SADIQ QARAYEV - YUXARIDAN BAXIŞ
Müəllif: YAZARLAR.AZ


28.02.2021


YUXARIDAN BAXIŞ
Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb, gedə bilərsən, oğurladıqlarınla birlikdə?
Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay alaqanmaz, lüt zəngin, çoxbilmiş məcnun.. Məsələn dəniz qırağını, dağı, meşəni çəpərləyən, bunlar hardan, necə sənin olur? Ümumiyyətlə bir qum dənəsi, ağac yarpağı, necə sənin ola bilər? Eynşteyn qum dənəsinin sirrini aça bilmədi, Timrzayev fotosintezdən, Navaşin ikiqat mayalanmadan vəcdə gəldi.
Anlamaq üçüm deyim ki, sən bütün bunlara necə sahib ola bilərsən? Nə yaratmamısan, nə onu sənə verməyiblər, nədə ki, dərk etmirsən o nədir, niyə mövcuddur. Elə gəlib durub, yanında mənimdir deyirsən.
Dünyada nə varsa ümumidir, İnsan üçün yaradılıb, məxsusi tək bir fərd üçün deyil. Dənizi yaradan harda dedi ki, bunu sən biokütləyə verib? Məsələn günəş, ay, ulduz, hava, su...
Demək ki, meşəni zəbt edən gücü çatsa günəşi də torbasına atıb, "mənimdir" deyər.
Anlamırlar ki, yəni öz ürəyini, böyrəyini görməyən, dərk etməyən, bir sözlə sahib ola bilməyən , özü nə qədər görünən, görünməyən canlıların oylağı olan, nələrsə tərəfindən "çəpərlənmiş" anlamır ki, bu dünyada heç nə onun ola bilməz, bu mümkün deyil axı. Sənin onu götrüb getməyə yerin yoxdur, hara getsən elə bu dünyanın içindəsən. Uşaq oyuncağının yanında durub, mənimdir deyən kimi, özününkü bilərsən. Ancaq birazdan əzrayıl əmi gəlib deyər ki, " ta böyümüsən, at bu oyuncağı gedək, xötəy!".
Elə bu vaxt öz ən yaxınların tökülüşüb üstünə nəyin var əlindən alar, hətta paltarını soyundurub, dişin zadın bahalıdırsa söküb, çıxardarlar. Deyim ki, sağ olsan, bərk- bərk paltarını tutarsan... Təzədən ürəyin partlayar, ki ayə bu görməmişlər niyə belə edirlər ki...
Məzarın da ölçüsü "mənimdir" dediyin torpaq, meşə, dəniz və s. dən çox kiçikdir, çox.
Ancaq bu da sənin deyil, ümumidir, ilanı çayanı var torpağın, qurdu, böcəyi var yerin- yurdun...
Bu dünyada insanın şəxsən özünə məxsus, onun olanı mənəviyyatı ola bilərdi, boğuşursansa, zəbt edirsənsə, oğurlamağa cəhd edirsənsə, demək o da yoxdur, bu görünməyən nəsə də sənin deyilmiş... Acınacaqlı dərəcədə kasıbsanmış...
Səfil gündə, çarəsiz , səhradasan, dəniz qırağında, meşədəsə. Qum adam, su adam, meşə adam... Səs eşidirsən... İtlər sümüyü öz qabağına çəkmək üçün boğuşurlar...
Bu sənin aləmlər, oğurlayıb getmək istədiyin məkanlar arasında öz- özünü görməyin, səsini eşitməyindir.
Müəllif: Sadıq QARAYEV

2 dəfə oxundu

Axtarış