Sapa duzulmuş muncuqlar
Müəllif: Adil ZAMAN


2017-10-08 15:57:01


Adil ZAMAN

Sapa düzülmüş muncuqlar
(Kiçik povest)

- Sabah səhər... Sabah səhər... Sabah...
Fazil özü öz səsindən diksinib, başını mizin üstündən qaldırdı. Ala-qaranlıq otaqda gözünə dəyən ilk şey mizin üstündəki boş araq şüşəsi, dibində bir-iki qurtum araq qalmış stəkan və pərakəndə halda səpələnmiş çörək qırıntıları oldu. Əlləri ilə üz-gözünü, alnını ovuşdurub, yorğun və qızarmış gözlərini qarşıdakı divardan asılmış şəklə zilləyərək, acı-acı düşündü: “Deməli, sabah səhər...” Bu iki kəlmə sözdən başqa ağlına heç nə gəlmədi. Heç nə haqqında düşünə, heç nə barəsində fikirləşə bilmədi. Elə beləcə donub qaldı; yorğun, qızarmış gözləri divardakı şəkildə, bir əli araq şüşəsində, bir əli də stəkanda...
Həmin şəkil səkkiz il bundan əvvəl - 1970-ci il yanvarın 8-də çəkilmişdi. Özü də gecə, lampa işığında. Soyuq və küləkli havada. Küçələrdə ins-cins gözə dəymirdi. Gecə saat bir, iki olardı. Onların isə heç nə vecinə deyildi; arxayın-arxayın, ikibir, üçbir dənizkənarı parkda gəzişirdilər. Səkkiz qız, səkkiz oğlan – Fazilin tay-tuşları və Kiçikxanım. (Bu qızla Fazil beş-altı saat əvvəl tanış olmuşdu). Qalın geyinmişdilər; oğlanlar qulaqlı papaq, qızlar yun şal örtmüşdülər. Külək onlara göz verib işıq vermirdi. Sifətləri qıpqırmızı qızarmışdı. Belə havada dədəsi ölən kəfənə getməzdi. Amma onlar iki saatdan çox idi ki Bakının adamsız küçələrini gəzib-dolaşırdılar. İndi də gəlib dənizin sahilinə çıxmışdılar; sanki evlərin, ağacların onları küləkdən müəyyən qədər qoruması xoşlarına gəlməmişdi. Elə bil ki, Xəzri ilə bilavasitə üzləşmək, öz güclərini ona göstərmək istəyirdilər: “Görürsənmi, sən bizim üz-gözümüzü gicitkən kimi dalayırsan, burnumuzun ucu soyuqdan göynəyir, amma biz səndən qorxmuruq. Biz səhərə qədər də belə gəzə bilərik!..”
Bütün bunları Fazilin xətrinə edirdilər. Bu axşam onun 17 yaşı tamam olmuşdu. Ata-anası ad gününə bir aydan çox hazırlaşmışdı. Bakının ən seçmə, adlı-sanlı adamları Fazilə qiymətli hədiyyələr gətirmişdilər. Atasının bir neçə dostu isə pullarını bir yerə qoyub, ona axırıncı model “Jiquli” avtomobili almışdılar...
...Sağlıq sağlıq ardınca deyilirdi. Bir təntənə, bir qiyamət var idi ki gəl görəsən. Məclis görünməmiş dərəcədə şən keçirdi. Hamının üz-gözündən sevinc yağırdı. Fazilin atası Camal, anası Zəminə qonaqları lazımınca əyləndirmək üçün hər şeyi qabaqcadan düşünüb-hazırlamışdılar.
Axıra yaxın Camalın dostlarından bir neçəsinin sözü düz gəlmədi. Onlardan biri Fazili yayda Xalq Təsərrüfatı İnstitutuna, ikincisi Tibb İnstitutuna, üçüncüsü isə Universitetin hüquq fakültəsinə qəbul etdirmək istəyirdi. Uzun mübahisədən sonra Camal söhbətə müdaxilə eləyib, hüquq fakültəsinin daha münasib olduğunu qeyd etdi. Digər dostları incisələr də bunu büruzə vermədilər və mübahisəni dərhal kəsdilər.
Bir azdan qonaqlar dağılışmağa başladılar. Əvvəl Camalın dostları, Zəminənin rəfiqələri, sonra isə qohum-tanışlar dəbdəbəli restoranı tərk etdilər. Lap axıra Fazilin tay-tuşları qaldı. Birdən Fazil ayağa durub:
- Kim mənimlə şəhərdə gəzmək istəyirsə, - deyə elan etdi, - geyinib hazırlaşsın.
Bayırdakı havadan xəbəri olmayan yeniyetmələr isə elə bunu gözləyirlərmiş kimi dərhal ayağa qalxıb, hay-küylə paltarasana yaxınlaşdılar...
...Onlar “Sahil” restoranının yanına çatanda məktəbin “fotoqraf”ı Seyfəl birdən ayaq saxladı. Həmişə özü ilə gəzdirdiyi fotoaparatını çıxarıb, üzünü yoldaşlarına tutdu:
- Uşaqlar, gəlin bu tərəfə - külək vurmayan yerə. Sizin şəklinizi çəkəcəyəm.
Bu təklif hamının ürəyindən oldu. Keçib Seyfəlin göstərdiyi yerdə - elektrik lampaları ilə işıqlandırılmış pilləkənin üstündə dayandılar. Əvvəl Seyfəl bir neçə dəfə onların şəklini çəkdi. Sonra fotoaparatı İbrahimə verib, özü onun yerinə keçdi. Fəqət o soyuq və küləkli gecədən Seyfələ öz şəkli yadigar qalmadı; fotoaparatda lent qurtarmışdı...
- Görəsən, Seyfəl indi hardadır, - deyə Fazil gözlərini divardakı şəkildən çəkmədən bərkdən əsnədi, oturduğu kürsünü geri itələyib, ayağa qalxdı, əsnəyə-əsnəyə gərnəşdi, ayaq üstə dura bilməyib, kürsüyə çökdü. Xəyal onu qanadlarına alıb, uzaqlara – o qayğısız və fərəhli çağlara apardı...
Fazil ailənin yeganə övladı idi. Buna görə də bütün arzuları danışıqsız yerinə yetirilirdi. Hətta orta məktəbi qurtarıb, ali məktəbə getmək istəmədiyini söylədikdə belə bu, atasının ürəyincə olmasa da, üstünü vurmadı. Anası isə ona bəraət qazandıraraq dedi ki, bəsdir, uşaq on il oxuyub, gözlərinin qarasını töküb, qoy bir az gəzib kefini çəksin. “İnstitut qaçmır ki! Dostlarımızın canı sağ olun!..”
İki il avara-sərgərdan gəzəndən sonra atasının dostlarından biri onu İncəsənət İnstitutuna düzəltdi. Lakin ikinci kursun əvvəllərindən: “Məndən artist olmaz”, - deyib, dərsə getmədi. Ali və Orta-İxtisas Təhsili Nazirliyində işləyən qohumları ilə məsləhətləşəndən sonra Fazili Xalq Təsərrüfatı İnstitutuna köçürdülər. Burada da müəllimlərin üzünü imtahandan-imtahana görürdü. Düzdür, dekanlıqdan əlavə fakültə partiya və komsomol komitələrinin bəzi üzvləri də Fazilin günlərlə dərsə gəlmədiyini bilirdi. Lakin onların heç biri, necə deyərlər, “ağrımayan başına soğan bağlamaq istəmirdi”. Bu isə Fazilə istədiyini etmək imkanı verirdi. Heç nə onun vecinə deyildi; altında maşını, cibində pulu, yan-yörəsində də özü kimi tay-tuşları...
O gün olmurdu ki, kef məclisi düzəltməsinlər. Xarici caz musiqisi, açıq-saçıq qızlar başını elə dumanlandırmışdı ki, gələcəyi barəsində düşünmək heç ağlına da gəlmirdi. Ata-anası da: “Hələ uşaqdır uşağım”, - deyərək, onun bütün hərəkətlərinə göz yumurdu. Əslində isə Camalın oğlunun tərbiyəsi ilə məşğul olmaq üçün heç imkanı da yox idi. Onun vaxtının xeyli hissəsi çox məsul vəzifəsi ilə əlaqədar qəbullara, görüşlərə, müxtəlif iclas və müşavirələrə sərf olunurdu. Axşamlar isə evə az-az gələrdi. Şəhərin mərkəzində tikilmiş kooperativ evdə ikiotaqlı mənzili də vardı. Buranı, sözün əsl mənasında, eyş-işrət yerinə çevirmişdi. Lap o nağıllardakı kimi, şəhərin say-seçmə qızlarından gündə birini bura gətirirdilər. Beş-altı il əvvəl Kiçikxanım da ilk dəfə bu mənzilə ayaq basmış və bir neçə il Camalın daimi “qonaq”larından birinə çevrilmişdi. Bütün bunlardan Zəminənin də xəbəri var idi. Ancaq ərinin heç bir hərəkətinə irad tutmurdu. Əvvəla ona görə ki, Zəminə həftədə bir-iki dəfə Camala zəng edər və o da gəlib, gecəni arvadı ilə bir yataqda keçirərdi ki, bu da Zəminə üçün tamamilə kifayət idi. İkincisi də, Zəminənin fikrincə, məşhur, hərtərəfli təmin olunmuş bir kişinin arvadı olmaq özü böyük bəxtəvərlik idi. Hətta o sənə xəyanət etsə belə. Camalın hərəkətlərinə isə Zəminə adi bir əyləncə kimi baxır, bu barədə söz düşəndə rəfiqələrinə də deyirdi: “İşi ağırdır, daim stres keçirir. Buna görə də emosional gərginliyini boşaltmalı, xarici qıcıqlandırıcı təsirlərdən azad olmalıdır”.
Fazil də kef çəkməkdə atasından geri qalmırdı. Öz alın təri ilə bir qəpik belə qazanmadığı halda atasının əyri yollarla yığdığı pulları xəzəl kimi sağa-sola səpələyirdi. Ona elə gəlirdi ki, hər şey elə belə də olmalıdır və gələcəkdə də məhz bu cür olacaq.
Onların məclislərində Kiçikxanım da iştirak edirdi. Üzdən ona 20-21 yaş vermək olardı. Əslində isə 25 yaşı vardı. Uca boy-buxunu, dolu bədəni, qabarıq sinəsi, iri döşləri, ətli baldırları oğlanlara dinclik-rahatlıq vermirdi. Əllərindən bir iş gəlməyənlər isə gücü dillərinə verirdilər:
- Mən ölüm, köpək qızını soyundurub, gecə-gündüz tamaşa edəsən...
- Sən öl, alə, bir gecə onunla yatmağı, bax, bunu qəbrə qoyasan, dünyada heç nəyə dəyişmərəm. Ayrı candır zalımın qızı...
- Ə, bura gəlib-getməyinə baxma. O, “yekə”lərlə oturub-durur. Srağagün bizim Balaqədeş onu nazirliyin “QAZ-24”-də ministirnən öpüşəndə görüb...
- Alə, qərdeş canı, o bura boş yerə gəlməz. Yəqin bizim ceyillərdən kiməsə gözü düşüb...
Kiçikxanım da öz qiymətini bilirdi; yalnız say-seçmə oğlanları yaxına buraxırdı. İndi də Fazili gözaltı eləmişdi.
Bir gün ata-anasının rayondakı qohumlarıgilə getməsindən istifadə edərək, oğlanı evlərinə apardı. O gün 18 yaşlı Fazilin həyatında ən unudulmaz günlərdən biri oldu. Elə bil ki, sehrli nağıllar aləminə düşmüşdü. Elə bil ki, yuxu görürdü. Hər şey ona qeyri-adi, eyni zamanda nağıllardakı qədər şirin və nəşəli görünürdü; Kiçikxanımın tez bir zamanda ləziz xörəklər hazırlayıb, fransız konyakı ilə birlikdə gətirib süfrəyə düzməsi də, valoxudanı qoşub, hay-küylü qərb musiqisinə uyğun olaraq bütün bədənini əsdirə-əsdirə oynaması da, qucaqlaşıb öpüşərkən qızın yumşaq döşlərinin sinəsini qıdıqlaması da – hər şey, hər şey... Sonra isə elə bir hadisə baş verdi ki, Fazil indi də onu xatırlayanda bütün bədəni uçum-uçum uçunur; qız birdən onun ağuşundan çıxıb, sakitcə, bir-bir xalatının düymələrini açdı və... bütün çılpaqlığı ilə oğlanın qarşısında dayandı. Fazil nə baş verdiyini anlaya bilmədi. Konyak onun beynini əməlli-başlı dumanlandırmışdı. Paltarlarının nə vaxt soyundurulduğundan, çarpayıya necə aparıldığından, nə qədər vaxt keçdiyindən də xəbəri olmadı. Özünə gələndə isə artıq gec idi: Kiçikxanımın peşəkarlığı öz işini görmüşdü...
Qız onu səhərə yaxın buraxdı. Gündüz saat 4-də “Nizami” kinoteatrının qabağında görüşməyi şərtləşdilər.
...Fazil açarı ilə qapını açıb, ayaqlarının ucunda öz otağına keçdi. Soyunub yerinə girdi. Bədənində nə isə bir soyuqluq hiss etdi. Bir neçə dəfə o tərəf-bu tərəfə çevrildi. Qollarını, qıçlarını ovuşdurdu. Ancaq uzun müddət yuxulaya bilmədi: gözlərini yuman kimi Kicikxanımın çılpaq bədənini görürdü...
Fazil yuxudan birdən ayıldı. Ancaq Kiçikxanımı yanında görmədi. Yorğanı bürmələyib, bərk-bərk sinəsinə sıxmışdı. Qalxıb çarpayıda oturdu. Yuxulu gözlərini övkələməyə başladı. Əlini çəkəndə nəzərləri divar saatına sataşdı – altıya 10 dəqiqə işləyirdi. Dəli kimi yerindən sıçrayıb geyindi. Əl-üzünü yumağı belə unudub, küçəyə qaçdı.
Kinoteatrın qabağında adam az idi. Bir xeyli o tərəf-bu tərəfə baxdı, bilet satılan otaqlara girib-çıxdı, lakin Kiçikxanımı görmədi. Dodaqlarını gəmirə-gəmirə evə qayıtdı.
Qızla yalnız üç gündən sonra görüşə bildi. Təsadüfən. Küçədə. Arxadan ona çatıb, qolundan tutdu. Kiçikxanım hirslə geri çevrildi. O biri qolundan da tutdu. Düz gözlərinə baxa-baxa yavaşdan:
- Bağışla, yatıb yuxuya qalmışdım, - dedi. - Qızın sifətində güclə seziləcək anlaşılmaz bir dəyişiklik hiss elədi. – А ты вот уже который день не ночуешь дома? Каждый день с утра до вечера караулил у вашего здания. Elə indi də ordan gəlirəm.
Qız hiyləgərcəsinə gülümsünüb:
- Значит, gözlərün iti döyül, - dedi. – Yaxçı, bəs qollarımı nöşün sıxırsan?
Fazil tez onun qollarını buraxdı. Yanaşı addımlamağa başladılar.
Kiçikxanım:
- Daha bizdə görüşməyimiz mümkün deyil, - dedi. – Слушай хорошенько. İçərişəhərdə bir otaq var. Xozeyni şestoy mikrorayonda olur. Вот адрес его. Gedib ayı 80 manatdan bir ilin pulunu – 1000 manat verib, açarı alarsan. Deyərsən Həmid göndərib. Özü bilir. Sabah saat altıda Sabir bağında görüşərik. До завтра… Не надо меня провожать. Я на такси поеду. По-ка!..
…Həftədə iki-üç dəfə Kiçikxanımla İçərişəhərdəki otaqda olurdular. Bura çox xəlvəti bir yer idi. Evə dar bir dalandan girirdilər. Qonşulardan heç birinin qapısı bu dalana açılmırdı. Otağın kiçik bir pəncərəsi vardı. Pəncərədən azca aralı qonşunun ikimərtəbəli evi ucalırdı. Buna görə də ən günəşli havalarda belə gündüzlər də elektrik lampasından istifadə etmək lazım gəlirdi. Adi elektrik plitəsi otağı qızdırmaq üçün kifayət edirdi. Kiçik bir miz, iki alçaq kətil, bir paltar dolabı və bir ikiadamlıq taxtdan başqa otaqda heç nə yox idi. Taxtın üstündə ikiadamlıq bənövşəyi yorğan və bənövşəyi məxmərdən üzlənmiş böyük döşək, iki yun döşəkçə, iki tük mütəkkə və bir neçə kvadratşəkilli rəngbərəng parça vardı. Səliqəli parket və açıq yaşıl rəngli divarlar buranı sakit bir guşəyə çevirmişdi. Sağ tərəfdəki qapı isə kiçik bir otağa – hamam və tualetə açılırdı. Yerə və divarlara açıq göy rəngdə mərmər döşənmişdi. Unitaz və vanna olmasa da, duş və daimi su vardı. Ən əsası isə divara vurulmuş ağ rəngli elektrik su qızdırıcısı cəmisi beş dəqiqəyə suyu isidirdi. Hər şey gözəl və səliqəli idi. Fazilin heç ağlına da gəlməzdi ki, əyri-üyrü, divarlarının daşları tökülən, təmirsiz evlərin yerləşdiyi dalanda belə rahat və xudmani bir otaq ola bilər...
...Bir neçə ay beləcə davam etdi. Hər şey Fazilin ürəyincə idi. Aralarında yeddi illik yaş fərqi olsa da, bu nə yataqda, nə də onların xarici görünüşündə özünü büruzə verirdi. Fazil elə bilirdi ki, qız onunla həmyaşdır. Həm də Kiçikxanımın Bakının dindar bir kəndindən olması ürəyincə idi. “Belə tərbiyəli, ağıllı qızlar az-az tapılır” deyə onunla münasibətləri barədə get-gedə daha ciddi düşünməyə başlamışdı. Kiçikxanım da evlərindəki o görüşdən sonra özünü elə aparırdı ki, guya Fazil onun həyatında ilk və yeganə kişidir. Nəvazişli rəftarı ilə oğlanı özünə elə bağlamışdı ki, Fazil artıq bircə gün onu görməyəndə yaman darıxırdı. Hərdən qız qəsdən evdən çıxa bilmədiyini bəhanə gətirib görüşə gəlmir, bununla da oğlanın hisslərini daha da alovlandırırdı. Bəzən isə gedib kənddə nənəsinin yanında qalır, vəzifəli, imkanlı kişilərin yaxınlıqdakı dəbdəbəli bağ evlərində onlarla görüşür və oğlanı günlərlə intizarda saxlayırdı. Bundan xəbərsiz olan Fazil isə saatlarla qızgilin binasının ətrafında gəzir, lakin onu görə bilməyib, kor-peşman evə qayıdırdı. Bu gün də onlar bir həftəlik fasilədən sonra görüşmüşdülər. Qız nənəsinin xəstələndiyini bəhanə gətirib, ona qulluq etdiyini söyləyəndə Fazil bir qədər yumşalsa da ayrılığa dözə bilmədiyini açıq-aşkar büruzə vermişdi. Bunu sövq-təbii hiss edən Kiçikxanım elə yataqdaca yanılmadığına bir daha yəqinlik hasil etmiş və nəvazişini birə beş artıraraq, hamilə olduğunu bildirmişdi. “Gərək tezliklə evlənək. Ata-anam bilsə...”
Bu xəbər 18 yaşlı Fazil üçün nə qədər gözlənilməz olsa da, bir çox tay-tuşları kimi yaxasını kənara çəkməyib:
- Düzü, belə tezliklə ata olacağım mənim heç ağlıma da gəlməzdi, - demişdi. – Görək papa nə deyir...
...Camal əvvəlcə oğlunun dediklərinə elə də əhəmiyyət vermədən saymazyana qulaq asırdı. Fikri isə tamam başqa yerdə idi - bir azdan keçiriləcək vacib görüş barədə düşünürdü. Artıq sürücü də aşağıda gözləyirdi. Amma oğlunun gəzdiyi qız haqqında ilk dəfə onunla danışması və tez-tez “sevgi”, “ailə” sözlərini işlətməsi Camalı bir anlıq fikirlərindən ayırdı və o, sınayıcı nəzərlərlə onu başdan ayağa süzüb:
- İndi nə istəyirsən? – Deyə soruşdu. – Deyirsən səni evləndirək?
- Bilirsən, papa, bu o biri qızlardan deyil. Ağıllıdır, tərbiyəlidir...
- Ata-anası kimdir, nəçidir, hardandır?.. – Camalın bu söhbətdən darıxdığı açıq hiss olunurdu.
- Düzü, mən soruşmamışam, o da deməyib... Bircə onu bilirəm ki, nənəsi Nardaranda olur, özləri isə şəhərdə - “Drujba” tərəfdə.
- Sir-sifəti, boy-buxunu necədir? – Bunu elə-belə, nəsə demək xatirinə soruşdu, çünki oğlunun hər qızla gəzmədiyini yaxşı bilirdi.
- Yaxşıdır, papa, - Fazil tez dilləndi. – Mamanın da xoşuna gələcək...
Birdən nəyisə xatırlayaraq:
- Bir dəqiqə gözlə, - deyib, öz otağına keçdi və keçən il bulvarda çəkdirdikləri şəkli gətirib, Kiçikxanımı göstərdi. – Budur...
Camalın başına sanki bir qazan qaynar su əndərdilər. Var gücü ilə oğluna elə bir şillə vurdu ki, o iki dəfə fırlanıb, divara çırpıldı. Bununla ürəyi soyumadı. Fazilin yaxasını xışmalayıb əlinə aldı və qəzəblə bağırdı:
- Bircə bu qalmışdı ki əsli-nəcabəti olmayan, gündə bir kişi ilə gecələyən qəhbəni evimə gətirəsən?! De görüm bu hardan ağlına gəlib?
Fazil qorxusundan əsim-əsim əsirdi. O ilk dəfə idi ki, atasını belə qəzəbli görürdü. Evdə həmişə sakit, mədəni davranan Camaldakı bu dəyişiklik onu qorxutmağa başlamışdı. Var gücünü toplayıb, birtəhər mızıldandı:
- Onun... uşağı olacaq...
Camal cücə kimi büzüşmüş oğlunun yaxasını buraxıb, geri çəkildi. Diqqətlə ona baxdı. Bir müddət dinmədi. Sonra:
- Sabah səhər onu Bayıla apararsan, - dedi. – Mehdi doxturun evini tanıyırsan ki!.. – Fazil başı ilə təsdiq etdi. - Uşağı təcili yox eləmək lazımdır!.. Bir də belə qələtlər eləməyəsən. İndi isə get qızı razı sal. Mütləq, eşidirsənmi, mütləq razı sal!.. – Camal əsəbi halda mənzili tərk etdi.
Fazil əl-üzünü yudu, geyinib küçəyə çıxdı. Özü ilə bir dəstə qırmızı onluq da götürmüşdü. Bir azdan Kiçikxanımla görüşəcəkdilər. Gedə-gedə düşünürdü: “Görəsən Kiçik nə deyəcək? Aborta razı olacaqmı? Birdən etiraz etdi, onda necə?... Amma zalım qızı ayrı candı - heç keçməli deyil... Yaxşı, bəs papa hardan bilir onun gündə bir kişi ilə yatmağını?.. Olmaya... Bundakı fərasətə bir bax. Mən isə onu qız bilmişdim. Sən demə hələ mənə qədər... Uşaq da, allah bilir, kimdəndir...”
Siqnal səsinə başını qaldırdı. Özünü küçənin ortasında gördü. Bir addımlığında dayanmış avtobusun sürücüsü başını çölə çıxarıb:
- Ayə, - deyə qışqırdı, - Məcnun kimi Leylini əlindən almayıblar ki! Nə fikrə getmisən, yola-zada da baxmırsan. Azca qala səni xurd-xəşil eləyib, səkkizcə ilimi alacaqdım...
Fazil cavab verməyib, küçəni keçdi, səki ilə bir qədər də irəliləyib, Sabir bağına girdi. Həmişəki yerində oturdu. Saatına baxdı. Bir neçə dəqiqədən sonra Kiçikxanım gələcəkdi – cavab üçün.
“Cavab üçün... Cavab üçün... Cavab üçün – Fazil öz-özünə pıçıldadı. – Nə cavab verməli, papanın tapşırığını ona neçə çatdırmalı?..”
Birdən yadına düşdü ki, Kiçikxanım məşhurdur – hətta atası da onu tanıyır. Hirsləndi, əsəbiləşdi. Elə belə də deyəcək: “Sən mənim tayım deyilsən. Bəs o biriləri ilə nöş evlənmirdin? Məni xam tapmısan, nədir?..” Atasının sözlərini xatırladı: “Mütləq razı sal, mütləq!..” Özünü qınadı: “Yox, belə olmaz. Gərək mülayim danışım. Hər şeyi xoşluqla həll edək. Yoxsa başımı cəncələ salaram, gədə-güdə də deyər ki, bir qızla bacarmadı”. Yenidən əsəbiləşdi: “Qəhbənin kələyinə bir bax! Özünü necə də mənə sırımaq istəyirdi. Ölmüşdü Xankişi!..”
Kiçikxanımın asta addımlarla gəldiyini gördü. Ürəyi şiddətlə döyünməyə başladı. İlahi, o necə də gözəldir! Adamın ağlını başından alırdı. Bir anlığa hər şeyi unudub, qıza tərəf qaçmaq, onu bərk-bərk bağrına basmaq, ətli dodaqlarından doyunca öpmək istədi. Hətta ayağa da durdu. Fəqət heç bir addım da atmayıb, oturdu. Bu, qızın nəzərlərindən yayınmasa da, özünü o yerə qoymadı. Yaxınlaşıb, onun yanında əyləşdi. Sakitcə, dinməz söyləməz...
Adətən, Fazil bir qədər tez gəlib, elə bu skamyada əyləşər, Kiçikxanım Sabirin heykəlinin yanına çatanda isə ayağa durub qabağına gedər, əllərindən tutub, dodaqlarından öpərdi. Bu gün isə...” “Neyləməli, - deyə Fazil düşünürdü, – nədən başlamalı?..”
- Papanla danışdınmı?
Fazil qıza tərəf çevrilib, diqqətlə üzünə baxdı. Onun gülümsər gözləri, rəngsiz-boyasız belə qıpqırmızı, alışıb-yanan dodaqları “gəl-gəl” deyirdi. Özünü saxlaya bilmədi; qızın dodaqlarındakı hərarət bütün bədəninə yayıldı...
- Papanla danışdınmı? – Kiçikxanım yenə sakitcə soruşdu.
Fazil ona dərhal cavab vermədi. Nəsə düşündü, nə barədəsə fikirləşdi. Qıza acığı tutdu: “Axı sən mənəm-mənəm deyən bir ceyilin, lap elə mənim qanuni arvadım ola bilərdin. Niyə özüvü bu günə qoydun?..” Sonra: “Yox, mən o igidlərdən deyiləm ki, qəhbəni evimə gətirib məlaikə edim” deyə qərar verib, sakit, lakin qəti səslə:
- Hə, - dedi, - danışdım...
- Nə vaxt həkimə gedirik? – Qızın səsinin ahəngi dəyişməmişdi.
- Nə?!.. – Oğlan qulaqlarına inanmadı. Sıçrayıb ayağa qalxdı. – Nə dedin?!..
Qız əvvəlki tonda:
- Deyirəm ki, - deyə təkrar etdi, - nə vaxt həkimə gedirik?
Fazilin bədəni sustaldı. Bir anlığa özünə nifrət etdi. Sonra qıza yazığı gəldi. Atasının hirsli sir-sifəti, qəzəblə parlayan gözləri xəyalında canlandı. Özündən asılı olmadan titrək səslə (görünür, qızdan ayrılmaq onun üçün, hər halda, asan deyilmiş):
- Məni bağışla, əzizim, məni bağışla, - deyərək, qızı bərk-bərk qucaqlayıb, üz-gözündən, boyun-boğazından, açıq sinəsindən öpməyə başladı. Bu öpüşlərdə həm sevgi, həm şəhvət, həm də ayrılıq hissləri bir-birinə qarışmışdı.
Kiçikxanım Fazili özündən ehmalca kənar edib:
- Lazım deyil, - dedi. – Təqsir məndədir. İlk dəfə əsl sevginin nə olduğunu səni evimizə aparanda hiss etdim. Sonra özümlə bacara bilmədim... Səni həqiqətən sevsəm də, hər şeyi yaxşı başa düşürəm... Sən mənim sualıma cavab ver.
Oğlan yuxudan yenicə durmuş adamlar kimi kal səslə:
- Sabah səhər, - deyə yavaşca dilləndi...
“Bəli, sabah səhər” – Fazil xəyallar aləmindən ayrılıb, acı-acı düşündü: “Fəqət o səhər hara, sabahkı səhər hara...”
Ayağa qalxdı. Divardakı fotoya yaxınlaşdı. Şəkildə Kiçikxanımla qoşa dayanmışdılar. Bir-birlərinə necə də yaraşırdılar. Hər ikisinin üzü gülürdü. “Kiçikxanım, doğrudan da, gözəldir, - Fazil buna bir daha yəqinlik hasil etdi. – Görəsən, indi hardadır?.. Kaş bu sonuncu gecəmi də onunla keçirəydim. – Gülümsədi. – Xam xəyaldır. Özü də xam da var, xam da!..”
İşığı yandırdı. Gözləri qamaşdı. Söndürdü. “Belə yaxşıdır, - deyə düşündü, - gur işıq adamı əsəbiləşdirir”.
Çarpayıya uzandı. Nəzərlərini yenə divardakı şəklə zillədi...
...Uşağı saldırandan sonra Kiçikxanım Fazillə daha görüşmək istəmədi. Fazil özü də onunla əlaqə saxlamağa bir elə ehtiyac duymurdu; yan-yörəsində o qədər qız vardı ki!.. Hamısı da bir himə bənddi. Daşa dəyən ilk məhəbbəti barədə düşünməyə nə vaxtı vardı, nə də həvəsi...
Lakin bir gün eşidəndə ki, Kiçikxanımı rayondakı uzaq qohumlarından birinə ərə verirlər, qəlbində qısqanclığa bənzər bir hiss baş qaldırdı. Hətta əsəbiləşdi də. Qıza acığı da tutdu. Neçə gün onların evlərinin həndəvərində veylləndi, ancaq qızı görə bilmədi ki bilmədi. Heç özü də bilmirdi ki, onu niyə görmək istəyir. Fəqət görmək istəyirdi. Elə belə. Səbəbsiz-zadsız.
Bir gün, həqiqətən də, gördü. Kaş heç görməyəydi. Kiçikxanım tək deyildi – ucaboylu, 34-35 yaşlarında bir kişi onun qoluna girmişdi. Qız başını dik tutub, asta-asta, lakin vüqarla addımlayırdı. O qədər də gözəldi ki!.. Amma o nağıllardakı aya, günə çıxmağı qadağan edən gözəllərdən deyildi. Sanki bu qız aya da, günə də deyirdi: “Siz də çıxın, mən də. Görək hansımız gözəlik, görək kimi bəyənib seçəcəklər...”
Fazil bir dəqiqəliyə hər şeyi unutdu. Ona elə gəldi ki, Kiçikxanımı elə-belə, üzdən tanıyır, heç adını da bilmir. Təsadüfən küçədə görüb və qarabaqara gedərək, evlərinin yerini öyrənib. İndi də onu görməkdən ötrü hər gün bura gəlir. (Əslində də onu görmək üçün bura gəlmişdi. Lakin bu görmək hara, o görmək hara?..) Hər gün də onu görür. Ancaq yaxınlaşıb ürəyini açmağa cürət etmir. Qorxur ki, qız onu birdəfəlik rədd edər. Ümidlə, “bəlkə”lərlə yaşamağı daha üstün tutur.
Belə düşünə-düşünə Fazil öz gözündə, doğrudan da, alçaldı. İstədi ki, möcüzə baş versin və Kiçikxanım onu görməsin. Çünki birdən haradansa ağlına gəlmişdi ki, qız özünü görməzliyə vura, heç halını da pozmadan yanından saymazyana keçə bilər. Qəribə hisslər keçirirdi. Elə bil ki, uca boy-buxunlu, enlikürək, son dəbdə və yüksək zövqlə geyinmiş, bircə baxışı ilə qızların qəlbinə od salan cavan, yaraşıqlı oğlan harasa qeyb olmuşdu. Onun yerində isə əynində qırış-qırış çit köynək, qədək şalvar, ayaqlarında isə qaloş olan bir “kəndçi” durmuşdu və bu oğlan hər şeyindən keçməyə hazır idi – təki sevdiyi qız onu bu vəziyyətdə görməsin.
Fəqət möcüzə baş vermədi; Kiçikxanım Fazili gördü. Özü də ona tərəf başını yox, gözlərini çevirib baxdı. Həm də elə baxdı ki, sanki canlı bir insana yox – adicə daşa, divara, ağaca, dirəyə... baxırdı. Yanından da elə məğrur-məğrur keçdi ki, sanki cəmisi 35-40 gün əvvəl Fazilin ağuşunda uyuyan o yox, kim isə başqası imiş. Kiçikxanım isə, ay tövbə, nə Fazillə bir yerdə olub, nə də onu tanıyır. Birinci dəfə görür. Elə indicə. Yolun kənarındakı bir ağac kimi, dirək kimi... Oğlana da elə gəldi ki, həqiqətən də, ağaca, dirəyə bənzəyir – yerindəcə qupquru quruyub və əgər istəsə belə buradan tərpənə bilməyəcək...
...Fazil nəzərlərini şəkildən ayırıb, ayağa qalxdı. Masaüstü lampanı da söndürdü. Otaq tam qaranlığa qərq oldu. Yenidən çarpayıya uzanıb, gözlərini məchul bir nöqtəyə zillədi.
...Kiçikxanımın, əgər belə demək düzgünsə, hayfını başqa qızlardan çıxdı. Qəti qərara aldı ki, tanış olduğu hər bir qız – rus, erməni, azərbaycanlı... fərqi yoxdur – bircə dəfə də olsa İçərişəhərdəki həmin o otaqda olmalı, həmin o çarpayıda onunla birlikdə yatmalıdır. İlk günlər qızlar istəsə belə Fazil bir nəfəri iki dəfə dalbadal ora aparmırdı; qorxurdu ki, başqalarına növbə çatmasın və verdiyi sözə əməl edə bilməsin. Sonralar isə təzə tanış tapılana qədər köhnələrin arasından “müsabiqə yolu ilə” ən yaxşısını seçirdi...
...Çarpayıda o tərəf-bu tərəfə çevrildi. Əlləri, ayaqları, bütün bədəni buz kimi idi və Fazil bu soyuqluğu yalnız indi hiss etdi. İşığı yandırdı. Elektrik plitəsini dövrəyə qoşdu. Əl-qolunu, qıçlarını hərəkət etdirib, bir az qızındı. Gözləri mizin üstündəki araq şüşəsinə, stəkana sataşdı. Stəkanın dibindəki arağı ağzına atdı. Mizin üstünü yığışdırmaq istədi. Lakin fikrindən daşındı. Kürsüdə oturub, başını əlləri arasına aldı. İyirmi beş il on aylıq həyatını gözləri önündə canlandırmağa çalışdı. Amma bacarmadı. Yadına ancaq ayrı-ayrı, bir-birilə heç bir əlaqəsi olmayan hadisələr düşürdü. Özü də bunlardan hansının əvvəl, hansının isə sonra baş verdiyini xatırlaya bilmirdi. Onun həyatı sapa düzülmüş muncuqlar kimi idi; başına gələnlər həm bir-birinə bənzəyirdi, həm də istənilən vaxt onların yerini dəyişə yaxud hər hansı birini ata da bilərdin. Bütün bu hadisələr ya maşınla, ya da qızla bağlı idi.
Nə vaxtsa küçəni qırmızı işıqda yüksək sürətlə keçdiyi üçün avtomobil müfəttişi maşınını saxlatmışdı. Fazil dayanmaya da bilərdi. Lakin milis leytenantını pərt edib, özünü yanındakı qıza göstərmək və bundan həzz almaq məqsədilə maşını kənara verib saxlamışdı. Leytenant yaxınlaşıb özünü təqdim etdikdən sonra onların arasında belə bir dialoq olmuşdu:
- Xahiş edirəm, sənədlərinizi göstərəsiniz.
- Maşının (onda atası “Jiquli”ni satıb, Fazilə bu “QAZ-24”-ü yenicə almışdı) nömrəsinə baxmısanmı?
- Bunun əhəmiyyəti yoxdur. Sənədləriniz göstərin.
- Bəlkə familiyamı soruşasan?
- Familiyanız vəsiqənizdə yazılıb.
- Məndən hələ heç bir inspektor vəsiqə almayıb.
- Deməli, bu birinci olacaq. Gedib evdə qeyd edərsiniz.
- Belə danışmaq sənə baha başa gələr.
- Vətəndaş, uzatmayın, sənədlərinizi verin.
- Eləmi? – Fazil hirsindən qıpqırmızı qızarmışdı. – Gələ, bu mənim udastavereniyem, bu da talonum. Əlindən gələni beş qaba çək.
Leytenant onun vəsiqəsinə ötəri nəzər salıb, talonunda deşik açaraq özünə qaytarmışdı:
- Gedə bilərsiniz. Çalışın, talonunuzdakı bu deşik birinci və axırıncı olsun.
- Sən də gedib ərizəvi yaza bilərsən – iki gündən sonra işdən azad olunacaqsan!..
Doğrudan da, heç ikicə gün də keçməmiş həmin leytenantı “öz ərizəsinə görə” işdən azad etmişdilər.
Bir dəfə isə içkili vəziyyətdə orta yaşlı bir kişini maşınla elə vurmuşdu ki, yazığın yerindəcə canı çıxmışdı. O isə buna məhəl qoymadan özünü rayon milis şöbəsinə yetirib, əhvalatı iki-üç kəlmə ilə danışaraq, heç bir şey olmayıbmış kimi çıxıb getmişdi. Ekspertlər və müstəntiq də “günah öləndə olar” prinsipini rəhbər tutaraq, ömründə dilinə içki vurmayan adamın “bərk sərxoş halda qəflətən yolun ortasına çıxması səbəbindən sürücünün maşını saxlamaq üçün texniki imkanının olmadığı” barədə qərar çıxarmışdılar...
Bayram günlərinin birində indi xatırlamadığı hansısa səbəbdən iki nəfərlə sözü çəp gəlmiş və Fazil həmişə yanında gəzdirdiyi bıçaqla onları vurub öldürmüşdü. Bunu isə “özünümüdafiə” kimi qələmə vermiş və bıçağın da ölənlərdən birinə məxsus olduğunu “sübut” etmişdilər.
Bir dəfə də Dənizkənarı parkda iki nəfər qızla gedərkən yanından keçən bir oğlanı geri çevrilib qızlara baxdığı üçün o qədər döymüşdü ki, ağzından qan gəlmişdi. Qızlar isə hamı eşitsin deyə bərkdən: “Çuşkəyə hələ bu da azdır” deyib, onu camaatın arasından çıxararaq, oradan uzaqlaşdırmışdılar...
“Amma o uşağı yaman pis döymüşdüm, – Fazil başını qaldırdı. – Gərək bir-iki şillə çəkib, yola salardım. Nə isə...”
Bu gün, nədənsə, yadına ürəkaçan bir şey düşmürdü. Ayağa durdu. Radionu açdı. Operalardan ariyaları verirdilər.
- Неужели, buna da qulaq asırlar, - deyib, radionu söndürdü və çarpayıya uzandı. Gözlərini tavana zillədi. Küncdə bir hörümçək tor qururdu. Haradansa ağlına gəldi ki, o hörümçəklə özünün arasında nəsə bir oxşarlıq vardır. Həmin bu hörümçəyin varlığından bir kimsənin xəbəri yoxdur. Bu hörümçək olsa da, olmasa da dünya öz işindədir; oxuyan oxuyur, işləyən işləyir, yatan yatır, gəzən gəzir, bir sözlə, həyat davam edir - hörümçək onun axınına heç bir təsir göstərmir. Eləcə də Fazil. Yenə hörümçək yaxşıdır; heç olmasa, əlindən tor hörmək gəlir. Fazil isə adicə bir müqəvvadan yalnız ürəyinin döyünməsi ilə fərqlənir. Niyə axı o bu kökə düşüb, niyə?! Kimdir bunda günahkar, kim?!..
Atası külli miqdarda dövlət vəsaitini mənimsədiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə əlbir olduğu bir neçə dostu ilə birlikdə həbs ediləndə Fazil Karlovı Varıda eyş-işrətlə məşğul idi. Zəminə isə bu xəbəri bağda eşitmişdi; bacısı oğlu Abış Fazilin maşınında onun dalınca gəlmişdi.
Maşın kələ-kötür torpaq yolla bir qədər irəliləyib, asfalta çıxan kimi Abış sürəti artırdı. “QAZ-24” Bakıya doğru quş kimi uçurdu. Başqa vaxt olsaydı, Zəminə buna imkan verməzdi. Amma indi gözünə heç nə görünmürdü. Arxada oturub, gözlərini yummuşdu. Şəhərə mümkün qədər tez çatmağı arzulayırdı. Elə bil ki, hər şey onun evə tez çatmasından asılı idi.
...Abış qarşıdan gələn “İkarus”a məhəl qoymadan irəlidəki yük maşınını ötüb keçmək istədi. Ancaq son anda avtobusmu yoxsa yük maşınımı sürətini artırdı, demək çətindir, fəqət oğlan istədiyinə nail ola bilmədi və... “QAZ-24” “İkarus”la üz-üzə gəldi...
Bütün bunlardan Fazil sentyabrın ortalarında – Çexoslovakiyadan istirahətdən qayıdandan sonra xəbər tutdu. Bərk sarsıldı. Bir həftə dəli kimi özünü-sözünü bilmədi. Ona ən çox yer edən isə günlərlə maşınında gəzdirdiyi “ürək dostları”ndan heç birinin qapısını bircə dəfə də olsa açıb, vəziyyəti ilə maraqlanmaması oldu.
Oktyabrın əvvəllərində Camalın hər iki mənzilini və bağ evini müsadirə edib, Fazilə Mirzə Fətəli küçəsində ümumi həyətdə bu darısqal birotaqlı mənzili verdilər. Sonra öyrəndi ki, yaz imtahan sessiyasından qalmış kəsirini vaxtında ləğv etmədiyinə görə institutdan xaric olunmuşdur. İndi bir aydan çoxdur ki, avara-sərgərdan gəzib dolaşır. Dəfələrlə küçədə köhnə tanışlarına rast gəlib. Lakin həmişə onlar özlərini görməzliyə vurub, saymazyana yollarına davam ediblər; elə bil ki, cəmisi 2-3 ay əvvəl Fazilin maşınında gəzib, pulunu xərcləyənlər bunlar deyilmiş...
“Etibarları bu qədər imiş əclafların! – Fazil qəzəblə tüpürüb, çarpayıdan qalxdı. - ... bağda ərik qurtardı...”
Otaq bərk isti idi. Elektrik plitəsini söndürdü. Güzgünün qabağına keçdi. Öz-özünü tanıya bilmədi - əməlli-başlı arıqlamışdı; üzünün sümükləri apaydın bilinirdi. Başında da xeyli ağ tük vardı. Gözləri qıpqırmızı qızarmışdı. Sifətindən yazıqlıq yağırdı – lap türmədən təzə çıxanlara bənzəyirdi.
“Kiminin əvvəli, kiminin axırı, - deyə acı-acı düşündü. – Xan kimi dolanmışam... Pula pul deməmişəm... Kefim istəyəni eləmişəm. “Gözün üstə qaşın var” deyən olmayıb mənə... Gəzdiyim qızların şəkillərindən qalın bir albom düzəltmək olar... Günlərim kurortlarda keçib... Özümü tanıyandan sözün əsl mənasında kef çəkmişəm. Hamısını da o kişinin hesabına. Bəs özüm nəyə nail olmuşam? Nöşün heç ağlıma gəlməyib ki, papa dünyanı tutub durmayacaq, bu günün sabahı da var – olmadı elə, oldu belə, necə ki indi olub. Bəs onda mən neynərəm, başıma haranın külünü-daşını tökərəm?.. İnstitutu da qurtara bilmədim. İndi mən kimə lazımam. Allahın fəhləliyinə də peşə məktəbini qurtaranları götürürlər. Bu hökumət də yaman qəribədir – oxudur, vəzifəyə qoyur, pul qazanmaq üçün hər cür şərait yaradır, sonra da tutub basır türməyə...”
Geri çevrildi. Gözləri Kiçikxanımın gözlərinə sataşdı. Yaxına gəldi. “Budur, götürək elə İbrahimi. Atası prastoy məlimdir. Özü isə izvestnı xirurq. Evi, eşiyi, arvadı. Bir uşağı da var. Sonra. Ağabala. Rəssamlıq uçilişini qurtarıb. Bu yaxınlarda, deyirlər, fərdi sərgisi olacaq. Bəs Alagöz?.. Hə, ingilis dili müəllimidir. Əri də, po-moemu, injinerdir... Gülsüm... Onunla da az kef çəkməmişəm. Heç doydum demirdi zalımın qızı. Hardadır görəsən indi?.. Yeganəni subbota gördüm. Əməlli-başlı kökəlib. Həm də qəşəngləşib. Lap elə “QAZ-24”-ün malıdır. Deyirlər bir afserə ərə gedib. Özü də, gərək ki, məktəbdən sonra universitetə girmişdi. Qəni... Yenə onların hamısından Qəni mərfətddi çıxdı. O gün uzaqdan məni görüb, özü yanıma gəldi. Hal-əhval tutdu. Bizim kruqun adamı olmasa da qanacaqlı uşaqdır. Dedi ki, keçən il AZİ-ni qurtarıb, Neft Daşlarında işləyir. Ancaq nədənsə evlənməyib. Yəqin ev şəraiti pisdir...”
“Eh!.. – Dərindən ah çəkdi. Hərə özünə bir gün ağladı – təkcə məndən savayı...”
Keçib əl-üzünü yudu. Otağın havası ağır idi. Pəncərənin nəfəsliyini açdı. Soyuq hava sürətlə içəri daxil oldu. Fazil təmiz havanı acgözlüklə ciyərlərinə çəkdi. Özündə bir yüngüllük duydu. Sanki qəm-qüssə, acı və kədərli hisslər bədənindən xaric olaraq, köhnə havaya qarışıb bayıra çıxır, onların yerini isə təmiz hava ilə birlikdə otağa daxil olan xoş hisslər, saf duyğular doldururdu. Yadına düşdü ki, bu gün rəsmi bayramdır – noyabrın yeddisidir. Amma nə olsun!.. Fazil üçün ki dünənki, srağagünkü ağır, iztirablı günlərdən biridir. Düzdür, əvvəllər də Fazil heç vaxt nümayişə-zada getməmişdi. Hətta əlində bayraq “ura!”, “ura!” qışqıranlara rişxənd də edirdi. Fəqət çox adam bu gün ürəkdən deyib-gülmüş, sevinib-şadlanmışdı. Bu təmiz hissləri də, yəqin ki, məhz belələri səxavətlə ətrafa yayır və onlar da havaya qarışaraq, məsələn, bax, elə indicə pəncərənin açıq nəfəsliyindən Fazilin otağına daxil olub, onun kefini duruldur. Amma oğlan düşünəndə ki, onun otağından xaric olan acı və kədərli hisslər isə kiminsə açıq pəncərəsindən içəri daxil olub, kefinə soğan doğrayacaq, kimisə qəm-qüssəyə qərq edəcək, - əhvalı pozuldu, özünü yenə əzgin-yorğun hiss etdi. Bunun bir səbəbi də o idi ki, Bakıda, ona doğma və əziz olan yerlərdə sonuncu axşamını keçirdiyi yenə yadına düşmüşdü. Sabah axşam haradasa uzaqlarda olacaqdı. Uzun müddət mavi Xəzəri görməyəcək. axşamlar Dağüstü parkdan şəhərin əsrarəngiz gözəlliklərini seyr etməyəcəkdi.
Bütün bunlar Fazili bir o qədər də narahat edib qorxutmazdı; əgər onu yola salan, ondan məktub gözləyən, qayıdanda isə bir dəstə güllə qarşılayacaq bircə nəfər olsaydı...
Sabah səhər Fazil əsgərliyə gedirdi.

Bakı,
19-23 yanvar, 1979-cu il


324 dəfə oxundu

Axtarış