Şahmar Əkbərzadə - Qarabağsız Qarabağlı
Müəllif: Yazarlar.AZ


27.12.2019


Şahmar Əkbərzadə haqqınada

Tanınmış şair, jurnalist Şahmar Əkbərzadə — 28 Dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur.

YARADICILIĞINDAN NÜMUNƏLƏR:

Qarabağsız Qarabağlı

Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına..
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına..

Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən..

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin..
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin..

Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
“Leş bir yana, baş bir yana” -deyirdin,
Qalağa vurduğun qardaş başıydı..

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..

Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən..

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..!

AĞALAR BAYRAMOVUN İFASINDA:


DAYANIN!

Mənə əl eləyən əllər dayanın,
Boynuma dolanan qollar dayanın,
Çiçəklər dayanın,güllər dayanın,
Məni ötürməyə tələsməyin siz !

Hələ ocaqlardan od əmməmişəm.
Dərdimi Araza göməmməmişəm,
Vüsalın ətrinə bələnməmişəm,
Məni ötürməyə tələsməyin siz!

Dərddən hayıf çıxmamışam doyunca
Onu daşa çaxmamışam doyunca
Ərk qalama baxmamışam doyunca
Məni ötürməyə tələsməyin siz.

Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim ,
Dəli həsrətimi külə döndərim ,
Məni ötürməyə tələsməyin siz!

Səttərxanın məzarını öpməmiş,
Torpağını gözlərimə səpməmiş,
Ayrılığa dəli nərə təpməmiş,
Məni ötürməyə tələsməyin siz !

Təbriz 1992

ÖZÜN ÖZGƏNİN

Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.

Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.

Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.

Qrimləyir

Dolanır boynuma doğmalıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Sükutu ilahi bülbül cəh-cəhi,
Mənim varlığımı qəm qrimləyir.

Şəfəqlər zülmətin kəsir başını,
Bəyaz dan yerini qan qrimləyir.
Sübh yeli meşəni, şeh bənövşəni,
Məğrur zirvələri çən qrimləyir.

Şirin mürgülərdən ayrılır güllər,
Göylər yer üzünü nura bələyir.
Dənizdən sahilə çıxır gözəllər,
Mərmər sinələri gün qrimləyir.

Tökülür dənizə nazlar, qəmzələr
Bəxtəvər suları naz qrimləyir.
Leyli-Məcnunları sərin gölgələr,
Məcnun söyüdləri yaz qrimləyir.

Gündüzü-günəşli loğman havalar,
Gecəni Krımda Ay qrimləyir.
Yalları bulaqlar, yolları çinar,
Zümrüd vadiləri yay qrimləyir.

Hanı gözəllikdə Krıma tay yer?
Hanı əzizlikdə Krıma əvəz?
Hər şey bu yerlərdə qrim götürər,
Bircə faciələr qrim götürməz.

Dolanır boynuma ayrılıq mehi,
Hardasa bir dəli həsrət inləyir.
Kiminin bəxtini bülbül cəh-cəhi,
Kiminin bəxtini qəm qrimləyir.
1985

YOLLAR

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.
(1968)

Təzə nağara

Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.

Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.

Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.

Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.

Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.

Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.

Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!

Allah amandır!

Adamlar itirir adamlığinı,
Adam təlxək olur, Allah amandır!
Kələklə gələnlər küləklə getmir,
Kələk pələng olur, Allah amandır!

Sürülər mələşir, qoçlar həlləşir
Çaqqal qurda dönür,tülkü şirləşir
Cüllüt qartallaşir,milçək filləşir,
Fillər milçək olur, Allah amandır!

Bülbülün yurduna quzğun tökülür,
Güllərin gözünə millər çəkilir,
Qədim gülüstana sitəm əkilir,
Sitəm çələng olur, Allah amandır!

Səyi bəy eyləyən dastançıya bax,
Bostan tanımayan bostançıya bax,
Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!

Quru didişmədə vaxt batıb gedir,
Hamı xalq-xalq deyir, xalq batıb gedir,
Haqsızın əlində haqq batıb gedir,
Haqlı “xərçəng”olur, Allah amandır!

Hesab çəkiləndə əyri düz çıxır,
Üzü üzlər görən qarı qiz çıxır,
Həqiqət bir anda dönüb fıs çıxır,
Yalan gerçək olur, Allah amandır!

Namərdlər birləşir, mərdlər əyişir,
İmanlar, məbədlər, pirlər dəyişir,
Məqamlar dəyişir, yerlər dəyişir,
İblis mələk olur, Allah amandır!

Hanı

Xoş gördük a yerlər a göylər salam
Gəldim o yerlərdən bir salam alam.
Danış bənövşəli, laləli talam
Ölüb dirildiyim o anım hanı.

İlk eşqin qisməti gətirməyirsə
Talada görməsin günahı kimsə
Andına eşqinə dönük mənəmsə
Bəs əhdinə vəfalı olanım hanı.

Tutulub göylərin qaşı qabağı
Dindirə bilmirəm şahid qovağı
Soruşa bilmirəm ayrılıq çağı
Arxamca gözləri dolanım hanı.

Sənsiz bu yerlərdə şirin avazam
Kövrələ-kövrələ axan Arazam
“Yanıq Kərəm”yə köklənmiş sazam
Dindirənim hanı, çalanım hanı.

Laçınlı Şahverdi dədəyə

Çoxdandır burnumun ucu göynəyir
Şirin söhbətindən, sözündən ötrü.
Söhbət bəhanədir, vallah, ay dədə,
Özüm divanəyəm özündən ötrü.

Könlümdə bir dəli həsrət kişnədi,
Bu dünya gözümdə sənsiz heç nədir.
Özüm də bilmirəm niyə təşnədi,
Gözüm Gözbulağın gözündən ötrü?!

Küsməyə haqqı var o dağların da,
Lilparlı, yarpızlı bulaqların da,
Bir il yarımdır ki, dodaqlarımda
Bir öpüş göynəyir üzündən ötrü.

Bahar yal-yamaca gül ələyibdir,
Xəyalım o yerə iməkləyibdir,
Sinəmdə qəm-qüssə çiçəkləyibdir
Başyurdun çiçəkli düzündən ötrü.

Mıxtökən zirvəsi göz diksin bizə,
O dağlar nəriylə duraq üz-üzə,
Dədə-bala bardaş quraq diz-dizə,
Dizim həsrət çəkir, dizindən ötrü.

Hövcələm tükənib ajı il sayır
Hər gün görüşünə ümid bağlayır.
Mərmər səkilərdə izim ağlayır
Şehli çəməndəki izindən ötrü.

Üşüdü

Sənsiz salamımı almadı dağlar,
Həmdəmim, həyanım olmadı dağlar,
Elə köks ötürdü gülgəz yaylaqlar
Yamaclar üşüdü, qaşlar üşüdü.

Məni sənsiz görüb süsən saraldı,
Nərgiz pörşələndi, lalə qaraldı,
Göyü bulud basdı, yeri qar aldı,
Dərələr ah çəkdi, döşlər üşüdü.

Məni sənsiz görüb ürpəşdi otlar
Əsdi titim-titim titrəşdi otlar,
Bəyaz yaylığını sıxdı buludlar,
Məni sənsiz görüb quşlar üşüdü.

Üzümə baxmadı gədiklər, gülüm,
Mələşdi talada əliklər, gülüm,
Elə oxudu ki, kəkliklər, gülüm,
Qayalar səksəndi, daşlar üşüdü.

Məni sənsiz görüb çağladı bulaq,
Könlümü min yerdən dağladı bulaq,
Körpə cüyür kimi ağladı bulaq,
Gözümün içində yaşlar üşüdü.

KİRPİYİMİ QƏDƏMİNƏ SƏRİM QOY!

(Mələk Baharlıya)

Məndən küsmə, gül nəfəsin töyşüyər,
Səni görüb bənövşələr pörşüyər,
Dayan gülüm, ayaqların üşüyər,
Kirpiyimi qədəminə sərim qoy!

Əl verirəm, əsdirmirsən əlimi
Gül verirəm, küsdürürsən gülümü,
Yavaş yeri, yel dağıtmış telini
Ürəyimin tellərinə hörüm qoy!

Həsrətimin çiçəkləri xallanıb,
Ədaların şan bağlayıb, ballanıb,
Dodağında küsüşmələr barlanıb,
O barları dodağımla dərim qoy!

Heç bilmirəm ulduz nədir, Ay nədir!
Bürcüm nə bürc, günüm nə gün, ay nədir?
Baxışların taleyimə aynadır
Ayaq saxla, taleyimi görüm qoy!

Şahmar yazıq hardan alsın dözümü?
Nazın, qəmzən sındırıbdır dizimi.
Yana-yana kül elədim özümü,
Sürmə olum, gözlərinə girim qoy!

BİLMƏYİM

Bir gün ünvanıma gələcək ölüm!
Zərrəcə eynimə gəlmir ölməyim!
Elə utanıram, gələsən, gülüm,
Sənin ayağına dura bilməyim!

Namərddir ölümdən üşənib qorxan!
Bir şərbət nədir ki, içə bilməyəm?!
Elə utanıram, adi yağışdan
Sənin göz yaşını seçə bilməyəm!

Elə utanıram gəlib-gedəsən,
Sənin gəlişini duya bilməyəm!
Üstümə səpdiyin çiçəkləri mən
Gözümün üstünə qoya bilməyəm!

Elə utanıram, utanıram mən,
Ayılam, könlünü ala bilməyəm!
Dərdim təzələnə, xəcalətimdən
Ölmək istəyəm mən, ölə bilməyəm!

“Poçt şerləri” silsiləsindən

Qismətim gümandan gümana düşüb,
Köksümdən perikib könlüm haçandır.
Məhəbbət çəmənim tufana düşüb,
Çırtlamır çiçəyim, gülüm haçandır.

Haçandır ürəyim dağlanır köz-köz,
Dəstəkdən üstümə od ələnibdir.
Könlümün həsrətlə gözlədiyi söz
Telefon xəttində çiliklənibdir.

Gör harda qırıldı telefon teli,
Qismətim çətin ki, isinə daha.
Qəzaya uğrayıb eşqimin feli,
Qanadı qırılmış isiməm daha.

Xətlər ümidimi veribdir bada,
Taleyim o sözü öpəsi idi.
O söz gümanımı öldürüb, ya da
Üstümə səadət səpəsi idi.

Görən tapılarmı söz qırıqları?!
Tutubdur üzünü ellərə könlüm.
Baş alıb sinəmdən Gəncəyə sarı,
Düşüb dəli kimi çöllərə könlüm.

Telefon telini bağrına basıb,
Çalıb oxuduğu “Yanıq Kərəm”di.
Neyləsin “sev”-çatıb, sözün arxası
Bilmir ki, “-irəm”di, yoxsa”-mirəm”di?!

Bitməsin

Apar məni o günlərə,o aya
Göz baxmaqdan,üz yanmaqdan doymaya,
Əllərimi əlin yaxin qoymaya,
Nəfəsimdə də nəfəsinə yetməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni ilk görüşə,üşənim,
O görüşün ayaqina döşənim,
Biraz gecik,üşüm-üşüm üşüyüm,
Qoy ürəyim titim-titim titrəsin
Bu sevdamin ömrü günü bitməsin!

Apar məni o bahara gəl,gülüm,
Cicək olum əllərinlə üzülülm,
Bircə-bircə tellərinə düzülüm,
Xəyalimdan özgə xəyal ötməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni o yerlərə,gəzək bir.
Anan səni şişə cəksin,dözək bir,
Bəhanə tap,inciyək bir,küsək bir.
Durub gedim,ayaqlarim getməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Apar məni o günümə baxim mən,
Qizillari yandirim mən,yaxim mən,
Öz eşqimi barmaqina taxim mən,
Bir üzüyə yenə gücüm yetməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

Daş-qaş nədir,sən qüdrətdən süslüsən,
Göydən enməz mələklərin mislisən,
Bu dünyada bir od mənəm,bir od sən,
Alov varmi,mənə qibtə etməsin?
Bu sevdamin ömrü-günü bitməsin!

AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm, günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

ƏLVİDA

Çatdı halallaşmaq vaxtı, a yerlər.
Yamaclar əlvida, yollar əlvida!
Hər yarpaq mehriban bir ələ bənzər,
Mənə əl eyləyən əllər, əlvida!

Dərdimi heç kimə aça bilmədim,
Hicranın əlindən qaça biımədim,
Zülmün sədlərini keçə bilmədim,
Çəmənlər əlvida, çöllər əlvida!

Bir ocağın odu-közü olmadım,
Saza dönüb “Yanıq Kərəm çalmadım,
Toza dönüb qoynunuzda qalmadım,
Cığırlar əlvida, yollar əlvida.

Kükrəyə-kükrəyə qabarmadınız,
Həsrətin bəndini qoparmadınız,
Yuyub dərdlərimi aparmadınız,
Yağışlar əlvida, sellər əlvida!

Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar əlvida, ellər əlvida!

TƏBRİZ. 1992

Səni

Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan…
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni

Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.

Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.

* * *

Bu gecə nə gözəl gecədir, könül,
Bu gecə ay necə bədirlənibdir.
Dünya süd gölündə çimir elə bil,
Elə bil üfüqlər yerə enibdir.

Gecə ağ duvaqlı nazlı gəlin tək,
Açıb saçlarını yuyur sularda.
Yaylıq tək asılıb ağacdan külək,
Dünya nə gözəlmiş bu ilk baharda…

Bəlkə ikimizik dünyada oyaq,
Bəlkə bu gecənin gəlişi haqdır.
Sən mənə səhərin gözləriylə bax,
Bəxtim günəş kimi doğulacaqdır.

Ulduzlar torpağa tökülür dən-dən,
Çiçək yağışında yuyulur gecə.
Torpağın əliylə yazıla bilən
Gözəl şer kimi duyulur gecə.

Uzansın bu gecə… Sökülməsin dan,
Bu gecə huşumu başımdan almış,
Utansın bu gecə yanaqlarından,
Bu gecə üzündə bir qara xalmış…

İLKİN MƏNBƏ: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış