RƏHMAN ƏLİZADƏ – DUA…
Müəllif: Jamila Allahverdiyeva Alizade


14.10.2017


İndi, bu saat, bu dəqiqə
Cumardım mən ağırlıqda,
Mən boyda “daxmamın” içərisinə…
Qapı-pəncərəmi bağlar,
Pərdəni azca aralı saxlar, –
Göy üzünü görməsəm ürəyim partlar, sıxılar deyə…
Hə, üzümü ovcuma alıb, nəfəsimi tutar,
Beləcə saniyələr azalar.
Hə, əlbəttə azalar…
Üzüntümün səssizlikdə, sükutda, nəhayət, – süqutunda
Boğulan ah-zarını
Çəkərdim ciyərimə!..
Dərd məni udunca
Mən onu udardım.
Gözlərim göy üzünə dikili donardım…
İlahi rəhmətinə sığınar,
Sığınar,
Ürəyimin döyüntüsü yayılar vücuduma, canıma…
Barmaqlarımdan OVCUMA!..
Ovcumda tutub saxladığım zamana!

***
Adları olan şeylərin hamısı var və mövcuddur. Dünyada elə şeylər var və mövcuddur ki, onları görmədiyimizdən, duymadığımızdan hələlik onların adları yoxdur. Onlar əsil şairlərin şeirlərinə dönürlər. (RƏHMAN ƏLİZADƏ).
***

…Allah göy üzünü bəlkə ümid, güman yeri yaratdı – ola ki, yerdə daralıb sıxılarsan, getməyə daxma, qısılmağa künc, danışmağa kəlmə tapmazsan, – üzünü göy üzünə tutar, ciyər dolusu nəfəs alarsan, toxtayarsan bəlkə…

Uşaqkən yetim qalana, valideynlərindən birini itirənə – atan yaxud anan göy üzünə çəkildi, göydədir, oradan baxır, səni görür, səni izləyir deyə məsəl də çəkirlər ki, ürəyi qübar bağlamasın…
…Mən nə məsəl çəkə, nə də qayğıma qala bilirəm, ünsiyyətsizlikdən, yalqızlığımdan yadırğamışam, çaşbaş qalmışam, nə düşündüyümü, nə dediyimi bilmirəm…

…Göy üzü kimisən, ƏLİZADƏ, – günəşli, tutqun, dalğın, ümid yeri, güman yeri, əsl şairin ilahi şeiri kimisən!..

…Yağan yağışda, əsən mehdə, küləkdəsən!.. Külək sənsən, ƏLİZADƏ, tər qərənfillər qoxusunda, daşa dönmüş sükut içərisində SİRR kimi dolaşansan!.. Ovcumda tutduğum ürək döyüntüsündə, teatr, iş otağı, – səssizlik, saatın kəfgirinin tıqqıltısında, irəlliyən saniyələrin gətirdiyi şaşqın zamanların sonunda, – “ÖLÜM” adında yerdəsən!.. Hökmən yetişəcək “GƏLƏCƏK” sənsən! Gələcəkdəsən, ƏLİZADƏ!

...”Bərəkət” imişsən, “bərəkətdə” imişsən, ƏLİZADƏ!

Kimsələrin çatmadığına çatdığın, görənlərin görmədiyini gördüyün, adları olmayan mövcudları duyduğun üçün QƏRİB oldun bu dünyada!.. Qəribsədin, kövrəldin, göy üzünə çəkildin!.. Göy üzü kimisən, ƏLİZADƏ!..

***
Allahdan savayı hər şey, hər şey, ötəri görüntüdür. Hər şey, hətta Misir ehramları da ötəridir. Əbədi var olan, gözə görünməyən, həmişə görünən Allahdır – təəssüf ki, insanlar onu görmürlər. (RƏHMAN ƏLİZADƏ).

***

…Hər gecə gözlərimdə pəncərə,
Pəncərədən baxan imiş gözlərim.
Ulduzlar, Ay
Bünövrədən parlar imiş qaranlığın sinəsində.
Bunun fərqində imiş gözlərim!
Ən iri, – yarpaqları gömülmüş çılpaq ağacım,
Boğazı qəhərlənmiş,
Üşümüş,
Budaqlarında yerdəki ağırlığım,
A s ı l ı l ı ğ ı m…
D u a edərrmiş
Gözlərimdəki pəncərənin göz aydınlığı üçün…
Hiss edərmiş ürəyim!..
K ü l ə k – səssizcə, bəzən də hay-harayla alıb ağuşuna
Ağacımın duasın, –
Isti-isti, fərəhlə dağlara, buludlara,
Sabahlara daşımaqçın əsərmiş!..
O da məni sevərmiş!
Nə həssasmış küləyim!..
Və ilıq, fərəhli yaş parlayarmış gözlərimin aynasında
Kövrək imiş gözlərim!
…Beləcə yuyunarmış
Sabahım da,
Zamanım da,
Yerdəki ağırlığım,
Asılılığım da…
Yaşıl gözlü rəfiqəmin nəfəsində, səsində…
…Bundan sonar yalnız, – D U A üçün yaşamağa dəyərmiş!..
Ş ü k ü r l ü imiş sözlərim!..

***

…Nə yaxşı ki, 1947-ci ilin dekabr ayının bu günü doğuldun, var oldun, mövcud oldun, mənim üçün “Göy üzü”, “Gələcək”, “Dua” sən oldun, ƏLİZADƏ!
…Göy üzü kimisən, Ə L İ Z A D Ə!..


Cəmilə Allahverdiyeva
19.12.2014

8 dəfə oxundu

Axtarış