"Qəmişini çək də..."
Müəllif: Meyxoş Abdullah


2017-11-28 10:10:40


Qəmişini çək də...

Görürsən, birinin biriylə sözü çəpləşəndə qayıdıb deyir ki; - “Ə, qəmişini çək də!..”
Oturub fikirləşirsən ki, a balam, görəsən bu “qəmiş” nə olan şeydir ki, onu çəkəndə mübahisə də kəsilir. Doğurdan da, bu barədə çox düşünüb-daşınsam da, sonda bir nəticəyə gələ bilmirdim. Tərslikdən bu “qəmiş” məsələsini kimdən soruşurdumsa, həmin adamlar da gözlərini döyə-döyə üzümə baxmaqdan savayı bir söz demirdilər. Əlqərəz, bu “qəmiş” məsələsi bir kal armud olub qalmışdı boğazımda, nə aşağı gedirdi, nə də yuxarı.
Hə, bir gün necə oldusa yaşlı bir kişiylə rastlaşdım və mənim başımı xarab edən bu məsələni açıb ona söylədim. Bu qoca çoxbilmiş kişiydi, o dəqiqə də məsələni anladı və bu zəhrimara qalmış “qəmiş” məsələsini açıb mənə söylədi.
Bilirəm, indi sizi də maraq götürüb ki, ayə, bu nəmənə şeydi, bunu bizə də danış da...
Elə isə qulaq asın.
Deyir, keçmişdə bir şəhərdə varlı-karlı bir tacirin bir qəlyanaltısı varmış. Bura imkanlı adamlar yığışıb həm çay içər, həm də nəşələnərmişlər. Nəşələnmək də beləymiş, adamlar dükanın ortasında kürsü qurub, dövrələmə oturar, ortaya da iri bir qəlyan qoyub, onun odluğunu nəşəylə doldurarmışlar. Sonra da özləriylə götürdükləri müştükləri qəlyanın ucuna taxıb növbəylə nəşədən sümürər və bala-bala hallanarmışlar. Və buna görə də dükan sahibinə müəyyən haqq ödəyərmişlər, məsəl üçün on manat pul verərmişlər.
Həmin otağın künc-bucağında da varlılara nisbətən bir az kasıb olan adamlar oturub, nəşə çəkənlərin havaya püskürdükləri tüstüdən udaraq keflənərmişlər. Amma onlar qəlyan çəkənlərə nisbətən dükan sahibinə bir az pul ödəyərmişlər, məsələn beş manat.
Məlumdu ki, bu işin xəstəsi olan, amma ciblərində pulu olmayan bir qrup tüfeyli şəxslər də varmış ki, onlar da bayırda gözlərini döyə-döyə qalarmışlar. Çünki bu cür adamların əllərinin aşağı olması imkan verməzmiş ki, onlar da içəridəkilər kimi oturub bala-bala qəlyan çəkə və yaxud da, küncdə oturanlar kimi havaya buraxılan tüstüdən udub hallanalar. Odur ki, belə adamlar da biclik işlədərək uzun qəmış tapıb, içini təmizlər və bayırdan bir deşik tapıb qəmişi dükanın içinə soxaraq başlarmışlar növbəylə içəridəki tüstühü sümürməyə.
Beləcə, bir az vaxt keçəndən sonra otağın içində oturub yarıpulla tüstü udanlar baxıb görərlərmişlər ki, otaqdakı tüstü yavaş-yavaş azalır. Belə olan halda onlar haray-həşir salıb ora-bura vurxunarmışlar ki, balam, görəsən bu tüstü niyə yoxa çıxır. Onda baxıb görərmişlər ki, bıy, otağın küncündən kimsə qəmiş salıb içəri. Tez dükan sahibini çağırıb məsələni ona başa salarmışlar. Dükan sahibi də tez bayıra çıxıb, dükana qəmiş salanların üstünə qışqırıb deyərmiş: - “Ə, qəmişini çək də...”


4 dəfə oxundu

Axtarış