Qurd Balasıyam
Müəllif: Furqani


23.10.2017


Atam türk oğludur, anam türk qızı,
Kim deyə bilər ki, yad balasıyam?!
Əslimlə, nəslimlə öyünürəm mən,
Bu oğuz elinin şad balasıyam.

Bərkə-boşa düşən ər olmuşam mən,
Min süzgəcdən keçib durulmuşam mən.
Odlar ölkəsində doğulmuşam mən,
Alovdan törəmiş od balasıyam.

Millətlər içində çəkim var mənim,
Namusdan, qeyrətdən yüküm var mənim.
Tarixim, keçmişim, köküm var mənim,
Mən əsl el oğlu, yurd balasıyam.

Qəddimi bükmərəm zalım önündə,
Göz yaşı tökmərəm zalım önündə.
Ölərəm, çökmərəm zalım önündə,
İgid övladıyam, mərd balasıyam.

Döyüşə çağıran cəngiyəm, zəngəm,
Qılıncam, qalxanam, topam, tüfəngəm.
Demirəm-aslanam, şirəm, pələngəm,
Bozqurd nəslindənəm, qurd balasıyam.

16 dəfə oxundu

Axtarış