QONAQLIQ
Müəllif: Əfqan Nəsirli


2018-03-06 13:56:35


Əfqan NƏSİRLİ

QONAQLIQ

Moruqlu kəndi dağların ətəyində yerləşirdi. Dörd bir tərəfdən kəndi əhatə edən çox da yüksək olmayan yamaclar yazda yamyaşıl olsa da, üzü payıza dönəndə hər tərəf saralırdı. Buranın təbiəti kimi insanları da mülayim idi. Eyni zamanda çox zarafatçıl idilər. Bir-birləri ilə elə zarafatlar edərdilər ki, kənar adam olsa acığı tutar, bu cür zarafatlara dözə bilməzdi. Deyilənlərə görə, kənddə yaşamış Danagöz Alı adlı bir kişi həyat yoldaşı çimərkən başına su tökəndə onunla zarafat etmək istəyir. Həyat yoldaşı gözünü sabunlayanda qapqaynar suyu onun kürəyinə tökür. Qadın hamamdan yarıçılpaq çıxaraq birbaş atası evinə qaçır. Zarafatının ciddiləşdiyini görən kişi onun arxasınca yüyürərək:
- Atamın goru haqqı, zarafat edirdim, hara gedirsən? - deyə qışqırır. O gündən kim belə şit zarafatlar edirdisə, ona, “Sən də Danagöz Alı kimi zarafat edirsən“, - deyirdilər.
Zarafatcıl kişilərdən biri də Telman kişi idi. O hər hansı bir məclisə gələn kimi, hamı ağzında söhbə¬ti¬ni dayandırar, məzəli cavab almaq üçün ona söz atardılar. Veysəl kişi ucaboy, enlikürək olması ilə yanaşı, sifətcə yaşından çox cavan görünən orta yaşlı nurani bir kişi idi. Çalışardı heç kimin xətrinə dəyməsin. Sözün düzünü də zarafatla elə deyərdi ki, qarşısındakı şəxs nəinki ondan inciyər, əksinə eyni açılar, ürəkdən şaqqanaq çəkib öz hərəkətinin təsvirinə gülərdü. Bir qədər imkanlı olduğuna görə kənddə hamı onu “Katta“ deyə çağırardı.
Kənddə əli işdən boşalan kişilər kəndin mərkəzində yerləşən “dükanın qırağı“ deyilən yerə tələsərdi. Səbəb baş vermiş hansısa yeni hadisələrdən xəbərdar olmaq və ya kənddə baş vermiş təzə əhvalatlardan agah olmaq, ya da hələ qulaq səsi eşitməmiş söz-söhbəti eşitmək həvəsi olardı. Baş vermiş bütün hadisələrlə bağlı hamı öz şəxsi fikrini bildirər, hərə işi öz arşını ilə ölçüb, gah bir tərəfi, gah da digər tərəfi günahlandırardı.
Bir dəfə günortadan keçmiş Veysəl kişi də evdə bekarçılıqdan bezib “dükanın qırağı“na üz tutdu. Orada bir neçə nəfər olub-keçənlərdən söhbət edirdi. Telman kişinin gəlişini görüb hamı sakit dayan¬dı. O, yaxınlaşıb salam verdi. Çöməltmə oturmuş cavanlar da ayağa durub salamı aldılar. Hər kəs indi nə isə qeyri-adi bir söhbətin olacağı¬nı gözlədi. Ani bir sükutdan sonra Rakif müəllim:
- Katta, çoxdandı görsənmirsən. Olmaya başın çox qarışıqdı? Xeyir ola, belə hara gedirsən?- deyib Veysəl kişiyə sataşmaq istədi.
Rakif kəndin orta məktəbində uzun müddət idi ki, müəllim işləyirdi. O, bədəncə iri olsa da, yerişi nataraz idi. Hələ gənc yaşlarından gözündə cərrahiyə əməliyyatı aparıl¬mış, görməsi bərpa edilsə də gözləri çəp qalmışdı. O, düz qarşısında duran adama baxanda əli ilə yanındakı adamı göstərirdi. Neçə illər idi ki, Veysəl kişi ilə zarafat edirdi. Bu müd¬dət ərzində bir dəfə də olsun aralarında inciklik olmamışdı. Veysəl kişi Rakifin ona sataşdığını başa düşdü:
- Sənin kimi veyil-veyil gəzməkdənsə, az-az görünmək yaxşıdı. Günlərin birində bir aşıq sazını çiyninə vurub çağrıldığı toya gedərkən qonşuluqdakı molla qabağına çıxır:
- Aşıq, xeyir ola belə, - deyə ona sataşmaq istəyir. Aşıq da cavabında:
- Xeyirdi ki, mən gedirəm, şər olsaydı sən gedər-din, - söyləyir.
Kattanın gətirdiyi bu məsəldən hamını gülmək tutdu. Rakif müəllim söz altda qalmamaq üçün söhbəti fırlatmaq istədi:
- Ə, mən molla ha döyüləm, istəsən indi bir xeyir iş düzəldə də bilərəm.
- Eşit, inanma. Ayə, bu müəllim və həkim tayfası var ha, bir manatını alanacan, canını alsan daha yaxşı olar, - deyə Veysəl kişi onu daha da qızışdırmaq istədi.
- Katta, vallah, bizim adımız çıxıb, siz bizdən də betərsiniz. Elə ki, söhbət düşüb, çoxdandı səninlə oturmuruq, gəlsən bir “nemetski şota“ yeyib-içək, - deyən Rakif müəllim Telman kişinin fikrini öyrənmək istədi.
- Ayə, sən ”nemes”ləri harda gördün ki, bir onların hesabından da danışırsan. Yoxsa, atan danışıb sə¬nin də ürəyincə olub, - Telman kişi yenə Rakifə sataşdı.
- Zarafat bir yana, düzünü deyirəm, könlümdən səninlə yeyib-içmək düşüb.
Bu sözdən sonra Veysəl kişi nə fikirləşdisə:
- Müəllimin çörəyini yemək günah olar. Gəl belə eləyək. Nə qədər kabab yeyilsə pulunu mən verim, nə qədər araq içilsə hesab sənlikdi. Razısanmı?- dedi.
Bayaqdan söhbətin nəticəsini həvəslə gözləyən cavanlar pərt olacaqlarından qorxaraq bir kəlmə də kəsmirdilər. Rakif müəllimin fikrə getdiyini görən Veysəl kişi həmsöhbətini pərt etmək istədi:
- Ayə, nə oldu, bayaqdan yeyib-içməkdən danışırdın, pul adı gələn kimi fikrə gedəsi oldun. Burda fikirləşməli nə var ki? Mən sənin xeyrinə dedim. Müəllim adamsan, istədim çox ziyana düşməyəsən. İnanmırsan, hesabla, bir araq on manat, bir kilo kabab on beş manatdır.
- Nə deyirəm, qoy sən deyən olsun, düş qabağıma. Bura gedək, yoxsa “Sahilə”? - Rakif müəllim Telman kişinin qolundan tutub irəli itələdi.
- Bir dayan, ay müəllim, məsələ elə deyil, - deyib, Telman kişi çiynini kənara çəkərək müqavimət göstərdi, sonra sözünə davam etdi, - mən burda oturanları da dəvət etmək istəyirəm.
- Bu olmadı də, mən səninlə təkbətək vurmaq istəyirəm, - Rakif müəllim öz etirazını bildirdi.
- A kişi, axı günaha batarsan, bu cavanlar bayaqdan söhbətimizə qulaq asır. Bir də ki, sənin üçün nə fərqi, elə fərz elə mənim beş-altı mədəm var – deyə Telman kişi onu razılığa gətirmək istədi.
Rakif müəllim nə fikirləşdisə:
- Yaxşı, düşün qabağıma, - dedi.
Gənclərdən bəzisi utandığından, bəzisi isə burada nə isə bir hiylə olduğunu fikirləşərək getmək istəmədi. Lakin Telman kişinin xahişindən sonra hamı yeməkxanaya yollandı. Rakif müəllim Telman kişini xərcə salmaq üçün stolda oturan kimi uca səslə:
- Orda on kilo kabab çəkin, - qışqırdı. Telman kişi belə getsə uduzacağını görüb tez Rakifin qolundan dartdı:
- Ayə, bir dayan görüm. Müəllim, sən görməmişsən? On kilo kababı birdən sifariş verməzlər. Əvvəla o soyuyacaq, ikincisi, bəlkə heç yiyə bilmirsən. Ət burda, mən burda, qoy iki-iki çəkib gətirsin. Qorxma, doyana qədər alacağam.
Hamı Telman kişinin fikrini bəyəndi. Hətta gənclərdən biri:
- Müəllim, atalar yaxşı deyib: “İgid canlı, kabab qanlı” - deyərək Rakif müəllimi tam razı salmaq istədi.
Kabab hazır olana qədər Telman kişi Rakif müəllimlə zarafatlarını davam etdirdi. Telman kişi olub - keçənləri gənclərə anladırmış kimi:
- Bilirsiz, dünyada çox dəhşətli hadisələr var. Ən böyük faciələrdən biri də odur ki, qapında yal verdiyin küçük keçib qonşunun həyətindən sənə hürsün. Bax, bu Rakif müəllim də belələrindəndir.
Bu sözdən hamını gülmək tutdu. Gənclərdən ikisi özlərindən asılı olmadan əllərini əllərinə vurub bərkdən şaqqanaq çəkdi. Rakif müəllim bir az pərt olsa da:
- Ay Katta, indi zamana dəyişib, sən görən babalar artıq ölüb. Bu saat kim çox pul versə, hamı onun yanına qaçır, - deyib özünə haqq qazandırmaq istədi. Bu sözlər Telman kişini daxilən incitdi. Lakin büruzə verməyib daha bir arqument gətirdi:
- Belə yerdə rəhmətlik Səməd Vurğun deyərdi ki, iki dəhşətli halın olması insanlığın itirilməsi deməkdir. Birincisi odur ki, biri yalan danışa, hələ utan¬¬maya gözünü də gözünün içinə zilləyib öz yalanının doğruluğunu sübut edə. İkincisi odur ki, vəzifəcə səndən böyüyün yaxın qohumu rəhmətə gedə, sən də məcbursan onun üçün gözündən yaş çıxarmağa. Gör canına nə zillət edirsən, ürəyin yanmır axı.
Telman kişi sözünü qurtarar-qurtarmaz ortaya yemək gətirildi. Bununla da bayaqkı söhbət unuduldu. Hamı yeməyə başladı. Arağı qədəhlərə Telman kişi süzməyə başladı. Oturanların hamısı araq içdiyindən o, birinci süzümdə butulkanı qurtardı və boş şüşəni stolun altına qoyub uca səslə dedi:
- Bu daha stola yaraşmır, - Telman kişi ikinci butulkanı qədəhlərə az-az süzdü. Yarımçıq qalmış butulkanı isə stolun altına, ayağının yanına qoydu. Məclis getdikcə qızışırdı. Vurmaq həvəsi güclənən Rakif müəllim Telman kişiyə:
- Ayə, di bundan süz içək, dana,- deyə təpindi.
- Nə süzüm, ə, denən gətirsinlər də,- Telman kişi stolun altından boş butulkanı əlinə alıb silkələdi. O, üçüncü butulkanı açmamış xəlvəti olaraq yenə stolun altına qoydu və bayaqkı yarımçıq şüşəni götürüb az-az qədəhlərə süzdü. Bu dəfə arağı süzməyə birinci özündən başladı. Bunu görən Rakif müəllim onu utandırmaq istədi:
- Sən niyə birinci özünə süzürsən, ə?
- Yadınızda saxlayın, sonra deyəcəksiniz bilirdi, öyrətmədi. Elə ki, gördünüz məclisdə adam çox, araq azdır, onda qədəhlərə birinci dəfə araq süzəndə qarşıdakından başlayın, ikincini isə ilk olaraq özünüzdən. Çünki məclisdə birinci qədəh olduğundan sənə çatmasa da, məcbur olub yenə araq gətirəcəklər, ikinci, üçüncü qədəhdə isə yaddan çıxa da bilərsən, - deyib Telman kişi qədəhlərə araq süzməyə başladı.
Beləcə, deyə-gülə məclis davam etdi. Sonda məclisə 4 kilo kabab, 8 araq gətirilmişdi. Onun 4-nü Telmanl kişi məqam tapıb gizlədə bilmişdi. Haqq-hesab vaxtı 80 manat Rakif müəllim, 60 manat Telman kişi ödədi ki, əvəzində 4 araq ona havayı qaldı.
Bax, buna deyərlər - “əsl nemetski yeyib-içmək”.

Sonu

23 dəfə oxundu

Axtarış