Şəhidimiz
Müəllif: Vüqar Mirzə


16.05.2019


Şəhidimiz

Dünən (3 aprel) həmişə olduğu kimi, uşağı özüm məktəbə apardım. Məktəb Qarabağ savaşında şəhid olmuş iki qardaşın - Natiq və Azər Novruzov qardaşlarının adını daşıyan 36 №-li tam orta məktəbdir. Həmişəki kimi, şagirdlər sinif otaqlarına girməmiş himni oxudular. Bunu kənardan izləmək belə və ya onlarla birgə himni oxumaq insana böyük bir qürur verir. Məktəbin bütün kollektivi "Aprel şəhidləri"nin ruhunu "bir dəqiqəlik süküt"la yad etdikdən sonra məktəb direktoru yaxın günlərdə Cocuq Mərcanlı kəndinə şagird və müəllim heyətinin ekskursiyasının baş tutacağını deyib, məktəbin "Aprel döyüşləri"ndə də bir şəhid verdiyini qeyd edərək Mahir Mirzəyevin adını çəkdi. Mahirin nizam-intizamlı və əla qiymətlərlə məktəbi bitirən bir şagird olduğunu və onun məktəb illərinin hazırkı şagirdlərə gözəl bir nümunə ola biləcəyindən danışdı. Bu an gözüm məktəbin girişində asılmış böyük tabloda həkk olunan şəkildə şəhidimizin həyat dolu gözlərinə sataşdı. İllərlə birgə ibadət etdiyim qardaşımın şəklindən uzun müddət gözlərimi çəkə bilmədim. Sanki zaman yarıldı və bir neçə il keçmişə səyahət etdim. Onun məhz bu məktəbi əla qiymətlərlə bitirib yüksək balla ADİU - Azərbaycan Dövlət İqtisad Universiteninə, sonra yenə də yüksək balla Qafqaz Universitetinin magistr pilləsinə daxil olması, daha sonra hərbi xidmətə getdiyi ilk günü gözümün önündə canlandı. Yanağımda cüzi bir istilik hiss etdiyimdən sonra o nurüzlü qardaşımın şəklini bulanıq görməyimin səbəbini anladım. Çətin olsa da, özümü toparlayıb, yanımdakıların görə bilməyəcəyi bir şəkildə gözlərimi silib mövcud zamana "qayıtdım".
Bu zaman direktor hələ də şəhidlərimizdən danışırdı və aprel şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün simvolik olaraq hər bir sinif otağına bir şəhidin adının veriləcəyini bildirib hamıya diqqətlərinə görə təşəkkür etdi.
Uşağın əlindən tutub sinif otağına apararkən gözucu otaqları saydım və adı veriləcək şəhidlər üçün bu məktəbdəki sinif otaqlarının yetməyəcəyini gördüm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

3 dəfə oxundu

Axtarış