Qaz yumurtası...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:19:36


Qaz yumurtası
(hekayə)

Qış aylarıydı. Qar yağmasa da hava çox soyuq idi. Külək göydəki topa- topa buludları hara gəldi qovurdu. Havaların belə sərt və küləkli keçməsindən bilmək olurdu ki, tezliklə qar yağacaqdır. Belə günlərin birində, Teymur qoyunları çayın kənarındakı şamçada otarırdı. Qoyunlar, şaxta vurub yerə tökmüş yarpaqları acgözlülüklə gəvələyirdilər.
Teymur əyninə dədəsinin iri, qalın sırıqlısını keçirərək, qoyunlardan bir az aralıdakı balaca təpənin üstündə oturmuşdu. Başına qoyduğu yekə, tüklü papağının altından onun xırdaca, yumru sifəti güclə görünürdü. Qış tətilinə buraxıldığı üçün nənəsi qoyunları onun qabağına qatmışdı ki, dədəsi heç olmasa bir neçə günlüyə evdə oturub dincəlsin. Onsuz da məktəb vaxtı çöl-bayır işləri kişinin boynuna düşərdi.
Qışda tətil vaxtı qar yağmayanda da, Teymurun qanı bərk qaralardı. Çünki qar olanda o, qoyun- quzunu tövləyə salıb, səhərdən axşamacan öz işində olardı. Gah ot tayasının qabağında, dədəsinin onun üçün at tükündən toxuduğu cələni qurub sığırçından, torağayıdan tutar, gah da özünü evə verib peçin üstündə buğdadan, noxuddan qovurub yeyərdi. Xülasə, qar yağanda onun kefi “fıştırıq çalardı”. Amma indi neynəsin, nə qədər ki, qar yağmayıb, demək o, sevimli əyləncələrinə həsrət qalacaqdı...
Teymurun qoyunlarından bir az aralıda, bir dəstə qaz otlayırdı. Bu vaxt qazlardan biri dəstədən ayrılıb, yaxındakı quru gəndalaş çöplərinin arasına girdi və dimdiyi ilə yan-yörəsindəki çör-çöpü altına çəkib oturdu. Qazın ara-sıra yırğalanmasından, onun elə indilərdə yumurtalayacağını ağlına gətirən Teymur, nəzərlərini qazın yatdığı yerdən bir an da olsun ayırmayaraq, pişik kimi ora marıtlayırdı.
Bir azdan qaz yerindən qalxıb, yanlarını basa-basa yatdığı yuvadan uzaqlaşdı. Yuvanın içində qar kimi ağappaq bir şeyin Teymurun gözünə dəyməsiylə, onun ora götürülməsi bir oldu. Doğurdan da, qaz yumurtlamışdı. Teymur yumurtanı əlinə götürəndə, yumurta həm istiydi, həm də yapışqanlı. O, oğrun nəzərlərlə ətrafa baxdı. Baxdı, görsün onu kənardan görüb eləyən yoxdu ki. Arxayın oldu görən yoxdu, tez yumurtanı sırıqlısının cibinə soxdu. Teymur elə sevindi ki, lap olmayan kimi.
Qış fəslində günlər çox qısa olur. Səhərin açılmasıyla, axşamın düşməsini o qədər də hiss eləmirsən. Bir azdan Teymur qoyunları qabağına qatıb evlərinə tərəf apardı. Nənəsi ondan qoyunları niyə evə tez gətirdiyini soruşanda, o, yalandan dedi ki, soyuqdan qala bilmədim, ayaqlarım üşüyürdü.
Nənəsi daha bir söz deməyib, həyətə düşdü və öz işləriylə məşğul olmağa başladı.
Teymur cəld tavanı götürüb peçin üstünə qoydu. Tava qızanda bir az yağ atıb, qaz yumurtasını sındırmaq istəyirdi ki, nənəsi otağa girdi. O, tavanı peçin üstündə görüb soruşdu:
- A bala, nə iş görürsən?
- Qaz yumurtası bişirirəm, ay nənə, - deyə Teymur, sevincək dilləndi.
- Qaz yumurtası?! Onu hardan tapmısan?!- deyə nənəsi, təəccüblə nəvəsinin üzünə baxdı.
- Şəfiqə xalagilin qazıydı da, çayın qırağında yumurtladı, mən də götürdüm. – Bax, gör nə boydadı, ay nənə, lap ikimizə də çatar. Teymur sevinə- sevinə qaz yumurtasını nənəsinə göstərdi.
Yumurtanı görən kimi nənəsinin qaşları düyünləndi.
- Demək, qaz yumurtasını oğurlamısan, hə?!
- Niyə oğurlayıram, qaz özü yumurtladı, mən də götürdüm də. Mən olmasaydım, bir başqası götürəcəkdi.
Nənəsi hirsləndi:
- Sən bilə-bilə ki, qaz filankəsindi, yenə də yumurtanı götürüb evə gətirmisən? - Bu oğurluq deyil, bəs nədi?!
- Yiyəsi orda yox idi ki... - deyə Teymur mızıldandı.
Nənəsi onun söz güləşdirməsinə dözə bilməyib, qəti şəkildə dedi:
- Bu dəqiqə yumurtanı aparıb verirsən yiyəsinə, sonra da çıxıb gəlirsən. Yoxsa, atana deyəcəyəm hamısını. O, da “pişiyini çıxardar ağaca” sənin.
Teymur nənəsinin xasiyyətini yaxşı bilirdi. Bilirdi ki, o, sözü adama bir dəfə deyir. Odur ki, könülsüz ayağa qalxdı və yumurtanı da götürüb Şəfiqə arvadgilə yollandı.
Hava qaralmışdı. Şəfiqə arvad həyətdə qazları hinə salırdı. Teymur elə darvazanın ağzındaca onu səslədi.
Şəfiqə arvad dönüb baxanda, qonşu uşağını gördü. Tez həyət qapısını açaraq, onu içəri çağırdı:
- Gəl, Teymur, gəl, bu gecə vaxtı xeyir ola, a bala?!
- Şəfiqə xala, sizin qazın biri çayın qırağında yumurtlamışdı, onu gətirmişəm, - deyə Teymur, cibindən çıxartdığı qaz yumurtasını ona uzatdı.
Şəfiqə arvad, qaz yumurtasını alıb baxdı, sonra nə fikirləşdisə, yumurtanı Teymurun pencəyinin cibinə qoyub, gülə- gülə dedi:
- Bunu sənə xalan pay verir, oğlum, apar nənən bişirsin, sən də yeginən.
Teymur altdan yuxarı Şəfiqə arvada baxıb dilləndi:
- Bişirirdim də, nənəm qoydu ki!- deyə o, ötkəmlik etdi. Sonra nə fikirləşdisə, başını aşağı salıb dediyi sözdən utandı.
- Get, ağıllı balam, - deyə Şəfiqə arvad, məsələnin nə yerdə olduğunu anlayib, qımışdı.
Teymur yolboyu öz- özünə fikirləşdi:
- Görəsən, bunun fərqi nədir, yumurtanı əvvəl bişirmiş, ya sonra bişirmi

2 dəfə oxundu

Axtarış