RAHİM ÜÇOĞLANLI RZAYEV - ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


01.05.2021


CANIM

Məndən sənə bir əmanət,
Çox özünü sıxma, canım.
Kədər sənə əl eyləsə,
Dönüb geri baxma, canım.
* * *
Nadan yandan ötsə,görmə,
Salam alıb, salam vermə.
Geysə kətan, ipək, tirmə,
Hər gözəlçün axma, canım.
* * *
Bir axmaqla yoldaş olsan,
Suzsuz qalıb gül tək solsan.
Günlər ilə ac da qalsan,
Dadma onnan loxma,canım.
* * *
Dünya xaşıl tək qarışır,
İnsanlar cinnən yarışır.
Demə, şair səhv danışır,
Gəl,sözümdən çıxma, canım.
Ağdam-22.11.2019.

SƏN MƏNİM İÇİMDƏ YANAN OCAQSAN

Mən, səndən uzaqda bir ocaq daşı,
Sən mənim içimdə yanan, ocaqsan.
Məni kədər sıxır, dərd qucaqlayır,
Sən sevinc tutursan yaman qoçaqsan..
* * *
Mən sənə gəldikcə gözdən itirsən,
Yeri tərk eyləyib göydə bitirsən.
Gülüm, elə gəlib elə gedirsən,
Üzün gömək olmur san ki qaçaqsan.
* * *
Bir qərib Bülbül tək dil-dil ötürəm,
Qəmdən minbər tikib təvab edirəm,
Məni, həsrət üzür, solub gedirəm,
Sən çiçək açırsan, saçaq-saçaqsan.!
Ağdam-20.11.2019.


ÇƏK GÖZÜNÜ ÇIXIM GEDİM

Məni yoldan eyləmə, Qız,
Çək gözünü çıxım, gedim.
Mən bir qərib ruh kimiyəm,
Çək gözünü çıxım gedim..
* * *
Gəl., bu hissi ağ, eyləmə,
Dərdlərimi dağ eyləmə.
Düyün vurub bağ eyləmə,
Çək gözünü, çıxım gedim.
* * *
Elə baxma., boşum dolar,
Qəlb hönkürüb saçın yolar.
Məni məndən alma, nolar.
Çək gözünü, çıxım gedim..
* * *
Rahim, daha eşqə yaddı,
Şairliyim quru addı..
Gecə düşdü,günəş, batdı.
Çək gözünü, çıxım gedim.!
Ağdam-18.11.2019

GƏTİRMİŞƏM

Gülüm, görüşünə çiçək tapmadım,
Lalə tək qızaran üz, gətirmişəm.
Bükmüşəm qəlbimə, qoymaram sönə,
Dünyanı qızdıran köz, gətirmişəm.
* * *
Həsrət baxışlarla dəlib daş yaran,
Əksinə zillənib xoş xəyal quran.
Ötən Durnalardan yar deyib soran,
Bir cüt ağlar qalan göz, gətirmişəm.
* * *
Rahim, çox düşündü gecə yatmadı,
Sənli duyğulara haram qatmadı.
Bircə gül almağa pulum, çatmadı,
Sinəmdə bir çətən söz, gətirmişəm.!
Ağdam-17.11.2019.


ADAMI QOĞAL TƏK YEYİRLƏR ATAM

Qəsd edib, üstünə un çiləyirlər,
Ələkdən keçirib hey, ələyirlər.
Yoğurub xəmir tək kündələyirlər,
Adamı qoğal tək yeyirlər, Atam.
* * *
Nadanlar hər yerə dərdlər əkirlər,
Vurub gözəlliyi qırıb tökürlər.
İnsanlıq adına çəpər çəkirlər,
Adama özgə ad deyirlər, Atam..
* * *
Göz açıb eşq ilə baxırsan nəyə,
Alçaqlar hay salır mənimdir, deyə.
Çevirib ağ rəngin döndərib göyə,
Adamı tərsinə geyirlər, Atam.
* * *
Bir etsən, əvəzin min eyləyirlər,
Sevinci bizləyib kin eyləyirlər.
Şeytan eyləyirlər, Cin eyləyirlər,
Adamı qul edib əyirlər, Atam..
* * *
Rahimə qulaq ver, dinlə qardaşım,
Namərdlər içində ağarıb başım.
Hər adam görəndə çatılır, qaşım.
Elə bil alnımı düyürlər, Atam.!
Ağdam-16.11.2019.

EYLƏR

Cahil kəsə etibar yox əzəldən,
Dost adıyla səni bir gün xar, eylər.
Üz verəndə keçib başdan əyləşər,
Çəp oturub gen yerini dar, eylər.
* * *
Seçə bilməz, yarpaq ilə ləçəyi,
Bülbül bilər göydə uçan böcəyi.
Topa-topa düymə qalar çiçəyi,
Söyüd kimi nə açıb, nə bar, eylər.
* * *
Sevsə birin çəkə bilməz nazını,
Çox götürüb, dosta verər azını.
Soyuq qışa döndərər bil, yazını,
Yağış səpib, arxasınca qar, eylər.
* * *
Rahim deyir, zatı kökü bilinməz,
Kəsir qalar tam ikiyə bölünməz.
Bir sirr versən heç ağzında ilinməz,
Açıb tökər el içində car, eylər.!
08.03.2021. – Ağdam.


Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış