Qürur qaynağımız - Firuzə Davudqızı
Müəllif: Yazarlar.AZ


24.07.2020




2011-ci ilin 23 iyul səhəri məxsusiliyi və dəyəri ilə yaddaşımdan heç zaman silinməyəcək bir tarixə döndü.

Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri ilə, onun boya-başa çatdığı evlə, oxuduğu məktəblə tanış olmaq üçün Biləsuvara, şəhid gizirin doğulduğu Əliabad kəndinə – seyid ocağına yollandıq.

Şəhərə daxil olduğumuz andan küçələrdə, maşınların şüşələrində Mübarizin şəkillərinə rast gəldikcə qürur duyurdum. Şəhidə verdikləri dəyərə-qiymətə görə Biləsuvar camaatına rəğbətim artır, vətənə, torpağa bağlılığım Mübarizin timsalında daha da güclənirdi.

Üz tutduğumuz yol bizi Mübarizin kəndinə – Mübarizə doğru aparırdı. Onun adı və amalı kimi Mübarizliyə səsləyirdi. Kim bilir, Mübariz bu yollardan neçə dəfə keçib getmişdi.

Kəndin girişindən ta evədək qəribə bir hüzn, kədər, kövrək bir sükut çökmüşdü havaya. Sanki burada nə varsa, bütün təbiət öz qəhrəmanına hələ də matəm saxlayırdı. Eyni zamanda da qürurlanırdı.

…Ünvanı bilməsək də, kimsəni tanımasaq da kəndə üz tutduğumuz andan sanki ilahi qüvvənin təsiri ilə bu ocaq maqnit kimi bizi öz nuruna, müqəddəs ziyarətgahına doğru çəkir, qəhrəmanın ruhu özü bizə bələdçilik edirdi.

Rastımıza çıxan bir nəfərdən atam Milli Qəhrəmanın evinin səmtini xəbər aldı.

– Qarşıdakı küçə onun yaşadığı evə açılır, – deyə Mübarizin həmyerlisi bizə onun evini nişan verdi.

Bu küçə onun adı ilə başlanır: Milli Qəhrəman Mübariz İbrahimov küçəsi.

Bir az irəlidə – yaşadığı evin həyətində ucaldılmış, küçənin başından nəzəri cəlb edən fotostenddə görünən əli silahlı qəhrəmanın məğrur duruşu, qəhrəman baxışları bizi qarşılayır. O qədər canlı və təbii görünür ki, sanki indinin özündə də elini- obasını, yurdunu qoruyur. Vətənin keşiyindədir. Bu evi öz igidliyi, qorxu bilməz cəsarəti, kişi hünəri, kişi təpəri ilə bütün evlərdən seçdirən Mübariz, ona bu kənddə həm də kədərli bir şöhrət gətirdi.

Qapının önündəyəm, amma sanıram bu bir yuxudur. Bir ildir arzusunda olduğum ziyarət bu gün nəhayət gerçəkləşir deyə həyəcanım ölçüyə gəlmir. Elə bil onun bir vaxtlar yaşadığı bu evdə, gəzdiyi bu həyətdə Mübarizin özünü görəcəyəm. Qəribə bir məsuliyyət duyuram, ayaqlarım əsir.

Müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş bu evə həyəcansız ayaq basmaq mümkün deyil. Bu evi ziyarət edən hər kəs yəqin ki, eyni hissləri keçirir.

Qapını üzümüzə qəhrəmanın anası Şamama ana açdı. Onunla görüşəndə sanki çoxdandır görmədiyim bir doğmama sarıldım.

Mən çox şəhid anası görmüşəm, lakin əksəriyyəti ilə canlı ünsiyyət qurmaq imkanım olmayıb. Şamama ana ilə ilk dəfə görüşüb tanış olmağıma baxmayaraq məndə elə təəssürat yarandı ki, elə bil onu xeyli vaxtdır tanıyıram.

Gözlərinin nəmi hələ də qurumayan, dodaqlarından gülüş, təbəssüm itmiş, baxışlarından kədər, nisgil yağan bu ana içindən qovrulsa da təmkinini pozmur. Necə vüqarla, məğrur dayanır. Başını dik tutub. Göz yaşlarını gözlərində dondurub qəlbinə axıda-axıda, oğlunun adını tutub bu qapını açan hər kəsə eyni səmimi, eyni doğma münasibət göstərib onları toy görməmiş nakam balasının otağına aparır, özünü tox tutub oğlundan qalan fotoşəkilləri, ona məxsus əşyaları təkrar-təkrar görür. Demək olar ki, hər gün təkrarlanan, yarasını təzələyən dağı, bu zərbəni bir daha alır. Asan deyil! Dözüləsi dərd deyil! Buna yalnız onun kimi iradəcə möhkəm, güclü qadın sinə gərə bilər.

Mən onun dərddən solmuş simasında təkcə gizlətməyə çalışdığı kədərini, göz yaşlarını deyil, kişi qeyrəti gördüm.

Evdə olduğum müddətdə onu ağlayan görmədim. Anamla söhbətində oğlunun adını hər dəfə dilinə gətirən zaman gözləri dolsa da ağlamırdı. Sanki bununla o, Mübarizə verdiyi sözə xilaf çıxmaq istəmirdi. Çünki Mübariz son məktubunda ata- anasına səslənərək belə yazmışdı: “Şəhid olsam ağlamayın”.

Lakin biz Mübarizin otağında ikən bir ara Şamama ananın həyətdə həzin səslə balasına layla çaldığını duydum. Ürəyim parçalandı. Bu gəlişimlə qəlbi dağlı ananın yarasına toxunubmuş kimi özümü günahkar hiss etdim. Ürəyini deşən, gözlərini yandıran göz yaşlarına qurban, Şamama ana! Həyətdə mənə dediyin sözlərin yadımdan çıxmır. “…Düz bir il bir aydır Mübarizimi görmürəm”.

Qəlbini ağrıdan, dilini yandıran bu sözlər ürəyimin başına od saldı.

Bu sözlər oğlunun yoxluğuna dözə bilməyən ana qəlbinin nisgilindən doğan bir fəryadı idi. Və bu fəryad qarşısında deməyə söz tapmadım. Demək istədiyim sözlər də boğazımda quruyub qaldı. Dərdinə yanıb ona sarılmaqdan başqa əlimdən heç nə gəlmədi. Əslində deyəcəyim heç bir söz, verəcəyim heç bir təsəlli onun dərdini yüngülləşdirəcək, yarasını sağaldacaq gücə, təsirə malik ola bilməzdi. Həm Mübarizin qəhrəmanlığı, həm də ananın bala dağı qarşısında zərrə qədər kiçik qalacaqdı.

Oğlunun həsrəti, nisgili ilə yanan, yoxluğunun hər gününü, dəqiqəsini sayan anaya yüz kəlmə də kifayətsizdir. “Aqibətini düşünən qəhrəman ola bilməz” deyirlər. Mübariz öz aqibətini, başına nə gələcəyini düşünmədi. Bir amal uğrunda qorxu bilmədən, çəkinmədən düşmənin üstünə yeridi. Bu şücaəti ona sıralarımızdan ayrılıb seçilməyi nəsib etdi. Adilikdən fövqəladiliyə ucaltdı. Mübariz təkbaşına qalxdığı bu cihadda aldığı qisasın görünən və görünməyən, bizə məlum olan və olmayan, ümumiyyətlə o gecə gördüyü, bildiyi və yaşadığı həqiqətləri özü ilə bərabər məzara apardı. O, təkcə Qarabağ uğrunda, Vətən, torpaq uğrunda şəhid olmadı. Namus-qeyrət uğrunda bu yolu seçdi. Bu səbəbdən həm də namus şəhidi, qeyrət şəhididir Mübariz!

Gərək canınla, qanınla, ruhunla bu vətənə, bu torpağa layiq olduğunu göstərəsən. Qəsbkarın, oğrunun, qaniçən düşmənin yuvasını yerindəcə dağıdasan ki, bəlkə bu torpaq təmizə çıxa.

Bu gün bu evin, bu həyətin hər qarışı, hər guşəsi Mübarizdən danışır. Həyətin bir küncündə ondan qalmış, sahibinin yolunu gözləyən idman alətləri, boks əlcəkləri, otağındakı qol saatı, geyimləri və ona məxsus digər əşyalar sanki hamısı yetim qalıb. Hamısı ilk baxışda qəm oyadır. Ürək sızladır. Otaq boyu düzülmüş şəkillərə baxdıqca adam özündən utanır, yaşadığın ömür bir anlığa özünə nə qədər adi və mənasız gəlir. Çoxları düşünür ki, Mübariz ailə həyatı qurmadı, özündən sonra bir nişanə qoymadı, nakam getdi. Mən onu nakam saymıram. Onun ən böyük arzusu şəhid olmaq imiş. O da bu arzusuna, kamına çatıb. Ən böyük və vacib məqsədi düşməndən qisas almaq imiş. O, buna nail oldu. Mübariz özündən sonra elə bir məktəbin təməlini qoydu ki, bu məktəb yüz illər sonra da, Azərbaycan var olduqca Mübariz kimi qeyrətli, vətənpərvər oğullar yetişdirəcək. Torpaqlarımız azad olunacaq. Bax, o zaman Mübarizlərin, Fəridlərin, Çingizlərin, Əhmədlərin və yüzlərlə belə şəhidin ruhu şad olacaq.

Biz 2010-cu ilin noyabr ayında – Mübarizimizin cənazəsini geri aldığımız gün xalqımızın öz şəhidinə verdiyi dəyərə bir daha şahid olduq.

Onun öz torpağında girov qalan “qərib” cənazəsi nəhayət aylar sonra geri alınıb paytaxtın II Fəxri xiyabanına yola salınarkən ucalan “Allahu-əkbər!” nidası, gənclərin onun tabutuna əlini sürtmək üçün irəli atılması adamı vəcdə gətirirdi. Şəhidin qiyməti, şəhidlik məqamı budur!

İnsan övladı həmişə müqəddəs saydığı, yüksək bildiyi nəyəsə əl çəkib, and içər. Mübariz bu yüksəkliyi, bu müqəddəsliyi şəhidlik mərtəbəsi, şəhidlik adı ilə qazandı. Beləcə, and yerinə çevrildi.

Milli Qəhrəmanımızın doğulduğu evdə aldığım qürur dolu təəssürat, keçirdiyim hiss-həyəcan məni indiyəcən tərk etməyib. Və əbədi olaraq belə davam edəcək. Şamama ananın mənə hədiyyə etdiyi, Mübarizdən bəhs edən kitabı ən əziz bir əmanət kimi yol boyu köksümə sıxıb gətirdim. Bu kitab şəxsi kitabxanamın ən uca hissəsində qəhrəmanlıq salnaməsi kimi durmaqdadır.

03 sentyabr 2018

MÜƏLLİF: FİRUZƏ DAVUDQIZI


8 dəfə oxundu

Axtarış