Qatil qürur
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 08:27:02


Sübh vaxtı Günəşin mavi səmadan süzülən ilıq şüalarının könül oxşayan sehri və bununla yanaşı dənizin xəfif mehlə gətirdiyi ətrindən gözəl nə ola bilərdi ki?
O isə bu gözəlliklər qarşısında yenə əsəbi idi. Aylardır davam edən bu halından qurtula bilmirdi. Evdə hamını acılamağa hazır idi. Evdəkilər də elə bil bunu başa düşmüşdülər. Onunla danışmağa cəsarət etmirdilər. Bircə anası onu rahat buraxmırdı. Çünki anasının xarakterində ən qabarıq xüsusiyyət səbrsizlik idi.
- Afaq, yenə hardasan, ay qız? Bu işlər niyə tökülüb qalıb? Nə işlə məşğulsan?
- İndi gəlirəm, ana, səbrli ol.
- Saatdan xəbərin var? Günorta olduye, gəl, kömək et. Heç olmasa, yeməyi hazırla.
- Gəlirəm.
Ah, Tanrım, mən nə hayda, anam nə hayda. Nə hala düşmüşəm. Dərdimi kimsəyə də söyləyə bilmirəm. Kədərini qəlbində saxlamağa məcbur olmaq, kimsəylə bölüşə bilməmək insana necə də acı verir. Halını soruşanlara isə "Bir az başım ağrıyır", "Nəsə kefim yoxdur" kimi yalanlar uydurmaq... Niyə axı acılarımı yaxınlarımla bölə bilmirəm? Bilirəm ki, anlamayacaqlar. O dəqiqə mühakimələr, günahlandırmalar başlayacaq. Ah, kaş Avropada doğulardım. Başıma gələnləri rahat-rahat anamla, atamla bölüşərdim, bəlkə onda bir az rahatlayardım.
Bunları düşünə-düşünə mətbəxə keçdi, həvəssiz də olsa, günorta üçün bir şeylər hazırlamağa başladı. Radio açıq idi. Nə əcəbsə o saatlarda (Adətən bu musiqini axşam saatlarında verirdilər.) kanal Claude Debussydən "Clair de Lune" əsərini səsləndirirdi. Musiqi tam yerinə düşmüşdü. Afaqı qısa müddət də olsa, başında davam edən çəkişmədən ayıracaqdı. Onu bu iztirablı günlərdə ağır düşüncələrdən qoparan tək şey klassik musiqi idi. Bir növ dərmanı idi. Musiqini dinləyərkən hətta ironiya ilə də gülümsədi: "Bir tərəfdə yemək hazırlamaq təlaşı, bir tərəfdə klassik musiqi, bir tərəfdə də Afaqın qırılmış qəlbindəki təlatümlər. Bu üçlükdən qəşəng fəlsəfə də qurmaq olar." - deyərək özünü məsxərəyə qoydu. "Yox, yox, mən heç fəlsəfə ilə yaşamağı da bacarmıram. Ən azından anamla atamın tutunduğu həyat fəlsəfəsini nümunə almıram özümə. Onlar hər ikisi bir balaca kədərlənən kimi özlərini verirlər bağa-bostana, kədərlərini ağaclarla, bitkilərlə, çiçəklərlə, təbiətlə yox etməyə çalışırlar. Mən aciz bunu da edə bilmirəm. Gözlərim bir nöqtəyə dikilib acı düşüncələrin içində heykəl kimi donub qalıram." Musiqi bitdikdən sonra radionu söndürdü. İşinə davam etdi. Beynindəki iztirablı düşüncələr yenə geri dönmüşdü.
Rüfəti heç cürə bağışlaya bilmirdi.

- Axı niyə belə etdin, Rüfət? Sən deyildinmi dəfələrlə mənim əvəzedilməz olduğumu deyən? Sən deyildinmi məndən başqa kimsəyə baxmayacağını, kimsəni sevə bilməyəcəyinə inandıran? Bəs o gün gördüyüm nə idi? Kamilla ilə olan o cür mehribanlıq, o cür rəftar yalnız sevgililər arasında ola bilərdi. Bəlkə də hisslərimdə yanıldığımı düşünə bilərdim, amma çox keçmədi ki, Kamilla baş verənləri özü təsdiqlədi. Niyəsə mən səni yox, məhz onu dinləmək istədim. Sənə qarşı güvənim bir anlıq sarsılmışdı. İzahatların mənə yalana bürünmüş kimi görünəcəkdi. Qəribə hiss dolmuşdu köksümə. Heç cürə sakitləşə bilmirdim. İndi ən çox əsəbiləşdiyim biri vardırsa, o da özüməm! Bu qədər də sadəlövhlük olar? Axı niyə mən heç nədən şübhələnmədən yaşamışam? Niyə axı sənə özümə inandığım qədər inanmışam?
Sənə elə acıqlıyam ki, nə vaxtsa bağışlayacağımı daha düşünmürəm. Bu qədər çox yalan danışan biri bağışlanmağa layiq deyil. Qoy, əzablarımı özüm çəkim, ancaq səninlə hər şey bitdi! Bundan sonra qəddar olacağam. Bundan belə heç kimin yalan dilinin aciz quzu kimi qurbanına çevrilməyəcəm. Bil ki, bu yalanına görə səndən hər gün Allaha şikayətlənirəm! Artıq bu şikayətlərdən özüm də bezmişəm, iyrənmişəm bütün bunlardan. Hələ Kamilla ilə özümü müqayisə etməyim nə qədər gülüncdür. Aramızda böyük fərqlər var, dünyagörüşümüz, xarakterlərimiz fərqlidir. Hələ də başa düşə bilmirəm ki, sən onu necə bəyənə bilərsən? Təkcə xarici görünüş hər şey demək deyil axı. Belə baxanda mənim özümün də xarici görünüşümdə problemim yoxdur. Burada nəsə başqa şey var. Ah, ah, yoruldum bunları düşünməkdən. Kimsə beynimdəki bu danışığı kəsə bilsəydi, ona ömrüm boyu minnətdar olardım. Artıq 6 ay keçdi. Bu qədər zamanda mən rahat ola bilmədim. İnsan özünə bu qədər əzab verərmi? Sadəcə bir qürur üzündən bu qədər əzab çəkməyə dəyərmi? Niyə gedib onların hər ikisini qarşıma qoyub danışmadım? Niyə əsəblərimi onlara tökmədim? Bəlkə də bu cür etsəydim, indi daha rahat olardım. Amma nə fərqi olacaqdı ki? Artıq olan olub. Mənim də nə qəribə xasiyyətim var. Sanki gedib Rüfətlə üz-üzə oturub danışsam, canım çıxacaq. Qürurlu qız çıxmışam, haradan gəlib, kimdən keçib bu mənə, bilmirəm. Kimə lazımdır axı bu qürurum? Bu dərəcədə də olmaz axı. Münasibətləri aydınlaşdırmaq deyilən bir şey var da. Üstəlik Rüfətin yüngül bir ürək xəstəliyi olduğunu da bilirəm. Mən isə qürurumun əsiri olmuşam, münasibətləri birdəfəlik kəsib atıram, vəssalam, geriyə dönüş də yoxdur. Bilirəm ki, bu ağılsızlıqdır, axmaqlıqdır, amma nə edim, özümlə bacarmıram. Rüfətin dəfələrlə olanlar barədə danışmaq istəməyinə məhəl qoymamışam, izah etmək çabasını rədd etmişəm. Məni bu qədər rədd etsəydilər, yəqin ki, indi kədərdən ölmüşdüm.
Yemək artıq hazır idi. Dadına baxdı, duz əlavə etməyi unutmuşdu. Onu da əlavə etdi. Digər ev işlərində olmasa da, Allahdan yenə yemək bişirmə işində usta idi. Böyüklərin “əlinin duzu” dedikləri nə idisə, bu, onda var idi. Bişirdiyi yemək süfrəyə gəldikdə anasının danlaqlarından bir müddət xilas olurdu, hətta mükafat olaraq təriflər də alırdı..
Afaq anasını çağırmaq istəyirdi ki, birdən qapının zəngi çaldı. Həvəssiz halda qapını açmağa getdi. Gələn Kamilla idi. Bir an heyrətlə geriyə çəkildi.
- Nə var? Nəyə gəlmisən?
- Afaq, bilirsən, danışmalıyıq.
- Artıq mənimlə nə danışacaqsan, çox maraqlıdır. Danışılası nə qalıb ki?
- Afaq, Rüfətin sənə izah edəcəyi məsələ bizim onunla səndən qabaq sevgili olmağımız haqda olacaqdı. Sən isə ona sona qədər qulaq asmadın. İmkan vermədin ki, sənə bir açıqlama etsin.
- Kamilla, guya indi daha gözəl xəbər gətirdin mənə? İndi bunların nə mənası var axı, anlamıram.
- Mənası çoxdur, Afaq. Ən azından elə bir məna var ki, ikimizin də bir vaxtlar sevdiyi insan dünyasını dəyişib. Rüfət artıq həyatda yoxdur.
- Nə? Necə yəni? Nə danışırsan? Bu ola bilməz. Aman Tanrım, Rüfət...
Afaq özündən getmişdi. Ayıldığında aylardır öz-özünə şikayətləndiyi adamın ölüm xəbərinin acısı köksünü dəlmişdi və bu ona ağırlıq edirdi. Sən demə Rüfətin ürək xəstəliyi heç də yüngül deyilmiş, əksinə son hadisələr onun xəstəliyini bir qədər də gücləndirmişdi. Afaq Rüfətin ölümü ilə sanki "insanlığını" xatırlamışdı. Öz dolub-daşan qürurundan Rüfətə qarşı göstərdiyi etinasızlığı və sevdiyi insanla artıq əbədi küsülü qalması elə onu da "öldürmüşdü". Afaq üçün bundan sonra tək bir şey qalırdı, insanca "yaşamaq"!

6 dəfə oxundu

Axtarış