Qorxu
Müəllif: Rəşid Bərgüşadlı


2018-10-22 11:49:58


Müəllimim Ərşad Bədəlovun əziz xatirəsinə

Mərhəmətli insandan qorxmaq, çəkinmək adamı təmizləyən sınanmış vasitədir. İstəməzsən ki, belə bir insanın yanında üzün qızarsın, gözündən düşəsən onun, səndən qəlbi qırılsın. Axı səninçünsanbalı olan birisidir. Allahın, valideynlərin, qardaş-bacıların, sevgilinin, əziz dostunun etimadını itirməkdən qorxduğumuz kimi bir şey yəni... Bu cür qorxuda abır-həya, nəsə bir məhrəmlik var, adam “qorxaq” olduğundan utanmır. Əksinə, özündəki bu cür qorxaqlığı bəyənirsən. Beləsisəni asıb-kəsməz, döyməz-söyməz, amma bircə baxışla acıqlandığını qandırar sənə. Və bu baxışlar tərs sillədən betər göynədir adamı. Sözün qüvvəti, qağam bir dəfə üstümə bağırmışdı, könlümü alanadək bir həftə gözünə görünməyə utanmışdım. Sözsüz ki, günahım vardı, döymək əvəzinə səsini qaldırmaqla cəzalandırmışdı məni. Onu canımdan çox sevdiyimi yaxşı bilirdi. Həmin anda yığıb-topladığım bütün etibar, ümid və sevgini təpəmə çırpmışdı. Elə bu baxımdan qorxu həm də bu hissi keçirən insanların həyata yeni baxışına səbəb olur, səhvlərini yenidən saf-çürük etmək, dəyərlərə daha bərk bağlanmaq imkanı yaradır. Bu cür qorxu sosial, bioloji və ictimai tənbehin faydalı bəhrəsidir və insanı sırtılmağa, dəyərdən düşməyə qoymur, həyalı, mərd böyüdür, halallığa yönləndirir, bir sözlə, adamı Adam edir!..

Bir qism mütəxəssislər hesab edirlər ki, insan qorxu ilə doğulmur. Yalan söhbətdir, qorxu insanın qanındadır, ana bətnində qazanılmış hissdir! Körpə uşağı atıb-tutanda görmürsünüzmü necə əti ürpənir, nəfəsi daralır, ya da üstünə qışqıranda necə dodaq büzüb ağlayır? Qorxunun bəzi növləri sonradan qazanıla bilər – müharibə, təbii fəlakətlər qorxusu kimi. Amma qorxu əsasən genetik və reflektiv mahiyyət daşıyır.

Qorxu hissi dünya ədəbiyyatında, kinosunda minlərlə eksperimentin mövzusu olub, hələ də ən yaxşı sənət nümunələri yaranmaqdadır. Bu, insanın təhlükə anında yaşadığı emosional duyğu və həyəcan hissidir. Bunu mənfi emosiya adlandırırlar. Məncə insafsız hökmdür. O, sırf insani instinktdir. Qəhrəmanlıqların çoxu elə qorxu anında ixtiyarsız atdığımız addımdan – təsadüfən alınır. Ölməmək üçün öldürən qəhrəman əsgər misalı... Hə, bir də var qorxunun insan həyatını məhdudlaşdırdığı forması – fobiya. Bu ağır psixi xəstəlikdir. Sevimli Şabanımız (türk aktyoru Kamal Sunal) təyyarədə yüksəklik qorxusundan öldüyü kimi...

Qorxaq isə başqa şeydir. Qorxaq ona deyirlər ki, belə hallarda insan keyləşərək nə edəcəyini, nə qərar verəcəyini bilmir – özünü itirir. Bu o adamlardır ki, qorxu ilə tez-tez üzləşməyiblər. Qorxuyla mübarizə aparmaq üçün bircə yol var – onunla mütəmadi üz-üzə gəlmək...

* * *
Bizim dövrümüzdə kənd uşağı başqa nədən qorxardı ki?.. Kinoda Dədə Qorquda, – “Sənə qəbir qazıram, dədə” deyən danqabaşvələdiniyrəncliyindən, nə bilim, birinin böyük-kiçik yanında harfa-latayır danışığından, ən çox da bəzi müəllimlərimizin zəhmindən, danlağından. Hə, ələlxüsus da müəllim danlağından yaman qorxardıq...

Qorxuların çoxu zaman keçdikcə adamın canından çıxır, unudulur, acılı-şirin xatirəyə dönür. Amma elə qorxu da var əzəməti səni hələ də titrədir. Mənim canımda Ərşad müəllim qorxusu qalan kimi... Yeri behişt olsun, son vaxtlaradək toyda-yasda hər uzaqdan görəndə bu adamın sərt baxışı, şax yerişi, cod zəhmi iliyimi gizildədib. Yaxınlaşıb salam verməyə bu yaşda da qorxmuşam. Deyirlər ha, müəllimlər yemir-içmir, yatmır və sair – bax əsl elə müəllimlərdəndir! Aralıdan oğrun-oğrun çox izləmişəm onu. “Zalım, qəddar adamdırmı? Nədi ondakı bu zəhmin qaynağı? Bəlkə heç zəhmli də deyil, mənə o cür görünür? Gözümüzün odunu almış bu insanda qüsursuz hökm, ona yaraşan zabitə, yeri gələndə misqal-misqal rəhm necə cəmləşə bilirdi? Görəsən bu adamın üzünün güldüyünü görən olubmu?” – bu suallara heç vaxt cavab tapa bilməmişəm...

* * *
Bir az şirinliyim vardı, ən çox da ailəmizə görə məktəbdə çoxlarının sevimlisiolsam da, dedikcə ziləv, şirəxatın uşaq olmuşam. Məni başqalarındanfərqləndirən iki qızıl dişim vardı ağzımda, bir də çox sevdiyim variyonka şalvar-köynəyim – o vədələr hər kəsdə olmurdu bunlar. Yırtılırdım forsumdan! Yetənə yetirdim, yetməyənə daş atırdım. Müskanlı kənd 8 illik məktəbinin şillə-boranından canımı qurtarıb Dondarlı kənd orta məktəbinə gedəndə ilk gözümün odunu məktəb direktoru Ərşad müəllimin “xoş gəldiniz” tədbirindəki çıxışı oldu. Bütün qardaş-bacılarıma dərs demişdi, namını çox eşitmişdim. Qabağında at oynadacaq adam olmadığını ilk gündən kəsdirdim. Mirlər, Saray, Dondarlı, Dəmirçilər və Poladlı kəndlərində elə bir dikbaş cavan olmaz ki, Dondarlı məktəbində oxusun və Ərşad müəllimlə üz-üzə gələndə dizi titrəməsin. Mümkün deyil! “Mən bu adamdan qorxmamışam!” deyən adam bu kəndlərdə anadan doğulmamışdı!..

O vaxtlar Azərbaycanda ən nümunəvi iki orta məktəb vardı – Yevlax rayonun Xaldan kənd orta məktəbi və bizim məktəb – Qubadlının Dondarlı kənd orta məktəbi. Bizim məktəbə “Ərşad müəllimin məktəbi” deyirdilər respublikada. Ciddi nizam-intizam və nəzarət, keyfiyyətli tədris bu məktəbin başucaldan bayrağı idi. Hələ dövlətə itburnu (həmərsün, şıllan) norması verirdik, tütün “çekonka”lıyırdıq, üzüm yığırdıq.

* * *
Adamın üstündə Allah var, bircə dəfə də olsun onunla yolumuz dar cığırda kəsişməyib. Çünki uzaq qaçmışam onun keçdiyi yollardan. Cəmi bircə dəfə ümumi səhər yoxlaması vaxtı ciblərimi çevirtdirib, artıq 20 qəpiyimə (şagirdin cibində 20 qəpikdən artıq pul ola bilməzdi!) görə yüngülvari qulaqburması verib və bir də...
...Bir qız sevirdim. Tənəfüsdə məktəbin daş kömür anbarında görüşməyi razılaşmışdıq. Zəng vurulanda sinfimizə götürüldüm. İçəri girəndə gördüm ki, sinif rəhbərimiz uşaqların hamısını düzüb yazı taxtasının qabağına. Köynəyimin yaxasındakı düymələrdən qırılanı vardı, üz-gözüm, üst-başım qapqara daş kömür tozu idi. Linqafon kabeli müəllimin əlindəydi və polis kimi nəyisə uşaqların boynuna qoymaq istəyirdi. Məni görən kimi, – Bu nə lijimdi, ə, müharibədən çıxmısan!? Sən yandırmısan?!

– Nəyi?.. – udlağımda qan qalmadı.

– Silgini.

– Nə, silgi!? – düzü, məsələnin nə yerdə olduğunu anışdıra bilmədim. Amma yazıtaxtasının bir tərəfinin yanıb qaraldığını sezdim. Lənətəgəlmiş silgi yanıbmış və yerdə tapdalanmış əlamətləri hələ də qalırdı.

– Hamı deyir ki, sən yandırmısan! – kabeli əlində səhmanlayanda sıradakı dostum Lütü (Etibar) göz elədi ki, – “Fikir vermə, boynuna qoymaq istəyir, hamımıza eyni sözü deyir”... Etibarın göz eləməyini o da gördü və onsuz da it kökünə düşmüş variyonkakönəyimin yaxasını qarmaladı. Elə bu heynidə Ərşad müəllim girdi içəri və xirtdəyimi müəllimin əlində gördü. Üst-başıma, sir-sifətimə ötəri nəzər salıb soruşdu, – Kim yandırıb?! – onun xəbəri olmadan milçək də uçmazdı məktəbdə. Gözlərini döşəməyə zilləmiş zavallı sinif yoldaşlarımdan səs çıxmadı, elə bil qurbağa gölünə daş atmısan.

– Bu, bu yandırıb! – müəllim məni silkələyəndə üstümdən kömür tozu töküldü. Cıqqırımı çıxarmaq, özümü müdafiə etmək, bəraət haqqım yox idi. Çünki Ərşad müəllimin qarşısındaydım və günahım silgi boyda yox, daha böyük idi.Əgər daş kömür anbarına niyə girdiyimi öyrənsəydi dərimə saman təpərdi. Azca mıqqıldamağım cəzamı onqat artıra bilərdi. Ərşad müəllim kabeli sinif rəhbərimizin əlindən alanda xirtdəyim boşaldı və bu anda azadlığa açılan pəncərədən başqa gözüm heç nəyi seçmədi. Qorxudan neçənci mərtəbədə olduğumu da unutdum. Özümü açıq pəncərədən eşiyə tulladım...

* * *
Əllini haxlamışam və indi rahatca fikirləşirəm ki, görəsən o vaxtkı müəllimlərin, ələlxüsus da Ərşad müəllimin zəhmi, tənbehi olmasaydı bizdən adam olardımı?Çox güman ki, olmazdı... Qorxu Allahın insana verdiyi təməl hisslərdən biridir və biz sevgimizi, səxavətimizi, cəsarətimizi gizlətmədiyimiz kimi qorxumuzu da dilə gətirməkdən utanmamalıyıq. Bəziləri deyir ki, qorxub qaçmaq yox, qorxunun üzərinə getmək lazımdır. Amma səmimiyyətlə deyirəm, insanları ağıl yox, daha çox qorxu idarə edir! Razıyam, qorxunun miqyası böyüyəndə o artıq xəstəliyə çevrilir. Qorxularından azad ola bilməyən insan nə sosial münasibətlərdə, nə də cəmiyyətdə özünə yer tuta bilər. Bu hiss insanı həm uçuruma apara bilər, həm də həyatını xilas edə bilər. Di gəl ki, bəlli yaş dövründə boynunun kökündə kiminsə zəhmli nəzərlərini hiss etməsən yanlış yola sapma ehtimalın böyüyür...

İndiki dövrdə şagirdini döyən müəllimi mən də qınayıram. Ona görə yox ki, buna qanunla haqları çatmır... Ona görə ki, bu zəmanədə adamı İnsan eləmək üçün şillə-şapalaq daha keçmir, bu, mənasız metoddur artıq. Bu, müəllimin zəiflik əlamətidir, zəmanə qanunlarının cəmiyyət tələbləriləuyuşmamasıdır. Müəllimin haqları, o cümlədən şagirdi tənbeh etmək haqqı əlindən alınıb. Uşağın üstünə qışqıran müəllimi indi hoydu-hoyduya götürüb sinifdən qovar şagird və onun valideynləri. Zəmanənin şərti belədir ki, övladın tərbiyəsiylə nə ailə düz-əməlli məşğul ola bilir, nə də məktəb. İndiki hirsli gənclik internetlə zəhərlənib, dadını-iyini bilmədiyi “azadlıq” uğruna bütün məhrəmlikləri ayaqlamaq həddindədir. Amma o dövrdə evdəkilər ən azı bir şeydən rahat idilər ki, övladlarına məktəb tərbiyə verəcək. O məktəbdə Ərşad müəllim, Lətif müəllim, Əlif müəllim, Seyfəddin müəllim, Əbdül müəllim kimi İnsanlar imkan verməzlər ki, kiminsə övladı ayağını əyri atsın. İndi rahatca xatırlayıram bizə “qan udduran” müəllimlər instituta girdikcə bizimlə necə fəxr edir, qürrələnir, bağrına basıb öpürdülər. Təsəvvür edin, Ərşad müəllim səni bağrına basır, ali məktəbə girdiyin üçün sevinir, səninlə qürur duyur. Bircə bu məhrəmlik sənə hər şeyi unutdurur, beynindəki formalaşmış qorxunu silir. “İstəyirəm səhvim üstə döy məni, əllərinə qurban olum...” – məsələnin məğzini bundan gözəl ifadə etmək mümkün deyil. Ərklə səni qucan o qolların arasında qorxa-qorxa, hönkür-hönkür ağlamayasan, neyləyəsən...

* * *
Gecəsi-gündüzü dağda-dərədə, yarğanlarda, quşqonmaz budaqlarda meyvə oğurluğunda keçən birinin özünü pəncərədən atmasında nə var ki?.. Amma var, arxada səni qısnamış bir məhrəm qorxu var. Səni günahlardan qoruyan Allah qəzəbi olmasaydı, halımız necə olardı? İnsanların ən çox qorxduğu məhz ölümdür. Heç kəs bunu dilinə gətirməsə də bütün qorxuların araxasında ölüm qorxusu durur.Mən özümü pəncərədən atanda Ərşad müəllim qorxmamışdımı? Qorxmuşdu! Bizə ölümdən qormamağı, mərdliyi, kişiliyi öyrədən bir insan mənim ölə biləcəyimdən qorxmuşdu. Binanı qaçaraq fırlanıb arxamca həyətə ilk düşən də o idi və yerdə bir tikəmi də tapmayanda necə qorxduğunu təsəvvür edirəm. O həyətə düşəndə mən artıq hündür dəmir məhəccərin də üstündən hoppanıb evədək altı kilometr yolu dayanmadan qaçmışdım. Ona görə qorxduğunu bilirəm ki, sonra məni yanına çağırtdırmadı, bircə dəfə də olsun o lənətəgəlmiş silgi söhbəti yenidən qalxmadı... Möcüzə bilirsiniz nədir? İnanmazsınız bəlkə də, mən o hündürlükdən ayaqüstə düşmüşdüm beton səkinin üstünə və bircə yerim də ağrımırdı. İndi mənə desələr ki, birinci mərtəbənin pəncərəsindən eyni qaydada tullan, ömürbillah bacarmaram!Qorxu nələrə qadir imiş...

* * *
Kimin övladı olmağımızdan asılı olmayaraq hamıya eyni gözlə baxmaq o müəllimlərə bizi əzişdirmək haqqı verirdi. Yeri gələndə Ərşad müəllim öz qızı Səltənəti, oğlu Nadiri, qardaşıoğluCavidi, nizam-intizamda azca büdrəyən müəllimi bizim hamımızdan daha çox sıxırdı. Belə olmasaydı, bəlkə də haqq-ədaləti pozmuş olardı, dili gödələrdi, zəhmi bizə kar eləməzdi. “Ərşad müəllimin məktəbi”ni bitirmiş minlərlə ziyalı indi ölkəylə bir hörmət-izzət sahibidirlər. Vətən torpaqları uğrunda gözünü qırpmadan, canını qorxmadan qurban vermiş neçə-neçə igid oğullarımız bu məktəbin yetirməsidir. Bu məktəbin “çörəyini yeyən” hər bir kəsin boynunda Ərşad müəllimin haqqı, əməyi var. O, təkcə Nadir, Səltənət, Nərgiz, Rəncurə, Tovuz, Təhminə və Loğmanın atası yox, həm də valideynlərimizin ona etibar etdiyi bizlərin də mənəvi atası, elimizin ziyalısı, ağsaqqalı idi. İndi doğma övladı, şəhid Nadir Bədəlovun adını daşıyan “Ərşad müəllimin məktəbi” 30 yox, lap 100 il əsirlikdə qalsa da o ocaq və ocağın nuru olan Ərşad müəllim onun yetirmələrininxatirində daima yaşayacaqdır. Rəbbimiz bizi üzüağ qovuşdursun ona...

Rəşid Bərgüşadlı
26 iyul 2018

11 dəfə oxundu

Axtarış