RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI
Müəllif: Yazarlar.AZ


04.10.2019



ƏSGƏR QARDAŞIM

Qəlbini isidir bu od,bu hənir,
Qələbə gününün səbri tükənir.
Sənin qeyrətinə vətən güvənir,
Ümid qalasısan,əsgər qardaşım.

Döyüşdür ilk yolu,son yolu yurdun,
Ruhun sevgisiylə dopdolu yurdun.
Bu ana torpağın,bu ulu yurdun,
Əziz balasısan,əsgər qardaşım.

Allahım, tez elə, etmə gec-günü,
Bir gün başlayacaq-ulu köç günü.
Doğma ocağına neçə köçkünü,
Yola salasısan, əsgər qardaşım.

Zəfər tonqalının yandır közünü,
Söylə bu torpağa “oğul” sözünü.
Bir gün yağıların oyub gözünü,
Qisas alasısan, əsgər qardaşım.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ARZULAR İSİNƏNDƏ

İndi yad əlində qalan yurdlarım,
Bir də çətin məni bağışlar, Vətən!
Hər gecə yatanda balıncım üstə,
Yağır gözlərimdən yağışlar, Vətən!

İtib arzularım dumanda, çəndə,
Yoxdu bir gedənim, gələnim mənim.
İnsafsız fələyin qürbət daşları,
Çoxdandır başıma ələnib mənim.

Üz tutub getməyə bir yol qalmayıb,
Zaman yığışdırıb bütün yolları.
Bəlkə çiçəklədi sonuncu ümid,
Ay ellər, bir addım tutun yolları.

Harda səslənirsə Göyçə kəlməsi.
Orda Ələsgərin ruhu diksinir.
Ümid asta-asta açır gözünü,
Ürəkdə don vurmuş arzu isinir.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ŞƏHİDLƏR

Ömrü addım-addım könül isidir,
Hünərin əbədi təntənəsidir.
Ulu azadlığın uca səsidir,
Qələbə ünvanlı yoldu şəhidlər!

Mələklər öyrədib heyrət andını,
Qəlbi səssiz içib qeyrət andını,
Heç vaxt unutmayıb cürət andını.
Qələbə ünvanlı yoldu şəhidlər!

Kədər ürəklərdə salıb bağça-bağ,
Azadlıq eşqiylə təsnədir dodaq.
Boylana-boylana qalıb Qarabağ,
Qələbə ünvanlı yoldu şəhidlər!

Buğlanır sinədə dərd sini-sini,
Babalar, öyrədin hünər dərsini,
Yarıb cəsarətlə dərd dənizini,
Qələbə ünvanlı yoldu şəhidlər!

Verib sinəsini dərdin önünə,
Söykən harayına,söykən ününə.
Milləti səsləyir qisas gününə,
Qələbə ünvanlı yoldu şəhidlər!

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

DÜNYA

Dağlarıma dolu düşdü,
Nədir mənim suçum, dünya?
Tez başladı, köçüm dünya.
Sızıldadı içim, dünya.

Səndən yoxdur dərdə Kərəm,
Kotan qoşub, dərd əkərəm.
Yalvarsanda əyilmərəm,
Əyil səndən keçim, dünya.

Çox üzmüsən sənə nə var,
İlqarına yox etibar.
Bəxtim yayda yağdırdı qar,
Tez ağardı saçım dünya,
Nədir mənim suçum,dünya.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

UNUTMAQ OLMUR
Başım üstə gəzən qara buluddu,
Səbrimi daraldıb, ruhumu uddu…
Bu necə alovdu, bu necə oddu,
Sənin gözlərini unutmaq olmur.

Bu dərdin bağrını necə teyləyim?
Çıxmır xəyalımdan, cıxmır neyləyim?
Bu könül sözünü kimə söyləyim?
Sənin gözlərini unutmaq olmur.

Demə bu ömrümün payız fəslidir,
Bir gözün Leylidir, biri Əslidir.
Hər misram dərdimə bir təsəllidir,
Sənin gözlərini unutmaq olmur.

Rəsmini cəkirəm, bax, bu da sonu,
Halını kim duyar, bəxtimin sonu?
Dili tutulubdur, laldı, ha soru,
Sənin gözlərini unutmaq olmur.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

8 dəfə oxundu

Axtarış