Qiyamət...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:41:09


MÜKAFAT YAQUB

Qiyamət

Karvan sürür,
Dərya köçür.
Dan sökülür,
Can üzülür.
Ömür bitir...

Dünya qoşa,
Biz tamaşa.
Kim səhliyə,
Kim alışa,
Kim barışa.
Bu qovğanı,
Hərə bir cür
Vura başa.

Mən bir fəqir,
Zaman təndir.
Başım çıxmaz
Hiylə nədir.
Aman Allah,
Bu cütlüyə
İman gətir...

Karvanbaşı, qafilənin yolu ilğım,
Əvvəli yox, ardı gəlir,
salxım-salxım
İkibaşlı qarğaların sonudurmu?..
Mavi duman,
Mələklərin donudurmu?..

Qərbdən Şərqə... gey axını,
İkitumlu cins axını...
Şərqdən Qərbə, neft axını,
İtirilmiş... döl axını...
Dünya bu cür hara gedir?..
Lutun ruhu belə bilmir.

Sur çalınır...
Karvan sürür...
Sirat hələ
Lap öndədir.
Karvan gedir.
Qafilənin
Əvvəli var,
Sonu yoxdur.
İlahi səs,
Nurlu yamac,
Ayaq başda ,
Baş havalı.
Hanı bəşər,
Ey zavallı,
Apostollar, həvarilər!
Missioner süvarilər!
Siyasətçi fərarilər.!
Başılovlu ruhanilər!..
Bir ağ işıq,
İlahi səs, - dünya budur!

Bu səs, işıq,
Birdə ki, söz...
Hünərin var,
Bax, buna döz!

...Karvanbaşı, “dünya köhnə dünyadı”,
Dəllalları, tiranları dəyişiər.
Ömür fani, başlar isə qaldadı,
Muğam qalar, tarzanları dəyişər.
Məzar hazır, gözlər hələ maldadı,
Torpaq qalar, qazanları dəyişər.
Daimilik nadanlara xülyadı...
Kitab qalar, yazanları dəyişər.
Örkən uzun, yolçu hələ yoldadı.
İlmə bitər, yozanları dəyişər.
Mahnı həzin, sədaları bal dadır,
Sözü qalar, ozanları dəyişər...

...Karvanbaşı, qafiləni hayla bir,
Zaman keçir, göylər bizi gözləmir.
...Karvan sürür,
Zaman ötür,
Dünya köçür.
Bir ağ işıq,
İlahi səs,
Birdə ki,söz...
Hünərin var,
Bax, buna döz!..

Karvanbaşı, gözüm hələ yoldadır,
Kimlər gedib, kimlər qalıb, hardadır.
Kimlər bizi, kimlər Onu aldadır.
Ömür bitər, qismət, yazı silinər,
Zaman gələr, “Ol” deyəndə bilinər.

Yaranmışlar Yaradana əl açır,
Göy sökülür, dağlar uçur, yer qaçır.
Milyon ilin tozu ilıq dalğadır.
Həzin səda, xəfif səba nur saçır,
Görünməzlər bəlkə gözə görünər,
Günahlılar, günahsızlar bilinər?..

Tanrı bilir indi hansı zamandır
Tarix üçün qərinələr bir andır
Nəmrud, Firon sanma ki ağ yalandır
Yaxşılıq da, yamanlıq da qalandır
Bəşər oğlu Sirat üstə bölünər,
Xətalılar, xətasızlar bilinər.


Çatdı məqam,
dayandı vaxt.
Yetməz sədam,
qapandı baxt.

Məşhər günü...
Bu gün deyil,
Sabah deyil
Tanrı vaxtı...
Zaman deyil.
Məkan deyil
Ölçüləri
Bilinməyən,
Ulduzlardan
Yerə köçən,
Əqrəbləri
Görünməyən
Səma dövrü...
Aləmdi bil.

Məhşər günü...
Sınaq deyil.
Soraq deyil
Müqəddəs gün
Divan deyil.
Uman deyil.
Yeddi qatdan,
Kainatdan,
Mələklərin
qanadında
Süzüb gələn,
Aləmlərı
Tənzimləyən
Fitrətdi bil.

Səma vaxtı...
Müsəlman da,
Bütpərəst də,
Məsih adlı
Xaçpərəst də,
Bütün məzhəb,
Bəşəri din
Sahibləri,
Keçəcəklər
Ədalətin
Süzgəcindən.
Yeni dünya
Yeni aləm
Qucaqlayar
səni bu dəm
Bəlkə behişt,
ya cəhənnəm.
Qarşındadır
Yeni zaman
Verəcəksən
Son imtahan...
Daha bəsdir
Bəşər oğlu
Yeriklədin...
Dünya malı
Oldu sənə
Indi qənim...

Karvanbaşı, bu nə hava, bu nə rəng,
Əsrarəngiz, yozulmayan bir ahəng.
Kitablardan süzüb gələn əlamət,
Görsədir ki, elə budur qiyamət...

Dünya bələnib ağ nura
Diqqətlər yönəlib Sura
Müqəddəs söz, ilahı səs
Ruha , cana verir nəfəs...

Karvan sürür
Dünya köçür....
Bir ağ işıq
İlahi səs
Birdə ki, söz...
Hünərin var,
Bax buna döz...

Mükafat Yaqub.

8 dəfə oxundu

Axtarış