqla şübhəli şəxs hesab etdikləri adamlar barədə fikirləşdiklərinin doğru olub-olmadığını bir daha yəqinləşdirmək istəyirdi. O, peşəkar cinayətkarların verdikləri ifadələri adətən dəyişməsələr də, təcrübəsizlərin sadəcə forması dəyişmiş eyni sualları çox vaxt müxtəlif cür cavablandırmalarına çox rast gəlmişdi. İş təcrübəsində bunu çox yaxşı əxz edən Muxtarov, pasportu üzərində olmayan Mirzənin də bu adı daşımasına şübhə ilə yanaşsa da, onun Nəzirə ilə əlaqəsinə inanmırdı.
Rəis bu nəticəyə Nəzirənin fotoşəklini ona göstərəndən sonra gəlmişdi. Mirzə əməliyyatçılarla danışıqlarında olduğu kimi həmin fotoşəkli tanıdığını, onu məhz Səmayəyə oxşatdığını demişdi. Amma Muxtarov pasportun nə üçün götürülməsi barədə verdiyi sualın cavabını hələ də almadığından, onu yenidən təkrar etməyə məcbur oldu:
- Altı aylıq kirayə haqqını bəri başdan ödədiyiniz halda pasportunuzun girov götürülməsi qadına nə üçün lazım idi?
“Səmayə”nin əsl məqsədini Mirzənin özü də bilmirdi. Ancaq hər halda bunun səbəbləri barədə ev sahibəsinin izahatlarını yadından çıxarmamışdı. O, rəisə verdiyi cavabı da elə “Səmayə”nin həmin izahatları əsasında qurdu:
- Özünü mənə Səmayə kimi təqdim edən qadın ev əşyalarının yoxa çıxacağından ehtiyatlanırdı. Ona görə də pasportumun onda qalmasını istədi.
- Bəs hara getdiyi, nə vaxt qayıdacağı haqda sizə bir söz demədi? Sizin özünüz necə, bu barədə heç nə soruşmadınız?
Kifayət qədər təcrübəsi olan Nəzirə kirayənişinə heç nə deməsə də, Mirzə öz pasportunun taleyi haqda narahatçılıq keçirmiş və lazım olanda onunla necə və harda görüşəcəyi barədə qadından soruşmuşdu. Nəzirə isə çox asanlıqla vəziyyətdən çıxış yolu taparaq, ona yanlış telefon nömrəsi vermişdi. Kirayənişin rəisin ona verdiyi sonuncu sualın cavabını axtararkən əməliyyatçıların, “bu cinayətkar qadın sənin pasportunla daha bir neçə cinayət törədə bilər”, - deyə xəbərdarlıq etməsini xatırladı. Və yenidən həyəcanlandı. Amma özünü itirmədi. Tez “Səmayə”nin ona verdiyi həmin nömrəni cibindən çıxarıb polis rəisinə təqdim etdi və sevincək dilləndi:
- Cənab rəis, bu nömrəni mənə həmin qadın verdi və dedi ki, pasport nə vaxt lazım olanda ona zəng vurub görüşüm.
Mirzənin bu cavabından Muxtarov da çox sevindi. Ona elə gəldi ki, artıq kələfin ucunu ələ keçirib. Özündən razı halda dodaqları qaçdı, gülümsündü, amma bunu hiss etdirmədi. Ağır-ağır ayağa qalxıb otaqda var-gəl elədi. Bir-iki dəqiqəlik sükutdan sonra hələlik sonuncu sualını verdi:
- Vətəndaş Sarıyev, siz bizim əməkdaşlar tərəfindən saxlanılana qədər Səmayə kimi tanıdığınız qadınla telefon əlaqəsi saxlamısınızmı?
- Biz Sahibə ilə cəmi iki gün idi ki, onun evində yaşayırdıq, bu qısa müddət ərzində isə pasport mənə lazım olmayıb, ona görə də heç bir əlaqə yaratmamışıq, - deyə Mirzə dilləndi.
Rəis onun bu cavabından da razı qaldı. Daha heç nə soruşmayıb, Mirzədən bir qədər dəhlizdə gözləməyi xahiş elədi. Onun məqsədi indi də Sahibəni sorğu-suala tutmaq idi. Qadını müşayiət edən polis işçilərindən birini çağırıb onun içəriyə dəvət edilməsini istədi. Bir-iki dəqiqədən sonra rəislə üzbəüz dayanan Sahibə, Mirzədən fərqli olaraq özünü tam sərbəst aparırdı. Onun sifətində qorxu, həyəcan əlamətləri hiss olunmurdu. Muxtarov da bunu hiss etmişdi. Belə adamların hətta təqsiri olsa belə, adətən yaranmış vəziyyətdən çıxış yolu tapdıqlarını yaxşı əxz edən rəis, Sahibə ilə xeyli fərqli şəkildə söhbət etmək qərarına gəldi. Nədənsə ona elə gəlirdi ki, qadının Nəzirə ilə ciddi əlaqəsi ola bilər.
Əslində Sahibənin özünü tam sərbəst aparması, Muxtarovun fikirləşdiyi kimi onun peşəkar cinayətkarla əlbirliyi ilə bağlı deyildi. O, Mirzədən fərqli olaraq Nəzirənin sifətini belə görməmişdi. Kirayə ilə əlaqədar sövdələşmələr də məhz Mirzə və Nəzirə arasında olmuşdu. Sahibənin sərbəstliyi isə heç bir halda təqsirli olmaması ilə bağlı idi. Rəis bunu da nikbinliyin səbəblərindən biri kimi qəbul edirdi. Amma istənilən halda qadınlar arasında əlaqənin olmadığını sübut etmək lazım gəlirdi. Ona görə də Sahibə kimi sərbəst qadınla söhbətə çaşdırıcı sualdan başladı:
- Vətəndaş Vəlizadə (Sahibənin soyadıVəlizadə idi), bildiyimizə görə heç bir ehtiyac olmadığı halda Mirzənin pasportu girov kimi götürülüb. “Səmayə” ilə yaxınlığınız onun bu hərəkətlərinə mane ola bilməzdimi? Axı siz Mirzə ilə də yaxın əlaqədəsiniz.
Sahibə ilk əvvəl bu sualdan diksinən kimi olsa da, özünü itirmədi. Amma istər-istəməz rəisin belə naqolay sualından narahatçılıq keçirdi. Bir anlığa ona elə gəldi ki, etmədiyi günahı haqq-nahaq boynuna qoymağa çalışırlar. Muxtarov da qadındakı bu narahatçılığı sezdi. Lakin Sahibə tezliklə özünü ələ ala bildi. Və rəisin sualına elə sualla da cavab verdi:
- Cənab rəis, siz nəyə əsasən mənim Səmayə ilə yaxın əlaqədə olduğumu iddia edirsiniz? Bunu necə sübut edə bilərsiniz? Mən tanımadağım, üzünü belə görmədiyim qadından nəyi və necə xahiş edə bilərdim?
- Bəs, Mirzə ilə kimin vasitəsilə və nə üçün tanış olmusunuz, - deyə Muxtarov növbəti sualını verdi.
Bu sualdan sonra qadın bir qədər əsəbi görkəm aldı. Rəisin gözlərinin içinə baxaraq dilləndi:
- Kiminlə, nə üçün və necə tanış olmaq mənim öz işimdir, amma axtardığınız qadınla heç bir əlaqəm yoxdur. Onun adını isə yalnız Mirzədən eşitmişəm. Qadının axtarışda olduğunu da əməliyyatçılar bizi saxladıqdan sonra bilmişik.
Muxtarov daha bir neçə sualdan sonra Mirzənin verdiyi telefon nömrəsini də qadına göstərərək soruşdu:
- Bu nömrə sizə tanış gəlirmi?
Sahibə nömrəyə diqqətlə baxdı, hardasa rast gəldiyini xatırlamağa çalışdı və ani sükutdan sonra cavab verdi:
- Mirzənin dediyinə görə, nömrəni ona Səmayə verib.
Rəis qarşısındakı qadından bundan artıq heç bir məlumat ala bilməyəcəyini dərk edib, sorğu-sualı dayandırdı. O, artıq əmin olmuşdu ki, Sahibənin Nəzirə ilə heç bir əlaqəsi yoxdur. Ona görə Mirzəgili müşayiət edən polis işçilərini çağıraraq onları hələlik qaldıqları xüsusi mənzilə qaytarmağı tapşırdı.
Qadından aldığı sonuncu cavabdan sonra Muxtarovun sevinci bir qədər də artdı. Telefon nömrəsinin Nəzirəyə məxsusluğu barədə saxlanılan şəxslərin ifadələrinin üst-üstə düşməsi rəis üçün lap göydəndüşmə oldu. O, həmin nömrə ilə Nəzirənin necə ələ keçirilməsi haqda plan qurmağa hazırlaşdı...

***

Polis rəisinin Nəzirənin respublikanı tərk etməsindən xəbəri yox idi. Muxtarov onun bu tezliklə aradan çıxmasına inanmırdı. Çünki qadının bu qədər peşəkar və təcrübəli cinayətkar olması haqda məlumata malik deyildi. Əslində Nəzirənin özünün də ölkəni bu tezliklə tərk etmək fikri yoxuydu. Bəs necə olmuşdu ki, fikrini dəyişmiş, Qazaxıstana getməyi qərara almışdı?
Nəzirə Nəbini zəhərləyib öldürdükdən sonra təcili olaraq Bakıya gəlmiş, vaxt itirmədən evindən bəzi əşyaları götürərək başqa birisi ilə danışıb, ucuz qiymətə yeni mənzil kirayələmişdi. Qadın bir neçə günlüyə orada kirayənişin kimi qalmaq fikrindəydi. Lakin ev sahibi ilə sövdələşib yenidən öz mənzilinə qayıdanda üst-başını, çantasını, Nəbigildən gətirdiyi əşyaların içərisini eşələsə də pasportunu tapa bilmədi. Nə qədər fikirləşdisə bu mühüm sənədi harda gizlətdiyini, hara qoyduğunu xatırlamadı. Dəhşət onu bürüdü. Əslində pasport, qadına ölkədən getmək üçün lazım deyildi. Heç bunu istəmirdi də. Nəzirə bu dəhşətli qətldən sonra polisin onun izinə düşdüyünə əmin idi. Bilirdi ki, bütün nəzarət-buraxılış məntəqələrinə bu barədə xəbər verilib. Ona görə də pasport itməsəydi belə, onu özü ilə götürməyəcəkdi. Qadın sərhədi nə vaxtsa başqa vasitələrlə keçmək fikrindəydi.
Nəzirəni başqa məsələlər narahat edirdi. O, sənədin hüquq-mühafizə orqanlarının əlinə keçməsi ehtimalından ehtiyatlanırdı. Əgər pasportu polislər əldə edə bilsəydilər, bu onun üçün yaxşı olmayacaqdı. Sənəddəki şəkil illərdən bəri başladığı çirkin oyuna son qoya bilərdi. Qadın bunu fikirləşdikcə vahimələnirdi. Amma pasport polislərin əlinə necə keçə bilərdi? Nəzirə bu sual ətrafında nə qədər düşünsə də cavab tapa bilmirdi. Lakin vaxt itirmək də istəmirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər an onu yaxalaya bilərdilər. O, özünə lazım olan ən vacib əşyaları bir yerə cəmləyib evi tərk etmək qərarına gəldi. Elə bu vaxt Zəminə ilə kobud rəftarını, bu rəftara görə Nəbi ilə aralarında olan inciklikləri, son vaxtlar ərinin onunla ehtiyatla davranmasını xəyalından keçirdi. “Yəqin ki, pasportu Nəbi gizlədib” - deyə düşündü.
Qadın yalnız bundan sonra respublikanı təcili olaraq tərk etmək qərarına gəlmişdi. Görkəmini, saçının rəngini elə dəyişmişdi ki, onu kimsənin tanıması böyük məharət tələb edirdi. Nəzirə qaranlığın düşməsini gözlədi. Bir yerə yığdığı əşyaları götürüb mənzilini tərk elədi. Evin qapısını, həyət darvazasını bərk-bərk bağlayıb küçəyə çıxdı. Bir qədər getmişdi ki, qarşısında tanımadığı bir kişini gördü. Həmin adam dayanıb Nəzirəyə salam verdi. Qadın diksinən kimi oldu, amma özünü itirməyib tanımadığı bu kişinin salamını aldı. Orta yaşlı bu adam bir qədər uca səslə soruşdu:
- Ay bacı, buralarda yaşayırsız?
- Necə bəyəm, sizə nə lazımdır?
Qarşısındakı adamın gözlənilməz sualı və səsinin tonu Nəzirəni yenidən həyəcanlandırdı. Yoluna davam etmək istəyirdi ki, kişi dilinə şəkər qatıb bu dəfə çox ehtiyatla dilləndi:
- Ay bacı, mən kirayədə qalmaq üçün ev axtarıram, sizi də ona görə narahat elədim, siz Allah bağışlayın.
Bu sözdən sonra Nəzirənin həyəcanı ötüb keçdi. Kişini altdan yuxarı diqqətlə süzdü. Deyəsən, təhlükəli adama oxşamırdı. Həmişə çoxlarından çevikliyi ilə fərqlənən qadın, ondan istifadə etmək qərarına gəldi. Əlüstü cavab erdi:
- Çox yaxşı, elə mən də kirayənişin axtarırdım. Uzunmüddətli ezamiyyətə getdiyim üçün kiminsə evdə yaşamasını, həyət-bacaya nəzarət etməsini istəyirəm. Əgər sövdəmiz baş tutsa mənzili sənə kirayə verə bilərəm.
Kişiyə də elə bu lazımıydı. Amma tanımadığı qadınla birdən-birə alış-veriş eləmək onun üçün çətin idi. Özü də havanın qaralan vaxtında, həm də tanımadığı, yaxşı bələd olmadığı ərazidə. Yarımqaranlıq küçələrdə, dar dalanlarda hansı xoşagəlməz hadisə desən baş verə bilərdi. Çoxlarının bir-birini tanıdığı belə yerlərdə qadınla qarşı-qarşıya durub söhbətləşmək də risk tələb edirdi. Onun başqa çarəsi də yox idi. Ona görə də riskə getməyə məcbur oldu. Bir neçə saniyəlik tərəddüddən sonra dedi:
- Ay xanım, adınızı da bilmirəm...
Nəzirə onun sözünü kəsdi:
- Adım Səmayədir, amma bu o qədər də vacib deyil.
Qadının sonuncu kəlməsi kişini təəccübləndirdi, onunla tanışlığına bir az peşman kimi oldu. Amma iş işdən keçmişdi. Həm də təcili olaraq mənzil tapmalı idi. Bir-iki gün əvvəl tanış olduğu başqa qadınla birlikdə yaşayacaqdılar. Həmin qadın isə ona tezliklə kirayə mənzil tapmağı tapşırmış, əks halda tanışlıqdan imtina edəcəyini demişdi. Sahibə adlı həmin qadının tələbləri yadına düşüncə, qorxu və həyəcan da, “Səmayə” ilə tanışlığın naməlum taleyi ilə bağlı fikirlər də onu tərk elədi. Və tələsik, bayaq yarımçıq qalmış kəlmələrinin ardını gətirməyə çalışdı:
- Səmayə bacı, mənə təcili ev azımdır, siz şərtlərinizi deyin.
Kişinin “qaz” olduğunu, deyəsən, Nəzirə başa düşmüşdü. Tez dedi:
- Bayaq mənim adımı soruşdun, amma öz adını bildirmədin.
- Mirzə, - deyə kişi cavab verdi.
Öz adının yerinə başqa ad uyduran Nəzirə kimi, qarşısındakı adam da onu aldada bilərdi. Son dərəcə həssas qadın, kişini hiyləgər baxışlarının süzgəcindən keçirdi, amma yalançılıqdan əsər-əlamət tapa bilmədi. Bir də ki, bu onun üçün o qədər də vacib deyildi. “Bazarlıqları” baş tutsa, onsuz da kişinin dəqiq adını öyrənəcəkdi.
Nəzirə daha vaxt itirməyib, bu dəfə şirin dillə soruşdu:
- Mirzə qardaş, evdə tək yaşayacaqsan?
- Yox, iki nəfər olacağıq, bir qadın, bir dəmən.
Nəzirə məsələnin nə yerdə olduğunu dərhal anlasa da, üstünü vurmadı. Əslində sonuncu sualı kirayəyə verəcəyi mənzilin qiymətini müəyyənləşdirmək üçün vermişdi. Mirzənin cavabından sonra əmin oldu ki, qarşısındakı adam bir yerdə yaşayacağı qadına görə şərtlərlə razılaşa bilər. Amma tələssə də kişi ilə bayırda yox, evdə danışmaq istəyirdi. Qadın bu istəyini kişiyə də bildirdi. Onlar birlikdə Nəzirəgilin mənzilinə getdilər.
Mirzə əvvəllər tanımadığı bu qadının kimsəsiz həyətinə ayaq basanda yenidən qorxu onu bürüdü. Ağlına çox pis fikirlər gəldi, geri dönmək istəsə də bunu kişi qüruruna sığışdırmadı. Ağır addımlarla irəliləyib Nəzirənin arxasınca mənzilə daxil oldu. İlk baxışda bayırdan yaxşı təsir bağışlamayan otağın içərisi yaşamaq üçün pis deyildi. Ora-bura göz gəzdirdi. Evdəki yır-yığışı görəndə bayaqkı qorxusu ötüb keçdi. “Səmayə”nin bayırda ona dediklərinə inanmağa başladı. Otağın vəziyyətindən hiss elədi ki, qadın doğrudan da evi müvəqqəti tərk edir. İndi yalnız kirayə ilə bağlı ev sahibəsinin şərtləriylə tanış olmaq qalırdı. Ağzını açıb danışmaq istəyirdi ki, Nəzirə ondan qabaq dilləndi:
- Hə, necədir, xoşuna gəlir?
Kişi qeyri-ixtiyari cavab verdi:
- İki nəfər üçün pis eyil. Ayda nə qədər ödəməliyəm?
- Yüz əlli manat, amma bu, şərtlərin hələ hamısı deyil.
Mirzə həyəcanla qadının nə deyəcəyini gözlədi. Nəzirə isə çox tələsirdi. Birbaşa, həm də qəti şəkildə bildirdi:
- Biz səninlə ilk dəfədir ki, tanış oluruq. Bu boyda həyəti və evi isə, sözün düzü, heç kəsə etibar eləmirəm. Ona görə də altı aylıq kirayə haqqını bəri başdan ödəməlisən. Amma bu da sonuncu şərt deyil, pasportunu özümlə götürməliyəm. Əvəzində telefon nömrələrimi sənə verirəm, pasportun nə vaxt lazım olsa çatdıraram.
Mirzə üçün kifayət qədər ağır şərtlər idi. Amma bu qiymətə ev tapmaq da mümkün deyildi. Bir tərəfdən də Sahibənin şərtləri bu ehtiraslı kişini çıxılmaz vəziyyətə salmışdı. Odur ki, qadının dedikləri ilə razılaşmalı oldu. Nəzirə evin açarlarını ona verib, ərazini tələsik tərk etdi. Mirzə həmin kişi idi ki, polis əməkdaşları onu Səmayə kimi tanıdığı qadının evində həbs edərək özləri ilə rayona aparmışdılar...

***

Nəzirə Mirzə kişidən ayrılıb birbaşa dəniz vağzalına gəldi. O, görkəmini dəyişmiş, qara, uzun saçlarını boynunun ardına qədər kəsdirmiş, sarı rəngə boyamışdı. Qadını, hətta bir neçə dəfə görənlər də ilk baxışdan çətin tanıya bilərdi. Nəzirə bu görkəmdə vaxtilə tanış olduğu Rafiq adlı bir kişinin yanına gələrək, Qazaxıstana getmək istədiyini bildirdi. Amma əvvəlcə özünü təqdim etmək istəmədi. Qadının məqsədi, çoxdandır görmədiyi tanışının onu tanıyıb-tanımadığını müəyyənləşdirmək idi. Əgər bu adam məni ilk baxışdan tanımayacaqsa, deməli, hələ ki, qorxmağa dəyməz, - deyə fikirləşdi.
Yük gəmilərinin birində kapitan işləyən Rafiq doğrudan da Nəzirəni tanımamışdı. O, qadına tərs-tərs baxıb dedi:
- Nəyə görə sərnişin gəmisi ilə getmək istəmirsən, axı orda sənin üçün daha rahat olar?
Qadın yük gəmisini təsadüfən seçməmişdi. Sərnişin gəmisində getmək üçün bilet almalı, bundan ötrü sənədlərini təqdim etməli idi. Hər şeyi əvvəlcədən ölçüb-biçən Nəzirə, bilet satılan kassalarda fotoşəklinin ola biləcəyindən ehtiyatlanır, Nəbi kişini qətlə yetirəndən sonra polisin hər yerdə onu axtardığını ehtimal edirdi. Ona görə də problemi yoluna qoymaq üçün başqa tanışı olmadığından Rafiqin yanına gəlmişdi. Bu adamın onu minnətsiz-filansız Qazaxıstana aparacağına əmin idi. Bir də qadın vağzala, sərnişin gəmisi artıq yola düşəndən sonra gəlmişdi ki, heç bir bəhanəyə yer qalmasın. İndi onun şübhələri özünü doğrultmuşdu. Odur ki, Rafiqin verdiyi suala təəccüblənmədi. Sakit-sakit, soyuqqanlı şəkildə cavab verdi:
- Bilirsiz, mən təcili Qazaxıstana, Aktau şəhərinə getməliyəm. Elə indicə məlumat aldım ki, orda yaşayan qardaşım çox ağır vəziyyətdədir. Mən bu haqda xəbər tutanda sərnişin gəmisi artıq yola düşmüşdü.
Nəzirənin cavabı Rafiqin qəlbini bir qədər yumşaltdı. Amma tanımadığı qadını bir azdan yola düşəcək gəmiyə götürməkdən çəkindi:
- Ay xanım, axı mən sizi tanımıram, açığı, ona görə də ehtiyat edirəm, bəlkə sənədlərinizi göstərəsiniz.
Kişi Nəzirənin yaralı yerinə toxunmuşdu. Pasportu hardan alacaqdı? Buna baxmayaraq qadın yaxşı tanıdığı bu kişi ilə söhbətdən sonra xeyli sevindi. Çünki əvvəllər yaxşı münasibətdə olduğu Rafiq onu tanımamışdı. Bu isə nikbinliyə əsas verirdi. Ancaq vaxt gedir, Nəzirə ilə bərabər kapitan özü də tələsirdi. Elə çıxıb getmək istəyirdi ki, qadın ucadan güldü. Sonra köks ötürüb dedi:
- Ey bivəfa dünya... Ay Rafiq, məni tanımadın?
Rafiq ayaq saxladı, diqqətlə qarşısındakı qadının sifətinə baxdı. Tanış cizgilər tapmağa çalışdı. Deyəsən tapmışdı da. Təxminən bir dəqiqə də diqqətlə nəzər salıb dilləndi:
- Nəzirə xanım?
- Bəli, düz tapmısan, - Nəzirə cavab verdi. - Xeyir ola, bayaqdan mənə “zakon” xırdalayırsan, - dedi.
Rafiq utanan kimi oldu, başını aşağı saldı, üzr istəyib könlünü almağa çalışdı:
- Bağışla, məndə təqsir yoxdur, o qədər dəyişmisən, o qədər gözəlləşmisən ki, tanıya bilmədim.
Ünvanına deyilən komplimentlərdən Nəzirənin qoltuğu qarpızlandı. Bir az özünü əzib-büzdü, o boyda əndamına yaraşmasa da nazlanıb-duzlandı. Ərklə soruşdu:
- Hə, Rafikçik, nə vaxt yola düşürük?
- Elə indi, - Rafiq cavab verdi.
Burda söhbət bitdi. İyirmi dəqiqədən sonra yük gəmisi Aktau limanına yola düşəcəkdi. Rafiq Nəzirəni gəmiyə aparıb onu rahat, hər cür şəraiti olan kayutların birində yerləşdirdi. Ancaq sənədləri yerində olmadığına görə Aktau limanında ciddi problemlə üzləşdiyini bilən qadın bu sirri gəmi kapitanına da açmalı oldu. Rafiq isə “narahat olma”, - deyib kayutu tərk etdi...
Gəmi iki saat olardı ki, yola düşmüşdü. Nəzirə təhlükənin sovuşduğuna əmin olsa da, nədənsə ehtiyatlanırdı. Ona elə gəlirdi ki, gəmidə kimsə onu izləyir. Ancaq qadın əbəs yerə şübhələnirdi. Doğrudur, başqa kayutda qalan kişilərdən biri hərdən oğrun-oğrun ona baxırdı. Təxminən əlli-əlli beş yaşlarında olan Kərəm adlı bu kişi Nəzirəni Rafiqlə söhbət edərkən görmüş, ilk baxışdaca gözü onu tutmuşdu. İndi isə qadının kapitanla doğma olub-olmadığını aydınlaşdırmağa çalışırdı. Əgər onları ciddi qohumluq əlaqələri bağlayırdısa, onda qadınla isti münasibətlər qurmaq yaramazdı. Amma hələ tanımadığı Nəzirənin hərəkətlərindən, gəminin yola düşdüyü iki saat ərzində Rafiqin onunla maraqlanmamasından elə zənn etdi ki, ola bilsin, qadın təcili Qazaxıstana getmək istəyir.
Əslində Kərəm kişi kapitanın Nəzirə ilə söhbətlərini eşitmiş, lakin Rafiqin onu tanıdığı məqamlarda ərazidən uzaqlaşaraq gəmiyə tərəf getmişdi. Ona görə də onların tanış olmadığı qənaətinə gəlmişdi. Ancaq hər halda gəldiyi qənaəti möhkəmləndirmək istədi. Nəzirəni təşvişə salan da Kərəmin şübhəli davranışı idi. O, əvvəlcə Rafiqin yanına qalxıb həyəcanına son qoymaq fikrinə düşdü. Lakin görəndə ki, daha izləyən yoxdur, sakitcə ona məxsus kayutun qapısını örtüb içəriyə keçdi. Fəqət orda da rahatlıq tapa bilmədi. Daha bir saat keçəndən sonra darıxdığından gəminin göyərtəsinə qalxdı. Gecənin qaranlığında ucsuz-bucaqsız Xəzərin mavi sularından başqa heç nə görmədi. Amma bayıra çıxmasına da peşman olmadı. İsti yay gecəsində dəniz havası onu məst eləmişdi. Bir az oturmuşdu ki, qulağına dalğaların şırıltısından güclə eşidilən ayaq səsləri dəydi. Üzünü gəminin hərəkət istiqamətinin əksinə tutan qadın, qanrılıb geriyə baxdı. Gələn Kərəm idi.
Kişini görən kimi Nəzirə yenidən təşvişə düşdü. Ancaq bayaqkından fərqli olaraq həyəcanını boğmağa çalışdı. Heç bu barədə Rafiqlə danışmaq fikrinə də düşmədi. Birdən-birə geriyə, qaldığı kayuta qayıtmaq da istəmədi. Qadın bu hərəkətləri ilə ona tərəf gələn adamda şübhə oyatmamağa çalışırdı. Bununla belə Kərəm kişi Nəzirənin həyəcanlı olduğunu, daha doğrusu, qorxduğunu hiss elədi. Ona elə gəldi ki, bu, qadının onunla yaxınlıq etmək istəməməsiylə bağlıdır. Geriyə qayıtmaq istəsə də, fikrindən döndü. Yaxınlaşıb həyəcanlı olduğunun səbəblərini aydınlaşdırmaq istədi. İlkin məqsədi qadının qəlbindəki həyəcanı, qorxunu qovmaq idi. Asta-asta irəliyə yeriyib salam verdi. Dedi:
- Salam, xanım, deyəsən bir az həyəcanlı kimisiz.
Nəzirə özünü ələ alıb amiranə səslə cavab verdi:
- Niyə ki, yəqin sizə elə gəlir.
Qadın bunu deyib, çöhrəsinə şən ifadə verməyə çalışdı. Amma təcili getməsinin səbəbləri barədə Rafiqə dedikləri yadına düşəndə, ovqatına bir az məyusluq da qatdı. Onun bu hərəkətləri Kərəmin diqqətindən yayınmadı. ehtiyatla soruşdu:
- Deyəsən, məyus kimisiz, nəsə baş verib?
Nəzirəyə elə gəldi ki, müxtəlif bəhanələr gətirməklə yalanının üstünü aça bilər. Ona görə də qarşısındakı adamın inadkarlığını görüb, Rafiqlə söhbətində özündən uydurduğu “həqiqəti” deməyə üstünlük verdi.
Qadının dedikləri Kərəm kişini də məyus elədi. Amma onun bu vəziyyətə düşməsinin səbəbi heç də Nəzirənin “qardaşının” səhhəti ilə bağlı deyildi. Başqa sözlə, qadının halına acımırdı. İlk baxışdan hələ tanımadığı Nəzirəyə vurulan Kərəm, qadının kədərli halında ona yaxınlıq etməyəcəyindən ehtiyatlanırdı. Ancaq ani sükutdan sonra yaranmış vəziyyətin əslində onun xeyrinə olduğunu da anladı. O, qadına təsəlli verməklə söhbətə və nəticədə tanışlığa körpü salmağı fikirləşmişdi. Fürsəti əldən qaçırmayıb dedi:
- Qəm yemə, xanım, Allah şəfa verər, inşallah. Düzünü desəm, elə mən də iki aya yaxındır ki, hüznlüyəm...
Nəzirə onun sözünü kəsdi:
- Bağışla, deyəsən, dərdini təzələdim, bədbəxt hadisə baş verib?
- Hə, təəssüf ki, belədir, uşaqların anası rəhmətə gedib, - deyə kişi cavab verdi.
Bu sözlərdən sonra sifətinə süni kədər çökdürən Kərəm yalan danışırdı. Deyəsən, bununla doğrudan da qadının diqqətini özünə cəlb edə bilmişdi. Özü də hiss etmədən Nəzirə onun lap çənəsinin altına yerimişdi. Qadın öz “dərdini” unudub Kərəmə təsəlli verməyə çalışdı:
- Adınızı da bilmirəm, Allah səbir versin, onsuz da gec-tez hamımızı qara torpaq udacaq. Amma ömrün bu çağında öz həyat yoldaşını itirmək, istər qadın, istərsə də kişi üçün çox ağırdır...
Nəzirə bu sözləri deyib, gözlərini məchul bir nöqtəyə zillədi. Özünü dərdli kimi göstərməyə çalışdı, hətta gözlərindən yaş da gəldi. Bu hal aylı gecədə Kərəmin nəzərindən qaçmadı. Qadının son kəlmələrindən belə nəticəyə gəldi ki, onun kədərli görünməsi təkcə qardaşı ilə bağlı deyil. O, Nəzirənin hisslərini təxmini də olsa başa düşmüşdü. Amma bunu dəqiqləşdirmək lazım gəlirdi. Kərəm fani dünyaya lənət oxuyub, mətləbə keçmək istədi. İlk növbədə öz adından başladı. Dedi:
- Adım Kərəmdir, xanım, deyəsən, xəyal sizi çox uzaqlara apardı, nəsə baş verib? Olmaya siz də...
Kərəm sözünün ardını gətirmədi. Onsuz da buna ehtiyac yox idi. Nəzirə onun nə demək istədiyini anlamışdı. O, kişini çox gözlətmədi. Ani sükutdan sonra utanırmış kimi başını aşağı salıb yenə də uydurma cavablar verdi:
- ...Doğrusunu deyim ki, mənim də həyat yoldaşım rəhmətə gedib.
Nəzirədən eşitdiyi cavab, onun da özü kimi yalan danışa biləcəyinin fərqinə varmayan Kərəm kişidən ötrü göydəndüşmə oldu. Amma özünü o yerə qoymadı. Yenə də yalandan köks ötürüb susdu. Araya çökən bir-iki dəqiqəlik sükutu da elə onun özü pozaraq soruşdu:
- Ay xanım, kədərlənmə, bu dünyada hər şey baş verir. Amma həyat davam edir. Biz bu həyatı davam etdirməliyik.
Kərəm sözlərinə fasilə verib, qadınla bir qədər də doğmalaşmaq üçün nəsə fikirləşdi. Və nəhayət davam etdi:
- Bağışlayın, adınızı bilmək olarmı?
Nəzirə bu sualın cavabına özünü çoxdan hazırlamışdı. Həmişə olduğu kimi, yenə də özündən başqa bir ad uydurub dedi:
- Mənim adım Xatirədir.
- Siz Aktau şəhərini yaxşı tanıyırsız? - deyə Kərəm soruşdu.
- Necə məgər? - Nəzirə cavab erdi. Və sonra da əlavə etdi: - Yox, o qədər də tanışlığım yoxdur.
Qadın bu dəfə də yalan danışırdı. O, Aktaunu çox yaxşı tanıyırdı. Hətta əvvəllər bu şəhərdə bir neçə il yaşamışdı da. Gəmidə işləyənlərin yüksək əmək haqqı aldıqlarını eşidən Nəzirənin məqsədi kişi ilə tanış olmaq, onun var- yoxuna sahib çıxmaq idi.
Kərəm kişi də qadından elə bu cavabı eşitmək istəyirdi. Yaxından tanışlıq üçün yaranmış fürsəti əldən verməyib cəld dilləndi:
- Mən sizə necə lazımdırsa kömək edə bilərəm, şəhərdə evim də var.
Rafiqin onu axtara biləcəyindən ehtiyatlanan Nəzirə, söhbətin elə burdaca tamamlanmasını istədi. Bir tərəfdən də Xəzərin sərin mehi artıq onları üşütməyə başlamışdı. Onlar şəhərdə nə vaxt və hansı ünvanda görüşəcəkləri barədə vədələşib yavaş-yavaş öz kayutlarına çəkildilər.

***

Nəzirənin Mirzə kişiyə verdiyi telefon nömrəsini ələ keçirməsi, Muxtarovun ümidlərini artırmışdı. Rəis saxlanılan şəxslərin dindirilməsindən sonra təcili tədbirlər görmək istəyirdi. Elə həmin gün əməliyyat qrupu yaradaraq onları Bakıya göndərmək, şəhərin bütün giriş və çıxışlarını nəzarətə götürmək barədə fikirləşirdi. Amma onun paytaxt polislərinin köməyinə ehtiyacı vardı. Muxtarovun yeganə problemi bundan ibarət idi. O, nazirliklə əlaqə yaradıb həmin problemi də aradan qaldırandan sonra kifayət qədər hazırlıqlı operativ dəstəni gecə ikən şəhərə göndərməyi qərara aldı. Mirzədən aldığı telefon nömrələrinin bir surətini isə əməliyyat qrupunun rəhbəri baş leytenant Qəribova verdi.
Muxtarova elə gəlirdi ki, artıq bu dəfə kələfin ucunu dəqiq ələ keçirib. Üstəlik, əməliyyatın Qəribova tapşırılması da ümidverici idi. Çünki indiyə qədər baş leytenantın rəhbərliyi altında keçirilən əməliyyatların hamısı uğurla başa çatmışdı. Amma uzun müddət polis orqanlarında çalışan Muxtarov, çoxillik təcrübəsində belə cinayətlərin üstünün açılmasının çətinliyini də başa düşmüşdü. İşin gedişindən, cinayətkarın hərəkətlərindən onun çox hiyləgər və həddən artıq ehtiyatlı olduğunu təxmin eləmişdi. Ona görə də nə qədər hazırlıqlı, təcrübəli və çevik olsa da, əməliyyat rəhbərinə, ən azı elə cinayətkarın özü kimi ehtiyatlı olmağı tapşırdı.
Rəis bilirdi ki, əsl adı, kimliyi hələ tam bəlli olmayan Nəzirə qısa müddətdə ələ keçirilməsə, onu təqib etmək nəticəsiz qalacaqdı. Çünki vaxt keçdikcə qadının respublikanı tərk etmək ehtimalı artırdı. Bunu nəzərə alan Muxtarov ləngimədən yaradılan dəstəyə, onun rəhbəri Qəribova lazım bildiyi bütün tapşırıqları verib şəhərə yola saldı. Əvvəlcədən qurulmuş plana görə dəstə Bakıya bir neçə, həm də xarici görünüşcə diqqəti cəlb etməyən köhnə minik maşınlarında girməli, şəhərin girişlərinin birində onları gözləyən başqa dəstə ilə qovuşmalıydı.
Gecə ikən rayon mərkəzindən yola düşən Qəribovun dəstəsi razılaşdırılan yerə çatanda artıq gecə saat 03:00 idi. Nazirliyin əməliyyatçılara kömək üçün ayırdığı dəstə də həmin yerə təxminən eyni vaxtda gəlmişdi. Hər iki əməliyyat qrupunun rəhbərləri bir qədər məsləhətləşib ayrı-ayrı istiqamətlərdən şəhərin mərkəzinə doğru üz tutdular. Yenidən bir yerə toplaşaraq əməliyyatın uğurla başa çatdırılması üçün yeni plan hazırlandı. Nəzirənin əxlaqsız, gəzəyən qadın olması barədə dəqiq bilgilər əldə edən Qəribov, hər iki dəstənin kiçik qruplara bölünməsini təklif elədi. O, gününü adətən kef məclislərində, şəhərin məşhur yerlərində, parklarda, kişi “ovunda” keçirən qadının “şikarı” olmaq, onu bu yolla ələ keçirmək istəyirdi.
Qəribovun təklifi müzakirəyə qoyularaq hər kəs tərəfindən bəyənildi. Bundan sonra əməliyyat qrupu kiçik dəstələrə bölünüb “Səməd Vurğun” bağına, Dəmiryol vağzalına, Milli Parka, Sahil parkına və şəhərin adətən əxlaqsız qadınların, damarlarında ehtiras dolaşan kişilərin cəm olduqları müxtəlif yerlərinə, bəzi restoran və kafelərə yollandılar. Əməliyyatla məşğul olan hər bir kəsə Nəzirə kimi tanınan qadının fotoşəkili paylanmışdı. Onlardan bəziləri yarımqaranlıq bağlarda hətta bir neçə qadını Nəzirəyə bənzədərək “tanış olmaq” təklifi vermiş, lakin gəzə-gəzə tamamilə işıqlı bir əraziyə gəlib çıxandan onra yanıldıqlarını başa düşüb, müxtəlif bəhanələrlə həmin qadınlardan ayrılmışdılar.
Əməliyyatçıların axtarışları səhərə qədər davam etsə də, yenə nəticə vermədi. Bu boyda şəhərdə sanki belə bir qadın yox idi. Qəribov dəstə üzvləri ilə əlaqə saxlayaraq onları yenidən bir yerə cəm elədi. İndiyə qədər aldığı tapşırıqları uğurla yerinə yetirən dəstə başçısı çox məyus olmuşdu. Amma Qəribov qadını ələ keçirəcəyinə hələ də ümidli idi. O, dəstəni yenə də kiçik qruplara bölüb şəhərin bütün giriş-çıxışlarına, hava limanına, dəniz və dəmiryol vağzalına göndərdi. Mülki geyimdə olan polis əməkdaşları həmin gün bu əraziləri səhərdən axşama, axşamdan səhərə qədər nəzarətdə saxladılar. Bilet satılan kassaların hamısı yoxlanıldı, lakin yenə də heç nə alınmadı. Heç bir istiqamətə, heç bir nəqliyyat vasitəsinə bilet alan sərnişinlərin siyahısında Nəzirənin adı yoxuydu.
Polis orqanlarında çalışdığı bu neçə illər ərzində ilk dəfədir ki, belə çətin vəziyyətə düşən Qəribovun qanı qaralmışdı. Əməliyyat qrupunun rəhbərini bir yandan da polis rəisi Muxtarovun telefon zəngləri təngə gətirmişdi. O, həmişə ümidlərini doğrultduğu rəisə indi nə deyəcəyini bilmirdi. Muxtarova nahaq yerə ümid vermək istəməsə də, hər dəfə əməliyyat tədbirlərinin davam etdiyini, yaxın zamanlarda qəti cavab verəcəyini deyirdi. Və təbii ki, Qəribovun bu cavabları təcrübəli polis işçisi kimi Muxtarovu qane etmirdi. Amma izinə düşdükləri qadının da həddən artıq təcrübəli və hiyləgər olduğunu nəzərə alır, bir yandan da əməliyyat qrupunun rəhbərini həvəsdən salmaq stəmir, axtarışları davam etdirməyi məsləhət görürdü.
Qəribov daha bir neçə gün də şəhərin park və restoranlarında, kafelərdə, Dəmiryol vağzalında gizli reydlər keçirəndən sonra rəislə əlaqə saxlamaq, axtarışların nəticə vermədiyini bildirərək geri qayıtmaq istədi. Qadının Mirzə ilə Sahibəyə kirayə verdiyi evinin nəzarətə götürülməsi də heç bir fayda vermirdi. Birdən əməliyyat rəhbərinin yadına Mirzənin Muxtarova verdiyi telefon nömrəsi düşdü. Son ümidini ona bağlayıb fikrindən daşındı. Telefonunu çıxarıb həmin nömrəni yığdı. Xəttin o başından vecsiz-vecsiz cavab verən bir qadının səsi gəldi:
- Alo, sizə kim lazımdı?
- Səmayə xanım, sizsiniz? - Qəribov nəzakətli, yumşaq səslə dilləndi.
Nömrə sahibəsi tanımadığı kişi səsini eşidib bir az da hirsləndi, eyni sualı ona verib kimliyini soruşdu. Nəzakət qaydalarına görə qadın hər halda ya “yox” cavabını verməli, ya da öz adını deməliydi. Amma onun suala elə sualla da cavab verməsi əməliyyat qrupunun rəhbərini şübhələndirdi. Bununla belə “ovunu” duyuq salmamaq üçün yenə də nəzakətli olmağı üstün tutdu. Onu ələ keçirməkdən ötrü Mirzənin adından istifadə etməyi qərara aldı
- Mənəm də, Səmayə xanım, deyəsən tanımadız, danışan Mirzədir, sizin kirayənişin. Yadınızdadırsa, pasportum sizdə qalmışdı, indi o mənə lazımdır.
Qadın təəccübləndi. Onun adı doğrudan da Səmayə idi. Amma nə qədər fikirləşdisə, Mirzə adlı kişini xatırlamadı. Heç bu adda kirayənişin də saxlamırdı. Maraq ona üstün gəldi. Özünü Mirzə kimi təqdim edən kişiyə cavab verərək, yarım saatdan sonra “Səməd Vurğun” bağında görüşməyi vəd eləyib dəstəyi asdı.
Qəribov əməliyyatının baş tutduğunu düşünərək xeyli sevindi. Özü ilə bir neçə nəfər də götürüb onlara heç nə demədən qadınla vədələşdiyi yerə yollandı. Qadını lap yaxından görmək istəyirdi. Ona elə gəlirdi ki, qadın onu tanımadığı üçün vədə yerində kənardan görüb duyuq düşər, səmtini dəyişib geri qayıda bilərdi. Ona görə bir qədər kənarda, görünməyən ərazidə dayanıb, görüş yerinə Səmayənin ondan tez gəlməsini gözlədi. Çox keçmədi ki, bir qadının iti addımlarla vəd olunan yerə tərəf gəldiyini gördü. Səmayə lap vaxtında gəlmişdi. O, ətrafa baxıb kimsənin ona yaxınlaşmadığını görüncə öz-özünə deyindi. Tanımadığı bir kişinin görüşünə gəldiyi üçün özünü məzəmmət elədi. Amma səbrini basıb bir qədər gözlədi. Qəflətən yanında bir kişinin peyda olduğunu gördü. Gələn Qəribov idi.
Əməliyyat qrupunun rəhbəri qadına yaxınlaşıb ədəb-ərkanla salam verdi. Səmayə üz-gözünü turşudub tanımadığı bu kişinin salamını ağızucu alaraq nifrət qarışıq təəccüblə soruşdu:
- Yarım saat bundan gvvəl mənimlə telefonda danışan siz idiniz?
- Bəli, xanım, mən idim, - Qəribov cavab verdi.
- Adınız Mirzədir? - Qadın dəqiqləşdirmək üçün yenidən sual verməli oldu.
Qəribov, adının guya Mirzə olduğunu təsdiqləyib baxışlarını diqqətlə onun sifətinə tuşladı. Qadının üzündə Nəzirəyə məxsus heç bir əlamət yoxuydu. O, rayon polis idarəsindən götürdüyü fotoşəkillə qarşısında dayanan bu qadının arasında hər hansı əlaqə, oxşarlıq görmürdü. Onlar həm yaş, həm də görünüşcə tamamilə fərqli adamlarıydı. Qrupun rəhbəri çıxılmaz vəziyyətdə qalmışdı. Qadına nə deyəcəyini bilmirdi. Bir-iki dəqiqə susandan sonra nəhayət dilləndi:
- Xanım, bilirsiz, məsələ bundadır ki, bir neçə ay bundan əvvəl Səmayə adlı bir qadın mənə öz evini kirayəyə verərək uzunmüddətli ezamiyyətə gedirdi. Həmin qadın pasportumu da özü ilə götürmüş, ezamiyyət müddətində yaşadığı ünvanın telefon nömrəsini də mənə vermişdi. Şərtimizə görə pasport mənə nə vaxt lazım olsa telefon vasitəsilə ona müraciət etməliydim. Amma indi mən sizi görüb təəccübləndim, qətiyyən ona oxşamırsız, zəhmət verdiyimə görə üzr istəyirəm, bağışlayın.
Qadın bu sözləri eşidib dodağının altında nəsə mızıldandı. “Mirzə”dən ayrılıb yaşına uyğun olmayan sürətli addımlarla vədə yerindən uzaqlaşdı. Qəribov qadından şübhələnməsə də hər ehtimala qarşı kənarda dayanan adamlarına işarə edib onun fotoşəklini çəkdirmişdi. Çünki Nəzirənin Mirzəyə verdiyi telefon nömrəsi də, onunla tanış olarkən söylədiyi ad da üst-üstə düşürdü. Sən demə, Nəzirə “ezamiyyətə” getməzdən xeyli əvvəl kirayəyə verdiyi evin telefon nömrəsindən imtina etmiş, ATS-də həmin nömrəni indi Qəribovla görüşə gələn Səmayənin adına keçirmişdilər. Həyatı boyu çox fırıldaqlardan çıxan Nəzirə isə onun kimə satıldığı ilə maraqlanmış, Mirzəylə tanış olarkən özünü Səmayə kimi təqdim etmişdi.

***

Bakıdan yola düşən yük gəmisi Aktau limanına axşam saat səkkizdə çatdı. Nəzirə ilə Kərəm artıq tanış olsalar da, yol getdikləri iki gündə imkan tapıb bir neçə dəfə görüşsələr də, gəmi Aktauda lövbər salanda bir-birilərinə yaxınlaşmağa cəsarət etmirdilər. Çünki gəminin kapitanı Rafiqlə Nəzirəni bir-birinə çox yaxın əlaqələr bağlayırdı. Qadının bu kişi ilə aralarında məhəbbət macəraları olmuşdu. Onların arasındakı yaxınlıqdan Kərəmin də xəbəri varıydı. Bunu ona Nəzirə demiş, ancaq həmin yaxınlığı qohumluq əlaqələri kimi təqdim etmişdi. Ona görə də indi Rafiqin gözlərinin qarşısında əvvəllər bir-birini tanımayan Kərəmlə Nəzirənin yaxınlıq etməsi “qohuma” qarşı saymazlıq sayılırdı.
Digər tərəfdən qadını Bakıda düşdüyü çıxılmaz vəziyyətdən gəmi kapitanı qurtarmışdı. Onsuz da yaxınlıq etmək üçün onların hər ikisinin kifayət qədər vaxtları varıydı. Kərəm bir müddət Aktauda qalacaq, Nəzirə isə “xəstə qardaşına” qulluq göstərəcəkdi. Onlar görüş üçün söz də vermişdilər. Ona görə də gəmidən düşən kimi bir-birinə yaxınlaşmağa ehtiyac qalmamışdı.
Kərəm iş yoldaşları ilə sağollaşıb şəhərə tərəf üz qoydu. Nəzirə isə Rafiqlə görüşmədən harasa çıxıb getmək istəmirdi. Nə vaxtsa Bakıya qayıdacağını bilirdi. Ancaq qadını narahat edən, onu Rafiqlə yaxınlaşmağa məcbur eləyən səbəb təkcə bu deyildi. Nəzirənin sənədləri qaydasında olmadığına görə gəmi kapitanının köməyindən istifadə etməyə çalışırdı. Rafiq də onu yaddan çıxarmamışdı. Nəzirədən xəbərsiz o da qadının problemlərini həll etmək istəyirdi. O, çoxdan bəri tanış olduğu, yaxşı münasibət qurduğu milliyyətcə qazax olan Keljebayev soyadlı məsul gömrükxana işçisini bir tərəfə çəkib xeyli söhbət edəndən sonra Nəzirəni çağırıb onunla tanış elədi. Şişman bədənli bu qazağın Nəzirənin ətli əndamına gözü düşmüşdü. Sanki müştəri gözü ilə baxırmış kimi qadına oğrun-oğrun xeyli nəzər salaraq yekə başını tərpədib razılıq işarəsi verdi. Bundan sonra Rafiq Nəzirə ilə axşama görüş təyin edib, öz işçiləri ilə birlikdə şəhərə yollandı.
Keljebayevin Nəzirədən xoşu gəlsə də, qadının bu qaraşın, şişman qazaxdan zəhləsi gedirdi. Bayaqdan gömrük işçisinin ehtiraslı baxışlarını sezən qadının başqa çarəsi yoxuydu. Məqsədinə çatmaq, gömrükxanadan keçərək şəhərə daxil olmaq üçün Keljebayev yaxşı vasitə idi. Nə vaxtsa ölkəyə qayıdanda da işi bu qazaxdan keçə bilərdi. Ona görə eybəcər bədənindən, insandan daha çox meymuna bənzəyən sifətindən xoşu gəlməsə də, təmənnalı xidmətinin əvəzi olaraq onun ehtiraslarını söndürməyə hazır idi.
Rafiqi yola salandan sonra Keljebayev Nəzirənin yanına qayıdıb, bir neçə saniyə onun gözlərinin içinə baxaraq gülümsədi. Artıq onun lap yaxından baxdığı qadını bir yandan da at kimi iri dişləri, yekə ağzı, iri dodaqları iyrəndirirdi. Amma hər şeydən keçmişdi. O, indi taleyinin əlində olduğu bu eybəcər gömrük işçisinin təklifi ilə birlikdə gömrük məntəqəsindən bayıra çıxdı. Söhbətləşə-söhbətləşə xeyli aralanandan sonra Keljebayev onunla tanış olmaq, bir yerdə gecələmək istədiyini bildirdi. Qadın razılıq verməyə məcbur olsa da bu istəyi gerçəkləşdirməyin yalnız birisi gün mümkün ola biləcəyini dedi. Bu cavab gömrük işçisini də qane edirdi. Çünki həmin gün növbədə olmayacaqdı. Onlar görüş yerini və vaxtını təyin edib ayrıldılar.
Nəzirə qazaxdan ayrılandan sonra neçə illər öncə tanış olduğu bir qadının evinə getdi. Milliyyətcə tatar olan bu qadın əvvəllər Bakıya ərə gəlmiş, xeyli orda yaşamış, sonra ərindən boşanaraq yenidən Aktauya qayıtmışdı. Nəzirəylə də elə Bakıda tanış olmuşdular. Qadın bir neçə dəfə Nəzirəni Aktauya dəvət eləmiş, onunla bir yerdə xoş günlər keçirmişdilər. İndi Nəzirə onun mənzilinin qapısını döyürdü. Qadın qapını açıb qarşısındakı adamı görən kimi onun üstünə atıldı, bərk-bərk qucaqlayıb öpdü. Sevincindən ağlayan tatar qadın bir neçə dəqiqə bu vəziyyətdə qalandan sonra Nəzirəni mənzilə dəvət elədi. Gəlişinin məqsədini öyrəndi. Rəfiqəsinin gəlişinin “xoşməramlı” olduğunu bilib sakitlik tapdı. Çox keçmədi ki, müxtəlif xörəklər, şirniyyatlar, içkilər stolun üstünə düzüldü. Sonra ev sahibəsi uzanıb yorğunluğunu çıxarmaq üçün otaqlardan birində Nəzirəyə yer ayırdı.
Qadın gəlişinin əsl səbəbini rəfiqəsindən gizlətmiş, guya iş yerindən ezamiyyətə göndərildiyini demişdi. Nəzirə arada fürsət tapıb tatar qadınından onun üçün ucuzvari kirayə mənzil tapmasını da xahiş eləmişdi. Rəfiqəsi ezamiyyət müddətində onun evində qalmasını təkid etsə də, Nəzirə buna razı olmayıb, müxtəlif bəhanələrlə boyun qaçırmışdı. İndi o uzanıb yuxuya gedəndən sonra tatar qadını telefon vasitəsilə tanışlarla əlaqə saxlayıb kirayə mənzil tapdı. Rəfiqəsinin yuxudan oyanmasını gözlədi. Amma Nəzirə onun gözlədiyi kimi çox yatmadı. Əslində qadın yatmamışdı. Gözlərini yumub gələcək planları barədə düşünürdü. Təxminən qırx-qırx beş dəqiqə bu vəziyyətdə uzanandan sonra ayağa qalxıb mətbəxə - rəfiqəsinin yanına keçdi. Hərəyə bir stəkan çay içib mənzildən çıxdılar.
Tatar qadını Nəzirəni şəhərin mərkəzindən o qədər də uzaq olmayan ərazidəki köhnə binalardan birinə gətirdi. Rəfiqəsi həmin evin birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yaşayacaqdı. Tatar qadın içəriyə girib ev sahibəsi ilə Nəzirəni tanış elədi. Milliyyətcə qazax olan ev sahibəsi yaşlı qadınıydı. Şəhərin başqa yerində oğlu ilə birlikdə yaşayırdı. Buradakı mənzilinə isə vaxtilə bir yerdə işlədiyi tatar qadının xahişi ilə gəlmişdi. Xeyli söhbətdən sonra Nəzirə onunla münasib qiymətə razılaşaraq bir aylıq kirayə hıqqını bəri başdan ödədi. Və rəfiqəsinin təkidinə baxmayaraq elə həmin axşamdan bu mənzildə gecələdi...
Tatar qadın öz mənzilinə yollanandan sonra Nəzirə tək-tənha oturub Rafiqin zəngini gözləyirdi. Axşamdan xeyli keçsə də gəmi kapitanından xəbər çıxmamışdı. Buna görə Nəzirə gah onu söyür, gah da Kərəmlə görüşünü sonraya saxladığına görə özünü danlayırdı. Amma çox keçmədi ki, qəflətən gələn telefon zəngi onu fikirlərindən ayırdı. Telefonu götürüb “hə” düyməsini basdı. Danışan Rafiq idi. Onu şəhərin mərkəzindəki məşhur otelə dəvət edirdi. Qadın isə axşamın qaranlığını bəhanə gətirib mənzildən bayıra çıxmaqdan imtina elədi. Əvəzində Rafiqin onun yaşadığı mənzilə gəlməsini istədi. Nəzirə yenicə kirayələdiyi evin havasına öyrəşmək, çoxdandır ki, kimsənin yaşamadığı mənzildə səliqə-sahman yaratmaq fikrindəydi.
Bir tərəfdən də qadının, gecə vaxtlarında sərxoş halda küçələrdə gəzib zənənlərə kobudcasına söz atan, ona-buna sataşan qazax kişilərindən xoşu gəlmirdi deyə, qaranlıqda bayıra çıxmaq istəmirdi. Rafiq də onun oteldə görüşdən imtina etməsinin səbəblərini öyrənməyə cəhd göstərmədən, Nəzirə ilə razılaşıb qadının qaldığı ünvana getməli oldu. Onunla birlikdə unudulmaz gecə keçirdilər. Səhər tezdən Rafiq şəhərə çıxaraq bütün işlərini görüb limana yollandı. Yük gəmisinə Qazaxıstan taxılı yüklənirdi. Rafiq bir neçə saatdan sonra Xəzərin o tayına yollanacaqdı...

***

Kərəm gəmini tərk edəndən sonra bir neçə il bundan əvvəl Aktauda aldığı mənzilinə gəlmişdi. Çoxdandır ki, sahibsiz qoyub getdiyi mənzildə təmizlik işləri aparır, otağın havasını dəyişir, artıq ömrünü başa vurmuş lazımsız əşyaları daşıyıb zibilliyə atırdı. Kərəm kişinin xəyallarını ən çox məşğul edən isə Aktauda qaldığı müddətdə “Xatirə” ilə birlikdə keçirəcəyi gecələr idi. Doğrusu, mənzili bu qədər canıdildən sahmana salmaq da kişiyə elə bundan ötrü lazımıydı. O, səbirsizliklə hər an özünü ona Xatirə kimi təqdim edən Nəzirənin zəngini gözləyirdi. Şərtə görə ilk zəngi qadın etməliydi. Lakin Aktauya gəldiklərinin artıq ikinci günü keçsə də ondan səs-soraq yoxuydu.
Kərəm yavaş-yavaş axşamın düşdüyünü görüb hər şeydən əlini üzmüşdü. Şərti pozaraq Nəzirəyə özü zəng vurmaq istəməsə də, dözməyib cığallıq etmək fikrinə düşdü. Telefonu əlinə götürmüşdü ki, mesaj gəldi. Açıb oxudu. Nəzirə onu yaşadığı ünvana dəvət edirdi. Kərəm daha dayanmayıb bayıra çıxdı. Taksi saxlatdırıb düz qadının qaldığı evin qarşısına sürdürdü. Mənzilə daxil olub qadınla görüşdü. Təxminən yarım saatlıq görüşdən sonra onunla birlikdə əvvəlcə supermarketə, oradan isə, xeyli ərzaq alandan sonra Kərəmin qaldığı ünvana yollandılar. Nəzirənin Aktauya gəlişinin ikinci gecəsi də özündən əvvəlki gecə kimi yaddaqalan oldu...
Nəzirə ilə görüş növbəsi gömrükxana işçisinə gəlib çatmışdı. Keljebayev bir azdan onu arayıb axtaracaqdı. Nəzirə onun at dişlərini, şimpanzeyə bənzəyən sifətini gözlərinin qarşısına gətirdikcə görüşdən imtina etmək, onunla əlaqələri birdəfəlik kəsmək istədi. Amma sonradan ağlına gələn fikir onu istəyinin əleyhinə getməyə məcbur elədi. Qadın bu ehtiraslı kişinin vasitəsilə özünə yeni, həm də saxta pasport düzəltmək fikrinə düşmüşdü. Bunun üçün onun eybəcər ağuşuna atılmağa dəyərdi. Bu fikirlər içərisində Nəzirəyə daha bir zəng gəldi. Onu rahatsız edən bu dəfə gömrükxana işçisi idi. O, qadına göstərdiyi xidmətinin əvəzini istəyirdi. Ünvanı öyrənən Keljebayev, on beş dəqiqə keçmədi ki, hazır vəziyyətdə Nəzirənin hüzurunda dayandı.
Gömrük xidmətçisi iki ay bundan əvvəl aldığı”Mercedes” markalı şəxsi avtomobilində gəlmişdi. Nəzirənin kirayələdiyi evdə kef məclisi düzəltmək üçün yaxşı şərait yoxuydu. Aktau şəhərinə Qazaxıstanın hansısa aulundan işləməyə gələn Keljebayev, özünün kirayələdiyi hər cür şəraiti olan mənzildə gecələməyi Nəzirəyə təklif elədi. Qadın əvvəlcə etiraz eləsə də, gömrükxana işçisinin təkidindən sonra razılaşdı. Maşına əyləşib Keljebayevin yaşadığı ünvana getdilər. Mənzil doğrudan da göz oxşayırdı. Gömrükxana işçisinin dediyinə görə bir neçə aydan sonra sahibi mənzili ona satacaqdı. Ona görə də mənzil üçün pul xərcləməyi israfçılıq hesab eləmirdi.
Otaqların yaraşığı, daxili görünüşü Nəzirənin də diqqətini cəlb etmişdi. O, ilk tanışlıqda Keljebayevin sifətdən eybəcər, ağıldan kəm olduğunu hiss eləsə də, otaqlarla tanışlıqdan sonra onun var-dövlət sarıdan zənginliyinə şübhəsi qalmamışdı. Nəzirə artıq təkcə saxta sənəd deyil, həm də gömrük işçisinin var-dövlətini ələ keçirmək haqda fikirləşirdi. Qadın onunla ilk görüşdə planlarını həyata keçirməyin təməlini qoymuş, bir gecəlik xidmətinin əvəzi olaraq iki yüz dollar pul da qazanmışdı.
Vaxtaşırı Kərəmlə də görüşən Nəzirənin gözündə qazağın eybəcər siması artıq yavaş-yavaş gözəlləşməyə başlayırdı. Amma Keljebayevdən fərqli olaraq, qeyri-rəsmi olsa da azərbaycanlı kişi ilə əsl ər-arvad münasibətləri qurmuşdular. Buna baxmayaraq günlərin birində qadının tamahı, Kərəmin isə ehtirasları ilə uzlaşmayan xəsisliyi Nəzirəni ondan tamamilə soyutdu. Ancaq Kərəm bununla heç cür razılaşmaq bilmir, qadından əl çəkmir, onu gecə-gündüz izləyirdi.
Kərəm bir axşam Nəzirənin yaşadığı mənzilə gələndə gözləmədiyi hadisə ilə qarşılaşdı. Bloka girmək istəyəndə bir kişinin onun yanından ötərək Nəzirənin mənzilinin qapısına tərəf sürətlə irəlilədiyini görüb dayandı. Kişi qapını döyüb içəri keçdi. Səbri çatmayan Kərəm də hərəkətə gəlib onun ardınca mənzilə daxil oldu. Nəzirə elə dəhlizdəcə qara, eybəcər kişinin boynuna sarılmışdı. Həmin kişi Keljebayev idi. Kərəm dözməyib onun düz başının ortasından bir yumruq ilişdirdi. Amma gömrükxana işçisinin yekə başı onun yumruğuna tab gətirməyəcək qədər zəif deyildi. Qazax, bədəninə yaraşmayan cəldliklə arxaya çevrilib Kərəmin nisbətən balaca başına kəllə atdı. Kərəm yerə yıxılıb huşdan getdi. Bir azdan özünə gəlsə də ikinci zərbədən sonra yenidən bayıldı. Ancaq hələ ölməmişdi. Onda həyat əlamətləri hiss olunur, yavaş-yavaş özünə gəlməyə başlayırdı. Bu dəfə Nəzirə fürsəti qaçırmayıb müqavimətsiz Kərəmi kəndirlə boğmağa başladı. Bir neçə dəqiqədən sonra kişi artıq keçinmişdi. Keljebayevlə Nəzirə köməkləşib onun meyitini gecə saat dördün yarısında evdən çıxararaq maşına qoyub şəhərdən çox-çox uzaqlarda Xəzər dənizinə atdılar...
Kərəmin ölümündən sonra Keljebayevlə Nəzirə arasındakı münasibətlərdə yeni mərhələ başlamışdı. Qadın bu axmaq qazağın zəif damarını ələ keçirmiş, onun var-yoxunu talamağa girişmişdi. Kərəmin üstündə gəzdirdiyi bütün pulları götürən qadın, gömrükxana işçisinin sərvətini də tamamilə əlinə keçirəndən sonra Bakıya qayıtmağı planlaşdırırdı. Amma bunun üçün sənədləri qaydaya salmaq, saxta pasport düzəltmək lazım gəlirdi. Çox keçmədi ki, Keljebayev bunun da öhdəsindən gələ bildi. O, artıq ürəkdən bağlandığı, özünü ona Naibə kimi təqdim edən Nəzirəyə saxta pasport düzəldərək, onun arzusuyla adını Anna qoymuşdu.
Sənəddən qadının da xoşu gəlirdi. Zahiri görkəminə görə Nəzirədən çox, “Səmayəyə” bənzəyirdi. Hətta nə vaxtsa ələ keçsə belə Zəminənin və qonşu arvadın onu tanıması böyük məharət tələb edəcəkdi. Qadın təkcə pasportunu “girov” götürdüyü Mirzədən ehtiyatlanırdı. Çünki təxminən bu görkəmdə onu yalnız Mirzə görmüşdü. Amma bu da onun üçün o qədər qorxulu deyildi. O, bir neçə ay da Aktauda qalıb Keljebayevin varidatını tamamilə ələ keçirəndən sonra onu qətlə yetirmək qərarına gəlmişdi. Onu da Nəbi kimi süfrə arxasında zəhərləmək stəyirdi. Qadın günlərin birində eyni ssenari ilə qazağı da öldürdü. Mənzilin qapısını bağlayıb birbaşa hava limanına gəldi. Təyyarəyə bilet alıb Bakıya qayıtdı...

***

Qəribovun rayona əliboş qayıtması, əməliyyatın uğursuzluqla başa çatması Muxtarovun ovqatını korlamışdı. Amma daha çox narahat olan elə Qəribovun özü idi. O, uğursuzluqla barışa bilmirdi. Bir neçə dəfə kiçik dəstə ilə Bakıya gələrək gah Nəzirənin yaşadığı evin həndəvərində gəzib-dolaşır, ərazini nəzarət altında saxlayır, gah da dəniz limanını, dəmiryol vağzalını, hava limanını nəzarətə götürürdü. Amma bu da heç bir nəticə vermirdi. Buna baxmayaraq Qəribov ruhdan düşmür, inadından dönmür, sanki hansısa bir qüvvə Nəzirənin tezliklə ələ keçəcəyinə onda inam yaradırdı.
Qəribov geriyə - rayona qayıdaraq bir neçə ay fasilə verəndən sonra yenidən on nəfərlik dəstə ilə şəhərə dönüb əməliyyat keçirmək qərarına gəlmişdi. Bu məqsədlə günlərin birində dənizkənarı parkda mülki geyimdə gəzərkən diqqətini bir qadın cəlb etdi. Hiss etdirmədən ona yaxınlaşıb oğrun-oğrun baxdı. Onun Nəzirə olmasına şübhə ilə yanaşsa da, sifətində həmin qadını xatırladan cizgilər tapmağa çalışdı. Buna tam əmin olmaq üçün qadınla yaxınlıq etmək, onunla tanış olmaq, eşq elan eləmək, bir neçə gün bir yerdə yaşamaq qərarına gəldi. Yaxınlaşıb nəzakətlə soruşdu:
- Gözəl xanım, sizinlə tanış olmaq olarmı?
Qadın gülümsündü, amma heç nə demədi. Qəribovun ikinci cəhdindən sonra gözlərini süzdürüb başı ilə “hə” cavabını verdi. Deyəsən Qəribovdan xoşu gəlmiş, onu gözü tutmuşdu. Əməliyyat rəhbəri üçüncü cəhddə onun adını da soruşdu. Qadın rus ləhcəsi ilə cavab verdi:
- Adım Annadır, bəs sizin adınızı bilmək olar?
- Şakirdir, - Qəribov özündən tamam başqa ad uydurdu.
Onlar tanış olandan təxminən bir saat sonra qadın gecələmək üçün münasib yerin olub-olmadığını soruşdu. Qəribov üçün qadının kimliyi hələ də şübhəli idi. Bunu dəqiqləşdirməkdən ötrü nə fikirləşdisə “yox” cavabını verdi. Ona elə gəldi ki, əgər qarşısındakı qadın Nəzirə olarsa, bu cavabdan sonra onu öz mənzilinə aparmaq məcburiyyətində qalacaqdı. Ancaq əməliyyat rəhbəri yanılmışdı. Qadın Qəribovun ona verdiyi eyni suala cavab olaraq - “mən rayonda qalıram, bura bir neçə günlüyə gəlmişəm” dedi.
Guya çarəsiz qalan Qəribov onu otelə aparmağa məcbur oldu. O qədər də yaraşıqlı olmayan otaqlardan birini kirayələyib qadınla birlikdə yenidən şəhərə çıxdı. Mağazaya baş çəkib lazım olan ərzaqları alandan sonra yaxınlıqdakı bazara yollandılar. Toyuq əti, meyvə-tərəvəz alıb otelə qayıtdılar. Təxminən on dəqiqədən sonra Qəribov meyvə şirəsi almaq bəhanəsi ilə oteldən çıxdı. Qapını bağlayıb açarı da özü ilə götürdü. Rayondan özü ilə gətirdiyi mülki geyimli polislərdən birini təcili olaraq otelin qarşısına çağırdı. İki dəqiqə keçmədi ki, Zamanov soyadlı serjant, əlində də iki qutu meyvə şirəsi gəlib çıxdı. Onlardan birinin içərisinə yuxu gətirən xüsusi maddə qatılmışdı. Qəribov meyvə şirələrini alaraq ona bəzi tapşırıqlar verib yola saldı.
Zamanov da rayondan gələn digər polis əməkdaşları ilə birlikdə həmin oteldə qalırdı. Qəribov ondan aldığı meyvə şirələrini götürüb vaxt ötsün deyə, arxayın-arxayın qadının yanına qayıtdı. Yuxugətirici maddə qatılmış meyvə şirəsi “isti” olduğu üçün onu soyuducuya, digərini isə stolun üstünə qoydu. Əməliyyat rəhbəri gələnə qədər qadın toyuq ətini qızardılmaq üçün doğramış, meyvə-tərəvəzi yuyub hazır qoymuşdu. Otuz-qırx dəqiqədən sonra artıq hər şey öz qaydasında idi. Onlar hazırladıqları dadlı yeməklərdən yeyib dənizkənarı parka istirahətə yollandılar.
Qəribov qadının qoluna girib onunla birlikdə əvvəlcədən müəyyənləşdirdiyi oturacaqda əyləşdi. Əməliyyat rəhbərindən tapşırıq alan Zamanov da onların əyləşdiyi oturacaqdan bir qədər kənarda dayanmışdı. O, Qəribovun qurduğu plan əsasında fotoqraf roluna girmişdi. Xeyli söhbətdən sonra əməliyyat rəhbəri qadına otelə qayıtmağı, amma bundan əvvəl yadigar üçün şəkil çəkdirməyi təklif elədi. Təklif qadının da ürəyindən oldu. Təkcə fotoqraf tapmaq məsələsi qalırdı. Qəribov ayağa qalxıb ətrafa baxdı, guya beş-altı metr kənarda, əlində fotoaparat, sol tərəfdə var-gəl edib “müştəri” axtaran Zamanovu görmürmüş kimi sağa doğru irəlilədi. Elə bu zaman qadın onu səslədi:
- Şakir, hara gedirsən, fotoqraf burdadır ki?
Qəribov qanrılıb geriyə baxdı. Planının baş tutduğunu görüb bığaltı gülümsündü. Zamanovu çağırıb onların şəklini çəkməyi xahiş elədi. Artıq iki dəqiqədən sonra hər şey hazır idi. “Fotoqraf” şəkilin yalnız sabah hazır olacağını deyib haqqını bəri başdan istədi. Qəribov onun pulunu ödəyib qəbz alandan sonra qadınla birlikdə otelə qayıtdı. Yorğunluqlarını azacıq alıb axşama yemək hazırladılar. Yenidən kef məclisi başladı. Əməliyyat rəhbəri soyuducudakı meyvə şirəsini süzüb qadının qabağına qoydu. Özü isə qadına hiss etdirmədən bayaqdan qalan şirədən içəcəkdi. Onun planı baş tutmuşdu. On dəqiqədən sonra qadının yuxusu gəlməyə başladı. Bir qədər də keçmişdi ki, o, tamamilə, həm də dərin yuxuya getdi.
Əməliyyat rəhbəri vaxt itirmədən qadının soyunub şkafa asdığı paltarlarını axtarmağa başladı, amma lazım olan heç nə tapmadı. Gözü divanın üstündəki əl çantasına sataşdı. Açıb baxdı, içərisində qadının Nəzirə olduğunu təsdiqləyən çox mühüm sənəd tapdı. Bu, onun Mirzədən guya girov kimi götürdüyü pasport idi. Əslində qadın həmin pasportu, Keljebayevi zəhərləyib öldürəndən sonra onun evinə atmalıydı. Amma tələsdiyindən yadından çıxarıb özü ilə Bakıya qaytarmışdı. Artıq Zamanovun çəkdiyi fotoşəkil də hazır idi. Qəribov “fotoqrafı” və artıq neçə gündür ki, Bakıda axtarış aparan digər polis əməkdaşlarını bir yerə cəmləyib, qadının yuxudan oyanmasını gözlədi. Əməliyyat rəhbəri ona sürpriz hazırlamışdı...

***

Nəbinin qətlində ittiham olunan qadının həbs edilməsi xəbəri kəndə yayılanda Zəminə atasının il mərasimini verirdi. Rayon polis idarəsinin rəisi bəzi məsələlərin aydınlaşması üçün Zəminənin və qonşu arvadın ifadəsinə ehtiyac olduğunu bildirərək, idarənin əməkdaşlarından birini elə həmin gün kəndə göndərmək istəsə də, mərasimin keçirilməsindən xəbər tutub ezamiyyəti sabaha qədər təxirə saldı. Səhər tezdən kəndə gələn polis işçisi özü ilə birlikdə Nəbinin qızı və qonşusunu da idarəyə apardı. Zəminə istintaqa verdiyi ifadədə Nəzirənin atası ilə evləndiyi gündən bəri həmişə onu incitdiyini, olmazın əzablar verdiyini, hətta son vaxtlar atasının yanındaca ögey anası tərəfindən təhqirlərə məruz qaldığını bir daha xatırlatdı. Bunu qonşu arvad da təsdiq elədi. O, Nəzirənin Nəbini ölümlə hədələdiyi barədə öz qulaqları ilə eşitdiklərini də istintaqın nəzərinə yenidən çatdırdı.
İstintaqın obyektiv aparılması üçün belə ifadələr kifayət etmirdi. Amma əldə olunmuş və olunacaq dəlillərin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edəcəkdi. Nəzirənin Nəbini ölümlə hədələdiyi barədə qonşu arvadın verdiyi məlumatlar əməliyyat qrupunun masanın üstündən götürdüyü konyak şüşəsi və stəkanların ekspertizadan keçirilməsini zəruriləşdirirdi. Bu ona görə vacibiydi ki, cinayətdə təqsirli bilinən qadın istintaqa verdiyi ilkin ifadədə, ümumiyyətlə kəndi təxminən bir il iki ay əvvəl tərk etdiyini, Nəbinin onu evdən qovduğunu demişdi. Onun ifadəsindən belə məlum olurdu ki, təxminən bir il bundan əvvəl Nəbinin evində təşkil olunan kef məclisində iştirak etməyib. Amma qadın bilmirdi ki, Zəminə ilə qonşu arvadın ifadəsindən sonra konyak şüşəsi, eləcə də stəkanlar ekspertizadan keçirilmiş və belə nəticəyə gəlinmişdi ki, həmin qablarda əl izləri yalnız iki nəfərə - Nəbiyə və ona məxsusdur.
Nəzirə Bakıda həbs olunan gün daş atıb başını tuturdu ki, ümumiyyətlə nə polislərin dediyi kəndi, nə də Nəbi adlı bir adamı tanımır və elə bir adamla ailə də qurmayıb. Qadın bu sözləri deyərkən pasportunun kənddə qalması haqda hələ də dəqiq məlumata malik deyildi. İlk dəfə Qazaxıstana yola düşdüyü ərəfələrdə bu barədə fikirləşməsi isə onun yalnız ehtimalları idi. Təkcə bu fakt olmasaydı Nəbiylə rəsmi nikaha girməyən qadını qətldə təqsirləndirmək xeyli çətinlik törədər, bəlkə də mümkün olmazdı. Qadın Nəbiylə bir yerdə yaşadığını da məhz əməliyyat qrupu onun pasportunu özünə göstərəndən sonra etiraf etmişdi. Qətl məsələsini isə hələ də boynuna almırdı. Yalnız əl izlərinin ekspertizası ilə tanış olduqdan sonra bir qədər fərqli ifadələr verməyə başlamışdı. Nəzirənin başqa çarəsi qalmamışdı.
Etdiyi cinayətlərin qadın tərəfindən tam etirafına nail olmaq üçün istintaq qrupu onu hadisə yerinə, Nəbinin evinə aparmağı qərara aldı. O, polislərin müşayiəti ilə kəndə axşama yaxın gəlsə də, hava hələ qaralmamışdı. Qadından evə daxil olub, elədiyi hərəkətləri təkrarlamağı tələb etsələr də, əvvəlcə bundan imtina elədi. Bunun məhkəmə zamanı ağırlaşdırıcı hal kimi nəzərə alınacağını ona xatırladanda isə Nəzirə otağa daxil olaraq hər şeyi olduğu kimi təkrar etməyə və danışmağa başladı.
Nəbinin qətliylə bağlı hər şey diqqətlə öyrənildikdən sonra Nəzirə geriyə - rayon polis idarəsinə qaytarıldı. Artıq bütün faktlar götürülərək sübut olunmuşdu. Lakin qadının şəklinin axtarışda olanların fotolövhəsində yerləşdirilməsi, onunla bağlı cinayətlərin hələ axıradək açılmamasını göstərirdi. İllər uzunu qapalı qalan cinayətin üstünün açılması rayon polis idarəsi və onun əməkdaşları üçün xüsusilə vacibiydi. Ona görə də polis rəisi şəxsən özü bu işlə məşğul olmağa başladı. O, Nəzirəni kənddən qayıtdığı günün səhərisi fotolövhənin qarşısına gətirərək şəklini özünə göstərdi:
- Bu şəkil sizə tanış gəlirmi?
Qadın öz şəklini görəndə yerindəcə donub qaldı. Bu, onun çoxdankı şəkliydi. Nə qədər fikirləşdisə, onun tanımadığı bir rayonun polislərinin əlinə necə keçməsini başa düşə bilmədi. Rəis isə hələ də cavab gözləyirdi. Qadın artıq onun səbrinin tükəndiyini hiss edib cavab əvəzinə başını buladı. Polis rəisi sualını yenə də təkrarladı:
- Diqqətlə fikir verin, xanım, bəlkə tanıya bildiniz.
Nəzirə şəkil sahibinin kim olduğunu guya xatırlamağa çalışırmış kimi bir qədər də fikirləşdikdən sonra öz-özünə pıçıldadı: “Səhv etmirəmsə mən bu şəkli yalnız Xasaya vermişdim”. Bu xatırlamadan sonra qadın artıq etdiyi cinayətlərin üstünün açılacağını başa düşürdü. Ancaq hər şeydən xəbərsiz qadın, Xasayın “ölümüylə” təsəlli tapırdı. Çünki onsuz heç nəyi sübut etmək mümkün olmayacaqdı. Digər tərəfdən fotoşəklin onun cavan vaxtlarına aid olması da Nəzirə üçün başqa bir təsəlliydi. Bunu nəzərə alan qadın nəhayət cavab verdi:
- Doğrusu, şəklin kimə məxsus olmasını xatırlaya bilmirəm.
Şəkil köhnə olsa da onu qadının indiki vəziyyətinə oxşatmaq çətin deyildi. Amma hər halda sübuta yetirilməliydi. Polislər bundan da çıxış yolu tapdılar. Mirzə ilə üzləşəndən sonra onun Nəzirə olması təsdiqləndi. Bu məsələdə onun Qəribovla çəkdirdiyi şəkil də köməyə gəldi. Annanın Səmayə, Səmayənin isə Nəzirə olduğu aşkara çıxdı. Bununla belə istintaqın davamı üçün təqsirləndirilən şəxs Bakıya göndərildi. Orda hər şey öz təsdiqini bir daha tapdı. Respublika Prokurorluğunda aparılan istintaq zamanı rayon polisləri ilə birlikdə Nəzirənin özünə də aydın oldu ki, təcridxanada zəhərlənən Xasay, əslində ölməyib sağ qalmışdır.
Bundan sonra istintaqın yeni mərhələsi başlandı. Xasayın Moskva həbsxanasından Azərbaycana köçürülməsi, onun Nəzirəylə üzləşməsi rus qadınının meyitinin də tapılmasıyla nəticələndi. Nəzirənin saxta pasportunun aşkarlanması isə Keljebayevin də onun tərəfindən qətlə yetirilməsini təsdiqləyirdi. Törətdiyi çoxsaylı cinayətlərə görə qadını qarşıda ən ağır cəza gözləyirdi.

18 dəfə oxundu

Axtarış