Qayıdım...
Müəllif: Vahid Çəmənli


2018-11-25 09:54:05




Bakıdan tərpənim dan söküləndə,
Göydə ulduzları seçim, qayıdım.
Cəngidən diklənim üzü Şirvana,
Ağsu dolayını keçim, qayıdım.

Göyçayda nar dərim, çiçək qoxlayım,
Ağdaşda dostları bir – bir yoxlayım.
Kürün sahilində ayaq saxlayım,
Ayna sularına köçüm, qayıdım.

Yevlaxdan boylanım Murova sarı,
Süzüm zirvəsində bəmbəyaz qarı...
Bərdədə sinəmdən atım qubarı,
Laləni, nərgizi biçim, qayıdım.

Ağdamdı ruhumun qolu, qanadı,
Titrədir qəlbimi bal kimi adı...
Başqadı Kəhrizin suyunun dadı,
Doldurum bircə parç içim, qayıdım.

Şuşam, həsrətimi vuraydım başa,
Səni bürüyəydim zərə, qumaşa...
Qırxqız yaylağına edim tamaşa,
Xarı bülbül kimi açım, qayıdım...

Vahid, duman aldı Dəlidağımı,
Kəsdi umudumu, umacağımı...
Qaytarın o çılğın gənclik çağımı,
Günəş tək nurumu saçım, qayıdım.
24.11.2018


3 dəfə oxundu

Axtarış