"Rüşvət" hekayəsi
Müəllif: Əzizağa Elsevər


2018-03-27 22:42:36


Sadıq hər günkü vərdişini bu gün də pozmadı. Üçmərtəbəli “Jasmin”in qabağında avtobusdan düşüb qəzetçi Aslanla salamlaşdı. “Nə var, ay qağa, qəzetlər yenə nəsə bir şey uydurmayıb ki?!”-soruşdu. Aslan da yüngülcə qımışa-qımışa “Yoox, müəllim, vallah, məəttəl qalmışam, elə köhnə hamam, köhnə tasdır!..”-dedi. Sonra Sadıq bir-iki addımlıqdakı çinar ağacına söykənib əl telefonuyla evə zəng çaldı. “Neçə çörək lazımdır”- bilmək istədi. Evdə mətbəxdə biş-düş edən arvadı “bir dəqiqə gözlə, qoy tabağa baxım-pıçıldayıb, ani olaraq da- hə-ə üç dənə al, üç dənə”-eşitdirdi. Yəni bu o demək idi ki, qonağımız yoxdur,elə gündəlik çörəyimizi al.
Sadıq birinci mərtəbədəki mağazaya girdi. Çörəkçidən üç çörək götürüb asta-asta kassaya yaxınlaşdı. Bilirdi, üç çörək filan qədər edir, hələ üstəlik beş-üç qəpik də artıq qalırdı. Yox, yaxşı deyil, gedib o qəpiyi də almayacaqdı ha?! Görənlərdən ayıbdır, sabah görənlər nə deyər.
Sadıq bir manatı aparatına başı qarışan sarışın qızın qabağına qoyub avomat şüşə qapıya sarı irəlilədi. – Dayanın, ay yoldaş, sizinləyəm... Eşitmirsiniz, nə olub, kar deyilsiniz ki, ha?! – Sadıq kassa aparatında işləyən qızın əsəbi, çılğın səsindən tutulub yerində qaldı. – Pulunuzun qaldığını niyə götürmürsünüz... Bizi olmaya alçaltmaqmı fikriniz var?! Yox, bir sizin rüşvətinizəmi, sədəqənizəmi qalmışıq. Ayıb olsun, heç yaşınıza yaraşırmı, bu da bir işdir, siz allah, camaat buna necə baxar! Daş-qalaq eləyər, inanın eləyər.
Sadıq özünü büsbütün itirmişdi. Gördüklərinə inana bilmirdi. Qızın əlləri titrəyir, qəzəbindən boğulurdu. Hirsi, hikkəsi ona güc gəlir, sifəti pörtüb, gözləri az qalırdı ki, hədəqəsindən çıxsın.
Alıcılar səs-küyə əllərini saxlıyıb, təəccüblə, heyrətlə: “Bu nədir, Bu ki, biabırçılıqdır! Belə də özbaşınalıq, yekəxanalıq olar?! Qanunlarımızı saymır, kimə güvənir görəsən... Cəzalandırın, mütləq cəzalandırın ki, azad Danqa-Dunq ölkəsində bir də belə qələt etməyə kimsə cəsarət etməsin!...”-deyə inadla tələb edirdilər.
Sarışın kassirin aparatın böyründəki düyməni basması ilə aləm qarışdı bir-birinə. Yüksək cinli polislər çox ağır bir cinayət olubmuş kimi doluşdular içəri. Hələ də nə olduğunu kəsdirə bilməyən Sadığın qollarına girib, biləngindən qandalladılar. “Danqa-Dunq ölkəsinin qanunlarını kimsə poza bilməz!..”-dedilər. Qəzetçilər əl-ayağa düşdülər. Dəftərlərinə qeydlərini yazdılar, pozdular. Fotoqraflar aparatlarını şaqqıldadıb, müxtəlif profillərdən görüntülər, şəkillər götürdülər. Televiziya müxbiri lap ağın çıxartdı. Kamera qabağında dayanıb, qışqıra-qışqıra: “Baxın, Danqa-Dunq vətəndaşları, halal qazancı olmayan, halallığın da qədrini bilməz. Belə natəmizlər durduqca yaşamaq da bizim üçün əzaba çevrilir. Ar olsun, belələrinə, ar oslun!..”deyib o ki, var ürəyini boşaltdı.
Sadığı polis idarəsinə apardılar. Geniş dəhlizdən keçirib daş pilləkənlərlə ikinci mərtəbəyə qaldırdılar. Üzərində “Danqa polis rəisi” sözləri yazılmış otağın qapısı ağzında dayandılar. Rəisin köməkçisi farağat vəziyyəti alıb : “Dayanmayın, keçin, rəis bayaqdan sizi gözləyir!..”-dedi. İçəri girdikdə rəis telefonda kiminləsə danışırdı. Söhbəti yarımçıq kəsməsə də, əliylə oturmaq işarəsi verdi. Sonra dəstəyi yerinə qoyub, barmaqlarıyla çal saçlarını daraqlaya-daraqlaya pəncərəyə sarı keçdi. Əllərini qoynuna qoyub sakit-sakit xeyli uzaqlara baxdı. Havadan payızın qoxusu gəlirdi. Yarpaqlar yavaş-yavaş qızılı-çəhrayı rəngə bürünürdü. Uzaqda qaralan dağların gözünə duman çökür, yaylaq yerlərinin ocaqları qaralır, köç-köçə söykənib yorğun-yorğun gəlirdi. Otlar gecə şehindən sırğalanıb günəş şəfəqlərindən büllurlanıb nurlanırdı. Qatarlanıb səmada cənuba sarı köçən durnalar sanki özü ilə bir həsrət, bir nisgil qoparıb aparırdı. Elə bil təbiət müdrikləşir və bu sakit halıyla insana nəyisə təlqin edirdi. Bu nə isə nə idi min illərdi, milyon illərdi beləcə sualsız, cavabsız ötüb keçirdi. Təbiətin bir parçası olan insan yeganə varlıq idi ki, təbiətin suallarına cavab axtarırdı. Dəyişmək, dəyişdirmək, yaşatmaq üçün!..
- Kişi, biz niyə dəyişə bilmirik? Niyə yaxşı insan ola bilmirik? Məgər elə həmişə başımızın üstündə qorxu hissi gəzməlidir ki, özümüzü yığışdıraq? – deyə polis rəyisi arxaya çevrilib Sadığdan soruşdu. Cavab gözləmədən yenə davam etdi. – Axı biz insanıq! İnsanın o biri canlılardan fərqi orasındadır ki, ağlı, şüuru var...
Rəisin çiyinlərindəki paqonlar nədənsə Sadığın gözündən yayınmadı. Onlar heç də Sadığın həmişə gördükləri kimi deyildi. Çöhrəsindən nur yağan rəisin enli çiyinlərindəki paqonlarda zər ulduzlar yerinə gümüşü aypara, onun içərisində açıq kitab, qızıl gül və sapsarı sünbül alışıb yandırdı. Sadıq belə bir adamın o stulda oturub hansısa haqsızlığa rəvac verəcəyinə inanmırdı. O qədər də böyük və dəbdəbəli olmayan otağın baş tərəfində portret yerinə zər haşiyəli çərçivə vurulmuş, məxmər parça üzərində “Danqa-Dunq Respublikasının Konstitusiyası (Baş Qanunu)” qoyulmuşdu.
Rəis Sadığın təəccübünü gözlərindən oxudu. Bir az da ciddi görkəm alıb, şəhadət barmaqlarını çərçivəyə tuşladı. “Qanun müqəddəsdir, - dedi. - Onu qorudunsa, o da səni ucaldacaq. O, namus, qeyrət, baş tacı kimi bir şeydir. Başçı təkrar-təkrar söyləyir ki, biz onu qorumağa, əsgər kimi sədaqətlə ona xidmət etməyə gəlmişik. Qanun həmişə mənim şəklimdən, özündən də yüksəkdə dayanmalıdır. Dayanarsa, ölkədə bolluq, əmin-amanlıq özü ayaq tutub yeriyər. İnsanın gözəl əməli onun şəkli deyilmi?! Qoy gözləri döyənək, qabar edən şəkillər yox, ürəkləri isidən əməllər olsun! Əməllər yaşayır, sabahlara keçib gedir. Şəkillər, yalançı büstlər, heykəllər isə zamanın tozanağında itib gedir.
Başçı yaltağın düşməni, yaltaqlığın qənimidir. Deyir, yaltağın sifəti olmaz. Buqələmun kimi bir şeydir. Mühütdən mühütə düşdükçə dəyişər. Başqasının tapdanmış haqqı üzərində özünün yaşamaq imkanını yaradar. Bütün rəhbərlərin faciəsində ləbbeyk deyənlər, yaltaqlar, simasızlar dayanır. İradəcə güclülər bu iyrənc sədləri dağıdıb keçir, zəiflər isə tapdalanıb onların gülüncünə, əsirinə çevrilir. Əməllərindən çox, əməlsizliyi adamı yandırır. Əməlsiz baçşıların ağrısı isə heç vaxt bitib tükənmir...”
- Rəis vallah, heç bilmirəm mənim günahım nədir.- Sadıq gileyli-gileyli dilləndi : -Müəllim babayam! Müəllimə də belə hörmətsizlik olar?!..-dedi.
-Yaşının bu çağına çatıbsan, saçın-saqqalın ağarıb. Bilmirsən hələ günahın nədir? Deyəsən lap ağ elədin haa... Rüşvətin böyügü, kiçiyi olmaz, canım. Rüşvət hər yerdə elə rüşvətdir! Sənin qəbahətin elə böyükdür ki, onu bağışlamaq olmaz. Bağışladın sabah o, daha böyük ağrılara, acılara dönüb qapını döyəcək. Rüşvət elə bir od, elə bir iyrənc virusdur ki, düşdüyü yeri yandırar, parçalar, dağıdar. Eybi yox, ədalət məhkəməsində qəbahətinin böyüklüyünü sənə başa salarlar... Hələ bir müəllim də deyirsən özünə...
-Rəis, beş-üç qəpik nədir ki, qadan alım, hələ bir rüşvət də ola. Düzü, gözləyib pulun qalığını da almağa utandım. Fikirləşdim ki, başqaları buna necə baxar?..
-Necə baxacaq! Sənin halal, haqqannə pulun deyilmi? Adam halal pulundan da qaçar? Bu sənə beş-üç qəpik kimi görünür. Ancaq əslinə baxsan, bu heç də belə deyil. Bir fikirləş, gündə gör nə qədər adam ordan alver edir?! Çox, yox, hərədən o qədər pul daldalananda gör hara gedib cıxır. Deyək, lap elə bilmirdin o rüşvətdir. Pulundanmı bezmişdin, bəs niyə qayıdıb almırdın?!. Sən müəllimsən axı. Müəllim də cavanları pis yola çəkər, tərbiyələrini pozar? Heç bilirsən zəhmətsiz gəlir insanları nələrə vadar edir?!. Əvvəl ağlını alır, sonra nəfsinə qul edib çöllərə salır! İnsanlığından çıxanın həşəratdan, heyvandan nə fərqi...
-Rəis, qadan alım nə məhkəmə, məhkəmə nədir? Onsuz ötüşmək olmaz məgər? Bu dünyada ölümdən başqa hər şeyin çarəsi var. Bəlkə dil tapdıq, həə... Bir düşünsənə, sən də insansan axı. Yəqin sənin də ailən, yol gözləyənin var axı!..
-Bəsdir! Sus, daha danışma!-rəis qışqırıb Sadığın sözünü kəsdi. Otaqda gəzinə-gəzinə:-Təəssüf, çox təəssüf, sən düzələn deyilsən! – söyləyib, eyni çılğınlıqla işçilərinə - Aparın, gözüm görməsin, tez aparın!..- göstərişini verdi. Polislər Sadığı rəisin otağından çıxarıb apardıqca, arxadan, açıq qapıdan:-Tək adamlıq təcridxanaya salın!.. Qoy bilsin... Bilsin ki, qanuna hörmətsizlik nədir!..- deyən rəisin hələ də qəzəbli səsi eşidilirdi. Bu səs divarlara dəyib çiliklənib
tökülür, pilləkənləri enən polislərin qanına üşütmə salıb, onları bir az da tələsdirirdi.
Sadığı təcridxananın qəzalılar üçün ayrılmış tək adamlı kamerasına saldılar. İçəri elə darısqal, sıxıntılı idi ki, otursaydı, az qalırdı dizi qarşı divara toxunsun. Tavan da o qədər hündür deyildi. İçəridən kəsif qoxusu gəlirdi. Dəmir qapının yuxarısında üskük boyda dəlik vardı. Dəlikdən zəif işıq düşür, sanki oğrun-oğrun tamiz hava içəri axırdı. Sadıq əlləri ilə başını tutub kürəyi ilə divara sürtünə-sürtünə yerə oturdu. “İlahi, nə şirin şeymiş azadlıq!-dedi. Kövrəldi. Gözləri yaşara-yaşara:- İnsan azadlığın içindəykən bəs niyə onun qədrini bilmir?!..” deyə özü-özündən soruşdu. Ürəyi sıxıldı. Özünü həmin məqamdakı qədər, bəlkə də heç vaxt, belə yazıq, arxasız, köməksiz hiss etməmişdi. Dindirən olsaydı, kim bilir, bəlkə, oturub zülüm-zülüm ağlayardı.Ürəyi boşalıncaya qədər ağlardı. Ancaq nə yazıqlar ki, ağlaya bilmirdi. Elə bil göz yaşlarını da əllərindən almışdılar. Onu sakitləşdirəsi bir damcı acı göz yaşlarını...
Hakimin çöhrəsindən ilahi bir nur yağırdı. Mavi gözləri qəlbinin dərinliyindən süzülüb gələn işıqdan alışıb yanır, çal saçları bu nuraniliyə bir az da gözəllik qatırdı. Adamın onunla bağlı nəsə pis bir şey barədə düşünməyə dili gəlmirdi.
Hakim üzərində 212 rəqəmi yazılmış göy cildli qovluğu açıb düşüncəli-düşüncəli vərəqlədi.
– Rüşvət !..Mina qədər qorxunc partlayıcı, fəlakət ! Neyləsən də ortalığa çıxır, qaçmaq olmur. Niyə, axı niyə görəsən insan bu pisliyə bulaşır? -deyə öz-özündən soruşdu. – Əvvəllər, nə danım, məmləkətimizdə də rüşvət var idi. Almayanlara aciz, ağılsız, alanlara isə zirək, bacarıqlı adam kimi baxırdılar. Məmurlar həddini aşmışdı. Xalqa xidmət büsbütün yaddan çıxmışdı. Soyğunçuya, azğına çevrilmişdilər. Ölkə başçısının portretini başlarının üstündən asıb, utanmadan ona boğazdan yuxarı tərif deyirdilər. O bədbəxt də onlara inanırdı.Amma, əslinə baxsan, elə o da onların tayı idi. Hara gedirdi orda qumarxana, əyləncə yerləri axtarırdı. Təhsil, elm, mədəniyyət yaddan çıxmışdı. Arvadı qohumlarına xoş gəlmək üçün kenqurulara məktəb açmışdı. Hələ o birilərin, heç o birilərin demirəm... Məmurlar siyirtməni çəkib “bax, bura atın!”- deyə rüşvəti gizlətmədən otaqlarında alırdılar. Bu rüşvətə də o yan, bu yan etmək olmazdı. Aşağıdan yuxarıya qədər sel kimi axıb gedirdi. Haqq-hesabda kəm-kəsir edən məmurun axırı heç də yaxşı qurtarmırdı.Bir də kimin hünəri nə idi ki, hansısa qəpiyi daldalayıb yuxarının payına şərik çıxa.
- Bəs sonra, sonra nə oldu? Nə dəyişdi?..
- Nə olacaq ?!.. İllər ötdü. Zamanın sərt küləkləri əsdi. Hər şey dəyişdi. Birinci
nəfsinə güc gəldi. Ədaləti bayraq edib başının üstünə qaldırdı. Qanun pozana qanunun gücünü göstərdi.
Mən hakiməm. Ədalət tərəzisi əlimdədir. Bu tərəzinin pərsəngi pozulsa, inamlar itər, ədalətsizlik ağrıya-acıya çevrilib qapımızı döyər. Hakim mərhəmətli, ədalətli olduğu qədər sərt olmalıdır. Dərs vaxtı xocamın dediklərindən yadıma bir misal düşdü. O deyirdi ki, uzaq keçmişdə Həxəmənişilərin məmləkətində şahları məhkəmə hakimlərinə-qazılara çox ciddi, həm də rəhmsiz yanaşırmış. Həxəmənişilərin səkkizinci şahı Kambiz biləndə ki, hakimi Sisamnes rüşvət alır, əvvəlcə inanmır,yəqin edəndə bərk qəzəblənir. Hakimi edam etmək haqqında göstəriş verir. Yenə də ürəyi soyumur. Edamdan sonra Sisamnesin dərisini də soydurub, sağlığında oturduğu kürsünün üzərinə çəkdirir. Hakimin oğlunu gətizdirib o kürsüdə əyləşditdirir.
Nə qədər ağır olsa da, çox ədalətli qərardır bu, oğlum, sən rüşvət veribsən. Laqeyidliyin, biganəliyin çoxlarına da sirayət edə bilər. Rüşvət verən varsa, rüşvət alan da tapılar. Nə fərqi var, alan da, verən də insanlığa xəyanət edir. Halallığa,düzlüyə, təmizliyə xəyanət edir. Səni axıra qədər dinlədim, günahlarını yumağa bir səbəb, bir dəlil tapa bilmədim. Sənin rüşvət verən barmağın kəsilməlidir. Kəsik barmağın həmişə sənə bağışlanmaz günahlarını xatırlatmalıdır. Verdiyin rüşvətin min misli qədər cərimə ödəməlisən, çünki dəyərli vaxtımızı dəyərsiz düşüncəylə yaşamağa sərf etmisən. Bunlar azmış kimi hələ, qırx şallaq da yumşaq yerinə vurulmalıdır. Duzlu suya qoyulmuş şallaq heç bilirsən nədir ? Yox, bilmirsən! Hardan biləsən. Qanunsuzluğa heç vaxt yumşaq yanaşmaq olmaz. Qanun nə qədər sərt sifətini göstərərsə, ürəklər də bir o qədər işıqlı, sakit, təbəssümlü olar...
Sadığı məhkəmədən sonra yenidən təcridxanaya apardılar. Qollarının qandallarını açdılar. Hökm təxirə salınmadan icra olunmalı idi. Əvvəlcə barmağı kəsiləcəkdi. Günahkar barmağı, şəhadət barmağı. Məhkəmə hökmünün icrasına nəzarət edən uzun mantiyalı məmur qara çantasından hökmün surətini çıxarıb ağır-ağır oxudu. Hissiz, duyğusuz kimi görunən qapı ağzındakı iki yekəpər polis onun sözü hələ ağzından bitməmiş irəli yeridi. Sadığın qollarını burub məngənəyə saldılar. Sonra sıxmağa başladılar. O qədər sıxdılar ki, Sadığın ağrıdan az qala nəfəsi kəsiləcəkdi. Dartındı, çırpındı, özünü qoruya da bilmirdi Sadıq. Elə bil özü-özündə deyildi. Allah. Insanın acizlik məqamı nə yaman ağırmış?! Bağ qayçısı kimi iti ağızlı qayçını şaqqıldada-şaqqıldada ağ xalatlı birisi irəli yeridi. Sifəti maskalı idi, düz-axıllı heç gözləri də görünmürdü. Qayçını şəhadət barmağına keçirib sıxmaq istəyəndə elə bil Sadığın içində vulkan püskürdü. İlahi güc gəldi. Çığırdı. Elə çığırdı ki, səsi divarlarda cingildədi, təcridxananı silkələdi.
– Noolub, ay kişi, niyə qışqırırsan? - ərinin qışqırığından diksinən qadın mətbəxdə işini yarımçıq qoyub yataq otağında qan-tər içində mürgüləyən Sadığın başının üstünü kəsdirdi, böyrünü dümsüklədi.
– Yuxuda yenə nə görürdün? Olmaya o başı batmış kabus yenə dalınca düşüb gəlirdi?..Booyy,..qulaqlara qurğuşun aparmağa adammı qəhət idi. Kişi, sənə dedim axı, Molla Abdullaya bir yasın oxutdur, yoxsa...
– Bəsdir, ay arvad!-deyə qorxunc yuxudan bərk həyacan içərisində ayılan Sadıq arvadının sözünü kəsdi:- Avam-avam danışma, sən atovun goru, o kabus gəlsəydi nə vardı ki,.. Qurban olum öz yurduma. Rüşvəti də gözəldir. Rüşvəti alanda da kişi kimi alırlar. Zalım uşağı beş köpüydən ötrü barmağımı kəsirdilər. Sən olmasaydın, arvad, vallah məni birtəhər edəcəkdilər. Sağ ol ki, vaxtınada məni qurtardın...
– Həə-ə... qurtardınsa, onda axırı yaxşı olar. Dur, dur ayağa, ay kişi, direktor özü Rüfətin sənədindən ötrü zəng etmişdi. Deyir, gəlsin məni görsün!.. Gəlməsə, işdir, geciksə, onda daha mənlik döyül, özü bilər!.. Ləngisə dqdıkıdı, tıqdıkıdı ya nədi bilmirəm, dilim də dönmür... gedib oradan alacaq. Oranı da deyir, allah göstərməsin, tfu,tfu!.. üzünü görmə, yaxına düşməyə də qoymurlar.
– Qoyarlar, ay arvad, qoyarlar! Dünyanın axırı deyil ki, bir səbrin olsun... –Sadıq asta-asta nəfəs alıb sakitləşdi.Dodağının altında öz-özünə deyinə-deyinə yataqdan qalxdı.Axı direktor onu gözləyirdi.

Bakı şəhəri, 2012, 8 iyul – 16 avqust

52 dəfə oxundu

Axtarış