QAYTARAM ŞUŞAMI, QAYTARAM GƏRƏK...
Müəllif: Cəlal Yaquboğlu


08.05.2020



QAYTARAM ŞUŞAMI, QAYTARAM GƏRƏK

Qələm dostum, doğma vətənimizin təəssübkeşi şairi Ramiz Qusarçaylının “Qaytarın Şuşamı, qaytarın mənə” şeirini oxuyarkən.

İllər uzaqlaşıb, zaman ötübdür,
O yollar,cığırlar çoxdan itibdir.
“Xarı bülbülümüz” gendə bitibdir,
Qaytaram Şuşamı, qaytaram gərək!

Olub keçənlərə bəsdir ağladıq,
Vətəndə vətənə matəm saxladıq.
“Qızıl baş” başlara qara bağladıq,
Qaytaram Şuşamı, qaytaram gərək!

İlahi, bu yurda nələr etdilər,
Samanın altından su yeritdilər.
Başdan tacımızı alıb getdilər,
Qaytaram Şuşamı, qaytaram gərək!

Satanı kim idi, kimdir alanı?
Kimlər düzdü-qoşdu min cür yalanı?
Qoruyaq ay ellər, olub-qalanı,
Qaytaram Şuşamı, qaytaram gərək!


İllər ötüşdükcə olur qərinə,
Bu yara işləyib, gedib dərinə.
Güvənib dünyada öz əllərimə,
Qaytaram Şuşamı, qaytaram gərək!

Daha quruyubdur göz yaşımız da,
Papaqsız qalıbdır öz başımız da.
Nələr yazılacaq baş daşımızda?
Qaytaram Şuşamı, qaytaram gərək!

Bəsdir qeyd olundu “işğal günləri”,
İşğalda keçirdik toy-düyünləri.
Bir yolluq doğrayıb bu düyünləri,
Qaytaram Şuşamı, qaytaram gərək!

O qala, o Qara, o Bağ bizimdir,
O tala, o çəmən, o Dağ bizimdir,
Qələbə soraqlı o Çağ bizimdir,
Qaytaram Şuşamı, qaytaram gərək!
Qaytaram, qaytaram,qaytaram gərək!

Cəlal Yaquboğlu

8 may, 2020-ci il

15 dəfə oxundu

Axtarış